Məhkəmə qərarları › İş №2-1(120)-425/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-425/2022

14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-425/2022 14.03.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 mart 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, 1965-ci ildən Şirvan şəhərində (keçmiş Əli-Bayramlı şəhəri) yerləşən Əli-Bayramlı “X5” qapalı şəraitdə 5-ci dərəcəli qaz qaynaqçısı peşəsində işləmişdir. Bununla yanaşı digər idarə və müəssisələrdə həmçinin 5ci dərəcə ilə qaz qaynaqçısı işləmişdir. Mövcud qanunvericiliyə əsasən 2002-ci ildə 59 yaşında, 37 il əmək stajı olmaqla “güzəştli şərtlərlə” təqaüdə göndərilmişdir. Qeyd edir ki, qapalı şəraitdə və zərərli əmək fəaliyyətinin ümümi müddəti 21 il, 4 ay, 5 gün təşkil edir. Bu illər ərzində işlədiyi peşə və mühit Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq olunmuş, 2 saylı siyahının 10-cu bölməsinin 2-ci bəndinə əsasən “güzəştli şərtlərlə pensiya” təyin etmək hüququ verən vəzifə və peşə kateqoriyalarına aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiyasına əsasən, axrıncı iş yerindən aslı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehlatlatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların; kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşa çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 82.2-ci maddəsinə əsasən, normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların güvvəsi geriyə şamil edilir. “Normativ hüquqqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə güvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Bu Qanunun 88.1-ci maddəsinə əsasən, normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə görə hər bir şəxs cəmiyyətin üzvü kimi sosial təminat hüququna və milli səylər və beynəlxalq əməkdaşlıq yolu ilə və hər bir dövlətin strukturu və ehtiyaclarına uyğun olaraq onun ləyaqətinin müdafiəsi və şəxsiyyətinin azad inkişafı üçün iqtisadi, sosial və mədəni sahələrdə hüquqlara malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq ona əmək pensiyası hesablanan zaman onun güzəştli şərtlərlə bağlı şəraitdə işləməyi nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə qərarı ilə onun əmək pensiyası yenidən hesablanmalı və təyin olunmuş əmək pensiyama dəyişiklik edilməlidir. İddiaçı göstərilənlərə əsaslanaraq, onun əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edərək, ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsini xahiş etmişdir. Cavabdehin 16 dekabr 2020-ci il tarixli, **********5 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı əmək pensiyası 01.01.2020-ci il tarixindən etibarən 255,87 manat müəyyən edilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1965-ci ildən əmək kitabçası əsasında Şirvan şəhərində yerləşən Əli-Bayramlı “X5” qapalı şəraitdə 5-ci dərəcə ilə qaz qaynaqçısı işləmişdir. Güzəştli pensiya hüququ verən sahələrdə 21 il 04 ay 05 gün stajı vardır. Tələb olunan 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı artıqlaması ilə toplamışdır. Lakin həmin dövrdə onunla birlikdə işləmiş iş yoldaşlarından olduqca az məbləğdə pensiya alır. İşin hallarından göründüyü kimi, İddiaçı 2000-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Şirvan rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya 2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar- 45 yaşına çatdıqda və azı 15 i l i ş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər- 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanununa əsasən həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin vaxtda qanunda pensiyanın əmək haqqına uyğun hesablanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun yaşa görə pensiyaların məbləğini müəyyən edən 17-ci maddəsinin 1-ci bəndinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Həmin maddənin 3-cü bəndinə əsasən yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər. Həmin maddənin 5-ci bəndinə əsasən həmin Qanunun 13cü maddəsi üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Pensiyaların əmək haqqına görə hesablanması: Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: işə qəbul olunduğu və işdən azad edildiyi natamam aylar; növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar; əlil olduğu müddət və ya sağlamlığına zərər dəyməsi ilə əlaqədar zərərin ödənilməsi müddəti; uşağa qulluq üçün məzuniyyətdə olma müddəti; İ qrup əlilə, 16 yaşına qədər əlil uşağa və 70 yaşına çatmış qocalara qulluq müddəti; ali, orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda, ixtisasartırma və yenidən ıxtısaskeçmə kursların-da, aspiranturada, doktoranturada, klinik ordinaturada əyani təhsil müddəti; müddətli hərbi və ya alternativ xidmət müddəti; əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət alma müddəti; işsizlik müavinəti alma müddəti və ya işsizin yenidən peşə hazırlığı və təhsil müddəti. Bu halda pensiyaçının arzusu ilə çıxılmış aylar göstərilmiş 24 və 60 aylıq müddətdən əvvəlki və ya sonra gələn aylarla əvəz edilir. Pensiyaların məbləğləri və onlara əlavə hesablanarkən onların qəpik hissəsi manata qədər yuvarlaqlaşdırılır. Orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıq əmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayına bölmək yolu ilə müəyyən edilir. Azərbaycan Respublikası Milli Məclisi deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının orta aylıq əməkhaqqı onun son on iki ay ərzində müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisindən və Naxçıvan Muxtar Respublikasının Ali Məclisindən aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə bölünməsi yolu ilə müəyyən edilir. İş stajı bir təqvim ayından az olduqda iş dövrü ərzindəki əmək haqqı iş günlərinin sayına bölünür. Alınan məbləğ ayın iş günlərinin illik orta sayına (iş həftəsi 6 günlükdürsə 25,4-ə və iş həftəsi 5 günlükdürsə 21,2-ə) vurulur. Mövcud qaydalara görə sığorta haqları hesablanan əmək haqqının və mükafatın bütün növləri, o, cümlədən əvəzçiliyə, istirahət və bayram günlərində işə, iş vaxtından əlavə işə görə və mülki hüquq müqavilələri üzrə verilən əmək haqqı pensiya hesablanarkən gəlirin ümumi məbləğinə daxil edilir. Bu zaman birdəfəlik ödənclər (istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, işdənçıxma müavinəti və s.) nəzərə alınmır. Müraciət edənin arzusuna əsasən pensiyanın hesablanması üçün gəlirə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət, yaxud işçinin saxlanan orta aylıq əmək haqqı, eləcə də təhsil müddətində alınmış təqaüd daxil edilir. Verildiyi dövrdə qüvvədə olan dövlət tarif dərəcələri üzrə hesablanmış müəlliflik haqqı əmək haqqına bərabər tutulur. Fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara və muzdla işləyənlərə, eləcə də kooperativ üzvlərinə və kooperativdə müqavilə ilə işləyənlərə pensiya sığorta haqqı keçirilən faktik gəlirdən hesablanır. Əmək haqqı pul ödənci ilə yanaşı natura ilə ödənildikdə, pensiya təyin olunması üçün orta aylıq omok haqqı müəyyən edilərkən əmək haqqının sığorta haqqı hesablanmış natura ilə ödənilən hissəsinin dəyəri əmək haqqının ödənildiyi dövrün dövlət pərakəndə qiymətləri ilə hesablanaraq nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həli edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Xüsusi Şərtlərlə Təyinat üzrə X3 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Beləliklə, İddiaçı 1965-ci ildən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ona işlədiyi iş stajı və əmək haqqı nəzərə alınmaqla “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Onun həmin müddətə qədər 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı vardır. Həmin dövrdə onunla birlikdə işləmiş iş yoldaşlarının iddiaçı ilə müqayisədə çox məbləğdə pensiya almasının səbəbi həmin şəxslərin 2004-2005-ci illərə aid orta aylıq əmək haqqı təqdim etmələri ilə bağlıdır. İddiaçıya 2000-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası iddia ərizəsində nəzərdə tutduğu 37 il əmək stajı nəzərə alınmaqla təyin edilmişdir. Hazırda indeksləşdirilmədən sonra İddiaçı təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği dəyişdirilərək 285.03 manat müəyyən edilmişdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 16 dekabr 2020-ci il tarixli, **********5 nömrəli müraciətin təmin edilməsindən imtina barədə məktubundan görünür ki, iddiaçıya 14 aprel 2000-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Şirvan rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı əmək pensiyası 01.01.2020-ci il tarixindən etibarən 255,87 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx xxxx 1943-cü ildə doğulmuşdur. 57 yaşdan, 01 iyul 2000-ci ildən ona “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə uyğun güzəştli şərtlə yaşa əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq ona əmək pensiyası hesablanan zaman onun güzəştli şərtlərlə bağlı şəraitdə işləməyi nəzərə alınmamışdır. İddiaçının 57 yaşdan- 01 iyul 2000-ci ildən güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququnun olması və həmin vaxtdan ona pensiya təyin edilməsi mübahisə olunmur. İşin hallarına görə iddiaçının pensiya hüququ 2000-ci ilin iyul ayında yaranmışdır. Odur ki, mübahisə 01.01.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun həmin vaxt qüvvədə olmuş normalarına uyğun həll edilməlidir. 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır. İddiaçı 57 yaşa çatdıqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə 12,6 il güzəştli və 25 il ümumi əmək stajını topladığı təsdiq olunduğundan onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 57 yaşının tamam olduğu 01.07.2000-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmış və buna görə də, ona 01.07.2000-ci il tarixdən həmin pensiya təyin edilmişdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnu əldə etməsi 01 yanvar 2006-cı il tarixdən əvvəlki dövrə təsadüf edir, eləcə də həmin dövrdə onunla birlikdə işləmiş iş yoldaşlarının iddiaçı ilə müqayisədə çox məbləğdə pensiya almasının səbəbi həmin şəxslərin 2004-2005-ci illərə aid orta aylıq əmək haqqı təqdim etmələri ilə bağlıdır. İddiaçıya 2000-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası iddia ərizəsində nəzərdə tutduğu 37 il əmək stajı nəzərə alınmaqla təyin edilmişdir. Hazırda indeksləşdirilmədən sonra iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği dəyişdirilərək 285.03 manat müəyyən edilmişdir. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının imtinası qanuna zidd qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və rədd olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar