Məhkəmə qərarları › İş №2-1(120)-420/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-420/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-420/2022 19.01.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon qeydiyyat şöbəsinə qarşı «adın və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 19 yanvar 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Masallı rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan rəsmi sənədlərdə “Kərimova” kimi yazılmış soyadının dəyişdirilərək “Qarayeva” kimi, “Ramilə” kimi yazılmış adının dəyişdirilərək “Rəsmiyyə” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun əvvəlki soyadı Qarayeva, adı isə Rəsmiyyə olmuşdur. Sonradan müraciəti əsasında adı və soyadı dəyişdirilmiş və yeni şəxsiyyət vəsiqəsində İddiaçı kimi qeyd edilmişdir. Adı və soyadı dəyişdirilərkən bununla bağlı heç bir probleminin olmayacağını düşünmüşdür. Lakin dəyişiklikdən sonra müəyyən çətinliklərlə qarşılaşmalı olmuşdur. Belə ki, onun bütün sənədlərində ad və soyadı ilkin ad və soyad olduğundan həmin sənədlərlə hazırki şəxsiyyət vəsiqəsi arasında uyğunsuzluq vardır. Bu isə qeyd olunan sənədlərin hamısının dəyişdirilməsi zərurətini yaradır. Ramilə adı xoşuna gəlsə də, qohumlar, dostlar, tanışlar hamı onu Rəsmiyyə adı ilə tanıyır. Sənəddə olan adı ilə cəmiyyət arasında tanındığı ad arasında olan fərq isə həmişə ona narahatlıq hissi verir. Göstərilənlərə və İPM-in 2.2.2-ci və 33.1-ci maddələrinə əsaslanaraq, ona məxsus olan rəsmi sənədlərdə “Kərimova” kimi yazılmış soyadının dəyişdirilərək “Qarayeva” kimi, “Ramilə” kimi yazılmış adının dəyişdirilərək “Rəsmiyyə” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. Cavabdeh Masallı rayon qeydiyyat şöbəsinin məhkəməyə ünvanlanmış 25 oktyabr 2021-ci il tarixli məktubunda iddia ilə bağlı münasibət bildirilmişdir. Məktubda qeyd olunmuşdur ki, X1 rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək, adını və soyadını dəyişdirmək istədiyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın tələbinə əsasən müvafiq yoxlama aparılmış və onun adının və soyadının dəyişdirilməsinə mane olan hal müəyyən edilməmişdir. Odur ki, Masallı rayon qeydiyyat şöbəsinin 02.11.2013-cü il tarixli rəyinə əsasən onun soyadı “Kərimova”ya, adı isə “Ramilə”yə dəyişdirilmişdir. Həmin şəxs yenidən adını və soyadını dəyişmək istəyi ilə Masallı rayon qeydiyyat şöbəsinə müraciət etsə də, onun xahişini təmin etmək mümkün olmamış, adının və soyadının dəyişdirilməsindən imtina edilmişdir. Belə ki, yuxarıda qeyd edilən “Qaydalar”ın tələbinə əsasən qeydiyyat şöbəsində adın, soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmir (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla). Göstərilənləri nəzərə alaraq, işə Masallı rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş olunur və iddianın təmin edilməsinə etiraz etmikləri bildirilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Masallı rayon qeydiyyat şöbəsinin İddiaçı ünvanlanmış 02.10.2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın tələbinə əsasən Sizin adınız və soyadınız Masallı rayon qeydiyyat şöbəsi tərəfindən 02.11.2013-cü il tarixdə dəyişdirilmişdir. Yuxarıda qeyd edilən “Qaydalar”ın tələbinə əsasən qeydiyyat şöbəsində adın, soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmir (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla). Odur ki, Sizin ərizənizi təmin etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 26.10.2021-ci il tarixli, 5/2025 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.1961ci il təvəllüdlü İddiaçı barədə Dövlət Sərhəd Xidmətində nüfuzdansalıcı məlumatlar qeydə alınmamışdır. Qeyd olunan şəxs 2013-cü ilədək X3, 2014-cü ilədək İddiaçı, 2019-cu ilədək isə X2 qeydiyyatdan keçir. İş materiallarında olan Masallı rayon Polis Şöbəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 10.11.2021-ci il tarixli, 155-39942-1221 saylı məktubunda bildirilmişdir ki, xx.xx.1961-ci ildə Masallı rayonu, Qasımlı kəndində anadan olmuş, hal-hazırda Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olan və yaşayan İddiaçı barəsində Masallı RPŞ-də hər hansı təqsirləndirici material (nüfuzdansalıcı, cinayət işi və s.) qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1961-ci ildə doğulmuş X3 adının və soyadının dəyişdirilməsi ilə bağlı Masallı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, 02.11.2013-cü il tarixdə Rəsmiyyə Qarayevanın adı və soyadı İddiaçı dəyişdirilərək AZ-İ Seriyalı 009244 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə verilmişdir. İddiaçı ad və soyadının növbəti dəfə dəyişdirilməsi məqsədilə hazırki iddianı qaldırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının tələblərinə əsasən iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçıya münasibətdə Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallardan heç biri mövcud deyil və bu səbəbdən də iddiaçının ad və soyadının növbəti dəfə dəyişdirilməsi qanunvericiliyin tələbi baxımından yolverilməzdir. İddiaçı əvvəlki soyad və adına qayıtmaq istəsə belə bu hal növbəti dəfə adın və soyadın dəyişdirilməsidir ki, bu halla bağlı qanunvericilikdə istisnalar nəzərdə tutulmamışdır. İddiaçının adının və soyadının dəyişdirilməsinin müxtəlif problemlərlə üzləşməsinə dair iddia dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla adın və soyadın dəyişdirilməsinin iddiaçıya hansı tərzdə problemlərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç nəyə söykənməyən arqumentləridir. Bundan başqa iddiaçı qanunla ona verilən hüquqdan istifadə edərək adını və soyadını dəyişdirən zaman üzləşəcəyi narahatlıqlara da eyni zamanda razı olmuş adını və soyadını dəyişmişdir. Buna isə məsuliyyəti onun özü daşıyır. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsindən cavabdeh inzibati orqanın imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Masallı rayon qeydiyyat şöbəsinə qarşı «adın və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Masallı rayon qeydiyyat şöbəsinə qarşı «adın və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar