Məhkəmə qərarları › İş №2-1(120)-422/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-422/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-422/2024 16.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi X2, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının 3 il əvvəlki müddət fərqinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ailə başçısını itirməyinə görə təyin edilmiş pensiyasının son üç illik məbləğini hesablayıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1417/2023 nömrəli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının 3 il əvvəlki müddət fərqinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, ona yaşa görə xx.xx.2022-ci il tarixdən təyin edilmişdir. Mərhum həyat yoldaşı X3 xx.xx.2012-ci il tarixdə vəfat edib. Həmin tarixdən onun Ailə başçısını itirməyə görə pensiya hüququ yaranmışdır. Lakin hüquqi savadı olmadığına görə Ailə başçısının itirilməsinə görə pensiya hüququndan istifadə edə bilməmişdir. 2022-ci ilin mart ayında bu haqda eşitdikdən sonra müvafiq ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Bundan sonra ona Ailə Başçısının itirməyə görə pensiya təyin edilmişdir. O hesab edir ki, onun hüququ 2012-ci ildən artıq yaranmışdır. Bunu nəzərə alaraq Ailə Başçısının itirməyə görə təyin edilmiş pensiyanın son üç illik məbləğinin hesablanıb ona ödənilməsi tələbi ilə yenidən cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh həmin hüququnun təmin edilməsindən imtina etmişdir. Cavabdehin ona ünvanladığı 21 oktyabr 2022-ci il tarixli **********7 saylı imtina məktubunda qeyd edilir ki, “yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmur. O hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olumasını xahiş etmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-107773/2023 nömrəli etiraz məktubundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının son üç illik məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2-1(120)-1417/2023 nömrəli inzibati iş vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işə dair etiraz təqdim edir və icraata qəbul edib hüquqi qiymət verilməsini xahiş edir. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən, “ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1 -ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur”. Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: > vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: • 18 yaşına çatmamış; • 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; • təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; > ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; > yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmçinin, həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır.Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. İddiaçı xx.xx.2022ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, iddiaçıya 01,04.2022-ci ıl tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona təyin edilmiş ailə başçısının itirilməsinə görə əmək pensiyasının son üç illik məbləğinin ödənilməsini xahiş etmiş, Mərkəzi filial tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********7 nömrəli cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək iddia ərizəsində ona təyin edilmiş ailə başçısının itirilməsinə görə əmək pensiyasının son üç ilinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddia ərizəsindəki tələblərinə münasibətdə qeyd etmək istərdik ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən müxtəiif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.Belə ki, iddiaçının müraciətinə əsasən Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən daxil olmuş məktuba və X11 Sistemindəki qeydlərə əsasən İddiaçı xx.xx.2022-ci il tarixədək yaşa görə əmək pensiyası ödənildiyi müəyyən edilmişdir.“Əmək pensiyaları haqqında” Qanunun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 13 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir.“Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdən müvafiq təminat xərcliyinin (972,55 manat) 80 faizi- 778,04 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı ailə başçısının itirilməsinə görə əmək pensiyasının hesablanaraq ödənilməsini istədiyi son üç il ərzində yaşa görə əmək pensiyası ödənilmişdir. Bu halda, iddiaçıya qanunvericiliyin tələblərinə əsasən öz seçimi ilə eyni anda yalnız bir pensiya təyin olunana biləcəyini nəzərə alaraq qeyd etmək lazımdır ki, iddiaçıya ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin olunduğu xx.xx.2022-ci il tarixədək yaşa görə əmək pensiyası ödənildiyi müəyyən edilmiş, İddiaçı xx.xx.2012-ci il tarixdə həyat yoldaşının vəfat etməsi ilə birlikdə özünün ailə başçısını itirməyə görə pensiya hüququn yarandığını iddia etsə də, o həmin hüququnu yasa görə əmək pensiyası alaraq istifadə etmişdir. Əlavə olaraq qeyd etmək istərdik ki, yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi barədə qanunvericilikdə hərhansı bir göstəriş yoxdur. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə İddiaçı təyin edilmiş əmək pensiyasının son üç illik məbləğinin hesablanaraq ödənilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı “ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının son üç illik məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbininin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli **********7 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Filialın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən daxil olmuş məktubda sizə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixinədək ödənildiyi qeyd edilmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən “hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 13 may 2022- a il tarixinədək qüvvədə olmuş redaksiyasının 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Bununla əlaqədar olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinin təəblərinə uyğun olaraq Mərkəzi Filial tərəfindən 1 aprel 2022-ci il tarixdən müvafiq təminat sərdiyinin (972,55 manat) 80 faizi-778,04 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə müvafiq kart hesabına köçürülür. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı sizə cari ilin aprel ayı üzrə Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən ödənilmiş 425,57 manat pul vəsaitin^ 325,57 manat hissəsinin cari ilin may ayında əmək pensiyanızdan tutulduğu, qalıq borcun 100.00 manat təşkil etdiyi müəyyən edilib. Həmin qalıq məbləğin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdin etməyi xahiş edir, əks halda qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Qeyd olunanlara əsasən, yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmur. Buna görə də Mərkəzi Filialın ödənilməli hər hansı borc məbləği yoxdur. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-8695/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surəti təqdim edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, adıçəkilən şəxsə xx.xx.2022-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. - İşdə olan AZ-İ № 538527 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3, xx.xx.2012-ci ildə ölmüşdür. - İşdə olan Salyan rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/7-13-235/2023 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 02.05 2012-ci il taıixli 100 saylı ölüm haqqında akt qeydinin təsdiq olunmuş surəti göndərilir. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimatın 15 №-li əlavəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamələrin saxlanma müddəti 1 (bir) il, ölən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin daxili işlər orqanlarının və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumlarına təhvil verilməsi barədə siyahıların saxlanma müddəti 3 (üç) il müəyyən olunduğu üçün sorğu məktubunun ölüm haqqında akt qeydinin tərtib olunmasına əsas olmuş sənədlərin göndərilməsinə dair hissədə icrası mümkünsüzdür. - İşdə olan. 02.05 2012-ci il taıixli 100 saylı ölüm haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X3, xx.xx.2012-ci ildə ölmüşdür. - İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1940-cı il tarixdə Salyan rayonunda anadan olmuş və Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-2977041/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilir. Məhkəmə tərəfindən qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməklə, xx.xx.2022-ci il tarixdən, yəni ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının təyin edilməsindən əvvəlki üç il üçün ona əvvəllər təyin olunmuş yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası arasında yaranmış fərqin ödənilməsi barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmaması əsası ilə tələbinin təmin olunmasından imtina etmişdir. İnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2022-ci ilədək 449.89 manat məbləğində yaşa görə pensiya ödənilmişdir. 1 aprel 2022-ci il tarixdən mərhum əri X1 təminat xərcliyinin (972.55 manat) 80 faizi – 778.04 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir. xx.xx.2022-ci ildən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, sonuncu yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmaması əsası ilə tələbinin təmin olunmasından imtina etmişdir. Məhkəmə tərəfindən cavabdeh orqanın bu imtinası qanunsuz hesab edilmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır (1 iyul 2020 – 30 iyun 2021 tarixə qadınlar üzrə pensiya yaşı 62 yaşdır). - 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. - 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. - 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Beləliklə, qüvvədə olan qanunvericiliyin tələblərinə görə əmək pensiyası şəxsin onu almaq hüququ yarandığı gündən və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə təyin edilir. İddiaçı yaşa görə pensiya almış, sonradan cavabdeh inzibati orqana müraciət edərək ailə başçısını itirməyə görə pensiyanın ona təyin olunmasını xahiş etmişdir, yəni bir pensiya növündən digər pensiya növünə keçmişdir. İddiaçıya yaşa görə pensiya aldığı vaxtlarda onun ailə başçısını itirməyə görə pensiya (daha artıq məbləğdə) almaq hüququ artıq yaranmış, lakin sonuncu həmin hüquqdan həmin vaxt istifadə etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı ailə başçısını itirməyə görə pensiya növünə keçidlə bağlı müraciət edən zaman əvvəlki dövr üçün fərq məbləğini tələb etməkdə haqlı olmuş və cavabdehin bunun qanunvericilikdə nəzərdə tutulmaması əsası ilə ona imtina etməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1695/2023 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İddiaçının artıq qazanılmış hüququndan, hüququnun yarandığı zaman istifadə etməməsi onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2022-ci ildən təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası ilə həmin vaxta qədər aldığı yaşa görə əmək pensiyasının arasındakı fərqin xx.xx.2022-ci ildən əvvəlki 3 il üçün hesablanıb ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı xx.xx.2022-ci ildən təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası ilə həmin vaxta qədər aldığı yaşa görə əmək pensiyasının arasındakı fərqin xx.xx.2022-ci ildən əvvəlki 3 il üçün hesablanıb ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar