Məhkəmə qərarları › İş №2-1(120)-4296/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4296/2024

15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4296/2024 15.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Sabirabad rayonu Qalağayın kənd İcraiyyə Komitəsinin 24 saylı təsərrüfatbaşına kitabının 03 nömrəli şəxsi hesabına 1986-cı il tarixli qərarı ilə Qalağayın kəndində (indiki Muğan prospekti) ona ayrılmış 0,22 ha torpaq sahəsinin koordinatlarına uyğun adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Sabirabad rayonu Qalağayın kənd İcraiyyə Komitəsinin 24 saylı təsərrüfatbaşına kitabının 03 nömrəli şəxsi hesabına 1986-cı il tarixli qərarı ilə Qalağayın kəndində (indiki Muğan prospekti) ona ayrılmış 0,22 ha torpaq sahəsinin koordinatlarına uyğun adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Sabirabad bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabirabad rayonu Qalağayın kənd İcraiyyə Komitəsinin 24 saylı təsərrüfatbaşına kitabın 03 nömrəli şəxsi hesabına 1986-cı il tarixli qərarı ilə Qalağayın kəndində (indiki Muğan prospekti) ona 0.22 ha torpaq sahəsinin ayrılması və həmin sahədə fərdi yaşayış evinin tikilməsi qərara alınmışdır. Həmin torpaq sahəsini hazırki vaxta qədər qoruyub saxlamış, mühafizə etmişdir. Fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsinin koordinatlarına uyğun çıxarışın verilməsini cavabdehdən xahiş etsə də, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 13 sayl Şirvan Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış məktubda torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” sənədinin təqdim edilmədiyi göstərilmişdir. Halbuki, həmin torpaq sahəsi kordinatlarına uyğun ölçülərək akt tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənləri nəzərə alaraq Sabirabad rayonu Qalağayın kənd İcraiyyə Komitəsinin 24 saylı təsərrüfatbaşına kitabının 03 nömrəli şəxsi hesabına 1986-cı il tarixli qərarı ilə Qalağayın kəndində (indiki Muğan prospekti) ona ayrılmış 0,22 ha torpaq sahəsinin koordinatlarına uyğun adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakrı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının səhhəti ilə bağlı üzürlü səbəbdən onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Sabirabad rayonu Qalağayın kənd İcraiyyə Komitəsinin 24 saylı təsərrüfatbaşına kitabının 03 nömrəli şəxsi hesabına 1986-cı il tarixli qərarı ilə Qalağayın kəndində (indiki Muğan prospekti) ona ayrılmış 0,22 ha torpaq sahəsinin koordinatlarına uyğun adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X10 izahat verərək bildirdi ki, iş üzrə qanunvericiliyə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Sabirabad rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Sabirabad rayonu Qalağayın kənd İcraiyyə Komitəsinin 24 saylı təsərrüfatbaşına kitabının 03 nömrəli şəxsi hesabına 1986-cı il tarixli qərarı ilə Qalağayın kəndində (indiki Muğan prospekti) ona ayrılmış 0,22 ha torpaq sahəsinin koordinatlarına uyğun adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-**-RA-*** nömrəli arxiv çıxarışından görünür ki, İddiaçı Sabirabad rayon Dövlət Arxivində mühafizə olunan Qalaqayın kənd XDS İcraiyyə Komitəsinin 24 saylı təsərrüfatbaşına kitabın 03 nömrəli şəxsi hesabına əsasən təsərrüfatın şəxsi istifadəsində 0.22 ha. torpaq sahəsinin və 1986-cı ildə tikilmiş 90 kv.metr ümumi (yaşayış) sahəsi olan yaşayış evi barədə qeyd vardır. İşdə olan Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-38-RA-15 nömrəli məktubundan görünür ki, İddiaçı Sabirabad rayon Dövlət Arxiv İdarəsinə Sabirabad rayonu Qalağayın Kənd İcraiyyə Komitəsinin 1986-cı il tarixli qərarı ilə Qalağayın kəndində (indiki Muğan prospekti) mülkiyyətinizə verilmiş 0.22 ha torpaq sahəsinin torpaq ayırma sənədlərinin bir nüsxəsinin Dövlət Arxiv İdarəsində olub-olmaması ilə bağlı ərizəsi Sabirabad rayon Dövlət Arxiv İdarəsində araşdırılmışdır. Sabirabad rayonu Qalağayın Kənd İcraiyyə Komitəsinin 24 saylı təsərrüfatbaşına kitabın 03 nömrəli şəxsi hesabına 1986-cı il qərarı ilə Qalağayın kəndində (indiki Muğan prospekti) mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsinin torpaq ayırma sənədləri Dövlət Arxiv idarəsində aşkarlanmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin iddiaçıya ünvanladı xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-1622/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Saatlı şəhəri, Muğan prospekti ünvanında yerləşən 0.22 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ********** nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Belə ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Eyni zamanda, müraciət etdiyiniz torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan torpaq sahəsidir. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Göstərilən səbəbdən müraciətinizin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdın İmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Əlavə olaraq qeyd edirik ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Sözügedən torpaq sahəsi üzərində ilkin prosedur qaydasında bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra, bələdiyyə ilə vətəndaş arasında bağlanmış notarial alqı-satqı müqaviləsi təqdim ediləcəyi təqdirdə müraciətin icrası istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Yuxarıda göstərilən səbəbdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir. İşdə olan Sabirabad rayon Sabirabad bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 95 nömrəli arayışından görünür ki, Sabirabad şəhər sakini İddiaçı həqiqətən də onun Sabirabad şəhəri Muğan prospektində mülkiyyətində 0.22 ha torpaq sahəsi vardır. İşdə olan Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-70-12/2-750/2024 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Sabirabad şəhər Muğan prospekti 54B evdə yaşayır. İşdə olan Sabirabad rayon Sabirabad bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 113 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad şəhər sakini X2 həqiqətən də Sabirabad şəhəri Muğan prospektində 0.22 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Resyestri və Kadastrı Xidmətində qeydiyyata alınmasına Sabirabad bələdiyyəsi etiraz etmir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-3357/2024 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki,

1. Sabirabad rayon Qalağayın kənd XDS İK-nin qərarına əsasən X3 ayrılmış 0.22 ha torpaq sahəsinin döngə nöqtə koordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd edilmişdir.

2. Sabirabad rayon Qalağayın kənd XDS İK-nin qərarına əsasən X3 ayrılmış 0.22 ha torpaq sahəsi 1986-cı ildən onun yəni iddiaçının faktiki istifadəsində, sahibliyində olmuş və hazırda elektron xəritə materiallarında hüquqi statusu (mülkiyyəti- bələdiyyə), hüquqi rejimi (kateqoriyası- yaşayış məntəqələrinin torpaqları), uqodiyasj (növü)- həyətyanı torpaq sahəsi kimi qeyd edilmişdir.

3. Qeyd edilən 0.22 ha torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümiəüən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. Qeyd edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında heç bir uyğunsuzluq mövcud deyil. Torpaq sahəsi hal-hazırda X2 faktiki istifadəsindədir və təyinatı üzrə istifadə olunur.

4. Sabirabad rayon Qalağayın kənd XDS İK-nin qərarına əsasən X3 ayrılmış 0.22 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçıya məxsus torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında heç bir texniki səhv yoxdur.

5. Qeyd edilən mübahisəli 0.22 ha torpaq sahəsi faktiki olaraq X2 faktiki istifadəsindədir və təyinatı üzrə istifadə olunur.

6. Sabirabad rayon Qalağayın kənd XDS İK-nin qərarına əsasən X3 ayrılmış 0.22 ha torpaq sahəsinin üzərində heç bir tikili yoxdur.

7. Sabirabad rayon Qalağayın kənd XDS İK-nin qərarına əsasən X3 ayrılmış 0.22 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv yoxdur. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X8 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X8 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X5 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X5 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X12rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X13rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (müvafiq bələdiyyə qərarını və dövlət aktını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-3357/2024 nömrəli mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir. Qoyulmuş suallar belə cavablandırılmışdır:

1. Sabirabad rayon Qalağayın kənd XDS İK-nin qərarına əsasən X3 ayrılmış 0.22 ha torpaq sahəsinin döngə nöqtə koordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd edilmişdir.

2. Sabirabad rayon Qalağayın kənd XDS İK-nin qərarına əsasən X3 ayrılmış 0.22 ha torpaq sahəsi 1986-cı ildən onun yəni iddiaçının faktiki istifadəsində, sahibliyində olmuş və hazırda elektron xəritə materiallarında hüquqi statusu (mülkiyyəti- bələdiyyə), hüquqi rejimi (kateqoriyası- yaşayış məntəqələrinin torpaqları), uqodiyasj (növü)- həyətyanı torpaq sahəsi kimi qeyd edilmişdir.

3. Qeyd edilən 0.22 ha torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümiəüən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. Qeyd edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında heç bir uyğunsuzluq mövcud deyil. Torpaq sahəsi hal-hazırda X2 faktiki istifadəsindədir və təyinatı üzrə istifadə olunur.

4. Sabirabad rayon Qalağayın kənd XDS İK-nin qərarına əsasən X3 ayrılmış 0.22 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçıya məxsus torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında heç bir texniki səhv yoxdur.

5. Qeyd edilən mübahisəli 0.22 ha torpaq sahəsi faktiki olaraq X2 faktiki istifadəsindədir və təyinatı üzrə istifadə olunur.

6. Sabirabad rayon Qalağayın kənd XDS İK-nin qərarına əsasən X3 ayrılmış 0.22 ha torpaq sahəsinin üzərində heç bir tikili yoxdur.

7. Sabirabad rayon Qalağayın kənd XDS İK-nin qərarına əsasən X3 ayrılmış 0.22 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv yoxdur. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan SSR Nazirlər Sovetinin 26 fevral 1991-ci il tarixli 72 saylı qərarı ilə N.Tusi adına kolxozun 6 noyabr 1993-cü il tarixli 1 saylı qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 3 aprel 1990-cı il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Sabirabad rayonu Qalağayın kənd İcraiyyə Komitəsinin 24 saylı təsərrüfatbaşına kitabın 03 nömrəli şəxsi hesabına 1986-cı il tarixli qərarı ilə Qalağayın kəndində (indiki Muğan prospekti) ona 0.22 ha torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır. İmtinada qeyd edilən ayrılmış torpaq sahəsinin “torpaq sahəsinin plan və ölçü” sənədi ilə rəsmiləşdirilməməsi iddiaçının etimad hüququnun qorunmasını istisna edən əsas kimi müəyyən edilə bilməz. İş materiallarında olan sənədlərə əsasən Məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. İmtina üçün digər bir əsas torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması ilə bağlı olmuşdur. Məhkəmə inzibati orqanın qeyd edilən hissədə imtinası əsassız hesab edir. Belə ki, iş materiallarına əsasən iddiaçının istifadəsində olan zaman, yəni 1986-cı il tarixində Azərbaycan Respublikası ərazisində yerli özünüidarəetmə institutunun formalaşmadığı müəyyən edilir. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir ki, qeyd edilən dövrdən sonra müvafiq AİK-larının qərarlarına əsasən müvafiq torpaq sahələri bələdiyyələrin mülkiyyətinə verilmişdir. Lakin, məhkəmə tərəfindən qeyd edilən istiqamətdə də tam araşdırılma aparılmış və Sabirabad bələdiyyəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 113 nömrəli məktuba əsasən qeyd edilən torpaq sahəsinin iddiaçıya məxsus olduğu bilirilərək tələbə etiraz etmədikləri müəyyən edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Sabirabad rayonu Qalağayın kənd İcraiyyə Komitəsinin 24 saylı təsərrüfatbaşına kitabının 03 nömrəli şəxsi hesabına 1986-cı il tarixli qərarı ilə Qalağayın kəndində (indiki Muğan prospekti) İddiaçı ayrılmış 0,22 ha torpaq sahəsinin koordinatlarına uyğun adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Sabirabad rayonu Qalağayın kənd İcraiyyə Komitəsinin 24 saylı təsərrüfatbaşına kitabının 03 nömrəli şəxsi hesabına 1986-cı il tarixli qərarı ilə Qalağayın kəndində (indiki Muğan prospekti) İddiaçı ayrılmış 0,22 ha torpaq sahəsinin koordinatlarına uyğun adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar