Məhkəmə qərarları › İş №2-1(120)-4462/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4462/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4462/2025 22.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğvi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə inzibati işə 22 yanvar 2026-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Agentliyin hərəkəti qanunsuz hesab edilməklə, barəsində xx.xx.2025-ci il tarixli Diaqnozun əlillik əlaməti təyin etməməsi qüvvədə olan əlilliyinin ləğv edilməsinə dair qərarın ləğv edilərək, struktura daxil olan tibbi-sosial ekepsert komissiyası vasitəsilə xəstəliklə bağlı əlilliyinin qiymətləndirilməsi və müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddianın dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasın onun yəni İddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2025-ci il tarixli xxxxxxx0002 saylı qərarının ləğv edilməsi, onun yəni İddiaçı ümumi xəstəlik səbəbilə xx.xx.2013-cü il tarixdə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1965-ci ildə doğulmuşdur. 1994cü ildən ümumi xəstəliklərdən əziyyət çəkir. Tibbi müayinələr nəticəsində ona 1994-cü ildən 2008-ci il tarixədək 3-cü qrup, xx.xx.2008-ci ildən 2013-cü il tarixədək 2-ci qrup, xx.xx.2013-cü il tarixdən müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. Lakin ona məlumat verilmədən Agentlik tərəfindən əlilliyi dayandırılmışdır. Agentlik ona məlumat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 12.00-da xəstəliklər üzrə növbəsi qeydiyyata alınmışdır. Qeyd olunan gündə və saatda müayinə üçün getsə də, onu müayinə etməmişdirlər. Ona kənardan baxıb bildirilmişdir ki, getsin ona cavab veriləcəkdir. Ona ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, o xx.xx.2025-ci il tarixdə Agentliyə dəvət olunmuş və həmin tarixdə barəsində Diaqnozun əlillik əlaməti təyin etməməsi qərarı qəbul edilərək qüvvədə olan əlilliyi ləğv edilmişdir. Məhkəməyə şikayət edəcəyi bildirilmişdir. Sözügedən məktubu xx.xx.2025-ci il tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavabdeh inzibati orqan tərəfindən “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə İmişli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Xroniki pielonefrit tez-tez kəskinləşmələrlə xr qastroduodenit perferativ appendistə görə cərrahi əməliyyatdan sonrakı qarın boşluqların bitişmə xəstəliyi. Hissəvi bağırsaq keçməməzliyi İİli anemiya...Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir” Səbəbi ilə imtina verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Hazırda iddiaçı onun xeyrinə olan əlverişli inzibati akt əsasında təyin olunmuş əlilliyin ləğvi ilə bağlı qəbul edilmiş inzibati aktı mübahisələndirir. İddiaçının iddiası “inzibati aktların ləğvi”, yəni “mübahisələndirilməsi” ilə bağlı olsa da, məhkəmə hesab edir ki, əslində həmin iddiaya “öhdəliyin icrası haqqında” iddia kimi yanaşılmalıdır. Belə ki, təcrübədə əlilliyin təyinatını aparan orqana qarşı müvafiq iddialara məhz “öhdəliyin icrası” haqqında iddia növləri kimi baxıldığı üçün və həmin öhdəliyin icrası olaraq qəbul edilən qərarların mübahisələndirilməsi ilə bağlı iddialara da həmin icraat çərçivəsində qiymət verildiyi üçün öhdəliyin icrası prizmasından yanaşılmalıdır. Baxmayaraq ki, iddia tələbi məhz “inzibati aktın ləğvi”nə yönəlmişdir ki, nəzərə almaq lazımdır ki, həmin inzibati akt “öhdəliyin icrası” barədə aparılan inzibati icraatda qəbul edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının konstitusion hüququ olan “sosial təminat” hüququ heç bir halda məhdudlaşdırıla bilməz və ona əvvəllər təyin edilmiş əlilliyin ləğvi ilə bağlı qəbul edilmiş inzibati akt onun sosial təminat hüququna birbaşa müdaxilə olduğu üçün həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı ona məhkəmədə sosial təminat hüququnun müdafiəsi naminə lazımi şərait yaradılmalıdır və bu zaman heç bir halda “ümumi qaydalar” prinsipindən çıxış edilərək, yəni iddiaya növünə görə “mübahisələndirmə haqqında iddia” növü olduğu üçün məhz bu iddialar üzrə qanunla müəyyən edilmiş 30 günlük iddia müddəti şamil oluna bilməz. Odur ki, iddiaçının sosial təminat hüququna müdaxilə zəminində qəbul edilmiş inzibati aktların ləğvi ilə bağlı qaldırılan iddialara “öhdəliyin icrası” haqqında iddia növü kimi baxılmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya aid AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1965-ci ildə İmişli rayonunda doğulmuş İddiaçı İmişli rayonu Qulubəyli kəndində qeydiyyatdadır. Tibbi Sosial Ekspert Komissiyasının 007133 №-li müayinə aktı ilə 1965-ci il təvəllüdlü İddiaçı xx.xx.1995-c il tarixdən, xx.xx.1996-cı il tarixədək ümumi xəstəlik səbəbindən üçüncü dərəcə, 064307 №-li müayinə aktı ilə xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək ümumi xəstəlik səbəbindən üçüncü dərəcə, 056195 №-li müayinə aktı ilə xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək ümumi xəstəlik səbəbindən üçüncü dərəcə, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək ümumi xəstəlik səbbəbindən üçüncü dərəcə, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tairxədək ümumi xəstəlik səbəbindən üçüncü, 2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək ümumi xəstəlik səbəbindən ikinci dərəcə,xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək ümumi xəsətlik səbəbindən üçüncü, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixdən ümumi xəstəlik səbəbindən ikinci dərəcə, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixdən ümumi xəstəlik səbəbindən ikinci dərəcə, xx.xx.2013-cü il tarixdən ümumi xəstəlki səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən: Agentliyin 3-17-4/2-22838/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş: İddiaçı aid aşağıdakı; - xx.xx.2013-cü il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: XİV sinif- Sidik-cinsiyyət sisteminin xəstəlikləri=>N10-N16-Böyrəyin tubulointrestisial xəstəlikləri =>N11-Xronik tubulointrestisial nefrit =>N11.1-Xronik obstruktiv pielonefrit...Diaqnozun mətni: Xroniki pielonefrit tez-tez kəskinləşmələrlə xr qastroduodenit preferativ appendist görə cərrahi əməliyyatdan sonrakı qarın boşluqların bitişmə xəstəliyi.Hissəvi bağırsaq keçməməzliyi İİ-li anemiya...Meyar: İkinci dərəcə əlillik => 2.2.8.Nefroktomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci-ikinci dərəcəli xroniki böyrək çatmamazlığı ilə..ümumi xəstəlik səbəbindən müddətsiz əlillik təyinatı aparılmışdır. Agentliyin 19 nömrəli Tibbi-Sosial Ekspert Komisssiyasının xx.xx.2013-cü il tarixli xxxxxxx0001 №-li qərarı ilə xx.xx.1965-ci il təvəllüdlü İddiaçı təkrar ümumi xəstəlik səbəbindən xx.xx.2013-cü il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyinatı aparılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə X4 tərəfindən xx.xx.2025-ci il tarixdə məktub ünvanlanaraq bildirilmişdir ki, İddiaçı heç bir xəstəliyi yoxdur. Əlilliyi yoxdur və əlilliyə görə müavinət alır. Xahiş edir ki, İddiaçı yoxlasınlar. Bu vətəndaş hansı səbəbdən əlillik pulu alır, heç bir xəstəliyi yoxdur. Xahiş edir onun iştirakı ilə yoxlanılsın vətəndaş hansı yolla, saxta yolla müavinət alır. Agentlik tərəfindən İddiaçı ünvanlanmış 3-17-4/2-Ə-7373/2025 saylı, xx.xx.2025-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində əsasən əlilliyin qiymtələndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakı təmin edilməlidir. Qeyd edilənləri nəzərə alaraq o, xx.xx.2025-ci il tarixində 14:00-a qədər Agentliyin (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi 134) əyani müayinəyə dəvət olunur. Əyani müayinəyə gələrkən özü ilə mövcud xəstəliyinə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri ( məs: qərar, şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə-”İZ” formalı akt, həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətriməyi xahiş olunur. Əyani müayinəyə gəlmədiyi halda, iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəkdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-4175/2025 saylı xx.xx.2025-ci il tarixli qərarın 21-ci bəndində qeyd olumuşdur ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı əlillik altsistemindən əldə edilmiş məlumatlarına əsasən, əlillik vəziyyəti Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.2013-cü il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyin edilmiş diqanoz “Xroniki pielonefrit tez-tez kəskinləşmələrlə.Xroniki qastroduodenit, perferativ appendsit görə cərrahi əməliyyatdan sonrakı qarış boşluqların bitişmə xəstəliyi.Hissəvi bağırsaq keçməməzliyi ikinccili anemiya” olmuşdur. Əlillik təyinatlarının əsaslılığının müxtəliif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Ə-7373/2023 nömrəli məktub əsasında 22.04.2-2025-ci il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinəyə gətirilərkən sidiyə gedərkən yandırma hissindən, bəzən sidikdə qanın olmasından şikayət etmiş, xəstəliyinə aid yalnız uroloji USM müayinəsi təqdim etmişdir. DTSERA-da xx.xx.2025-ci il tarixində komissiya şəraitində müayinə edilmiş, həkim terapevtin müayinə nəticəsində “düzgün bədən quruluşuna malik olmuş, dəri və görünən selikli qişalar təmiz, adi rəngdə izlənilmiş, aşağı ətrafında ödem müşahidə edilməmiş, boy çəki defisiti aşkar edilməmişdir ( boy 165 ( yüz altmış beş) sm., çəki-81 kq ( səksən bir kiloqram), BKİ-29,8 kq/m2). Xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmalarını aşkar etmək üçün, DTSERA-da Uroloji USM, qanın ümumi analizi və qanın biokimyəvi (qanda kreatinin) analizlərinə istiqamətləndirilmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər, əyani və instrumenatl müayinə nəticələrinə əsasən, hazırda xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilmədiyindən, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2025-ci il tarixdən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli xxxxxxx0002 nömrəli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik verilməsindən imtina edilmişdir. Qərar barədə Agentliyin 3-17-4/2-Ş-15354/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə İddiaçı bildirilmişdir ki, barəsində xx.xx.2025-ci il tarixdən diaqnozun əlillik əlaməti təyin etməməsi qərarı qəbul edilərək, qüvvədə olan əlilliyi ləğv edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: ... Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.7. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X3 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X3 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. ... Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə” ... Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. ... Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. MƏHKƏMƏNİN MÖVQEYİ İşin faktiki hallarından müəyyən edilir ki, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçı onun əlilliyinin təyininə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Cavabdeh də iddiaçının əlilliyin təyin ilə bağlı müraciətinə dair inzibati araşdırma apararkən ona əlilliyinin təyinindən istisna hallarını müəyyən etməmiş, əksinə əlilliyini təyini barədə qərar qəbul etmişdir. Bu isə o deməkdir ki, iddiaçının əlilliyinin təyini həyata keçirmişdir ki, iddiaçı həmin qərarın qəbul edilməsində qanunsuz müdaxiləyə yol verməmişə və etimadın qorunması hüququna istinadı istisna edən konkret hallar yoxdursa iddiaçının heç bir əsas olmadan əlilliyin ləğv edilməsinə dair inzibati icraatı başlaması və həmin inzibati icraat nəticəsində əlilliyi ləğv etməsi əsası yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Doğrudur inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmişdir ki, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır. Hazırkı iş üzrə materiallardan isə müəyyən edilir ki, əlilik təyinatının əsaslılığının iddiaçının xəstəlik vəziyyətinin obyektiv araşdırılması kimi əsasa istinad edilərək inzibati icraat başlanılmışdır ki, ümumiyyətlə ümumi xarakterli həmin ifadə altında inzibati icraatın öz təşəbbüsü ilə başlanılmasının zərurəti aydın deyil. Qeyd edilməlidir ki, cavabdeh həmin ad altında kütləvi olaraq bütün müddətli və müddətsiz əlilliklərin yoxlanılması kimi müstəsna səlahiyyətə malik olacaqdır ki, həmin hal etimad hüququnun qorunduğu hallarda əlilliyin istər müddətli təyin edilməsi, istərsə də müddətsiz təyin edilməsi xüsusiyyətinə uyğun gəlmir. Halbuki, cavabdehin şəxsin etimadının qorunduğunu nəzərə almaq kimi də vəzifə daşıyır ki, cavabdeh hazırda müddətsiz təyin edilmiş əlilliyi konkret hal müəyyən etmədən öz təşəbbüsü ilə araşdırmanın aparılması üçün əsas müəyyən etmədən ləğv etmişdir. Məhkəmə hesab edir ki, əlilliyin təyin edilməsi barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda təyin edilmiş əlilliyin olması açıq-aşkar müəyyən edilmişdir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdirsə onun cavabdehin istinad etdiyi, inzibati icraatın predmetindən kənar çıxmaqla aparmış inzibati icraat əlilliyin ləğvinə əsas yaratmır. Belə ki, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, öz təşəbbüsü ilə başladığı inzibati icraatda prosessual pozuntulara yol vermişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi əlilliyin ləğvi barədə qərarda istinad edilən əlillik təyinatlarının əsaslılığnın müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə bağlı əyani müayinəyə iddiaçı çağrıldığı, əyani müayinə zamanı onun xətəliyinin əlillik təyinatına əsas verən ağırlaşmaları olmadğı üçün əlillik təyinatı barədə qərar ləğv edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, inzibati icraatın inzibati orqanın öz təşəbbüsü ilə başlanılması mümkündür, lakin öz təşəbbüsü ilə icraatın başlanılması iddiaçı barəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə şübhə doğuracaq əsaslı şübhələrin mövcud olduğu hallarla bağlılığı zəruridir ki, məhkəmə həmin halların nədən ibarət olmasını iddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərlə yox məhz iddiaçı barəsində aparılan yeni inzibati icraat sənədlərində müəyyən etməlidir. Başqa sözlə cavabdeh iddiaçını əyani müayinəyə çağırarkən, hansı səbəbdən əlilliyin ləğv edilməsi məsələsinə baxdığını qeyd edərkən təkcə “müxtəlif risk qrupları üzrə araşdırılma” ifadəsi ilə kifayətlənməməli, istər iddiaçının əyani müayinəsinə cəlb edilməsi barədə sənədlərdə, öz təşəbbüsü ilə inzibati icraatın aparılması barədə sənədlərdə, ən əsası da iddiaçı barəsində əlverişli inzibati aktın ləğvinə əsas olmuş qərarda konkret olaraq iddiaçıya təyin edilmiş əlilliyin şübhə doğurma əsaslarını əsaslandırılmalıdır. Lakin, iş materiallarından görünür ki, “müxtəlif risk qrupları üzrə araşdırılma” ifadəsi istisna olmaqla cavabdehin öz təşəbbüsü ilə inzibati icraatın başlanılması səbəbləri barədə hər hansı məlumat mövcud olmamışdır. Təkcə iddiaçının əyani müayinəyə cəlb edilməsi barədə bildirişdə əlilliyin təyininə əsas olmuş qərarın düzgünlüyünə şübhə yaradan sübutların təqdim edildiyinə istinad edilmişdir ki, həmin sübutların nədən ibarət olması, qərarın düzgünlüyünə şübhə olunan hallar barədə də heç bir məlumat mövcud olmamışdır. Başqa sözlə inzibati orqan reallıqda həqiqiliyi istisna edilməyən halları özlüyündə müəyyən edərək heç bir rəsmiləşmə aparmadan canlı müayinəyin keçirilməsinə çalışmış, əyani müayinə zamanı iddiaçının xəstəliyi ilə bağlı əsaslı müayinə aparmadan şəxsin əlilliyinin səhv olması qərarına gəlmişdir. Halbuki, ən azından əlilliyin təyininin qanunsuz hesab edilməsi ilə bağlı qəbul edilmiş inzibati akt əsaslandırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Beləliklə iddiaçı barəsində təyin edilmiş əlilliyin ləğv edilməsinə dair öz təşəbbüsü ilə inzibati icraatın başlanılmasının konkret əsasları müəyyən edilməmiş, qəbul edilmiş əlverişsiz inzibati akt əsaslandırılmamış, iddiaçının əyani müayinədə iştirakı təmin edilsədə formal müayinə aparılmışdır. Bu səbəbdən də mübahisələndirilən qərarın ən azından prosessual baxımından qanuniliyindən söhbət gedə bilməz. Prosessual baxımından qanunsuz inzibati aktın qanuniliyindən isə “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbi baxımından söhbət gedə bilməz. X4 adlı şəxsin “İddiaçı xəstəliyinin olmaması” ilə bağlı müraciəti əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut hesab edilə bilməz. Beləliklə Məhkəmə hesab edir ki, cavabdeh diaqnoz əlillik əlaməti təyin etməməsi ilə bağlı inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamışdır. Əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi ilə bağlı isə Məhkəmə bildirir ki, iddiaçıya təyin olunmuş əlillik onun barəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilməklə dayandırıldığından, əllik məhz həmin tarixdən, bərpa olunmalıdır. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xxxxxxx0002 nömrəli, xx.xx.2025-ci il tarixli qərar ləğv edilsin. İddiaçı ümumi xəstəlik səbəbilə xx.xx.2013-cü il tarixdən müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar