Məhkəmə qərarları › İş №2-1(120)-4385/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4385/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4385/2023 28.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Musayev Şahəli Calal oğlunun sədrliyi məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Belə ki, İddiaçı iddia tələbində təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. İddia ərizəsinin məzmunundan, cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, Qeydiyyat Şöbəsində doğum tarixi xx.xx.1958-ci il olan İddiaçı adlı şəxsin doğumu barədə akt qeydi aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, doğum faktına dair konkret məlumatları əks etdirən qanunla müəyyən edilmiş sənədlər olmadığı təqdirdə həmin faktın məhkəmə qaydasında müəyyən etmək mümkündür. Doğum faktının müəyyən edilməsi ilə bağlı iddia tələbi isə inzibati icraat qaydasında baxılan iddia növünə aid deyildir. Həmin tələbə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun xüsusi icraat qaydasında aidiyyatı üzrə ümumi məhkəmədə (rayon və ya şəhər məhkəmələrində) baxılır. İddiaçıya 28 sentyabr 2023-cü il tarixli, 2-1(120)-4385/2023 saylı məktubla iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım olunsa da, iddiaçı iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Predmet üzrə aidiyyətə görə isə yalnız inzibati mübahisəyə və onunla bağlı əmlak tələblərinə inzibati icraat qaydasında baxıla bilər və bu halda icraat üzrə rəhbər qaydaların, yəni prosessual prinsiplərin müəyyən edilməsi də İnzibati Prosessual Məcəllənin tənzimləmə predmeti sırasına daxildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 9.2-ci bəndində qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. Həmin Məcəllənin 305.1 və 305.1.1-ci maddəslərinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarının İİ bəndində vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydasında aşağıdakılar qeyd edilmişdir:

13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

17. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası məsələsinə bu əsas müddəaların 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş müddətdə baxılır.

18. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Ərizə sahibinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında aktın qeydi, bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizə verən şəxsin yaşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir.

20. Rəy toplanmış bütün materiallarla birlikdə itirilmiş qeydin olduğu yerdəki qeydiyyat şöbələrində və konsulluq idarələrində bərpa qeydiyyat kitabında qeydə alınır.

21. Vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, qeydiyyat şöbələri və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır. Yuxarıda qeyd olunan hüquq normalarının hazırkı iş üzrə tətbiqi baxımdan məhkəmə onu qeyd edir ki, iddiaçı məhkəməyə təkrara doğum haqqında şəhadətnamənin verilməsi tələbi ilə müraciət etmiş, lakin onun əvvələr doğum haqqında şəhadətnaməsinin olmasını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya təqdim olunmuş imtina məktubundan görünür ki, iddiaçının Cavabdehndə ümumiyyətlə doğum akt qeydi aşkar edilməmişdir. İddiaçı doğum haqqında akt qeydinin bərpa olunmasına dair faktın müəyyən edilməsi üçün mülki icraat qaydasında ümumi məhkəməyə müraciətə etməlidir. Məhz məhkəmənin qətnaməsi doğumun qeydə alınması üçün əsas olacaqdır. Beləliklə doğum faktının müəyyən edilməsi barədə mübahisələr mülki mübahisələrdir və mülki icraat qaydasında ümumi (rayon və ya şəhər) məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icrat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) şikayət verilə bilər.

Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar