Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4461/2025 20.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edərək yaralanmış və müalicə almışdır.Hal-hazırda da xəsarətin izi qalmaqla Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilmişdir. O hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etsə də, müraciətinə imtina cavabı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın 4/2-5678/25 saylı saylı xx.xx.2025-ci il tarixli iddia tələbinə dair yazılı münasibətində (etirazda) göstərilmişdir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı hərbi hissəni silahla özbaşına tərk etdiyinə və xx.xx.1994-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.1994-cü il tarixdən sonrakı xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçının müraciətinə imtina cavabı verilmişdir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 543 №-li 2009-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, Ağcabədi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, barəsində Füzuli Hərbi prokurorluğu tərəfindən 1998-ci ildə amnistiya qərarı tətbiq edilmiş vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Bakı Baş Səhiyyə İdarəsinin kliniki tibb mərkəzində müayinə və müalicə olunduğu yaralanma-diaqnoz “Sol çənəaltı nahiyyənin odlu silahla kor qəlpə yarası” (Ağcabədi RHK-nın xx.xx.2009-cu il tarixli 118 nömrəli göndərişi, xx.xx.2009-cu il tarixli 134 nömrəli arayışı, kliniki tibbi mərkəzdən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi ilə təsdiq edilir) “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır”. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon Şöbəsinin 3-43-4/2-10806/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Ağcabədi rayon Rəncbərlər kənd sakini, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi Kəlbəcər və Laçın Rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məktuba xx.xx.1973-cü il təvəllüdlü İddiaçı aid Qeydiyyat-uçot kartasının təsdiq edilmiş surəti əlavə olunmuşdur. Müdafiə Nazirliyinin 3-25-29/2-2134/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Ağcabədi RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 61 №-li əmrilə (əsas: §-1, səh 110, sıra 68, əmrdə vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır, əmr olduğu kimi köçürülmüşdür) xx.xx.1992-ci il tarixdən “sıravi” hərbi rütbəsi verilməklə hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 105 №-li əmrində ( əsas: §-1, sıra 43, əmrdə vəzifəsi göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır, əmr olduğu kimi köçürülmüşdür) Kəlbəcər döyüş zonasına ezam olunan hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 118 №-li əmrində (əsas: §-1, səh-26, sıra 319, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissəni icazəsiz tərk etdiklərinə görə, ştatdan kənar çıxarılaraq bütün növ təminatlardan azad edilən, silahla qaçanların siyahısında, Ağcabədi RHK-nın çağırışçısı İddiaçı adı qeyd olunmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü ol tarixli 217 №-li əmrində (əsas: §-11, səh-158, sıra 240, əmrdə atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “çavuş” yazılmışdır, əmrdə hərbi hissə komandiri və qərargah rəisi tərəfindən bağlanmamışdır, əmr olduğu kimi köçürülmüşdür) Cəbhə komandirinin xx.xx.1993-cü il tarixli müvafiq nömrəli sərəncamına əsasən N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış hərbi qulluqçuların siyahısında, 3-cü motoatıcı bölükdə 2-ci manqanın komandiri vəzifəsinə təyin olunmuş, çavuş İddiaçı M. oğlunun adı qeyd olunmuşdur.N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: “M”, səh-56, sıra-650, məlumatda çatdırıldığı yer “Göyçay RHK-ğı” yazılmışdır, məlumat olduğu kimi köçürülmüşdür) 1973-cü il təvəllüdlü İddiaçı Göyçay RHK-dan çağırılması, hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrinə (əsas: §-2, sıra-90, səh 37, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib, çağırıldığı yer “Sabirabad RHK”-ğı yazılmışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalnamamışdır, əmr olduğu kimi köçürülmüşdür) N №-li hərbi hissənin ŞHQM-dən N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq xidmətlərini davam etdirmək üçün TB-ə göndərilən hərbi qulluqçuların siyahısında Sabirabad RHK-dan həqiqi hərbi xidmətə çağırılmış 1973-cü il təvəllüdlü İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar edilməmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-25611/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində göndəriş və məlumat aşkarlanmamışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın 3-25- 14/2-M-18xx-xx/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, təqdim olunmuş sənədlərə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arayışına əsasən hərbi hissəni silahla özbaşına tərk etdiyinə və xx.xx.1994-cü il tarixdən (müalicədən) sonra xidməti barədə məlumat olmadığıan görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Tətbiq edilən hüquq. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;( Maddə 3.) Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir ( Maddə 7). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (Maddə 3) “Hərbi vəzifə və hərbi xidmət” Azərbaycan Respublikasının Qanunu: Həqiqi hərbi xidmətin başlanğıcı və sonu 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır (Maddə 37). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavadehin imtinası qanuni və əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Müharibə veteran adının və vəsiqəsinin” verilməsinə yönəlmişdir. Məhkəmə, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının xidməti barədə məlumatlar mötəbər sübutlarla təsdiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci tarixli Qərarında göstərilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdə iddiaçının ordu sıralarından qanuni əsaslarla tərxis edilməsi müəyyən edilmir. Belə ki, Mərkəzi Hərbi Həkim Komissiyasının 543 №-li, 2009-cu il tarixli qərarında Ağcabdi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, barəsində Füzuli hərbi prokurorluğu tərəfindən 1998-i ildə aministiya qərarı tətbiq edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 17 sentyabr 2025-ci il tarixli, 3-25-29/2- 2134/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-İi hərbi hissə komandirinin xx.xx.1994-cü il və xx.xx.1994-cü tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun tələbinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Başqa sözlə, hərbi xidmətin başa çatması, hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İddiaçının hərbi xidməti tam təsdiq olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsaslarla ordu sıralarından tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir sübut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva.
Məhkəmə qərarları › İş №2-1(120)-4461/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4461/2025
20.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver