Məhkəmə qərarları › İş №2-1(120)-4242/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4242/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4242/2025 22.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi torpaqların azad olunması uğrunda gedən döyüşlərdə iştirakını, döyüş əməliyyatlarını yerinə yetirməyini və döyüş zamanı aldığı travma xəsarətini nəzərə alaraq onunla bağlı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərkibində xx.xx.2020-xx.xx.2020-ci il tarixində Füzulinin, Cəbrayılın və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edərək döyüş zamanı yaralandığını nəzərə alaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi torpaqların azad olunması uğrunda gedən döyüşlərdə iştirakını, döyüş əməliyyatlarını yerinə yetirməyini və döyüş zamanı aldığı travma xəsarətini nəzərə alaraq onunla bağlı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində SHXÇDX-nin Sabirabad rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağrılaraq xx.xx.2020-ci il tarixindən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətə başlamış, N saylı hərbi hissəsi tərkibində xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması üçün Füzulinin, Cəbrayılın və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.2020-ci il tarixində döyüş zamanı ayağından yaralanmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarla təltif olunmuş, Miidatlə Nazirliyinin N saylı hərbi hissəsi tərkibində torpaqların ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək yaralanmağını ona məxsus hərbi bilet və xx.xx.2020-ci il tarixində ayağından xəsarət almağı haqqında arayışla təstiq olunur. Eyni zamanda, 80 (səksən) manat veteran müavinatını almaq üçün ona bank kartı verilmiş, həm də X5 və X10 Birliyinin üzvüdür. Lakin buna baxmayaraq sonradan ona verilmiş “Müharibə Veteranı” adı və vəsiqəsi ləğv edilmişdir. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə və müxtəlif ünvanlara müraciətlər etsə də bu günə kimi heç bir nəticə olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müraciətinə vermiş olduğu xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, problemin həlli ilə bağlı döyüş əməliyyatlarında iştirak etməyi, hərbi xidmət barədə hərbi hissə komandirinin nizami hissə üzürə əmrdən çıxarışların və digər arayış məlumatların Nazirliyinin ünvanına göndərilməsi ilə bağlı Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinə müraciət olunmuşdur. Lakin N saylı hərbi hissə qeyd olunmuş sənədləri Müdafiə Nazirliyinə təqdim etməmiş, nazirlik problemin həlli ilə bağlı heç bir konkret tədbirlər görməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Müdafiə Nazirliy inin hərbi hissəsi tərkibində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etsə də, bu günə qədər ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı bir aydan artıq müddətinə olmuş müraciətinə cavab verilməməsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası kimi qəbul edilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”sına müraciəti daxil olmuş, lakin hər hansı inzibati akt qəbul edilmədən məhkəməyə müraciət etmişdir. İddiaçının müraciəti hal-hazırda komissiyada baxılmadadır. Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli 3-25- 14/2-5143/2025 nömrəli məktubundan görünür ki, İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi”nə dair müraciəti əsasında sənədlər toplanmış və komissiya tərəfindən müvafiq qərar qəbul ediləcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteram” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd edilən hüquq normalarının mənasından da göründüyü kimi, qanunverici müvafiq veteran adının və buna uyğun vəsiqənin verilməsini müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid etmişdir. Həmçinin, müharibə veteranı adının verilməsi müvafiq icra hakimiyyəti orqanının müvafiq komissiyasının rəyinin olması ilə şərtləndirilmişdir. AR İPM-nin 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı, vəkili və nümayəndəsi X6 məhkəmə iclasında verdikləri izahatlarında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. İddianın növü və mümkünlüyü. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından “məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Əsaslandırıcı hissə: Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması üçün Füzulinin, Cəbrayılın və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan X5 və X10 Birliyinin xx.xx.2021-ci il tarixli, 012140 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə iştirakçısıdır. İş materiallarında olan İ-6260 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 2358 nömrəli Sərəncamı ilə “Cəbrayıln azad olunmasına görə” İddiaçı medalla təltif olunmuşdur. İş materiallarında olan İ-4121 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 2369 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” İddiaçı medalla təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 218 nömrəli Hərbi Hissənin xx.xx.2021-ci il tarixli, 42 nömrəli travma haqqında arayışından görünür ki, əsgər (hərbi toplanış) İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Sol dizin küt travması” xəsarətini almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 1/Ə-5459 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdən erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2021-ci il tarixli 24 nömrəli Qərarına əsasən müvafiq Komissiya yaradılmışdır. Odur ki, Komissiya tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə veriləcək müvafiq təkliflər əsasında qəbul ediləcək yeni normatik-hüquqi akt əsasında müraciətinə baxılması mümkün olacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-7107 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi və bununla əlaqədar müraciət müəllifinə “Müharibə veteranı” adının və vəsiq'əsinin verilməsinə dair xidməti barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmrdən çıxarışları, ezamiyyətdə olubsa ezamiyyət vərəqələrinin surətini, arayış-məlumatı qısa müddət ərzində onların ünvanına göndərilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 2/2-4918 nömrəli məktubundan görünür ki, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona “Müharibə veteranı” adı verilmişdir. Onun “Müharibə veteranı” vəsiqənin hazırlanması üçün 2 ədəd 3x4 ölçüdə rəngli foto şəkil və şəxsiyyət vəsiqəsinin surətini (bayram günləri istisna olmaqla) Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatına göndərməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 325-2/2-Ə-108xx-xx-2024 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq əsgəri İddiaçı (FİN:xxxxxxx) “Müharibə veteram” adının və vəsiqəsinin verilməsi üçün göndərilən sənədləri Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış, müsbət qərar qəbul edilərək sənədləri razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcək. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-25-14/2-Ə-6022-20/25 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməyib, ancaq komissiya tərəfindən baxılaraq müsbət rəy qəbul eşilmişdir. Əlavə olaraq bildirirəm ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sının tərkibi dəyişdiyinə görə, sənədlər komissiya tərəfindən yenidən baxılma mərhələsindədir. Qəbul edilmiş rəy haqqında sizə məlumat veriləcəkdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Konstitusiyanın 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət - toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1 -ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X7 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, yuxarıda bəhs olunan qanunvericiliyin və normativ hüquqi aktların şərhinə keçməzdən əvvəl məhkəmə diqqətə çatdırır ki, veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsi, habelə veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimlənməsi, veteranların öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsi üçün təminatları müəyyənləşdirilməsi müvafiq olaraq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsi ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, müharibə veteranı adının verilməsi üçün şəxsin hansı xüsusiyyətlərə malik olması, müharibə dövründə hansı əməliyyatlar yerinə yetirməsi, o cümlədən də doyüş tapşırıqları üzrə bütün təminat növləri üzrə tapşırıqlarının yerinə yetirib-yetirməməsi mühüm rol oynayır. Qeyd olunmalıdır ki, qüvvədə olan normativ hüquqi aktların tələblərində müharibə veteranı adının verilməsi məhz Azərbaycan Respublikasının müəyyən bölgələrində döyüş tapşırığı icra etməsi şərtindən asılı olmuşdur. Lakin bu zaman nəzərə alınmalıdır ki, qanunvericilik ərazi məhdudiyyətini bəzi hallarda, yəni şəxsin iştirak etdiyi bölmədən və hansı döyüş tapşırığı ilə bağlı olmasından asılı etmişdir. Bunun fərqləndirilməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 10-cu və 11-ci abzasında göstərilən normanın təhlili nəticəsində də müəyyən olunur. Belə ki, adıçəkilən Əsasnamənin 1-ci bəndinin 10-cu abzasında qeyd olunmuşdur ki, müharibə veteranı adının verilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Göründüyü kimi həmin norma yalnız qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı və s.) hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə şamil olunur. Həmin Əsasnamənin 1-ci bəndinin 11-ci abzasında isə ümumiyyətlə Azərbaycan Respublikasının hər hansı bölgəsi barədə məlumat qeyd olunmamış, yəni heç bir ərazi məhdudiyyəti nəzərdə tutulmamışdır. Həmin normanın tələblərinə görə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə müharibə veteranın adının verilməsi həyata keçirilməlidir. Başqa sözlə desək həmin normanın tələblərinə görə müharibə veteranı adının verilməsi üçün şəxsin hansı döyüş bölgəsində olması deyil, hansı bölmənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi mühüm rol oynayır. İşin müəyyən edilmiş faktiki hallarına görə iddiaçı xx.xx.2020-ci il tarixində SHXÇDX-nin Sabirabad rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağrılaraq xx.xx.2020-ci il tarixindən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətə başlamış, N saylı hərbi hissəsi tərkibində xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması üçün Füzulinin, Cəbrayılın və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.2020-ci il tarixində döyüş zamanı ayağından yaralanmışdır. Həmin hallar iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının ezam olunduğu ərazilərdə yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının ezam olunduğu ərazilərdə sürücü kimi fədakarlıqla iştirak etməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 218 nömrəli Hərbi Hissənin xx.xx.2021-ci il tarixli, 42 nömrəli travma haqqında arayışından görünür ki, əsgər (hərbi toplanış) İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Sol dizin küt travması” xəsarətini almışdır. Eləcə də, iş materiallarına əlavə edilən sənədlərə əsasən İddiaçı “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildiyi müəyyən edilir. Cavabdeh inzibati orqan iddia ərizəsi üzrə xx.xx.2025-ci il tarixli münasibət ərizəsində sənədlər üzrə müvafiq araşdırmanın davam etdiyini və yekun qərarın qəbul edilmədiyini əsas gətirərək iddianın mümkün sayılmamasını xahiş etmişdir ki, qeyd edilən əsaslarla məhkəmə razılaşmır. Belə ki, iş üzrə İddiaçı eyni tələblə əvvəllər məhkəməyə müraciət etdiyi, inzibati orqanın tələbin məhkəmədənkənar həll olunması üzrə məktubu əsasında sonradan mübahisənin həll olması səbəbi ilə sənədlərin geri qaytarılmasını xahiş etdiyi və Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2721/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verildiyi müəyyən edilir. Lakin sonradan İddiaçı inzibati oran tərəfindən məktub ünvanlanaraq komissiyanın tərkibi dəyişdirilməsi səbəbi ilə sənədlərin komissiya tərəfindən yenidən baxılacağı bildirilmişdir ki, bu hal tərəfin hüquqlarının pozulması ilə nəticələnmişdir. Həmin hissədə nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə iddiaçının inzibati orqana qarşı müraciətinin haqlı olduğunu hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi torpaqların azad olunması uğrunda gedən döyüşlərdə iştirakını, döyüş əməliyyatlarını yerinə yetirməyini və döyüş zamanı aldığı travma xəsarətini nəzərə alaraq onunla bağlı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi torpaqların azad olunması uğrunda gedən döyüşlərdə iştirakını, döyüş əməliyyatlarını yerinə yetirməyini və döyüş zamanı aldığı travma xəsarətini nəzərə alaraq onunla bağlı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar