Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-420/2020 23.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi X3 (Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, ev 25-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə qarşı 05.05.2000-ci il tarixdən 05.05.2003-cü il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Füzuli rayonu, Fin şəhərciyi, ev 230-da yaşayır. İddiaçı 05.05.2000-ci il tarixdən 05.05.2003-cü il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq birdəfəlik ödənilməsi üçün Dövlət Sosial X4 rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh 12 noyabr 2019-cu il tarixli, **********2 nömrəli məktubla imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.05.2000ci il tarixdən 05.05.2003-cü il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsində əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olmuşdur. Qarabağ uğrunda gedən döyüşlərdəiştirakına görə Füzuli rayon Hərbi Komissarlığı tərəfindən ona müharibə veteranı adı və 05.05.2003-cü il tarixli, 67804 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Müharibə veteranı kimi ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Füzuli rayon Əhakinin Sosial Müdafiəsi Mərkəzindən 05.05.2003-cü il tarixdən başlayaraq aylıq sosial müavinət ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bəndinə uyğun olaraq müharibə veteranı kimi ona sosial müavinətin müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki 3 il üçün hesablanaraq birdəfəlik ödənilməsindən ötrü ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan **********2 nömrəli, 12.11.2019-cu il tarixli məktubla 3 il üçün müavinətin ödənilməsindən imtina edərkən müharibə veteranı vəsiqəsinin 05.05.2003-cü il tarixdə verildiyinə görə əvvəlki 3 il üçün müavinət almaq hüququnun olmadığı bildirilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikasının 11.07.2005-ci il tarixli, 257 saylı Fərmanına əsasən 01.08.2005-ci il tarixdən Fərmanı icra olunur. Həmin tarixdən vətəndaş İddiaçı 01.05.2005-ci il tarixdən müharibə iştirakçısı kimi müavinət ödənilir və vətəndaş şöbədən pensiya almır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və müharibə veteranı vəsiqəsinin surətlərini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Füzuli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı müharibə iştirakçısı olduğuna görə 05.05.2000-ci il tarixdən 05.05.2003-cü il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Füzuli rayonunun İşıqlı kəndində anadan olmuş, Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, ev 25-də yaşayır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 05.05.2003-cü il tarixli, M/V 067804 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İşdə olan Dövlət Sosial X4 rayon şöbəsinin İddiaçı ünvanladığı 12.11.2019-cu il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikasının 11.07.2005-ci il tarixli, 257 saylı Fərmanına əsasən 01.08.2005-ci il tarixdən Fərmanı icra olunur. Həmin tarixdən 01.08.2005-ci il tarixdən müharibə iştirakçısı kimi müavinət ödənilir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin məhkəməyə ünvanladığı 03.03.2020-ci il tarixli, 240 nömrəli məktubunda İddiaçı verilmiş müharibə veteranı adının və vəsiqəsinin verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətləri əlavə olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müavinətlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2007-ci il tarixli Fərmanının 1-ci və 1.9cu bəndlərinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və «Leninqradın müdafiəsinə görə» medalı, «Leninqrad mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə- 15 manat sosial müavinət müəyyən edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, “Sosial müavinətlər haqqında” Qanunun 14-cü maddəsinə əsasən bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minmişdir. İddiaçı isə tələbində “Sosial müavinətlər haqqında” Qanun qəbul edilməzdən və qüvvəyə minməzdən əvvəlki dövr üçün (05.05.2000-ci il tarixdən 05.05.2003-cü il tarixədək) aylıq müavinət ödənilməsini tələb edir. Məhkəmənin qənaətinə görə “Sosial müavinətlər haqqında” Qanunda aylıq müavinətlərin bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməsi təsbit edildiyindən, Qanunda ondan əvvəlki dövr üçün müavinətlərin ödənilməsi nəzərdə tutulmadığından cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə, həmçinin qeyd edir ki ki, “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli Fərmanı 1 yanvar 2002-ci ildən qüvvəyə minmiş və bu Fərmanda da onun qəbul edilməsindən əvvəlki dövr üçün aylıq müavinətlərin ödənilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 21.05.2019-cu il tarixli 2-1(102)-1367/2019 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə qarşı 05.05.2000-ci il tarixdən 05.05.2003-cü il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə qarşı 05.05.2000-ci il tarixdən 05.05.2003-cü il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkürəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-420/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-420/2020
23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver