Məhkəmə qərarları › İş №2-1(120)-4208/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4208/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4208/2024 05.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 02 fevral 1955-ci ildə tərtib edilmiş 10 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat bəndinin doğum tarixi hissəsində doğum tarixinin “20” yanvar 1955-ci il tarixindən “26” yanvar 1955-ci il tarixinə düzəliş edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Neftçala rayonunda doğulmuşdur. xx.xx.1977-ci ildə Sabirabad rayon sakini 10 mart 1953-cü il təvəllüdlü X5 ilə nikaha daxil olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində, AZE seriyalı 0******* nömrəli şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsində, İ-JQ seriyalı 447396 nömrəli nikah haqqında şəhadətnaməsində, HZ seriyalı ******* nömrəli hərbi biletində, PC AZE seriyalı C03394349 nömrəli pasportunda, Dövlət Sosial Sığorta şəhadətnaməsində və ümumiyyətlə bütün sənədlərində doğum tarixi xx xxxxxx 1955-ci ildir. Bu yaxınlarda doğum haqqında şəhadətnamənin itməsi səbəbindən onun təkrar almaqdan ötrü yaşayış yeri üzrə Sabirabad rayon qeydiyyat şöbəsinə müraciət etmişdir, ordan Cavabdehnə sorğu edilib doğum haqqında akt qeydinin alınarkən orada doğum gününün “26” deyil “20” olması müəyyən edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçı isə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı hazırkı tələblə Sabirabad rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş sonuncu tərəfindən Cavabdehnə sorğu göndərilərək doğum haqqında akt qeydini tələb olunmuş, doğum haqqında akt qeydinə baxış keçirildikdən sonra iddiaçının müraciətindən yenidən imtina edilmişdir ( Sabirabad rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 29 noyabr tarixli 13-N nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evləri haqqında əsasnamənin 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, onların bölmələri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri (bundan sonra –qeydiyyat şöbəsi), habelə nikah evləri (bundan sonra – nikah evi) nazirliyin yerli qurumlarıdır. Məhkəmə prosessual qənat prinsipi baxımından verilmiş sonuncu imtinanı cavabdeh inzibati orqanının münasibəti kimi qəbul edilməsində maneə yaratmadığını hesab edərək işə məhkəmədə baxılmasını mümkün hesab etmişdir. İşin hallar. İş materiallarında olan; İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1955-ci ildə Neftçala rayonunda doğulmuş İddiaçı, ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri, Nizami rayon Hərbi Komissarlığı tərəfindən 30 iyul 1975-ci il tarixdə verilmiş NZ seriyalı, ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, hərbi biletdə X1 doğum tarixi xx.xx.1955-ci il qeyd olunmuşdur. İ-ЖГ seriyalı, 447396 №-li nikahın bağlanması haqqında şəhadətmənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X5 ilə xx.xx.1955-ci il təvəllüdlü X4 xx.xx.1977-ci ildə nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1977-ci ilin iyun ayının 01-ci günündə 1530 nömrəsi ilə qeydə alınmışıdr. Nikhadan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək etibarlı olan PC seriyalı C03394349 №-li. ümumi vətəndaş pasportunun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı doğum tarixi xx.xx.1955-ci il qeyd olunmuşdur. **********122 №-li Dövlət Sosial Sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Verağa qızının doğum tarixi xx.xx.1955-ci il qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16- 5/4-1534/24 saylı arayışdan müəyyən olunur ki, X4 xx.xx.1955-ci ildə Neftçala rayonunda anadan olmuşdur. Bu barədə Cavabdehndə xx.xx.1955-ci il tarixdə 10 №-li doğum haqqında akt qeydi tərtib edilmişdir. Məhkəmənin müvfiq sorğularına əsasən verilmiş: Cavabdeh 3-16-5/8-13-408/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş 10 №-li, xx.xx.1965-ci il tarixli doğum aktı qeydinin surətindən müəyyən olunur ki, uşaq haqqında məlumat qrafasında uşağın adı Hövsər, Soyadı Cəlilova, ata adı Ver-Ağa, ana adı Raziyə, doğum tarixi 20 yanvar 1955-ci il qeyd olunmuşdur. Bakı şəhəri Nizami rayon Polis şöbəsinin 3-13-52/2-28281/2024 saylı, xx.xx.2024cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı məxsus xx.xx.2011-ci il tarixdə Bakı-Nizami RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin arxivdə saxlanılma müddəti başa çatdığından müvafiq qanunvericiliyə əsasən tərəflərindən yandırılaraq məhv edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin 3-16-5/4-13-6842/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri Ver-Ağa Calal oğlu ilə Raziyə Əli- Niyaz qızı olan xx.xx.1955-ci il təvəllüdlü Kövsər Cəlilovanın doğumunun Cavabdehndə qeydə alındığı müəyyən edilmişdir.Cəlilova (Cəfərova) Kövsər Ver-Ağa qızının X3 ilə Səadət Sarayında (Bakı Nikah Evi) xx.xx.1977-ci ildə nikaha daxil olmuşdur.Bu nikahdan doğulmuş xx.xx.1988-ci il təvəllüdlü Aynur Cəfərovanın, xx.xx.1986-cı il təvəllüdlü Lalə Cəfərovanın doğumunun Nizami rayon qeydiyyat şöbəsində, xx.xx.1978-ci il təvəllüdlü Xavər Cəfərovanın, xx.xx.1979-cu il təvəllüdlü Mətanət Cəfərovanın doğumunun Nərimanov rayon qeydiyyat şöbəsində, xx.xx.1982- ci il təvəllüdlü X2 doğumunun isə Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”-ın; - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə;http://www.eqanun.az/framework/4543 övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya aid ümumi vətəndaşlıq pasportunda və nikah haqqında şəhdatnamədə sonuncuya aid şəxsiyyət vəsiqəsində (AZE seriyalı 0*******) “doğum tarixi qrafasında” xx.xx.1955-ci il qeyd olunmuşdur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və istinad olunan müddəalara əsaslanmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus “Doğum haqqında akt qeydləri kitabı”nda 1955-cı ilin 02-ci ayının 2-ci günündə 10 №-ilə qeyd edilmiş akt qeydində dəyişiklik (düzəliş) edilərək, şəxsin doğum tarixinin “xx.xx.1955”-dən “xx.xx.1955”-ə düzəliş edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar