Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4298/2024 02.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh ünvan 1 ünvanında ona məxsus mülkiyyət üzərində Saatlı rayon Notariat Ofisi tərəfindən həyata keçirilən, mövcud olmayan evlərin alqı-satqı müqavilələrinin ləğvinə dair qətnamənin qəbul edilməsi” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh ünvan 1 ünvanında ona məxsus mülkiyyət üzərində Saatlı rayon Notariat Ofisi tərəfindən həyata keçirilən, mövcud olmayan evlərin alqı-satqı müqavilələrinin ləğvinə dair qətnamənin qəbul edilməsi” barədə iddia ərzəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2004-cü il tarixdə onun və mərhum anası X2 birkə mülkiyyətləri 0,04 ha torpaq sahəsindən, yəni 301,7 kv.m torpaq sahəsindən və 98,4 kv.m fərdi yaşayış evindən ibarət olduğu JN-1237a, KOD 90801004 saylı torpağın şəhadətnaməsində sertifikatı və ölçüləri ilə göstərilmişdir. 2004-cü il tarixdə anası X2 özünə məxsus heç bir mülkiyyəti olmadığı halda anasının adına xx.xx.2004-cü il tarixdə 493 saylı qeydiyyat vəsiqəsində mövcud olmayan 29,25 kv.m bir otaqlı fərdi yaşayış evi qeydə alınmış, guya anası həmin mövcud olmayan 29,25 kv.m bir otaqlı fərdi yaşayış evi xx.xx.2004-cü il tarixdə 190236 nömrəli müqaviləyə əsasən Məmmədova Ticarət Əzulla qızına satmışdır. Məmmədova Ticarət Əzulla qızı həmin tarixdə, yəni xx.xx.2004-cü il tarixdə aldığı həmin mövcud olmayan 29,25 kv.m evə 495 saylı qeydiyyat vəsiqəsi alır, evin ölçüsü isə 171 kv.m qeyd olunur. Eyni tarixdə, eyni ev alqı-satqı müqaviləsində 29,25 kv.m ev kimi, qeydiyyat vəsiqəsində isə dörd otaqlı 171 kv.m kimi göstərilir. Bundan sonra Məmmədova Ticarət Əzulla qızı həmin mövcud olmayan 29,25 kv.m evi 190222 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2004-cü il tarixdə X3 artıq dörd otaqlı 171 kv.m ev kimi satmışdır. Həmin 190222 nömrəli müqavilənin ikinci 190223 nömrəsi vardır ki, yazılış forması fərqlənsə də məzmunu eynidir. Hansı ki, 2004-cü il tarixdə 190236 və 190222 nömrəli alqı-satqı müqavilələrində göstərilən evlərin heç biri onların mülkiyyətində mövcud olmamışdır və onların mülkiyyətinə heç bir aidiyyəti yoxdur. X5 ilə Məmmədova Ticarət Əzulla qızı arasında bağlanmış xx.xx.2004-cü il tarixdə olan alqı-satqı müqaviləsinin nömrəsi 190236 olduğu halda, bundan 2 ay 8 gün sonra, yəni xx.xx.2004-cü il tarixdə Məmmədova Ticarət Əzulla qızı ilə X4 arasında bağlanmış alqı-satqı müqaviləsinin nömrəsi azalaraq 190222 olmuşdur. Belə olduğu halda alqı-satqı müqaviləsini qanuni hesab etmək olarmı? Alqı-satqı müqavilələri onun iştirakı olmadan həyata keçirilmişdir. Bu isə dövlət reyestri və notariat haqqında qanunlara zidd olaraq həlyata keçirilmişdir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi üçün zəruri olan sənədlərin siyahısı 1. Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, 2. Əmlak üzərində yüklülüyün və ya həbsin olubolmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayış, 3. Mülkiyyətçi nikahdadırsa, onun nikah haqqında şəhadətnaməsi, 4. Daşınmaz əmlakın satılmasına ərin(arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı, 5. Yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yerində qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı. Göründüyü kimi mən göstərilən ünvanda qeydiyyatda olsam da alqı-satqı müqaviləsi mənim razılığım olmadan həyata keçirilmişdir. Əsasında notariat hərəkətləri aparılmış sənədlərin əsli əqdin, vərəsəlik hüququ haqqında şəhadətnamənin və sairin notariusda saxlanılan nüsxəsinə əlavə olunur. Sənədlərin əsli (məsələn, doğum, nikah, ölüm haqqında şəhadətnamələr) onları təqdim etmiş şəxslərə qaytarılır, onların notariat qaydasında təsdiq edilmiş surəti isə notariusda saxlanılır. Notariusda alqı-satqı müqavilələrinə dair şənədlər aşkar edilməmiş, bu sahədə də qanun pozuntusuna yol verilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməinə baxmayaraq İddiaçı və cavabdeh Saatlı rayon Dövlət Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı və cavabdeh Saatlı rayon Dövlət Notariat Ofisinin nümayəndəsi iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 8-ci bəndində qeyd edilmişdir ki, Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr (rayon və ya şəhər) tərəfindən baxılır. Göründüyü kimi notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə mülki icraat qaydasında ümumi məhkəmədə baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya xx.xx.2024-cü il tarixli, 2-1(120)-4298/2024 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, həmin hüquqi yardım məktubuna münasibət bildirmək təklif olunmuş, lakin iddiaçı hüquqi yardım məktubunu xx.xx.2024-cü il tarixdə poçt xəbərnaməsinə imza edərək qəbul etməsinə baxmayaraq, hüquqi yardım məktubuna heç bir münasibət bildirməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının diqqətinə çatdırılır ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə mülki icraat qaydasında ümumi məhkəmədə (rayon və ya şəhər) mübahisələndirmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh ünvan 1 ünvanında ona məxsus mülkiyyət üzərində Saatlı rayon Notariat Ofisi tərəfindən həyata keçirilən, mövcud olmayan evlərin alqı-satqı müqavilələrinin ləğvinə dair qətnamənin qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-4298/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4298/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver