Məhkəmə qərarları › İş №2-1(120)-4481/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4481/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4481/2024 31.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat X2 qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat X2 qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona yəni İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı gündən, yəni xx.xx.2012-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi siyahısında nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun tələblərinə uyğun olaraq, 20 noyabr 2012-ci il tarixdə 57 yaşı tamam olmuş və 30 il 5 ay 15 gün ümumi stajının 22 ilindən çoxunu əmək şəraiti zərərli işlərdə işlədiyini əsas tutaraq, ona bu şərtlərlə əmək pensiyasının təyin olunması barədə keçən 12 il ərzində həm şifahi və həm də yazılı müraciətləri nəticəsiz qalmış, əvvəllər bu məsələnin həlli barədə cavabdeh tərəfindən vədlər verilmiş, 2023-2024-cü illərdə isə mənə rəsmi imtina məktubu verilmişdir. 29 sentyabr 2023-cü il tarixdə güzəştli şərtlərlə ona pensiya təyin edilməsi ilə əlaqədar tələb olunan bütün hüquqmüəyyənedici sənədləri DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialma təqdim etmişdir və bu müraciətinə xx.xx.2023-cü il tarixdə “güzəştli şərtlərlə təyinatdan imtina haqqında” ünvanına cavab məktubu daxil olmuşdur. Cavab məktubunda imtinanın səbəbi işlədiyi 63 saylı SMD-nin əmr və əmək haqqı barədə kitabların Kürdəmir rayon Dövlət Arxivində olmaması ilə əlaqələndirilmişdir. Bundan sonra o, xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə, yəni iş stajının olması və həmin stajın güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı kimi müəyyənləşdirilməsi barədə ərizə ilə maraqlı şəxs qismində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cəlb etməklə Bakı şəhər Xətai rayon Məhkəməsinə müraciət etmişdir və Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(011)- 3087/2024 saylı qərardadı ilə onun DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə “iş stajı kimi müəyyənləşdirilməsi barədə” iş üzrə icraata mülki Məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, xitam verilmiş və ona aidiyyatı üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququmun olması izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilməklə, sonuncuya iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş 3-17-1-245918/2024 saylı, xx.xx.2024-cü il tarixli ərizədə göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Xüsusi Şərtlərlə Təyinat X2) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasında vətəndaşların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər) əsasən 57 yaşının tamam olduğu vaxtdan, yəni 29 noyabr 2012-ci il tarixindən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (112)-1180/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021 -ci il tarixli, 2-1(103)- 1763/2021 saylı qərarı ilə Bakı inzibati Məhkəməsinin 2-1(112)-1180/2021 saylı, xx.xx.2021- ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1 (102)- 1313/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1763/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Cavabdeh qeyd olunanlara əsasən iddianın mümkün hesab olunmaması barədə qərardad, işə mahiyyəti üzrə baxıldığı təqdirdə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, yeni sübutları olduğu-yəni itirmiş olduğu əmək kitabçasını iddia tələbinə Bakı İnzibati Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında baxılan zaman ondan asılı olmayan üzrlü səbəbdən təqdim edə bilmədiyi üçün əmək kitabçasını təqdim etməklə yenidən iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmədən qeyd olunan halları nəzərə alaraq iddianın mümkün sayılaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək, məhkəməyə təqdim olunmuş ərizəni müdafiə edərək, iddiaçının hazırkı tələbinə məhkəmə tərəfindən artıq bir dəfə münasibət bildirildiyi üçün iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1180/22021 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş: Bakı İnzibati Məhkəməsinin 2-1(120)-1180/2024 saylı, xx.xx.2021-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasında vətəndaşların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 9-cu maddəsinə ( güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər ) əsasən 57 yaşının tamam olduğu vaxtdan, yəni, 29 noyabr 2012-ci il tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(120)-1180/2024 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin olunmaması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1763/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1180/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1313/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1763/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qrəarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmaması və kassasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 15.4-cü bəndinə əsasən İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz;15.5-ci bəndinə əsasən İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir; 15.6-cı bəndinə əsasən Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qanunla nəzərdə tutulmuş qaydada İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah olunmuşdur ki, əmək kitabçasının tapılmasını yeni hal, yeni sübutların və ya halların aşkar olunması və həmin sübutların və ya halların ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması əsası ilə yeni hallarla bağlı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının Qərarın 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan tələb üzrə iddianın təmin olunmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan hazırkı iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar