Məhkəmə qərarları › İş №2-1(120)-431/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-431/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-431/2020 10.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı (Biləsuvar rayonu, Səmədabad kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin almaq hüququnun yarandığı gündən hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçıBiləsuvar rayonu, Səmədabad kəndində qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin almaq hüququnun yarandığı gündən hesablanaraq birdəfəyə ödənilməsi üçün Dövlət Sosial X2 rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh 05 dekabr 2019-cu il tarixli, **********2 nömrəli məktubla imtina etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 05.05.1971-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, bu səbəbdən ona müharibə veteranı adı və veteran vəsiqəsi verilmişdir. Müharibə Veteranları haqqında Azərbaycan Respublikası Qanununa əsasən veteranlar üçün nəzərdə tutulmuş müavinət ona 10.05.2019-cu il tarixdən aylıq məbləği 80 manat olmaqla təyinat verilmişdir. Dövlət Sosial X2 rayon şöbəsinə müraciət edərək ona müavinət almaq hüququnun yarandığı gündən müavinətin ödənilməsini xahiş etmiş, aldığı 05.12.2019-cu il tarixli, **********2 saylı imtina məktubu göndərilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının və cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və müharibə veteranı vəsiqəsinin təsdiq edilmiş surətlərini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Biləsuvar rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq qismən əsaslıdır. Belə ki, iddiaçı müharibə veteranlarına ödənilən müavinəti 10.05.2016-cı il tarixdən 01.04.2019-cu il tarixədək almaq hüququna malikdir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qeyd olunan hissədə qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 08481366 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 05.05.1971-ci il tarixdə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuş, Biləsuvar rayonu, Səmədabad kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 10.05.2019-cu il tarixli, M/V 085617 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İşdə olan Dövlət Sosial X2 rayon şöbəsinin İddiaçı ünvanladığı 05.12.2019-cu il tarixli, **********2 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna dair 085617 nömrəli vəsiqə 10.05.2019-cu il tarixdə verildiyi üçün həmin tarixdən də Prezident təqaüdü təyin edilərək ödənişi tam təmin olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 13.02.2020-ci il tarixli, 1/Ə-2380 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı sənədlərinə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın iclasında baxılmış və ona 10.05.2019-cu il tarixli, 602 nömrəli protokol ilə “Müharibə Veteranı” adı verilmişdir. İşdə olan Dövlət Sosial X2 rayon şöbəsinin məhkəməyə ünvanladığı 19.02.2020-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı hal-hazırda şöbədən 10.05.2019-cu il tarixdən aylıq məbləği 80 manat olmaqla müharibə veteranı kimi Prezident təqaüdü alır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müavinətlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2007-ci il tarixli Fərmanının 1-ci və 1.9-cu bəndlərinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və «Leninqradın müdafiəsinə görə» medalı, «Leninqrad mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə-15 manat sosial müavinət müəyyən edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanının 1.1-ci və 1.1.7-ci bəndlərinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət - 37 manat müavinət müəyyən edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il Fərmanının 1-ci bəndinə əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndində “37” rəqəmi “45” rəqəmi ilə əvəz edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2016-cı il tarixli, 747 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanı ilə müəyyən edilmiş sosial müavinətlərin məbləğinin 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılması qərara alınmışdır. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25.02.2019-cu il tarixli Sərəncamının 1.11-ci bəndinə əsasən, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi nəzərdə tutulmuş, prezident təqaüdünün ödənilməsinə 01.04.2019-cu il tarixdən başlanılmış və həmin tarixdən müharibə veteranlarına müavinətlərin ödənilməsi dayandırılmışdır. Başqa sözlə, 01.04.2019-cu il tarixdən müharibə veteranlarına ödənilən müavinət Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə əvəz edilmişdir. Məhkəmə müəyyən etdi ki, cavabdeh iddiaçıya müharibə veteranları üçün ödənilən müavinətin əvvəlki illər üçün ödənilməsindən imtina edərkən iddiaçıya müharibə veteranı vəsiqəsinin 10.05.2019-cu il tarixdə verildiyini və iddiaçının əvvəlki illərə görə müavinətin almaq hüququnun olmadığını əsas götürmüşdür. Мəhkəmə bununla bağlı bildirir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin 10.05.2019-cu il tarixdə verilməsi iddiaçının məhz həmin tarixdə müharibə veteranı olması kimi qəbul edilə bilməz. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı sayılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən, yəni 10.05.2016-cı il tarixdən 01.04.2019-cu il tarixədək müharibə veteranlığına görə verilən müavinətin hesablanıb ödənilməsi hissəsində əsaslıdır. Başqa sözlə, 01.04.2019-cu il tarixdən müharibə veteranlarına müavinətlərin ödənilməsi dayandırılaraq həmin tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə əvəz edildiyindən, məhkəmə hesab edir ki, İddiaçı müharibə veteranlığına görə verilən müavinətin 10.05.2016-cı il tarixdən 01.04.2019-cu il tarixədək hesablanaraq ödənilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia qismən təmin edilməli, ona müharibə veteranlığına görə verilən müavinətin 10.05.2016-cı il tarixdən 01.04.2019-cu il tarixədək hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyi Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Nəticə hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı müharibə veteranlığına görə verilən müavinətin 10.05.2016-cı il tarixdən 01.04.2019-cu il tarixədək hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyi Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar