Məhkəmə qərarları › İş №2-1(120)-4385/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4385/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4385/2024 25.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, Cavabdehnə qarşı “nikah haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “nikah haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Şirvan şəhər Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, onunla yəni-İddiaçı ilə mərhum həyat yoldaşı X6 arasında xx.xx.1981-ci il tarixdə Ağcabədi rayonu Sarcalı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 23 saylı nikah haqqında akt qeydinin “qadının evlənəndən sonrakı soyadı” qrafasında soyadının “Çobanzadə” kimi düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Ağcabədi rayonu, Taynaq kəndində doğulmuşdur, doğum haqqında şəhadətnamədən də görünür ki, soyadı “Çobanzadə” kimi qeyd edilmişdir. Daha sonra xx.xx.1981-ci il tarixdən X6 adlı şəxslə rəsmi olaraq nikaha daxil olmuşdur. Nikaha daxil olarkən soyadının əvvəlki soyadı yəni "Çobanzadə” kimi qalmasını tələb etsə də yaxınlarda ona məlum olmuşdur ki, Nikah haqqında akt qeydində soyadı “Abbasova” kimi qeyd olunmuşdur. Qeyd etmək istəyir ki, özünə məxsus olan digər bütün hüquqi sənədlərdə soyadı "Çobanzadə” kimi qeyd olunmuşdur. Qeyd edilən akt qeydinə düzəliş edilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə müraciət etmişdir, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir və məhkəməyə müraciət etmə hüququ olduğu izah edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İşin hallar. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1957-ci ildə Ağcabədi rayonu, Taynaq kəndində doğulmuş İddiaçı Ağcabədi rayonu, Taynaq kəndində qeydiyyatdadır. Ağcabədi rayonu Sarıcalı kənd soveti tərəfindən verilmiş İ-ИЕ seriyalı, 347140 №-li, xx.xx.1957-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1957-ci ilin mart ayının 18-ci günündə 31 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında X9, ana qrafasında X2 qeyd olunmuşdur. Ağcabədi rayonu, X16 ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 424177 №-li, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 03.1.2005-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2005-ci ilin 11-ci ayının 03 günündə 06 № ilə qeyd edilmişdir. Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının X16 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin: 120 №-li, 14 sentyabr 2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı məxsus KOD 60812028 JN:0014 saylı, “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında”X19 Komissiyasının səhvi nəticəsində Soyadı, adı və atasının adı X10 bunlar hərbiri şəxsiyyət vəsiqəsində və Dövlət Aktında eyni şəxsdir. 117 №-li, xx.xx.2024-cu il tarixli arayışda qeyd olunmuşdur ki, xx.xx.2005-cil tarixində vəfat etmiş X7 ölüm günündək ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Ailə üzvləri- həyat yoldaşı- İddiaçı xx.xx.1980-ci ildə qeydiyyata düşmüşdür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Ağcabədi rayonu, Taynaq kəndində yerləşən ümumi sahəsi 0,1689 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 152 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində İddiaçı adına qeydə alınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 3-16-5/4-13-8067/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri 1936-cı il təvəllüdlü X9 ilə 1927-ci il təvəllüdlü X2 olan xx.xx.1957-ci il təvəllüdlü İddiaçı doğumu xx.xx.1957-ci ildə, xx.xx.1959-cu il təvəllüdlü X4 doğumu xx.xx.1959-cu ildə, xx.xx.1967-ci il təvəllüdlü X3 doğumu 01,04.1967-ci ildə, xx.xx.1969-cu il təvəllüdlü X1 doğumunun xx.xx.1969-cu ildə, 01,04.1972-ci il təvəllüdlü X5 doğumunun xx.xx.1972-ci ildə Ağcabədi rayonunun Sarıcalı icra nümayəndəliyində qeydə alındığı müəyyən edilmişdir.1930-cu il təvəllüdlü X6 ilə 1957ci il təvəllüdlü Çobanzadə (Abbasova) Zinyət Vəli qızının nikahı xx.xx.1981-ci ildə Ağcabədi rayonunun Sarıcali icra nümayəndəliyində rəsmiləşdirilmişdir. Cavabdeh: 3-16-5/8-13-932/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş 27 (31) №-li, 1957-ci il tarixli doğum akt qeydinin surətindən müəyyən olunur ki, akt qeydinin uşaq haqqında məlumat bölməsində uşağın soyadı Çobanzadə, adı Zinyət, ata adı Vəli qeyd olunmuşdur. 3-16-5/8-13-1173/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş nikahın bağlanması haqqında 23 nömrəli, xx.xx.1981-ci il tarixli qeyddən müəyyən olunur ki, nikaha daxil olanadək qadının soyadı İddiaçı, nikahdan sonra Abbasova qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3-16-5xx-xx-10614/2024 saylı,xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı (nikaha daxil olduqdan sonrakı soyadı “Abbasova”) doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının X9 (xx.xx.2004-cü ildə vəfat etmişdir), anasının isə X2 (xx.xx.2019-cu ildə vəfat etmişdir) olduğu müəyyən edilmişdir.İddiaçı xx.xx.1981-ci ildə Ağcabədi rayonunun Sarıcalı icra nümayəndəliyində X6 ilə nikah bağlamış və bu nikaha sonuncunun xx.xx.2005-ci ildə ölməsi ilə əlaqədar xitam verilmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı (Abbasova) xx.xx.1954-cü il təvəllüdlü Tükəzban Çobanzadə, xx.xx.1962-ci il təvəllüdlü İbayət Çobanzadə, xx.xx.1964-cü il təvəllüdlü Abuhəyat Çobanzadə və xx.xx.1969-cu il təvəllüdlü Kifayyət Çobanzadə adlı bacılarının, habelə xx.xx.1959-cu il təvəllüdlü Əsəd Çobanzadə, xx.xx.1967-ci il təvəllüdlü Bəşir Çobanzadə və xx.xx.1972-ci il təvəllüdlü Əhəd Çobanzadə adlı qardaşlarının doğumuna dair məlumat aşkarlanmışdır. İddiaçının hazırkı iddia tələbinə cavabdeh inzibati orqan Cavabdeh 3-16-5/8-15-6- 836/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki,xx.xx.1981ci il tarixdə Ağcabədi rayonu, Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində İddiaçı barəsində tərtib edilmiş 23 saylı nikah haqqında akt qeydində qadının evlənəndən sonra soyadı “Abbasova”, təqdim etdiyi sənədlərdə isə soyadı “Çobanzadə” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını”nın 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir.Kifayət qədər əsaslar olmadığı üçün xx.xx.1981-ci il tarixdə Ağcabədi rayonu, Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində İddiaçı barəsində tərtib edilmiş 23 saylı nikah haqqında akt qeydində qadının evlənəndən sonrakı soyadı “Abbasova”dan “Çobanzadə”yə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”-ın; - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə;http://www.eqanun.az/framework/4543 övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya aid doğum haqqında haqqında şəhdatnamədə, mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərdə və sonuncuya aid şəxsiyyət vəsiqəsində (AZE seriyalı ********) “soyad qrafasında” Çobanzadə qeyd olunmuşdur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və istinad olunan müddəalara əsaslanmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ilə mərhum həyat yoldaşı X6 arasında xx.xx.1981-ci il tarixdə Ağcabədi rayonu Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 23 saylı nikah haqqında akt qeydinin “qadının evlənəndən sonrakı soyadı” qrafasında dəyişiklik (düzəliş) edilərək, xx.xx.1957-ci təvəllüdlü şəxsin soyadının “Abbasova”dan “Çobanzadə”yə düzəliş edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar