Məhkəmə qərarları › İş №2-1(120)-424/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-424/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-424/2020 19.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı (Kürdəmir rayonu, Xırdapay kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin nümayəndəsi X2 (Şirvan şəhəri, Xaqani küçəsi ev 3, mənzil 34-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə qarşı “iddiaçıya dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq hərbi xidmətə çağırılmağına görə hərbi xidmətdə olduğunun hər ayı üçün 180 manat olmaqla (18 x 180 manat) 3240 manat və 3000 manat mənəvi ziyanın, cəmi 6240 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq hərbi xidmətə çağırılmağına görə hərbi xidmətdə olduğunun hər ayı üçün 250 manat olmaqla (18 x 250 manat) 4500 manat və 15000 manat mənəvi ziyanın, cəmi 19500 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 11.02.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 11.02.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Kürdəmir rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə yararlı sayılaraq 02.04.2006-cı il tarixdə Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. 1 il 6 ay xidmət etdikdən sonra-müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra 01.10.2007-ci il tarixdə Müdafiə Nazirinin 15.09.2007-ci il tarixli 481 №-li əmri əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində hərbi uçotdadır. 06.11.2012-ci il tarixdə o, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında gizirlər kursuna daxil olmaq üçün şəhadətləndirilərkən qarın boşluğu orqanlarının USM müayinəsi aparılmış və onun sol böyrəyinin ageneziyası-anadangəlmə sol böyrəyinin olmaması aşkar olunmuşdur. Anadangəlmə inkişaf qüsuru olan “sol böyrəyin ageneziya”sı (olmaması) olan çağırışçı isə hərbi xidmətə yararlı sayıla bilməz. Lakin Kürdəmir rayon hərbi komissarlığının hərbi çağırış komissiyası qanunsuz olaraq onu hərbi xidmətə yararlı sayaraq 1 il 6 ay müddətinə müddətli həqiqi hərbi xidmətə göndərmişdir. Hesab edir ki, səhhəti imkan vermədiyi halda qanunsuz olaraq Mərkəzi Hərbi Həkim Komissiyasına çağrılmış və ona maddi və mənəvi ziyan dəymişdir. Əgər o, hərbi xidmətə çağırılmasaydı 1 il 6 ay ərzində işləyərək aylıq maaş ala bilərdi. Bu gün Azərbaycan Respublikasında minimal aylıq əmək haqqı 250 manat təşkil edir. Qanunsuz olaraq hərbi xidmətə çağırılaraq hərbi xidmətdə olmağına görə 4500 manat maddi və 15000 manat mənəvi ziyanın, cəmi 19500 manat pulun ona ödənilməsi xahişi ilə o, cavabdehə ərizə ilə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirdi ki, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün çağırışçılar fərdi qaydada mütəxəssis həkimlər-cərrah, can həkimi, nevropatoloq, psixiatr, göz həkimi, qulaq-burun-boğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə müəssisələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən tibbi müayinədən keçirilir. Döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi (EÇSnin, hemoqlobinin, leykositlərin təyini), sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal), şəhadətləndirilmə günündə isə - bədən çəkisi və boyu ölçülür. İddiaçı da 02.04.2006-cı il tarixdə həqiqi hərbi xidmətə göndərilən zaman yuxarıda qeyd olunan tibbi müayinələrdən keçmiş, sağlamlıq vəziyyətindən heç bir şikayət bildirməmiş, o cümlədən sol böyrəyinin olmaması barədə heç bir məlumat verməmişdir. Dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı kimi qiymətləndirilərək müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Yuxarıda qeyd edilən sol böyrəyinin olmaması məsələsinə aydınlıq gətirmək məqsədi ilə qeyd etmək istəyir ki, cərrahi müdaxilə olunmayan hər hansı bir daxili orqanın anadangəlmə olmaması ultrasəs müayinə nəticəsi ilə aşkarlandığını nəzərə alsaq, 2014-cü il tarixə qədər müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara keçirilən məcburi diaqnostik müayinələr sırasında qarın boşluğunun ultrasəs müayinəsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı ləğv edilərək və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 26.02.2014-cü il tarixli 412 nömrəli telefonoqramından sonra qarın boşluğunun ultrasəs müayinəsi ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşların keçirilən məcburi diaqnostik müayinələrə daxil edilmişdir. Buna qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Müdafiə nazirinin 14.03.2008-ci il tarixli 123 nömrəli əmrinə 2 nömrəli əlavənin “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatın 62-ci bəndinə əsasən ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşlara şəhadətləndirilmədən əvvəl, bir aydan tez olmayaraq, aşağıdakı müayinələr aparılır: -döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi; -qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini); -sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal). Şəhadətləndirilmə günündə isə - bədən çəkisi və boyu ölçülür. Hərbi xidmətə çağırılanlara isə bundan əlavə, elektrokardioqrafiya müayinəsi keçirilir, zərurət olduqda, planlı profilaktiki peyvəndlər aparılır. İddiaçı inzibati orqanın qanunsuz qərarları nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinin əsassız olmasını, Xidmətin Kürdəmir rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırış zamanı onun hərbi xidmətə yararlı olmasını, hərbi hissəyə təhvil verildikdən sonra ilk müayinə zamanı xidməti davam etdirməsini, 02.04.2006-cı il tarixdən 01.10.2007-ci il tarixədək hərbi xidmət edərək xidmətini tam başa vurmasını nəzərə alaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Üçüncü şəxs iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı həqiqi hərbi xidmətə çağırılarkən müddətli həqiqi hərbi xidmətə çağırışın aparılması “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsaslan haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənirdi. Həmin Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonlarda, şəhərlərdə, şəhər rayonlarında çağırış komissiyaları yaradılırdı. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının fərdi tərkibini müvafiq yerli icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edirdi. Həmin Qanunun 13-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər-cərrah, can həkimi, nevropatoloq, psixiatr, göz həkimi, qulaq-burun-boğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası hərbi-həkim ekspertizası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə üzrə aşağıdakılar barəsində qərar çıxarıb çağırışçıya elan edir: həqiqi hərbi xidmətə yararlılıq haqqında; səhhətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi haqqında; dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və ehtiyata daxil edilmə haqqında; hərbi uçotdan çıxarılmaqla həqiqi hərbi xidmətə yararsızlıq haqqında. Hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda həqiqi hərbi xidmətə çağırılanların qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Hərbi həkim ekspertizasının təşkili və aparılması qaydaları, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblər müvafiq olaraq Nazirlər Kabinetinin 18.03.2000-ci il tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən olunur. Azərbaycan Respublikası Hərbi komissarlığın nəzdində fəaliyyət göstərən ştatlı və ştatdan kənar hərbi-həkim komissiyaları hərbi qulluqçuları, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşları tibbi şəhadətləndirərkən bu Əsasnaməni rəhbər tuturdular. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 16-cı bəndinə əsasən, hərbi komissarlıqların göndərişinə əsasən, vətəndaşlar şəhadətləndirilmədən əvvəl Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. Həmin Əsasnamənin 15-ci bəndinə əsasən, təşkilati-hüquqi formasından asılı olmayaraq, tibb müəssisələri hərbi komissarlıqların sorğularına əsasən, vətəndaşların səhhətini xarakterizə edən tibbi sənədləri (ambulator xəstələrin tibbi vərəqələri, stasionar xəstələrin tibbi vərəqələri, rentgenoqrammalar, xüsusi müayinə metodlarının protokolları və s.) və digər məlumatları 10 gün müddətində hərbi komissarlığa təqdim edirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatın 62-ci bəndinə əsasən, ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşlara şəhadətləndirilmədən əvvəl, bir aydan tez olmayaraq, aşağıdakı müayinələr aparılır: -döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi; -qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini); -sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal). Şəhadətləndirilmə günündə isə - bədən çəkisi və boyu ölçülür. Hərbi xidmətə çağırılanlara isə bundan əlavə, elektrokardioqrafiya müayinəsi keçirilir, zərurət olduqda, planlı profilaktiki peyvəndlər aparılır. Həmçinin çağırışçılar müddətli həqiqi hərbi xidmətə göndərməkdən əvvəl ruhi-əsəb, narkoloji, vərəm, dərizöhrəvi, cüzəm, QİÇS-lə mübarizə, Respublika Talassemiya Mərkəzindən və digər dispanserlərdən qeydiyyatda olan, digər tibb müəssisələrindən dispanser qeydiyyatında olan və son 12 ay müddətində yoluxucu və parazitar xəstəliklər keçirmiş çağırışçıların siyahılarını, ambulator xəstələrin tibbi vərəqələrini, stasionar xəstələrin tibbi vərəqələrindən çıxarışları və vətəndaşların səhhətini xarakterizə edən digər tibbi sənədlər və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən (ƏSMM) əliliyə görə təqaüd alan və tibbi-sosial ekspert komissiyasından (TSEK) əlillik dərəcəsi verilmiş çağırışçıların siyahıları alınması üçün hərbi komissarlıqlar tərəfindən sorğu edilirdi. Çağırışçıların tibbi müayinəsi keçirdikdən əwəl dispanserlər, tibb müəssisələrdən, Əhalinin Sosial Müdafiəsi Mərkəzindən və tibbi-sosial ekspert komissiyasından alınan cavablar rayon hərbi həkim komissiyaları tərəfindən öyrənilir, şəxsi işlərində qeydlər aparılır və tibbi müayinələr zamanı nəzərə alınırdı. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən (döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi, sidiyin ümumi analizi və elektrokardioqrafiya müayinəsi) keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara keçirilən məcburi diaqnostik müayinələr sırasında qarın boşluğunun ultrasəs müayinəsi nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirir ki, hərbi komissarlıqlar tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlı olub- olmamalarını yoxlanılması üçün təkrar tibbi müayinədən keçirdilər. Səhhətlərində hər hansı problemlər aşkar olunduqda çağırıldığı hərbi komissarlığa geri qaytarılırdılar. Xidmət etdiyi dövrdə müddətli hərbi qulluqçular mütəmadi olaraq tibbi müayinələrdən keçirlər, onlarda hərbi xidmətə yararsız diaqnozlar aşkar edildikdə Mərkəzi hərbi həkim komissiyalarının qərarlarına əsasən ehtiyata buraxılırlar. İddiaçı axıra qədər 1 il 6 ay müddətli həqiqi hərbi xidmətini çəkib. İddiaçı məhkəmə iclasları zamanı etiraf etmişdir ki, müddətli həqiqi hərbi xidmətə göndərilən zamanı sağlamlığından şikayət etməmiş, heç bir dispanser və tibb müəssisəsində qeydiyyatda olmamış, ordu sıralarından ehtiyata buraxıldıqdan sonra 2012-ci ildə gizir kimi hərbi xidmətini davam etdirmək üçün müraciət etmiş və bu zaman hərbi həkim komissiyası tərəfindən aparılan yoxlama zamanı sol böyrəyinin olmamasını bilmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin (keçmiş Kürdəmir rayon hərbi komissarlığı) 02 oktyabr 2006-cı il tarixli qərarı qanunidir. Həmçinin qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin məsuliyyətinin yaranmamasını göstərir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilsin və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. İddiaçı inzibati orqanın qanunsuz qərarları nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinin əsassız olmasını, Xidmətin Kürdəmir rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırış zamanı onun hərbi xidmətə yararlı olmasını, hərbi hissəyə təhvil verildikdən sonra ilk müayinə zamanı xidməti davam etdirməsini, 02.04.2006-cı il tarixdən 01.10.2007-ci il tarixədək hərbi xidmət edərək xidmətini tam başa vurmasını nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.7 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsinə (kompensasiyanın ödənilməsinə) yönəlib. Bu iddia ödəliyin icrası haqqında iddianın xüsusi formasıdır. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı iddia qaldırmadan əvvəl eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir (kompensasiya ödənilməmişdir). Bu iddia növünün qaldırılması ilə bağlı qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, İddiaçı 19500 manat maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının seriya AZE 18066555 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 06.02.1988-ci il tarixdə Kürdəmir şəhərində anadan olub, Kürdəmir rayonu, Xırdapay kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan tibbi şəhadətləndirilmənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 06.11.2012-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasında gizirlər kursunda daxil olmaq üçün şəhadətləndirilərkən qarın boğluğu orqanlarının USM müayinəsi aparılmış və “Sol böyrəyin ageneziyası. Öddaşı xəstəliyi” aşkar olunmuşdur. Gizirlər kursuna daxil olmağa yararsızdır. İş materiallarında olan Silahlı Qüvvələrin Baş X1 şöbəsi Radiologiya bölməsinin 07.11.2012-ci il tarixli renal KT müayinəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müayinəsi zamanı sol böyrəyin yatağında və qarın boğluğunda aşkar edilməmiş, KT nəticəsi: sol böyrəyin ageneziyasıdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Kürdəmir rayon X3 Hüquqi Şəxsin 08.07.2020-ci il tarixli, 537 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 01.01.2020-ci il tarixdən 08.07.2020-ci il tarixədək RMX-nın stasionar və ambulator müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin 26.02.2014-cü il tarixli, ƏN/412 nömrəli telefonoqramın surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yerli dövlət səhiyyə idarələrinə və Rayon Mərkəzi Xəstəxanalarına göstərişi nəzərə alaraq Xidmətin yerli idarə, şöbə və bölmələrinin hərbi-həkim komissiyalarında çağırışçıların tibbi şəhadətləndirilmə işinin kefiyyətinin artırılması və xəstə vətəndaşların hərbi xidmətə çağırılmasının qarşısının alınması məqsədilə tələb edilmişdir ki, qarın boşluğu orqanlarının ultrasəs müayinəsi ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşlara keçirilən məcburi diaqnostik müayinələrə daxil edilsin. Xidmətin yerli idarə, şöbə və bölmələrinin göndərişinə əsasən çağırışçılara tibbi şəhadətləndirilməyə qədər döş qəfəsi orqanlarının flüroqrafiya (rentgenoloji), elektrokardioqrafiya (EKQ), qarın və sidiyin ümumi analizləri ilə bərabər qarın boşluğu orqanlarının ultrasəs müayinələri aparılsın. Göstərişin icrasına Xidmətin yerli idarə, şöbə və bölmələrinin rəisləri bilavasitə cavabdehlik daşıyır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi- Həkim Komissiyasının 24.09.2020-ci il tarixli, 1607 nömrəli məktubunda (mütəxəssis rəyində) qeyd edilmişdir ki, 2006-cı ildə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.03.2000-ci il tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 17-ci bəndinə əsasən hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq və zərurət olduqda digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirdilər. Eyni zamanda, 2006-cı ildə qüvvədə olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-Həkim ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə nazirinin 24 mart 2000-ci il tarixli, 95 nömrəli əmrinin 62-ci bəndinin tələblərinə uyğun olaraq hərbi xidmətə çağırılan vətəndaşlara şəhadətləndirilmədən əvvəl, bir aydan tez olmayaraq aşağıdakı müayinələr aparılırdı: - döş qəfəsi orqanlarının flüoroqrafik (rentgenoloji) müayinəsi; - qanın analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin müayyən edilməsi) - sidiyin analizi (xüsusi çəkisi, zülal) - EKQ müayinəsi ( elektrokardioqrafiya) Şəhadətləndirmə günündə isə - bədən çəkisi və boyu ölçülür. 2006-cı ildə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.03.2000-ci il tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-Həkim ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə nazirinin 24 mart 2000-ci il tarixli 95 nömrəli əmrinin tələblərinə uyğun olaraq hərbi xidmətə çağırılan vətəndaşlara böyrəyin USM-nin aparılması məcburi diaqnostik müayinələrə daxil deyildir. Həmin dövrdə (2006-cı ildə) çağırışçılar hərbi xidmətə göndərilməzdən qabaq çağırış komissiyalarında həkimmütəxəssislər tərəfindən müayinəsinin aparılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin (“Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası”) və “Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər”in təsdiq edilməsi haqqında 48 nömrəli, 18 mart 2000-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Müdafiə nazirinin “Hərbi-Həkim ekspertizası haqqında” 24 mart 2000-ci il tarixli, 95 nömrəli əmri ilə tənzimlənirdi. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci madəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda çağırış komissiyaları yaradılır. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. 15.2-ci maddəsinə əsasən tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada çağırışçı barədə aşağıdakı qərarlardan birini qəbul edir: -müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; -sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; -sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; -dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; -həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. İddiaçının hərbi xidmətə çağrıldığı zaman (2006-cı il) qüvvədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.03.2000-ci il tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin : 12-ci bəndinə əsasən ilkin hərbi qeydiyyata götürülərkən vətəndaşların şəhadətləndirilməsinin təşkil edilməsi vətəndaşların hərbi qeydiyyata götürülməsi üzrə rayon, şəhər (rayon bölgüsü olmayan) həkim komissiyasına, hərbi xidmətə çağırılarkən isə rayon, şəhər (rayon bölgüsü olmayan) çağırış komissiyasına həvalə olunur. 20-ci bəndinə əsasən vətəndaşın tibbi müayinəsi (müalicəsi) başa çatdıqdan sonra, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi formada onun səhhətinin müayinə olunması aktı tərtib olunur. 22-ci bəndinə əsasən ilkin hərbi qeydiyyata götürülərkən və ya hərbi xidmətə çağırılarkən, hərbi xidmətə müvəqqəti yararsız hesab edilmiş vətəndaş tibbi müayinədən (müalicədən) imtina etdikdə və ya yayındıqda 3 aydan sonra təkrar şəhadətləndirilməlidir. Əgər təkrar şəhadətləndirilmə zamanı vətəndaşın səhhətinin pisləşməsi əlamətləri aşkar edilməzsə, yaxud onun hərbi xidmətə çağırılmasına mane ola biləcək yaralanma (travma, xəsarət, kontuziya) və ya xəstəliyin aşkar əlamətləri yoxdursa, o, sıradankənar hərbi xidmətə yararlı hesab edilir. Azərbaycan Respublikası Müdafiə nazirinin “Hərbi-Həkim ekspertizası haqqında” 24 mart 2000-ci il tarixli, 95 nömrəli əmrinin 62-ci bəndində qeyd edilir ki, ilkin hərbi qeydiyyata götürülən və hərbi xidmətə çağırılan vətəndaşların, şəhadətləndirilmədən əvvəl, bir aydan tez olmayaraq, döş qəfəsi orqanlarının flüoroqrafık (rentgenoloji) müayinəsi, qanın analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin müəyyən edilməsi), sidiyin analizi (xüsusi çəki, zülal) keçirilir, şəhadətləndirilmə günündə isə - bədən çəkisi və boyu ölçülür. Hərbi xidmətə çağırılanlara isə, bundan əlavə, elektrokardioqrafiya (bundan sonra-EKQ) müayinəsi keçirilir, zəfurət olduqda isə planlı profilaktik peyvəndlər aparılır. Flüoroqrafiya, laborator və EKQ müayinələrin nəticələri haqqında, bədən çəkisi və boy haqqında, habelə profilaktiki peyvəndlər, dərman və digər maddələrə allergiya (yüksək həssaslıq) haqqında məlumatlar, hərbi xidmətə çağırılmalı olan vətəndaşın qeydiyyat kartasına (bundan sonra qeydiyyat kartasına) və hərbi xidmətə çağırılan vətəndaşın tibbi şəhadətləndirilmə kartasına (bu Təlimata qoşma № 4) yazılır. Flüoroqrammalar şəhadətləndirilənin şəxsi işində, şəxsi işin saxlanma müddəti bitənə qədər saxlanılır, bundan sonra müvafiq tibb müəssisəsinə qaytarılır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı 02.04.2006-cı il tarixdə Kürdəmir rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. O, hərbi xidmətə göndərilməzdən əvvəl Azərbaycan Respublikası Müdafiə nazirinin 24 mart 2000-ci il tarixli 95 nömrəli əmrinin tələblərinə uyğun olaraq müddətli həqiqi hərbi xidmətə çağırılan bütün çağırışçılar kimi fərdi qaydada mütəxəssis həkimlər tərəfindən tibbi müayinədən keçirilmişdir. Yəni döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal) keçirilmiş, şəhadətləndirilmə günündə isə - bədən çəkisi və boyu ölçülmüşdür. İddiaçı 1 il 6 ay xidmət etdikdən sonra (müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra) Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində hərbi uçotdadır. O, 06.11.2012-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında gizirlər kursuna daxil olmaq üçün şəhadətləndirilərkən qarın boşluğu orqanlarının USM müayinəsi aparılmış və onun sol böyrəyinin ageneziyası-anadangəlmə sol böyrəyinin olmaması aşkar olunmuşdur. Məhkəmə qeyd edir ki, 2014-cü il tarixə qədər müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara keçirilən məcburi diaqnostik müayinələr sırasında qarın boşluğunun ultrasəs müayinəsi nəzərdə tutulmamışdır. Belə ki, işdə olan 26.02.2014-cü il tarixli, ƏN/412 nömrəli telefonoqramın surətindən görünür ki, həmin tarixdən qarın boşluğu orqanlarının ultrasəs müayinəsi ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşlara keçirilən məcburi diaqnostik müayinələrə daxil edilmiş, Xidmətin yerli idarə, şöbə və bölmələrinin göndərişinə əsasən çağırışçılara tibbi şəhadətləndirilməyə qədər döş qəfəsi orqanlarının flüroqrafiya (rentgenoloji), elektrokardioqrafiya (EKQ), qarın və sidiyin ümumi analizləri ilə bərabər qarın boşluğu orqanlarının ultrasəs müayinələrinin aparılmasına başlanılmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Müdafiə nazirinin “Hərbi-Həkim ekspertizası haqqında” 24 mart 2000-ci il tarixli, 95 nömrəli əmrinin tələblərinə əsasən hərbi xidmətə çağırılan vətəndaşlara böyrəyin USM-nin aparılması məcburi diaqnostik müayinələrə daxil olmamışdır. İş materiallarında olan sübutlarla və məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı 02.04.2006-cı il tarixdə həqiqi hərbi xidmətə göndərilən zaman həmin dövrdə nəzərdə tutulmuş tibbi müayinələrdən keçmiş və sağlamlıq vəziyyətindən heç bir şikayət bildirməmişdir. Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının 02.04.2006-cı il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilən zaman şəhadətləndirilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanuna zidd sayıla bilməz. Odur ki, cavabdehin hərəkətləri qanunsuz olmadığından, iddiaçının ondan maddi və mənəvi ziyanın tutulması tələbi də əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə qarşı «iddiaçıya dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar