Məhkəmə qərarları › İş №2-1(120)-4332/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4332/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4332/2024 12.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 09 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 283,50 manat dövlət vəsaitinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındı yaşayan X10 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala xx.xx.2022-ci il tarixində ərizə il müraciət edərək mərhum atası X3 xx.xx.2022-ci il tarixind vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir.Araşdırma zamanı məlum olmuşdur ki, Bəybala Bədəlov 15 iyun 2022-ci il tarixində vəfat etmiş, lakin bu barədə Mərkəzi Filiala məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 2022-ci ilin iyul ayı üzrə əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Nəticədə mərhum Bəybala Bədəlova məxsus kart hesabına köçürülmüş artıq pul vəsaiti 1003,50 manat təşkil etmişdir.Bundan sonra, mərhum Bəybala Bədəlovun vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh ölkə üzrə minimum əmək pensiyasının (240,00 manat) üç misli məbləğində 720,00 manat dəfn müavinəti hesablanmışdır. Bəybala Bədəlovun müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1003,50 manat vəsaitdən 720,00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 283,50 manat pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş edilmişdir. Tərəflərindən ünvan 1 ünvanında yaşayan mərhum X7 Bədəlzadəyə yaranmış 283,50 manat borcun Mərkəzi Filialın hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2022-ci il tarixində **********9 nömrəli məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabeh məhkəmə iclasında iştirak etməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdehə müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: AZE seriyalı 13672950 №-li şəxsityyət vəsiqəsinə dair elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh Bəybəla oğlu Bakı şəhərində doğulmuşdur.ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ seriyalı, 287136 №-li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin avqust ayının 10-cu günündə 1278 № ilə qeyd edilmişdir. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Liman şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 1325 №-li, xx.xx.2022-ci il tarixli arayışında (surətində) qeyd olunmuşdur ki, Cavabdeh Lənkəran rayonunun Liman şəhəri H.Aslanov küçəsi,116 saylı evdə yaşayır, atası X6 15 iyun 2022-ci ildə vəfat etmişdir, dəfn mərasimini Cavabdeh təşkil etmişdir. Məhkəmənin müvafiq sorğusu əsasında: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 3-17-1/2-207876/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş X5 aid 023157 №-li pesiya işinə əlavə olmuş pensiyaçının uçot vərəqindən müyyyən olunur ki, sonuncuya HQXRŞİD şöbəsi tərəfindən təyin olunmuş pensiyanın ilkin təyinat tarixi xx.xx.2010-cu il qeyd olunmuşdur. DSMF Yasamal rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2010-cu il tarixli 10/2566 №-li qərarı ilə X5 yaşa görə ömürlük pensiya təyin olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 6-2-41/2-44744/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə X5 məxsus 5167-5111-0910-5837 saylı plastik kart vasitəsilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə aparılmış əməliyyatlara dair çıxarışı və ABB-yə aid 2022 saylı bankomatdan xx.xx.2022-ci il tarixdə və xx.xx.2022ci il tarixdə aparılmış nağdlaşdırma əməliyyatlarının görüntülərini disk daşıyıcıda təqdim edilmişdir. Məktuba əlavə olunmuş hesabdan çıxarışdan müəyyən olunur ki, noyabr 2022-ci ilin iyul ayınadək X1 hesabından məxaric aşağıdakı kimi olmuşdur. Məxaric: xx.xx.2022-ci ildə 80,0 manat, xx.xx.2022-ci ildə 80,0 manat, xx.xx.2022-ci ildə 80,0 manat, xx.xx.2022-ci ildə 106,00 manat, xx.xx.2022-ci ildə 55,00 manat, xx.xx.2022-ci ildə 25,00 manat, xx.xx.2022-ci ildə 20,00 manat, xx.xx.2022-ci ildə 80 manat. Tətbiq edilən hüquq. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar. 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar. 2.0.Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi. 13.1.İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı. 21.1.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 6-1. Əmək pensiyasının minimum məbləği. Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu ilin 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur (01 oktyabr 2019-cu ildən 01 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları. ... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 42. … 42.2. Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. İPM: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialları ilə müəyyən olunur ki, iddiaçının qərarı ilə cavabdehin atasına yaşa görə əmək pensiyası təyin edilmiş və cavabdehin atası pensiyanı hər ay mütəmadi olaraq almış, 15 iyun 2022-ci il tarixdə cavabdehin atası vəfat etmiş, iddiaçı bu barədə məlumatlı olmamış, lakin nəticədə 2022-ci ilin iyun ayının pensiya məbləğı cavabdehin mərhum atasının bank kartına tam məbləğdə köçürülmüşdür. İddiaçı yalnız 16 avqust 2022-ci il tarixdə cavabdehin onun atasının vəfatı ilə bağlı dəfn xərcinin ödənilməsi ilə bağlı müraciətindən sonra bu barədə məlumatlanmışdır. "Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsi əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarını tənzimləyir. Həmin maddənin tələbinə görə təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısı vəfat etdikdə sonrakı ayın 1- dən dayandırılır. Dövlət Sosial Müdafiə Fondu orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs (cavabdeh) etimadın qanunla qorunması hüququna malikdir. Etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə "vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -"qanunsuzluğu bilməmə” və "dürüst davranma” formasında ifadə olunur. "Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. "Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləridir. "İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Cavabdehin onun atasının vəfatından sonra pensiya ödənişinin qanunsuz olduğunu bildiyini və ya ən azından bilməli olduğunu istisna etmək olmaz. Pensiya ödənişi iddiaçı tərəfindən cavabdehin atasına ödənilirdi. Cavabdehin atasının vəfatından sonra pensiya ödənişi həyata keçirilə bilməzdi. Qanunun tələbinə görə əmək pensiyaçısı vəfat etdikdə təyin edilmiş əmək pensiyası həmin gündən dayandırılır. Cavabdeh isə atasının vəfatı barədə cavabehi məlumatlandırmaq əvəzinə, atasının vəfatından sonra da pensiyanı almaqda davam etmişdir. Odur ki, cavabdehin etimadının qanunla qorunması hüququna malik olması haqlı sayıla bilməz. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Artıq ödənilmiş 283,50 (iki yüz səksən üç) manat 50 (əlli) qəpik pensiya məbləğinin iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyi cavabdeh xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar