Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4306/2025 26.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Biləsuvar bələdiyyəsinin nümayəndəsi X3, Üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Biləsuvar bələdiyyəsinə qarşı “Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 26 noyabr 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Biləsuvar bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar bələdiyyəsinin 1,5 hektar torpaq sahəsinin X9 icarəyə verilməsinə dair xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü madəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar şəhər sakini X11 ilə 23 iyun 1986 cı ildən rəsmi nikahda olmuşlar. X20 12 sentyabr 2014-cü il tarixdə xəstəlikdən vəfat etmişdir. X20 1994-cü ildə Biləsuvar şəhərində fəaliyyət göstərən S.Vurğun adına kolxozdan 1,5 hektar torpaq sahəsini balıq gölü yaratmaq üçün icarəyə götürmüşdür. Bununla bağlı icarə müqaviləsi tərtib edilmiş, daha sonra yəni 20 oktyabr 1994-cü ildə təhkim aktı ilə adı çəkilən torpaq sahəsi Ş.Ağayevə təhkim edilmişdir. 1994-cü ilin sonlarında onlar ailə üzvü kimi adı çəkilən ərazidə balıq gölü yaratmaqla istifadə etməyə başlamışlar. Orada müvafiq tikililər də tikmişlər. Bu gün də həmin tikililər orada qalmaqda davam edir. Sonradan əri Ş.Ağayev ağır xəstəliyə düçar oldu və onun xəstəliyi ilə məşğul oldular. Bu yaxınlarda onlara məlum olmuşdur ki, Biləsuvar şəhər Bələdiyyəsi onlara heç bir məlumat vermədən, onların razılığı olmadan həmin gölün ərazisini X.Əliyev adlı şəxsə vermişdir. Onlar məcburiyyət qarşısında qalıb müxtəlif instansiyalara şikayətlər etdilər. Sonda onlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsinə müraciət etmişlər. Həmin orqanın araşdırmasından sonra müəyyən oldu ki, Bələdiyyə qanunsuz olaraq onlar aid 1,5 hektar torpaq sahəsini X.Əliyev adlı şəxsə xx.xx.2007-ci il tarixdə 15 saylı qərarla icarəyə vermişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsi 2024-cü ildə onlara məktub göndərdi ki, Biləsuvar şəhər Bələdiyyəsinə 1,5 hektar torpaq sahəsinin X.Əliyevə icarəyə verilməsinə dair xx.xx.2007-ci il tarixli, 15 saylı qərarın ləğv edilməsini təklif etmişdir. Lakin Biləsuvar şəhər Bələdiyyəsi həmin qərarını ləğv etmədi. Hesab edir ki, 1,5 hektar torpaq sahəsinin X.Əliyev adlı şəxsə Bələdiyyə tərəfindən xx.xx.2007-ci il tarixli, 15 saylı qərarla icarəyə verilməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanı ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqmda” Azərbaycan Respublikası Qanunun 9,1-ci maddəsinə etdiyi dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilər. Azərbaycan Respublikasında Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi, Azərbaycan Respublikası Prezidentinin 2003cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na əsasən həyata keçirilməlidir. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqmda” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ sənədlərə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bələdiyyə torpaqlarının icarəyə verilməsi ilə bağlı aşağıdakı müddəaları qeyd etmək olar:- Bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə icarə əsasında verilir. Başqa sözlə, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birlik və təşkilatlar, habelə, xarici dövlətlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada torpaq icarəçisi ola bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birlik və təşkilatlara, habelə, xarici dövlətlərə icarəyə verilmiş torpaqlar onların xüsusi mülkiyyətinə verilə bilməz. Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Torpaq hərracları və ya müsabiqələrlə bağlı məlumat əldə etmək üçün hüquqi şəxsin nümayəndəsi və ya fiziki şəxs bələdiyyəyə müraciət edə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini bələdiyyələr sərbəst həyata keçirirlər. Bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi orqanı təşkil edir. Bələdiyyə torpaqlarının icarəyə verilməsi icarə müqaviləsi ilə rəsmiləşdirilir. Torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya fiziki şəxs icarəyəverənlə icarə müqaviləsi bağlayır. İcarə müqaviləsi torpaq müsabiqəsinin və ya hərracının şərtləri əsasında tərtib olunur. Torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi müəyyən edir. Dəfələrlə bələdiyyəyə tərəflərindən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsi tərəfindən X.Əliyevlə onlara aid torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2007-ci il tarixdə 15 saylı qərarın ləğv olunması təklif olunsa da bundan imtina etmişdir. Hesab edir ki, cavabdeh təşkilatın onların tələbindən imtinası əsassız və qanunsuzdur. Cavabdeh təşkilatların təqsiri üzündən onların hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Biləsuvar bələdiyyəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı iddia ərizəsini əsassız hesab edirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti 10 il təşkil edir. Bu maddəyə görə bələdiyyənin qəbul etdiyi qərardan 10 ildən çox vaxt keçmişdir, yəni iddia müddəti qurtarmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və İmişli Regional Ədliyyə İdarəsinə şikayət edən İddiaçı iddia etdiyi 1.5 ha torpaq sahəsi Biləsuvar bələdiyyəsinin mülkiyyəti olubdur. Mübahisə predmeti olan 1.5 ha torpaq sahəsinin bələdiyyə tərəfındən Xalid Əliyevə qanunsuz olaraq verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İmişli Regional Ədliyyə idarəsi tərəfındən Şirvan İnzibati Məhkəməsi qarşısında iddia qaldıraraq bələdiyyənin xx.xx.2007-ci il tarixli, 15 saylı iclas qərarının ləğv olunması xahiş edilmişdir. Şirvan İnzibati Məhkəməsində işə baxılmış və xx.xx.2025-ci il tarixli (İş № 2-l(120)-1156/2025) qərardadla bələdiyyənin adı çəkilən qərarın ləğv edilməsi tələbinə dair İmişli Regional Ədliyyə İdarəsinin iddiasının mümkün sayılmaması barədə qərar qəbul edilmişdir. Bu qərardaddan apellyasiya şikayət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, (İş № 2-1(106)- 367/2025) qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin qərardadınm dəyişdirilmədən saxlamlması qərara alınmışdır. Bildirirlər ki, 2021-ci ildə bələdiyyənin arxivini su basması nəticəsində 2000-2020-ci illər üzrə arxiv sənədləri tam məhv olunmuşdur. Buna baxmayaraq Şirvan İnzibati Məhkəməsi prosesində toplanmış sənədlərə görə aşağıdakıları bildirməyi iş üçün zəruri hesab edirlər. İddiaçınm mərhum həyat yoldaşı X1 bələdiyyəsi ilə 2002-ci il 25 dekabr tarixlı müqavilə təsdiq edərək 1.5 ha torpaq sahəsini 4 (dörd) il müddətinə icarəyə götürmüşdür. Müqavilə müddəti 25 dekabr 2006-cı il tarixdə qurtarmışdır. Müddət qurtardıqdan sonra yeni müqavilə bağlanması təşəbbüsü göstərilməmişdir. Hansı ki, Şəmsi Ağayev 2014-cü ildə vəfat etmişdir. Demək yeni icarə müqaviləsi bağlamaq istəyi olmamışdır. 1.5 ha torpaq sahəsi də daxil olmaqla bələdiyyə mülkiyyətində olan 10.0 ha torpaq sahəsi X9 icarəyə verilmişdir və hal-hazıra kimi torpaqdan səmərəli istifadə etməklə icarə haqqı da ödəyir. Yuxarıda göstərilən faktlar sübut edir ki, İddiaçınm iddia tələbi hüquqi cəhətdən əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilinəcəyindən və iddiaçı tərəfindən iddianın irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsi təklif olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı məhkəməyə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X4 məxsus 1.5 ha balıqçılıq gölünü ailələri yəni, o, mərhum həyat yoldaşı və digər ailə üzvlərinin zəhməti və əziyyəti ilə yaratmışlar. Onlar tərəfındən həmin əraziyə torpaq daşınmış və 1.5 ha balıq gölü inşa edilmişdir. Bundan başqa 2 otaqlı mişar daşından təsərrüfat binası tikmişlər. Hal-hazırda həmin bina qalır. Eləcə də 150 ədəd meyvə ağacı əkib, təsərrüfatlarını qurmuşlar. Uzun illər mərhum həyat yoldaşı tərəfındən istifadə edilərək, ailələrinin maddi vəziyyətini təmin edirdilər. Onu da qeyd edir ki, bu balıq gölü bələdiyyələr formalaşmamışdan onların istifadəsində olub. 1998-ci ildə həmin yerdə təsərrüfat işləri ilə məşğul olduqları zaman azyaşlı övladı suda boğularaq dünyasını dəyişdi. 2006-cı ildə həyat yoldaşı psixoloji sarsıntı vəziyyətinə düşdü və ağır xəstəliyə tutuldu. 2014-cü ildə uzun sürən xəstəlikdən sonra həyat yoldaşı dünyasını dəyişdi. Onların xəbəri olmadan, Biləsuvar şəhər bələdiyyəsinin keçmiş sədr müavini Xalid Əliyev vəzifə səlahiyyətlərindən istifadə edərək, özünün istifadəsində olan 9.0 ha bələdiyyə torpağına yaxın ərazi kimi həmin 1.5 ha balıq gölünü qanunsuz istifadə etmişdir. Yoldaşı dünyasını dəyişəndən sonra yəni, 2015-ci ildə o, oğlu Şəhriyar Ağayevlə birlikdə Xalid Əliyevlə görüşüb, balıq gölünün onlara məxsus olduğunu bildirdilər. Xalid Əliyev onlara sənəd göstərərək mərhum həyat yoldaşı ilə aralarında guya müqavilə olduğunu və 2023cü ilə qədər vaxtın olduğunu onlara bildirdi. Nəhayət, 2023-cü il sentyabr ayında təkrar Xalid Əliyevə yerlərinin müddətinin bitməsini bildirdilər. X19 bildirdi ki, ona bu yeri və əmlakı Biləsuvar şəhər bələdiyyəsi vermişdir. Bundan sonra onlara məlum oldu ki, Biləsuvar şəhər bələdiyyəsinin sədri ilə birlikdə qanunsuz olaraq aralarında xx.xx.2007-ci il tarixli, 15 saylı qərarla yerləri və əmlakları Xalid Əliyev tərəfindən zəbt edilmişdir. Onun və oğlunun yazıb və oxumaq qabiliyyətləri olmadığı üçün onları Xalid Əliyev uzun illər aldatmışdır. Bundan sonra onlar dəfələrlə Biləsuvar şəhər bələdiyyəsi sədrinin qəbulunda oldular və əmlaklarının hansı səbəbdən Xalid Əliyevə verilməsini tələb etdilər. Eləcə də mərhum həyat yoldaşının həmin torpaq və əmlakdan imtina sənədini tələb etdilər. Lakin bələdiyyə sədri, müxtəlif bəhanələr gətirərək imtina sənədini təqdim edə bilmədi. Bununla bağlı məhkəməyə təqdim etdikləri videoçəkiliş aparılmış və jurnalistin suallarına bələdiyyə sədri cavab verərək bildirmişdir ki, imtina sənədi itmişdir və məhkəməyə müraciət edilməsini bildirmişdir. Biləsuvar şəhər bələdiyyəsinin qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində araşdırma aparıldı. Araşdırmadan məlum oldu ki, Biləsuvar şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarı qanunsuzdur. Ümumiyyətlə 2007-ci il ərzində X6 torpaq verilməsi barədə heç bir sənəd təqdim edilməmişdir. Həmin qərarın qanunsuz olması ilə bağlı onlara rəsmi məktub təqdim olunmuşdur. Bu səbəbdən də buraxılmış prosessual müddət üzrlü səbəblərdən baş vermişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” vəsatətinin və iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X12 “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X7 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının ikinci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. İddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iddiaçının məhkəmə müdafiəsindən faydalanması üçün qanunvericiklə müəyyənləşdirilmiş müddətlərin (iddia müddəti) üzrsüz səbəblərdən çox uzun müddət ötürülmüş olması mübahisələndirilən qərarın qanuniliyi məsələsinin araşdırma predmetinə çevrilməsinə ciddi maneə törədir. Belə ki, iş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən qərarın qəbul olunduğu vaxtdan 18 ilə yaxın vaxt keçdikdən sonra qaldırmışdır. Məhkəmə həmçinin qeyd edir ki, hətta iddiaçı sözügedən qərardan yalnız 2023-cü ilin sentyabr ayında təkrar Xalid Əliyevə yerlərinin müddətinin bitməsi səbəbindən geri qaytarılmasını tələb etdiyi zaman mübahisələndirilən qərarın mövcudluğunu bildiyi və bundan sonra onun tərəfindən məhkəməyə müraciət edilməsi qəbul olunsa belə, iddiaçı yenə də bir təqvim ayı ərzində müraciət etməmiş və bu cür iddialar üzrə müəyyən edilən iddia müddətini ötürmüşdür. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı ərizəsində iddia ərizəsini gec verməsinə səbəb 1998-ci ildə həmin yerdə təsərrüfat işləri ilə məşğul olduqları zaman azyaşlı övladının suda boğularaq dünyasını dəyişdiyini, 2006-cı ildə həyat yoldaşının psixoloji sarsıntı vəziyyətinə düşdüyünü və ağır xəstəliyə tutuldunu, 2014-cü ildə isə uzun sürən xəstəlikdən sonra həyat yoldaşının dünyasını dəyişdiyini, onların xəbəri olmadan, Biləsuvar şəhər bələdiyyəsinin keçmiş sədr müavini Xalid Əliyev vəzifə səlahiyyətlərindən istifadə edərək, özünün istifadəsində olan 9.0 ha bələdiyyə torpağına yaxın ərazi kimi həmin 1.5 ha balıq gölünü qanunsuz istifadə etdiyini, 2015-ci ildə o, oğlu Şəhriyar Ağayevlə birlikdə Xalid Əliyevlə görüşüb, balıq gölünün onlara məxsus olduğunu bildirdiklərini, Xalid Əliyev onlara sənəd göstərərək mərhum həyat yoldaşı ilə aralarında guya müqavilə olduğunu və 2023-cü ilə qədər vaxtın olduğunu onlara bildirdiyini, nəhayət, 2023-cü il sentyabr ayında təkrar Xalid Əliyevə yerlərinin müddətinin bitməsini bildirdiklərini, X19 ona bu yeri və əmlakı Biləsuvar şəhər bələdiyyəsi tərəfindən verildiyini, bundan sonra onlara Biləsuvar şəhər bələdiyyəsinin sədri ilə birlikdə qanunsuz olaraq aralarında xx.xx.2007-ci il tarixli, 15 saylı qərarla yerləri və əmlakları Xalid Əliyev tərəfindən zəbt edildiyinin müəyyən olunduğu, onun və oğlunun yazıb və oxumaq qabiliyyətləri olmadığı üçün onları Xalid Əliyev uzun illər aldatdığını qeyd etsə də, məhkəmə iddia tərəfinin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, İnzibati-Prosessual Məcəllədə iddia müddətinin axımının dayandırılmasına səbəb olan hallar konkret olaraq göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Göründüyü kimi, mövcud qanunvericilikdə iddiaçının irəli sürdüyü dəlillər iddia müddətlərinin axımının dayandırılmasına əsas kimi göstərilməmişdir. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Göründüyü kimi, iddiaçı bir təqvim ayı ərzində müraciət etməmiş və bu cür iddialar üzrə müəyyən edilən iddia müddətini ötürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, İddiaçı cavabdeh Biləsuvar bələdiyyəsinə qarşı “Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi” barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Biləsuvar bələdiyyəsinə qarşı “Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Biləsuvar bələdiyyəsinə qarşı “Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi” barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Biləsuvar bələdiyyəsinə qarşı “Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-4306/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4306/2025
26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver