Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4416/2025 29.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sabirabad rayonu Qasımbəyli Bələdiyyəsinə qarşı Cavabdeh2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “ qərarın və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdeh Sabirabad rayon Qasımbəyli Bələdiyyəsinə qarşı Cavabdeh2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qərarın və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Sabirabad rayonu Qasımbəyli Bələdiyyəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, satıcı Sabirabad rayonu, Qasımbəyli bələdiyyəsi ilə alıcı Cavabdeh2 arasında bağlanmış 0,2 ha həyətyanı torpaq sahəsinin satılması barədə xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Sabirabad rayon Qasımbəyli Bələdiyyəsi, üçüncü şəxs qismində X2 qeyd olunmaqla Sabirabda rayonu Qasımbəyli Bələdiyyəsi ilə alıcı Cavabdeh2 arasında bağlanmış 0,12 ha həyətyanı torpaq sahəsinin satılması barədə xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək Sabirabad rayonu Qasımbəyli Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 14 saylı iclas protokolunun qərarının və həmin qərar əsasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, DƏDKR publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı Cavabdeh2 adına qeydə alınmış çıxarışın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Çıxarışın verilməsinə xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsi olmuşdur. Satıcı Sabirabad rayon Qasımbəyli Bələdiyyəsi adından Bələdiyyənin sədri X4 alıcı Sabirabad rayonu Muradbəyli kəndində yaşayan Cavabdeh2 həyətyanı sahə olaraq 0,12 ha torpaq sahəsi satılmışdır. Satılan torpaq sahəsi onunla rəsmi nikahda olduğu Babaşov Baris Mirzəkişi oğlu ilə birlikdə tikdikləri, məhkəmə qətnaməsi ilə köçümə hüququ əldə etdiyi həyətyanı evi sahəsidir. Cavabdeh2 qardaşı Bariş Mirzəkişi oğlu Babaşovla xx.xx.2011-ci ilədək faiktiki, xx.xx.2011-ci il tarixdə rəsmi nikahda olmuşdur.Bu nikahdan xx.xx.2012-ci ildə Babaşova Elmira Baris qızı, xx.xx.2014cü ildə isə Babaşov Mirzəkişi Baris oğlu doğulmuşdur. xx.xx.2021-ci ildə döyülüb, xəsarət alıb evdən qovulmuşdur. Məhkəmə qətnaməsi ilə nikahları pozulmuş, uşaqlara görə aylıq alimentin Baris Babaşovdan alınması qət edilmişdir. xx.xx.2011-ci il tarixdə qaynatası Mirzəkişi Babaşovun evinə gəlin köçmüşdür. Həmin evdə 1 il 6 ay yaşamışdır. Həmin müddətdə həyətyanı sahədə özləri üçün ev tikmişdirlər. Fərdi yaşayış evinin tikildiyi həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyətində olan zəbt torpaq sahəsi olmuşdur. 2012ci ildə yeni tikilmiş evə köçmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin bildirişi ilə İPM-in 49cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olamamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək məhkəmədən iddianın mümkün hesab edirlərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iş üzrə iddia tələbindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə çatmaq istədiyi hüquqi nəticə üçüncü şəxsin mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan sərəncamın və sərəncam əsasında bağlanmış icarə müqaviləsinin ləğv olunmasına nail olmaqdan ibarətdir Hazırkı halda işin hallarına nəzər salınanda görünür ki, Sabirabad rayon Məhkəməsinin 2(056)-254/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı-cavabdeh Babaşov Baris Mirzəkişi oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri ümumi əmlak sayılan ünvan 3ində yerləşən fərdi yaşayış evi kimi istifadə olunan, Sabirabad rayon Qasımbəyli KİN tərəfindən təsərrüfatbaşına kitabdan verilən 913 nömrəli çıxarışa görə 14 nömrəli təsərrüfat kitabının 1123-cü səhifəsində sahəsi 130 kv.m göstərilən, tikilmə tarixi 2012-ci il qeyd edilən, 3 otaqlı, mətbəx, hamam və aynabənddən ibarət tikilinin bərabər bölünərək 1/2 hissəsinin ona verilməklə payının müəyyən edilməsi və fərdi ev kimi istifadə olunan həmin tikiləyə köçürülmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə iddianın qismən təmin edilməsi İddiaçı ünvan 3ində yerləşən və Sabirabad rayon Qasımbəyli KİN tərəfindən təsərrüfatbaşına kitabdan verilən 913 nömrəli çıxarışa görə 14 nömrəli təsərrüfat kitabının 1123-cü səhifəsində evin sahəsii 130 kv.m göstərilmiş fərdi yaşayış evinə köçürülməsi və İddiaçı həmin evdə digər sakinlərlə bərabər eyni imkanlarla yaşaması hüquqlarının həyata keçirilməsi ilə əlaqədar yaradılan maneələr özbaşınalıq kimi qiymətləndirilərək cavabdehə qdağan edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiyaşikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-866/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Babaşov Baris Mirzəkişi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-254/2022 saylı qətnaməsi ilə İddiaçı Sabirabad rayonu Muradbəyli kəndində yerləşən və Sabirabad rayon Qasımbəyli KİN tərəfindən təsərrüfatbaşına kitabdan verilən 913 nömrəli çıxarışa görə 14 nömrəli təsərrüfat kitabının 1123-cü səhifəsində evin sahəsi 130 kv.m göstərilmiş fərdi yaşayış evində digər sakinlərlə bərabər eyni imkanlarla yaşaması hüquqlarının həyata keçirilməsi ilə əlaqədar yaradılan maneələrin özbaşınalıq kimi qiymətləndirilərək cavabdehə qadağan edilməsi hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(120)-4492/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Babaşov Baris Mirzəkişi oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-866/2023 saylı qətnaməsi ilə iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə ərizə ilə Sabirabad rayonu, Qasımbəyli Bələdiyyəsinə müraciət edərək bildirmişdir ki, Muradbəyli kəndində yerləşən “Çöl” yer adlanan ərazidəki torpaq sahəsində 2008-2010-cu illərdə yaşamaq üçün fərdi yaşayış evi tikmişdir. Sonralar ona məlum olmuşdur ki, sözügedən ərazi Qasımbəyli Bələdiyyəsinin mülkiyyətinə aid olan həmin torpaq sahəsinin 0,12 hektarını həyətyanı məqsədi ilə mülkiyyətinə verilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Sabirabad rayonu Qasımbəyli Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli iclasının 14 saylı protokolunun qərarı ilə Muradbəyli kənd sakini Cavabdeh2 Muradbəyli kəndi ərazisində yerləşən “Çöl” yer adlanan ərazidən həyətyanı məqsədilə 0,12 ha torpaq sahəsi almaq üçün bələdiyyəyə daxil olmuş müraciətinin nəzərə alınması( qərarın 2-ci bəndi); Cavabdeh2 xüsusi mülkiyyətinin həyətyanı məqsdəi ilə 0,12 ha torpaq sahəsinin müsabiqədənkənar satılması üçün müəyyən edilmiş torpaq sahəsinə baxış keçirilməsi, rəyin alınması, torpaq sahəsinin planının və ölçüsünün hazırlanması üçün Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti Şöbəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edilməsi (qərarın 3-cü bədni) qərara alınmışdır. Sabirabad rayonu Muradbəyli kəndinə qeydiyyatda olan Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixli **********604 nömrəli ərizənin surətindən müəyyən olunur ki, sonuncu ünvan 3ində yerləşən ona məxsus olan tikilinin altında yerləşən torpaq sahəsinin hüquqlarının Sabirabad rayonu Qasımbəyli Bələdiyyəsinin mülkiyyəti kimi tanıdılmasına etiraz etmir. Sabirabad rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən Sabirabad rayon Qasımbəyli Bələdiyyəsinə ünvanlanmış 102 №-li, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Sabirabad rayonu, Qasımbəyli bələdiyyəsinin mülkiyyətində olan bilavasitə mülkiyyətə verilməsi nəzərdə tutulan 1200 kv.m torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Bələdiyyə tərəfindən mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahəsinin ayrılmassı yaşayış məntəqəsinin müvafiq ərazi planlaşdırılması sənədlərinə yerquruluşu-təsərrüfat planına, torpaq sahəsinin kateqoriyasına və məqsdəli istifadə təyinatına uyğundur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq olunmuş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 1200 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə ayrılmasına Sabirabad Rayon İcra Hakimiyyəti etiraz etmir. Sabirabad rayonu Qasımbəyli Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli iclasının 5 saylı iclas protokolunun qərarı ilə Qasımbəyli Bələdiyyəsinin “Yerli büdcə, yerli iqtisadi inkişaf məsələləri” komissiyasının ünvan 3 sakini Cavabdeh2 xüsusi mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,12 ha torpaq sahəsinin (müsabiqədənkənar) satılması ilə bağlı qəbul etdiyi xx.xx.2024-cü il tarixli 03 saylı qərarı təsdiq edilmişdir (qərarın 10ci bəndi). Daşınmaz əmlakın alqı-satqısına dair ******* №-li xx.xx.2024-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Mahmudov X1 rayonu, Muradbəyli kəndi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinin dəyərini tam ödəməklə Sabirabad rayonu Qasımbəyli Bələdiyyəsindən satın almışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 3ində yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (**********03 reyestr nömrəli) Daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində Cavabdeh2 adına qeydə alınmışdır. İddianın mümkünlüyü və buna dair məhkəmənin mövqeyi. Subyektiv hüququn olmaması ilə bağlı. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Məhkəmə subyektiv hüquqa anlayış verərək qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi). Hazırkı halda iddiaçının subyektiv hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı) İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Məhkəmə hesab edir ki, hazırki işdə iddiaçının subyektiv hüquqi mövcud deyildir. Baxamayraq ki, İddiaçı qanuni qüvvəsini almış məhkəmə aktı ilə Sabirabad rayonu Qasımbəyli KİN tərəfindən təsərrüfatbaşına kitabdan verilən 913 nömrəli çıxarışa görə 14 nömrəli təsərrüfat kitabının 1123-ü səhifəsində qeyd olunmuş 130 kv.m ibarət fərdi yaşayış evinə köçürülmüşdür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 3ində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 127,5 kv.m olan fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (**********03-10301 reyestr nömrəli) Daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində Cavabdeh2 adına qeydə alınmışdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının subyektiv hüququ müəyyən olunmadığı üçün iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən göstərilməsi nəzərdə tutulan hüquqi yardım hazırkı iş üzə məqsədə müvafiq hesab olunmamışdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sabirabad rayon Qasımbəyli Bələdiyyəsinə qarşı Cavabdeh2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qərarın və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-4416/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4416/2025
29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver