Məhkəmə qərarları › İş №2-1(120)-4400/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4400/2025

11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4400/2025 11.03.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial sığorta stajını nəzərə alaraq ona yaşa görə əmək pensiyasının, hüququnun yarandığı gündən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı dəqiqləşmə barədə ərizə təqdim edərək, “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci ildə Füzuli şəhərində anadan olmuş, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş, xx.xx.1978-ci ildən xx.xx.1995-ci il tarixədək Füzuli rayonu 47 saylı (əvvəlki adı 14 saylı Yol Tikinti) İdarəsində işləmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüşən ordunun tərkibində döyüşmüş, xx.xx.2000-ci ildən xx.xx.2009-cu ilədək xəstə anası X3 qulluq etmişdir. Cavabdeh təşkilat cavab məktubunda həmin dövrləri ümumi sıorta stajı kimi 12 il 10 ay 12 gün təşkil etdiyini göstərmişdir. Halbuki sığorta stajı 28 il təşkil edir. Bunu da Füzuli rayonu 47 saylı (əvvəlki adı 14 saylı Yol Tikinti) İdarəsinin əmr kitablarının saxlanmaması ilə əlaqələndirir. Halbuki xx.xx.1978-ci ildən xx.xx.1995ci il tarixədək Füzuli rayonu 47 saylı (əvvəlki adı 14 saylı Yol Tikinti) İdarəsində işləməyinə dair əmr kitablarının saxlanmamasında onun təqsirim yoxdur. Həmin idarədə işlədiyi illərdə onunla birlikdə işləmiş şahidlər təsdiq edə bilərlər. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliy ndə DSMF-nın Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdehin məktubunda Füzuli rayonu 47 saylı (əvvəlki adı 14 saylı Yol Tikinti) İdarəsinin 17.08 1978-ci il tarixli arayışının surətində qeyd olunmuş həmin müəssisədə etibarlığına əsaslı şübhələr olan xx.xx.1978-ci ildən xx.xx.1995-ci il tarixədək (işdənçıxarma və əmr tarixi bazar gününə təsadüf edir) əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmış və müvafiq quruma sorğu göndərilmişdir. X9 üzrə Mərkəzi Filialının müvafiq aktına əsasən xx.xx.1978-ci ildən xx.xx.1995-ci il tarixədək olan əmr kitabları saxlanılmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdehin cavabı tamamilə əsassız və qanunsuz olmaqla onun pensiya hüququnu həyata keçirməyə maneə ola bilməz. Belə kı onun sığorta stajı sənədlərlə 28 il təşkil edir. Qeyd edilənləri nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı təqdim etdiyi sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək döyüşən ordunun tərkibində xidmət etdiyi dövr, xx.xx.2000-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək anası X3 qulluq etdiyi dövr də nəzərə alınmaqla ümumi sığorta stajı 12 il 10 ay 12 gün təşkil edir. Bununla yanaşı. Füzuli rayonu 47 saylı Yol İstismarı (əvvəlki adı-14 saylı Yol Tikinti) idarəsinin xx.xx.1978-ci il tarixli arayışının surətində qeyd olunmuş həmin müəssisədə mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək (işdənçıxma tarixi və əmr tarixi bazar gününə təsadüf edir) iddiaçının əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmış və müvafiq quruma sorğu göndərilmişdir. X9 üzrə Mərkəzi Filialının müvafiq aktına əsasən, xx.xx.1978-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan əmr kitabları saxlanılmadığı üçün əməkhaqqı alıbalmadığını araşdırmaq mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrün iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial sığorta stajını nəzərə alaraq yaşa görə əmək pensiyasının hüququnun yarandığı gündən təyin edilməsi" tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, Füzuli rayonu, 20 Yanvar küçəsində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1975-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1995-ci il tarixədək Füzuli rayonu 47 saylı (əvvəlki adı 14 saylı Yol Tikinti) İdarəsində əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 233 nömrəli arayışından görünür ki, 1957-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, 31.07 1992-ci il tarixdən 21 07.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keşmişdır. xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü ii tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində Füzuli rayonu uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.1995-ci il tarixdən SHXÇDX-nin Füzuli rayon şöbəsində qeydiyyatda olmuş, 2007-ci il tarixdə ehtıyyatda olmanın son yaş həddinə 50 (əlli yaş) çatdığı üçün hərbi qeydiyyatdan silinmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-210/2025 nömrəli qətnaməsi ilə İddiaçı 2000-ci il tarixdən xx.xx.2009-cu il tarixədək mərhum anası X4 qulluq etməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-207551/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən onun xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək döyüşən ordunun tərkibində xidmət etdiyi dövr, xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək əmək fəaliyyəti dövrü və xx.xx.2000-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək anası X3 qulluq etdiyi dövr də nəzərə alınmaqla ümumilikdə 12 il 10 ay 12 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. X9 üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli aktına əsasən İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1978-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrlərə dair əmr kitabları saxlanılmadığı üçün iddiaçının əməkhaqqı alıb-almadığını araşdırmaq mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrlər sığorta stajına daxil edilməmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-210/2024 nömrəli məktubundan görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı olmaqla, hüquqi əhəmiyyətli faktın müəyyən edlməsi barədə ərizə təmin edilmiş və İmişli Rayon Məhkəməsinin 2(036)-210/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli, 3-17-1/2-28214/2026 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı iddiasına dair iş üzrə sorğuda adıçəkilən şəxs X1 pensiya təyin edilərkən onun xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 29 il 6 ay 17 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmışdır. Sonradan vətəndaş G.Əbdürəhmanovun müraciətinə əsasən Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarı ilə onun xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan fəaliyyət dövrləri də daxil edilməklə vətəndaşın əmək pensiyası yenidən hesablanmışdır. Eyni zamanda bildiririk ki, vətəndaş G.Əbdürəhmanovun sorğuda qeyd olunan Füzuli rayonu 47 saylı Yol İstismarı idarəsində (əvvəlki adı-14 saylı Yol Tikinti) olan fəaliyyət dövrləri sığorta stajına daxil edilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür: - xx.xx.1978-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan əmr kitabları saxlanılmadığı, işdən çıxma tarixinin isə bazar gününə təsadüf etdiyi; - xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması; - iddiaçının 25 il ümumi iş stajının toplamaması; Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2022-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1957-ci il tarixdə doğulması və xx.xx.2022-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasına nəzər yetirdikdə məlum olur ki, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1995-ci il tarixədək Füzuli rayonu 47 saylı (əvvəlki adı 14 saylı Yol Tikinti) İdarəsində əmək fəaliyyətində olmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək döyüşən ordunun tərkibində xidmət etdiyi dövr, xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək əmək fəaliyyəti dövrü və xx.xx.2000-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək anası X3 qulluq etdiyi dövr də nəzərə alınmaqla ümumilikdə 12 il 10 ay 12 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olub-olmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır. Həmçinin Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur. Əsas hal həmin dövrdə müəssisənin işlək, aktiv müəssisə olmasıdır ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən müəssisənin qeyd edilən dövrdə fəaliyyətdə olan müəssisə olması şübhə doğurmamışdır. Məhkəmə hesab edir ki, müəssisənin səlahiyyətli şəxsləri tərəfindən əmək kitabçasının doldurulma qaydasının pozulması, əmrin bazar gününə tərtib edilməsi iddiaçının səhvi kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də müəssisədə işləmiş və qeyd edilən dövrdə müəssisə fəaliyyət göstərmişdir. Göstərilən sənədlərin mötəbərliyi hər hansı şübhə doğurmamışdır. Beləliklə, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli, 3-17-1/2-28214/2026 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı iddiasına dair iş üzrə sorğuda adıçəkilən şəxs X1 pensiya təyin edilərkən onun xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 29 il 6 ay 17 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmışdır. Sonradan vətəndaş G.Əbdürəhmanovun müraciətinə əsasən Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarı ilə onun xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan fəaliyyət dövrləri də daxil edilməklə vətəndaşın əmək pensiyası yenidən hesablanmışdır. Eyni zamanda bildiririk ki, vətəndaş G.Əbdürəhmanovun sorğuda qeyd olunan Füzuli rayonu 47 saylı Yol İstismarı idarəsində (əvvəlki adı-14 saylı Yol Tikinti) olan fəaliyyət dövrləri sığorta stajına daxil edilmişdir. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən digər hal ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, X2 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-410/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Qeyd olunan iş stajı, orduda xidmət illəri cəmləndikdə, iddiaçının 25 ildən çox ümumi iş stajı mövcuddur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə hesab edir ki, iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı, yəni xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar