Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4380/2024 07.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 5-71/3-2-44/2024 saylı, xx.xx.2024cü il tarixli sərəncamın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 5-71/3-2-44/2024 saylı, xx.xx.2024cü il tarixli sərəncamın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər rəsmi qaydada məlumatlandırılmışlar.Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Hənifəli ElmanTahir oğlu iştirak etmiş, cavabdehin nümayəndəsi isə iştirak etməmişdir.Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, X7 və X15 ilə xx.xx.2016-cı ildə X rayon X kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi nikaha daxil olmuşdular. Birgə nikahdan 2 övladları var. xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X13 doğulmuşdur. Uşaqların anası X15 xx.xx.2023-cü ildə vəfat etmişdir. Cavabdeh başçısının 5-71/3-2-44/2024 saylı xx.xx.2024-cü il tarixli Sərəncamı ilə xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X1 X qızının qəyyumluğuna verilmişdir. X7 Bakı İstintaq təcridxanasından etibarnamə verərək uşaqların himayəsini ona həvalə etmişdir. Nəzərə çatdırır ki, uşaqları öz yanında könüllü saxlamaq istəyir. Onları X qızı ona vermir. O, da rayon İcra hakimiyyətində olan müvafiq komissiyada bunun araşdırılmasını istəyir və uşaqların X alınmaqla onun yanında saxlanılmasına köməklik göstərilməsini xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixlərdə ərizə yazaraq X RİH Başçısından xahiş etmişdir. Amma onun razılığı, məlumatı olmadan qanunsuz olaraq bu sərəncam verilmiş, onun qəyyumluğuna verilməli olduğu halda nəvələri X2 qəyyumluğuna verilmişdir. Uzun sürən şikayət, teleqram, ərizə və müraciətlərdən sonra xx.xx.2024-cü il tarixdə Cavabdeh başçısının qəbulunda olduqdan sonra sərəncamın ləğv edilməsi ilə əlaqədar müraciətinə cavab verilmiş və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Hənifəli ElmanTahir oğlu iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, idddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh başçısı aparatının İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdehnə ünvanladığınız yetkinlik yaşına çatmayan nəvələriniz xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 nənələri X2 qəyyumluğuna verilməsi ilə bağlı rayon İcra Hakimiyyəti başçısının 5-71/3-2-44/2024 saylı, xx.xx.2024-cü il tarixli sərəncamının ləğv olunması və uşaqlara qəyyum təyin edilməyiniz barədə müraciətiniz tərəfimizdən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, aralarında yaranmış ailə münaqişəsi zəminində xx.xx.2023-cü il tarixdə oğlunuz Salyan rayon Arbatan kənd sakini X14 arvadı X8 qətlə yetirmişdir. Bildiririk ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən uşaqların atası X14 törətdiyi cinayət əməlinə görə 16(on altı) il müddətinə azadlıqdan məhrum edilmişdir. Qeyd olunan səbəblərdən azyaşlı uşaqlar faktiki olaraq hər iki valideynin himayəsindən məhrum olmuşlar. Azyaşlı uşaqlar anaları öldürüldükdən və ataları həbs olunduğu vaxtdan ana nənələri X4 ilə birlikdə X şəhəri, X küçəsi ev X-də yaşayırlar. Həmin müddətdən onların təlim və tərbiyəsi o cümlədən saxlanılması, maddi və mənəvi ehtiyaclarının ödənilməsi ilə nənələri FX məşğul olur. Azyaşlı nəvələriniz ilə ünsiyyət hüququnun təmin olunması və uşaqların sizin qəyyumluğunuza verilməsi ilə bağlı rayon İcra Hakimiyyətinə ünvanladığınız müraciətlə əlaqədar Komissiya üzvləri sizin və uşaqların yaşadığı ünvanda olmuş, hər iki tərəflə, o cümlədən uşaqlarla məsələ ilə bağlı ətraflı söhbət aparmışlar. Cavabdeh başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qərarına əsasən sizə azyaşlı nəvələriniz ilə görüş və ünsiyyət hüququ verilmişdir. Ünsiyyət hüququnun verilməsinə baxmayaraq azyaşlı uşaqlar sizinlə görüşüb ünsiyyətdə olmaqdan və sizin qəyyumluğunuza verilmələrindən qəti şəkildə imtina etmişlər. Azyaşlı uşaqların nənəsi X nəvələrinin onun qəyyumluğuna verilməsi barədə Cavabdeh başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, məsələ Komissiyanın iclasında araşdınlmış, azyaşlı uşaqların razıılığı əsasında nənələri X2 qəyyumluğuna verilməsi ilə bağlı rayon İcra Hakimiyyəti başçısının sərəncamı qəbul edilmişdir. Müraciətinizin araşdırılmasının nəticəsindən narazı qaldığınız təqdirdə Məhkəməyə müraciət etmək hüququnuzun olduğunu sizə bildiririk. Cavabdeh xx.xx.2024-cü il tarixli, 5-71/3-2-44/2024 saylı Sərəncamından çıxarışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan X2 valideyn himayəsindən məhrum olmuş nəvələri xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 onun qəyyumluğuna verilməsi xahişi ilə daxil olmuş ərizəsini, azyaşlı X5 və X6 mənafeyini, anaları X10 vəfat etdiyini, ataları X11 azadlıqdan məhrum edildiyini, faktiki olaraq hər iki valideynin himayəsindən məhrum olmalarını, X2 əxlaqi-mənəvi, psixoloji və sağlamlıq problemlərinin olmadığını, Qəyyumluq və Himayəçilik Komissiyası üzvlərinin müsbət rəyini, təkliflərini və təqdim olunmuş digər sənədləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.3-cü maddəsini rəhbər tutaraq qərara alınmışdır: Valideyn himayəsindən məhrum olmuş xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X3 şəhəri, 20 Yanvar küçəsi, ev 341 ünvanında qeydiyyatda olan nənələri X2 qəyyumluğuna verilsin. Qəyyumluğa verilmə barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 2 saylı Şirvan-Salyan regional filialına məlumat verilsin. Tətbiq edilən normativ aktlar: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 70-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1 - 1.4-cü bəndləri) Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarında müəyyən olunur ki: 1.Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 33. Qəyyumluq və himayəçilik 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. 33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. 33.6. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən suiistifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. 33.7. Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar. Maddə 34. Qəyyumluq və himayəçilik orqanları 34.1. Qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. 34.3. Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 114. Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi 114.1. Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 136. Üzərində qəyyumluq və himayə təyin edilən uşaqlar 136.1. Qəyyumluq və himayə bu Məcəllənin 114.1-ci maddəsində qeyd edilən uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. 136.2. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. 136.3. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. Məhkəmə hazırki halda iddiaçının tələbinin əsasını təşkil edən məsələyə münasitdə qeyd edir ki, hazırki mübahisə cavabdeh inzibati orqanın inzibati hüquq sahəsində fəaliyyətindən əmələ gələn mübahisə deyildir. Belə ki, yuxarıda qeyd olunan normativ hüquqi aktların məzmunundan da müəyyən olunur ki, valideyn hüququndan məhrum olmuş uşaqların himayəyə və qəyyumluğa verilməsi məsələsi Azərbaycan Respublikasının Mülki və Ailə qanunvericiliyi ilə tənzimlənir. Məhkəmə belə nəticəyə gəlir ki, hazırki işə mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından hazırki iddaya inzibatı deyil, mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı qeyd olunan iddia ilə aidiyyəti üzrə ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etməlidir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilmiş və mümkünlük məsələsi ilə bağlı qanunvericiliyin normaları izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbi üzrə mübahisələndirilən “Cavabdeh xx.xx.2024-cü il tarixli, 5-71/3-2-44/2024 nömrəli sərəncamının ləğv edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla olmadığından, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23-cü, 35-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova