Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4265/2024 02.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “məhkəmə iclas protokoluna verdiyi əsaslı qeydlərin prosessual müzakirəsindən sifarişli imtina edən 05 iyul 2024-cü il tarixli, 6(073)-13/2024 saylı məktubun etibarsız hesab edilməklə, hakimin hərəkətlərinin qanunsuz hesab edilməsi, məhkəmə iclas protokoluna verdiyi qeydlərin əsaslı və qanuni müzakirəsini müəyyənləşdirən müvafiq məcburedici vəzifənin cavabdeh təşkilatın üzərinə qoyulması və hakim barəsində xüsusi qərardadın çıxarılaraq tədbirlər görülməsi üçün Məhkəmə-Hüquq Şurasına göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “məhkəmə iclas protokoluna verdiyi əsaslı qeydlərin prosessual müzakirəsindən sifarişli imtina edən 05 iyul 2024-cü il tarixli, 6(073)-13/2024 saylı məktubun etibarsız hesab edilməklə, hakimin hərəkətlərinin qanunsuz hesab edilməsi, məhkəmə iclas protokoluna verdiyi qeydlərin əsaslı və qanuni müzakirəsini müəyyənləşdirən müvafiq məcburedici vəzifənin cavabdeh təşkilatın üzərinə qoyulması və hakim barəsində xüsusi qərardadın çıxarılaraq tədbirlər görülməsi üçün Məhkəmə-Hüquq Şurasına göndərilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmir.Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddianın mümkünlüyü əsaslarının yoxlanılmasını zəruri saymışdır. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, 21 iyun 2024-cü il tarixdə Cavabdehndə hakim Osman Vəliyevin sədrliyi ilə Cəlilabad rayon polis şöbəsi TB-nin təhqiqatçısı X1 məlum hadisə (hadisələr) üzrə "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" sifarişli məqsədlərə xidmət edən xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməklə, X3 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tələbkarlığında cinayət işi qaldırılmasını müəyyənləşdirə biləcək məhkəmə aktının çıxarılmasını rica etsə də, Cavabdeh hakimi Osman Vəliyev tərəfindən təhqiqatçının qanunsuz qərarının ciddi tələbkarlıqla qanunsuz bir müdafiəsi həyata keçrilib, əslində ərizəsi təmin edilmədən bu gün "Məhkəmə nəzarəti" qaydasında prosessual qanunvericiliyin tələbkarlığı iflic edilib, əsaslı şikayətçi olaraq onun qanuni və əsaslı prosessual tələbkarlığına qarşı xəyanətkar mövqe nümayiş etdirilməklə, bu gün X4 Qorunan Mənafeyinə prosessual zərbə endirilib, əlbəttə, məhz hakimiyyət həddi aşılma nəticəsi olaraq, məhkəmə kürsüsündə Məmur- Hakim Özbaşınalığını nümayiş etdirən Osman Vəliyevin qanunsuz hərəkətlərə yol verdiyi bəlli edilmişdir. Bu mənada məcbur olub, öncədən bununla bağlı ciddi, həm də, əsaslı narazılıqlarını yaradan 21 iyun 2024-cü il tarixli "Məhkəmə iclas protokolu" ilə tanışlıq edib, bu protokola müvafiq qeydlərimin verilməsi zərurəti gündəmə gəldiyinə görə 22 iyun 2024cü il tarixdə məhkəmənin hakiminə teleqram vurmağa məcbur olmağı əsaslı və qanuni bir tələbkarlıq kimi dərk edilməlidir. Məhz vurduğu bu teleqramın nəticəsi olaraq, 27 iyun 2024-cü il tarixdə protokolla tanışlıq edib, qeydlər verəcəyini də bildirməklə, "Məhkəmə iclas protokolu"na verdiyi qeydlərin qanunun tələbkarlığı üzərində məhkəmə iclasında müzakirə edilməsi prosessual tələb olunduğu halda, ədalətsizliyə və sifarişli məqsədlərə xidmət edən, səlahiyyətli bu hakim "Məhkəmə iclas protokolu"na verdiyi qeydlərinin müzakirəsini danmaqla, Azərbaycan Respublikasə CPM-nin 51.7-ci maddəsinin tələblərinə zidd hərəkət edərək, onun qanunla qorunan hüquqlarını pozması X2 zidd olunan hərəkət kimi qəbul edilib, qanun pozuntularını açıqladığından həm də, səlahiyyətli bu hakimin bu gün vəzifədən sui-istifadə edib, qanunsuz hərəkətlərə yol verdiyini bəlli etmişsə və indi də edirsə, bu, qəbuledilməzdir. “Məhkəmə iclas protokolu”na verdiyi qeydləri 29 iyun 2024-cü il tarixdə tərtib edilməklə tərəfindən imza edildikdən sonra 04 iyul 2024-cü il tarixdə poçtrabitə vasitəsilə Cəlilabad məhkəməsinə göndərmiş olsa da belə, bu qeydlərinin müzakirəsini onu aldada-aldada yubandırıb, son nəticədə 05 iyul 2024-cü il tarixli qanunsuz bu cavab məktubunun 22 iyul 2024-cü il tarixli saxtalaşdırılaraq, köhnə tarixə verilmiş qaqnunsuz cavab məktubu ilə “Məhkəmə icla protokolu”na verilmiş qeydlərimin müzakirəsindən etmiş olduğu imtina qanuni və əsaslı görünə bilmədiyi kimi, ədalətli də görünə bilmir. Çünki, 05 iyul 2024-cü ilı tarixli qanunsuz bu cavab məktubunun tələbkarlığı “Məhkəmə iclas protokolu”na verdiyi əsaslı qeydlərini məhkəmə iclas prosesinin əsaslı müzakirəsindən kənarda saxlamaqla, qanunsuzluqlar girdabında yoğrulan bu cür sənədi bəlli edib, prosessual göstərirsə, həm də, ona göndərilən bu qanunsuz cavab məktubunun xx.xx.2024-cü il tarixli poçt-rabitə xidmətinə təqdim edildiyini də məlum edərək, 17 gün keçdikdən sonra, saxtalaşdırılaraq köhnə tarixə ona bildrilməklə, poçta da belə təqdim edilməsi guya bu hakimin protokola qeydlərinin müzakirəsi ilə bağlı narazılıq ifadə edib, əsaslı hakim etirazı açıqlanır, deyə vaxtında məlumat və əsaslı narazılıq bildirilmişdir, deyə belə bir ədalətsizliyin prosessual nümayiş etdirilməsi halı-hazırda da hesab etmir ki, hakim ədalətsizliyinin sifarişli məhsulu olub, ədalətsizliyi və qanunsuzluğu nümayiş etdirməmişdir. Bu cavab məktubundakı ədalətsizlik haqqın və ədalətin inkarı olub, sifarişli bir tələbkarlığın mahiyyətini və buradakı tələbkarlığı heç bir hal dadəyişə bilmir, ən azı ona görə ki, belə ədalətsiz hakimlər hələ də əsaslı və qanuni cəzalandırılmalardan kənarda qalmaqla, vəzifədən və hakimiyyətdən sui-istifadələrini davam etdirməkdə olur, hətta, bəzi çox hallarda da daha yüksək kreslolarda oturmağa məsləhət bilinirlər. Bu, yolverilməz olub, ciddi qanun pozuntusudur. Ona görə də hesab edir ki, bu cür sifarişli yoğrulan hərəkətlər qanunsuz bir tələbkarlıq olub, prosessual xüsusi əhəmiyət kəsb edən bir sənədə, “Məhkəmə iclas protokolu”na verdiyi qeydlərinin məhkəmə iclas zalında müzakirə aparmadan qanunsuz və əssassız bir cavab məktubu ilə əslində protokola verdiyi qeydlərinin müzakirəsindən imtina edildiyi göstərilib protokola qeydlər vaxtında verilmədiyi bəhanə gətrilməklə, qanunla qorunan hüquqlarının sifarişli bir tələbkarlıqla bu hakim tərəfindən pozulduğu prosessual məktubla bəyan edilib, mənə bildirilməsi ciddi və əhəmiyyətli qanun pozuntusu kimi dərk olunmalıdır. Göründüyü kimi qanunun bu cür tələbkarlığı hakim Osman Vəliyev tərəfindən pozulduğu üçün, imzalayaraq, ona göndərmiş olduğu 05 iyul 2024-cü il tarixli qanunsuz cavab məktubu etibarsız sayılmaqla. AR-sı İPMnin 35.1-ci maddəsinin məlum tələbkarlığında cavabdeh təşkilat və 3-cü şəxs üzərinə müvafiq öhdəliklərin qoyulması ilə pozulmuş hüquqlarımın prosessual bərpası təmin etdirilməlİidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, hər bir inzibati iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddiaların yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İlk növbədə iddianın mümkünlüyü barədə qanunvericilikdə nəzərdə tutulmuş bütün şərtlər diqqətlə yoxlanılmalı, yalnız mümkün sayılan iddia tələbləri barədə şifahi məhkəmə baxışında mahiyyəti üzrə yekun məhkəmə qərarı qəbul edilməlidir. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Mümkünlük şərtləri çərçivəsində həmçinin, iddianın ümumiyyətlə inzibati mübahisə kimi baxılmasının yolverilənliyi yoxlanılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinin tələbinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxsdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Lakin, qeyd edilən qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə, cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və mülki hüquqi qaydada həyata keçirdiyi fəaliyyətinə şamil olunmur. Göründüyü kimi, inzibati orqanların bütün fəaliyyəti deyil, məhz inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Göründüyü kimi, inzibati məhkəmə icraatının predmetini inzibati hüquqi mübahisə təşkil edir. Mübahisənin inzibati xarakterli olması və inzibati məhkəməyə aidiyyəti üçün ilk növbədə cavabdeh qismində inzibati orqan (habelə, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs) çıxış etməli, eləcə də mübahisə inzibati orqanın publik (ümumi) hüquq sahəsində həyata keçirdiyi fəaliyyət sahəsində yaranmalıdır. Bu ilkin şərtlərin olmaması inzibati mübahisənin də mövcudluğunu istisna edir. İddiaçı isə tələbini Cavabdeh ədalət mühakiməsini həyata keçirməsi fəaliyyəti ilə əlaqələndirmişdir ki, bu da heç bir halda inzibati mübahisə kimi qiymətləndirilə bilməz. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin 1-ci hissəsinə əsasən hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsinə müvafiq olaraq apellyasiya məhkəməsi mülki, inzibati və iqtisadi mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir. Şəxslər məhkəmələrin ədalət mühakiməsini həyata keçirərkən qəbul etdikləri qərarların qanuniliyinin yoxlanılmasına qanunla müəyyən edilmiş müddətdə və qaydada yuxarı instansiya məhkəmələrinə verdikləri şikayətlərə əsasən nail ola bilərlər. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmələrin ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı fəaliyyəti deyil, inzibati idarəçiliyin tənzimlənməsinə yönələn fəaliyyətləri inzibati mübahisənin predmeti ola bilər. Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi əsasları və qaydası isə xüsusi qanunla tənzimlənmişdir. İddianın mümkünlüyü ilə bağlı məsələ həmçinin məhkəmənin xidməti vəzifəsinə görə yoxlamalı olduğu mühüm prosessual hərəkət olduğundan (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsi), ilk növbədə iddianın ümumiyyətlə mümkün olub-olmaması məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı hüquqi yardım edilərək mümkünlük məsələsinə dair qanunvericiliyin tələbləri ilə bağlı hüquqları izah olunmuşdur. Lakin iddiaçı tərəfindən məhkəmənin hüquqi yardım məktubuna heç bir münasibət bildirilməmiş, iddia tələbi dəqiqləşdirilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-4265/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4265/2024
02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver