Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4275/2025 30.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin 18 fevral 2025-ci il tarixli 3-21-2-3/2-203514/2025 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin 18 fevral 2025-ci il tarixli 3-21-2-3/2-203514/2025 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-281920/2024 nömrəli nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla gəlir vergisi üzrə 18914,20 (on səkkiz min doqquz yüz on dörd manat iyirmi qəpik) manat məbləğində əlavə vergi hesablanmışdır. Həmin qərardan Dövlət Vergi Xidmətinə inzibati qaydada şikayət edilmişdir. Şikayəti araşdırılan zaman eyni dövr üzrə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığoıta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-203514/2025 nömrəli qərar qəbul edilərək gəlir vergisi üzrə 13258,93 (on üç min iki yüz əlli səkkiz manat doxsan üç qəpik) manat məbləğində vergi hesablanmışdır. Dövlət Vergi Xidməti tərəfindən qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət edərək, kameral qaydada hesablanmış vergi məbləğinin azaldılmasını və qərarın ləğv edilməsini xahiş etmiş, lakin şikayət təmin edilməmişdir. Bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Uçot-baza məlumatına əsasən fərdi sahibkar kimi xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi vergi orqanında uçota durmuş, Vergi orqanında uçota alınmış aktiv təsərrüfat subyekti (obyekti) olmamışdır. Eyni zamanda **********546600 nömrəli ərizəsinə əsasən fəaliyyəti müvəqqəti olaraq xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək dayandırılmışdır. Vergi orqanı tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan şəxsi bank hesabıma daxil olmuş vəsait guya onun gəliri kimi əsaslandırılaraq xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-57687/2024 nömrəli məktub göndərilərək 2023-cü ilin gəlir vergisi bəyannaməsini təqdim edilmədiyi bildirilmişdir. Tərəfindən vergi orqanına gedilmiş, müvafiq bank hesablarından çıxarışı və izahat məktubu araşdırmaya təqdim edilmiş, eyni zamanda qeyd olunan məbləğ sahibkarlıq fəaliyyətinə aid olmadığından müvafiq bəyannamə vergi orqanına təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin iddiaya qarşı etirazında qeyd olunmuşdur ki, Uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “yük avtomobil nəqliyyatlarının fəaliyyəti” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırmalar nəticəsində iddiaçının 2023-cü il ərzində sərəncamçısı olduğu bank hesablarına müxtəlif şəxslərdən 567426,00 manat məbləğ daxil olduğu və iddiaçı tərəfindən həmin hesabat dövrü üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlir məbləği əks etdirilmədiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya "Vergi orqanına dəvət edilməsi və məlumatların təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 57687/2024 nömrəli məktub göndərilmiş, lakin iddiaçı tərəfindən sənədlər təqdim etmədiyi, qeyd edilən məktuba əsaslandırılmış yazılı izahat və cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83- cü maddələrinə əsasən, 2023-cü il üçün gəlir vergisi bəyannaməsi üzrə 18914,20 manat vergi məbləğinin hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-281920/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra vergi orqanı tərəfindən 2023-cü ilin gəlir vergisi bəyannaməsi üzrə dəqiqləşdirmələr aparılaraq 397764,40 manat şəxsi karta daxil olmuş vəsait əsas götürülməklə hesablanmış vergi məbləği 5655,39 manat azaldılaraq 13258,93 manat hesablama aparılmış və xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-203514/2025 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar qəbul olunmuşdur. X2 iddia ərizəsində 2019-cu ildən sahibkarlıq fəaliyyətini dayandırdığını, adına heç bir təsərrüfat subyekti, nəzarət kassa aparatı, elektron qaimə faktura ilə alışı, satışı, idxal- ixracının olmadığını, heç bir bildiriş və ya uyğunsuzluq məktubu göndərilmədən birbaşa kameral hesablama aparıldığnı, sonu **9678 ilə bitən şəxsi kart hesabına 170184,00 manat mədaxil, 169138,81 manat məbləğində məxaric olunduğunu, eyni zamanda sonu ***3207 ilə bitən şəxsi kart hesabına isə 89929,44 manat məbləğində mədaxil olunduğunu, uzun illərdir Rusiya Federasiyasında yaşadığını, Rusiya Federasiyasında biznesinin olduğunu, obyekti işlədən adamların yaxınları tərəfindən bizneslərindən gələn gəlirlərin kart hesabına yükləndiyini, kart hesabına olan mədaxillərin demək olar ki, 70% hallarda özü tərəfindən mədaxil edildiyini, 2022-ci ildə özünə məxsus "Mersedes GL” markalı **-ZM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini satdığını, avtomobili alan şəxsin pulun böyük bir hissəsini kart hesabına hissə-hissə mədaxil etdiyini və hər iki kart hesabına olan mədaxillərin sahibkarlıq fəaliyyəti ilə əlaqəsi olmadığnı bildirmişdir. Habelə İddiaçı vergi orqanına eyni məzmunlu izahat təqdim etmişdir. xx.xx.2025-ci il tarixli izahatında iddiaçı Rusiya Federasiyasında biznesinin qardaşının adına rəsmiləşdirildiyi üçün öz adından vergilərin ödənişinə dair sənəd təqdim edə bilmədiyini, Rusiyada vergilərin ödənilməsinə dair sənədləri bir həftə ərzində təqdim etməyə çalışacağını bildirmiş, lakin hazırki vaxta qədər vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Həmçinin iddiaçı izahatda kart hesabına daxil olan pulların bir qisminin dostlarına vermiş olduğu borcun hissə-hissə qaytarılmasından ibarət olduğunu bildirmişdir. Vergi orqanının "Dostlarınıza nə qədər borc vermisiniz?” sualını, "Şəxsi məlumat olduğu üçün məlumat verə bilmirəm” kimi, "Aranızda hər hansı borc müqaviləsi olmuşdurmu?” sualını isə "Xeyr” cavabları verərək cavablandırmışdır. Göründüyü kimi iddiaçı inzibati araşdırmaya kart hesabına daxil olan məbləğlərin mənbəyi barədə konkret cavablar və sübutlar təqdim edə bilməmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı iddiaçı tərəfindən 2023-cü il ərzində elektron qaimə faktura təqdim edilmədiyi, əldə edilmədiyi, elektron alış aktı ilə malların alınmadığı, idxal-ixrac əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçının bank hesablarına mədaxil olan məbləğlərlə bağlı hər hansı təsdiqedici sənədləri araşdırmaya təqdim etmədiyi, bank hesablarına ümumilikdə 397764,40 manat sahibkarlıq fəaliyyəti ilə bağlı məbləğlərin mədaxil olunduğu, bununla da iddiaçının əldə edərək bəyan edilməmiş gəlirlərinin olduğu və qeyd olunan halların vergi üstünlüyü əldə etmək məqsədi ilə aparılmış əməliyyatlar olduğu müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı inzibati araşdırmaya 6 may 2022-ci il tarixli "Mersedes GL” markalı 99- ZM- 925 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 75000,00 manata təqdim etməsinə dair "Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsini inzibati araşdırmaya təqdim etməsinə baxmayaraq, şəxsi kart hesabına daxil olan pul vəsaitlərinin həmin nəqliyyat vasitəsinin alqısatqısı əməliyyatlarından daxil olan pul vəsaiti olub-olmaması barədə təsdiqedici sənəd təqdim etməmişdir. Kameral vergi yoxlaması zamanı bankda olan hesabına ödənildiyi (mədaxil edildiyi) və iddiaçı tərəfindən elektron qaimə-faktura, ixrac gömrük bəyannaməsi, nəzarət kassa aparatı vasitəsi ilə rəsmiləşdirilməmiş, 2023-cü il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində əldə edilmiş gəlirlər kimi bəyan edilməmiş 397765,00 manat gəlirlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına uyğun xərclər müəyyən edilməklə 13258,93 manat gəlir vergisi hesablanmışdır. İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndələrinin məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2- 203514/2025 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının surətindən görünür ki, 18914,20 (on səkkiz min doqquz yüz on dörd manat iyirmi qəpik) manat məbləğində əlavə vergi hesablanmışdır. İş materialında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-2-12/2-72671/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Uçot məlumatlarına əsasən bildiririk ki, İddiaçı (VÖEN: **********) xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi (fiziki şəxs) kimi 5 saylı Ərazi Vergi İdarəsində uçota alınmışdır. Uçot məlumatlarında İddiaçı (VÖEN: **********) əsas fəaliyyət növü “Yük avtomobil nəqliyyatlarının fəaliyyəti” kimi qeyd olunmuşdur. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan şəxsi hesab vərəqəsinə əsasən sözügedən vergi ödəyicisi tərəfindən vergilər üzrə 8265,96 manat, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan şəxsi hesab vərəqəsinə əsasən 576,71 manat məcburi dövlət sosial sığorta haqqı və 10,85 manat işsizlikdən sığorta haqqı ödənilmişdir. İddiaçı sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları hazırda aktiv vəziyyətdədir. İş materialında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21- 2-12/2-İ-3xx-xx/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Uçot məlumatlarına əsasən bildiririk ki, İddiaçı (VÖEN: **********, tərəfindən xx.xx.2020-ci il tarixdə vergi orqanına təqdim etdiyi arayış əsasında sözügedən vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatları xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. Lakin fəaliyyətin dayandırıldığı dövr başa çatdığı üçün sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatları xx.xx.2025-ci il tarixdən etibarən aktivləşmişdir. Vergi ödəyicisinin fəaliyyəti hazırda aktiv vəziyyətdədir. İddianın növü və mümkünlüyü. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir. İddiaya münasibətdə xüsusi mümkünlük şərtlərinə iddiaçı tərəfindən əməl edilmiş və müddətlə bağlı qaydalara əməl edilərək məhkəmədə iddia qaldırılmışdır. Məhkəmə iddianı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Maddə 13.2.16-cı maddəsində Azərbaycan mənbəyindən gəlirlər konkret olaraq qeyd edilmişdir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla, vergi ödəyicisinin vergi orqanında uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hesablanaraq vergi orqanı tərəfindən vergi orqanının uçot sənədlərində qeyd edilir. Vergi ödəyicisinin xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər hesablanarkən bu Məcəllənin 127-ci maddəsinin müddəaları nəzərə alınır Maddə 95. Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Maddə 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Maddə 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Maddə 130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Maddə 132.1. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İddiaçı məhkəməyə müraciət etdiyi zaman **********546600 nömrəli ərizəsinə əsasən fəaliyyəti müvəqqəti olaraq xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək dayandırıldığı bildirmiş, vergi orqanı tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan şəxsi bank hesabıma daxil olmuş vəsait guya onun gəliri kimi əsaslandırılaraq xx.xx.2024-cü il tarixli 3-21- 2-3/2-57687/2024 nömrəli məktub göndərilərək 2023-cü ilin gəlir vergisi bəyannaməsini təqdim edilmədiyi bildirilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2- 203514/2025 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir Cavabdeh isə iddiaya etiraz edərək tələbini əsassız sayılmasını xahiş etmiş və əsaslandıraraq qeyd etmişdir ki, 2023-cü ilin gəlir vergisi bəyannaməsi üzrə dəqiqləşdirmələr aparılaraq 397764,40 manat şəxsi karta daxil olmuş vəsait əsas götürülməklə hesablanmış vergi məbləği 5655,39 manat azaldılaraq 13258,93 manat hesablama aparılmış və xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-203514/2025 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar qəbul olunmuşdur. X2 iddia ərizəsində 2019-cu ildən sahibkarlıq fəaliyyətini dayandırdığını, adına heç bir təsərrüfat subyekti, nəzarət kassa aparatı, elektron qaimə faktura ilə alışı, satışı, idxal- ixracının olmadığını, heç bir bildiriş və ya uyğunsuzluq məktubu göndərilmədən birbaşa kameral hesablama aparıldığnı, sonu **9678 ilə bitən şəxsi kart hesabına 170184,00 manat mədaxil, 169138,81 manat məbləğində məxaric olunduğunu, eyni zamanda sonu ***3207 ilə bitən şəxsi kart hesabına isə 89929,44 manat məbləğində mədaxil olunduğunu, uzun illərdir Rusiya Federasiyasında yaşadığını, Rusiya Federasiyasında biznesinin olduğunu, obyekti işlədən adamların yaxınları tərəfindən bizneslərindən gələn gəlirlərin kart hesabına yükləndiyini, kart hesabına olan mədaxillərin demək olar ki, 70% hallarda özü tərəfindən mədaxil edildiyini, 2022-ci ildə özünə məxsus “Mersedes GL” markalı **-ZM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini satdığını, avtomobili alan şəxsin pulun böyük bir hissəsini kart hesabına hissə-hissə mədaxil etdiyini və hər iki kart hesabına olan mədaxillərin sahibkarlıq fəaliyyəti ilə əlaqəsi olmadığını bildirmişdir. İşin mübahisəsiz halı iddiaçıya məxsus şəxsi kart hesabına vəsaitin daxil olmasıdır. Mübahisə isə iddiaçının şəxsi hesabına daxil olan pul vəsaiti üzrə vergi orqanı tərəfindən aparılan icraatın və hesablanan vergi borcunun düzgün olub-olmamasıdır. Mübahisəyə düzgün hüquqi qiymət verilməsi baxımından iki suala aydınlıq gətirilməlidir: vətəndaşın şəxsi hesabına sahibkarlıq və mənfəət götürülməsi ilə əlaqədar olmayan qaydada daxil olan pul məbləğinə vergi borcu hesablana bilərmi? Həmin məbləğin sahibkarlıq fəaliyyəti nəticəsində əldə edildiyi sübuta yetirilirmi və ya həmin əməliyyatların sahibkarlıqla əldə edilməsi halı barədə bütün şübhəli hallar araşdırılmışdırmı? Nəzərə almaq lazımdır ki, vergi orqanı qeyd edilən vergi borcunu hesablayarkən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrini əsas götürmüşdür, əsas isə şəxsin vergi ödəyicisi kimi xx.xx.2017-ci il tarixdə “yük avtomobil nəqliyyatlarının fəaliyyəti” növü üzrə uçota durması, aktiv təsərrüfat subyektinin (obyektinin) olmaması olmuşdur. Mübahisələndirilən qərarın, yəni inzibati aktın məzmununda vergi orqanı tərəfindən 13258.93 manat gəlir vergisinin necə hesablandığı, yəni hansı riyazı düsturla hesablandığı, hansı əsaslar və qanunvericilik normalarına görə şəxsi hesaba köçürülən pul vəsaiti üzrə hesablandığı, qeyd edilən dövrdə şəxsin fəaliyyətinin olub-olmadığı, hesablama zamanı vergi ödəyicisinin hansı məlumatlarından istifadə olunduğu, şübhəli halların hansı sübutlara əsasən aradan qaldırıldığı göstərilməmiş, aidiyyatı qurumlardan müvafiq təsdiqedici sənədlər əldə edilməmiş bununla da qəbul edilən inzibati akt əsaslandırılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən inzibati akt əsaslandırılmalıdır və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Bundan əlavə, Vergi Məcəlləsi ilə vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) və buna nəzarəti təmin etmək məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlər kameral vergi yoxlamasını, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasını əhatə edir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanını qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətlə təchiz etmişdir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Hazırkı iş üzrə cavabdeh kameral vergi yoxlaması keçirmək qərarına gəlsə də, keçirilmə qaydası üzrə apardığı inzibati icraatın yalnız vergi ödəyicisi tərəfindən banklarda olan hesablarına ödənilmiş (mədaxil edilmiş) vəsaitlərin 2023-cü il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində əldə edilmiş gəlirlər kimi bəyan edilmədiyini, bu vəsaitin mənbəyi, sahibkarlıq fəaliyyətində əldə edilmiş gəlirlər olmaması barədə əlaqəli məlumatların müəyyən edilmədiyini və təsdiqedici sənədlərin təqdim edilmədiyini əsas gətirmişdir. Lakin cavabdeh orqan icraat apardığı zaman İddiaçı (VÖEN: **********), tərəfindən xx.xx.2020-ci il tarixdə vergi orqanına təqdim etdiyi arayış əsasında sözügedən vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatları xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırıldığını nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, konkret mübahisəyə münasibətdə vergi orqanı yalnız Vergi Məcəlləsinin ona verdiyi hüquqlardan istifadə etməklə kifayətlənmiş, vergi və inzibati icraat qanunvericiliyi ilə üzərinə qoyulmuş və xidməti mövqeyindən irəli gələn vəzifələri isə icra etməmiş, şəxsi hesaba köçürülən pul vəsaitinə Vergi Məcəlləsinin ümumi müddəalarına əsasən xərc və gəlir mütənasibliyinə istinad etməklə iddiaçıya vergi hesablamışdır. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. Məhkəmə qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 fevral 2025-ci il tarixli 3-21-2-3/2-203514/2025 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ləğv edilmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 fevral 2025-ci il tarixli 3-21-2-3/2-203514/2025 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-4275/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4275/2025
30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver