Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-45/2021 05.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İslamov Tamerlan Cəlil oğlunun katibliyi, İddiaçı (İmişli şəhəri, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, ona məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddia tələbinə İmişli bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı ayrılmış İmişli şəhəri, T.İsmayılov küçəsinin sağ tərəfində Füzuli küçəsi ilə kəsişdiyi yerdə 450 kv/metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. Həmçinin İmişli rayonu İmişli bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, o, İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarına əsasən alqı-satqı yolu ilə İmişli şəhərinin T.İsmayılov küçəsinin Füzuli küçəsi ilə kəsişdiyi yerdə İmişli bələdiyyəsinə məxsus boş torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün 450 kv.m həyətyanı torpaq sahəsi almışdır. Bu barədə alqı-satqı aktı, torpaq sahəsinin arayışı, rəyi, xəritə-planı, aktı, memarlıq-planlaşdırma sənədi vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə xidmət haqqı köçürüb daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh təşkilat 10 dekabr 2019-cu il tarixli məktubu ilə cavab vermişdir ki, ərazi idarəsinin elektron məlumat bazasına əsasən sözügedən torpaq sahəsinin ictimai tikili üçün nəzərdə tutulmuş torpaq sahəsinə düşdüyü müəyyən edilmiş, müraciətin icrasına bir ay müddətinə dayandırma verilərək araşdırma üçün ƏMDK-nin Beyləqan Ərazi Şöbəsinə sorğu göndərilmişdir. Həmin şöbənin 05 dekabr 2019-cu il tarixli cavab məktubuna əsasən sözügedən torpaq sahəsi İmişli rayonunda yerləşən dövlət müəssisə və obyektlərinə məxsus dövlət torpaq sahəsi kimi qeydiyyata alınmamış, lakin həmin əraziyə bir neçə obyektin və yaşayış evinin giriş-çıxış qapısı açılması müəyyən edilmişdir. Cavabdeh təşkilat bunu əsas gətirərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, onun həmin daşınmaz əmlaka mülkiyyətini təsdiqi edən sənədləri vardır. Həm də həmin torpaq sahəsi rəsmi cavabda deyildiyi kimi dövlət müəssisə və obyektlərinin torpaq sahəsinə düşmür. Qeyd edilənlərə əsasən, İmişli şəhərinin T.İsmayılov küçəsinin Füzuli küçəsi ilə kəsişdiyi yerdə İmişli Bələdiyyəsi tərəfindən ona verilmiş 450 kv.m həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə vəzifə kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə, üçüncü şəxslər İmişli rayonu İmişli bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin, üçüncü şəxslər İmişli rayonu İmişli bələdiyyəsinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 10 dekabr 2019-cu il tarixli məktubda göstərilmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı Ərazi İdarəsinin elektron məlumat bazasına əsasən sözügedən torpaq sahəsinin ictimai tikili üçün nəzərdə tutulmuş torpaq sahəsinə düşməsi aşkarlanmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələbləri qaydasında müraciətinin icrasına 1 ay müddətinə dayandırma verilərək sözügedən məsələnin araşdırılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Beyləqan Ərazi şöbəsinə sorğu göndərilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Beyləqan Ərazi şöbəsinin 05 dekabr 2019-cu il tarixli ********** saylı cavab məktubuna əsasən sözügedən torpaq sahəsi İmişli rayonunda yerləşən dövlət müəssisə və obyektlərinə məxsus dövlət torpaq sahəsi kimi qeydiyyata alınmasa da həmin əraziyə bir neçə obyektin və bir fərdi yaşayış evinin girişçıxış qapısının açılması müəyyən edilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq «Daşınmaz Əmlakın dövlət reyestri» haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında İmişli şəhəri, Füzuli küçəsi, 10 ünvanında yerləşən 0,045 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 27 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli müraciətinin icrasından imtina edildiyi qeyd edilmişdir. İş materialında olan İmişli rayonu İmişli Bələdiyyəsinin 28 fevral 2020-ci il tarixli məktubundan görünür ki, Əsədov X2 bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarına əsasən alqı-satqı yolu ilə İmişli şəhərinin T.İsmayılov küçəsinin Füzuli küçəsi ilə kəsişdiyi yerdə İmişli bələdiyyəsinə məxsus boş torpaq sahəsindən fərdi yaşayış evi tikdirmək üçün 450 kv.m. həyətyanı torpaq sahəsi almışdır. Bu barədə alqı-satqı aktı, torpaq şöbəsinin arayışı, rəyi, xəritə-planı aktı, memarlıq-planlaşdırma sənədi verilmişdir. İddiaçı DƏDRX-nin 6 saylı Ərazi İdarəsinə xidmət haqqı köçürüb daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh təşkilat 10.12.2019-cu il tarixli məktubu ilə cavab vermişdir ki, ərazi idarəsinin elektron məlumat bazasına əsasən sözügedən torpaq sahəsinin ictimai tikili üçün nəzərdə tutulmuş torpaq sahəsinə düşdüyü müəyyən edilmişdir. Cavabdeh təşkilat bunu əsas götürərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Cavabdeh şəxsin imtinası əsassızdır. Belə ki, həmin torpaqda heç bir ictimai tikili nəzərdə tutulmamışdır. Həm də həmin torpaq sahəsi rəsmi cavabda deyildiyi kimi heç bir dövlət müəssisə və obyektlərinin sahəsinə düşmür. Tərəflərindən baxış keçirilmiş və orada yerləşən yaşayış yerinin giriş-çıxışı təmin olunduğu görülmüşdür. İş materialında olan İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı iclas protokolundan çıxarışa əsasən, İmişli şəhər sakini ünvan 3 ünvanda yaşayan X1 fərdi yaşayış evi tikmək üçün şəhərin T.İsmayılov küçəsində sağ tərəfdə, Füzuli küçəsi ilə kəsişdiyi yerdə İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə 450 kv.m. həyətyanı torpaq sahəsi satılmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İmişli rayon şöbəsindən torpaq sahəsinin alqı-satqı yolu ilə verilməsi üçün lazımi sənədlərin tərtibatının təmin edilməsi qərara alınmışdır. İş materialında olan «xxxx» MMC-nin mübahisə predmeti olan Daşınmaz əmlak haqqında 21 yanvar 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı alqı-satqı yolu ilə satılmış İmişli şəhəri, Füzuli küçəsi, 10 ünvanında yerləşən 0,045 ha torpaq sahəsinin sərhədləri müəyyən olunmuş, sözügedən torpaq sahəsinin hüquqi statusu – iddiaçıya ayrılarkən İmişli Bələdiyyəsinə məxsus olmuş heç bir məhdudiyyət (yüklülük) olmamış, iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri boyu mərzçəkmə nişanları qoyulmadığından ərazinin təqribi sərhədləri Bələdiyyənin təqdim etdiyi yerləşmə sxeminə əsasən qoyulmadığından ərazinin təqribi sərhədləri Bələdiyyənin təqdim etdiyi yerləşmə sxeminə əsasən hesablanmış, torpaq sahəsi naturada da 450 kv.m təşkil etmiş, torpaq sahəsi başqa şəxslərin adına qeydiyyata alınmamış, sözügedən torpaq sahəsi yerləşən ərazidə iddiaçı digər qonşuların hüquqlarını pozmur, həmin torpaq sahəsi hal-hazırda boşdur və heç bir tikili inşa edilməmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı alqısatqı yolu ilə satılmış İmişli şəhəri, Füzuli küçəsi, 10 ünvanında yerləşən 0,045 ha torpaq sahəsinin sərhədləri müəyyən olunmuş, sözügedən torpaq sahəsinin hüquqi statusu – iddiaçıya ayrılarkən İmişli Bələdiyyəsinə məxsus olmuş, iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri boyu mərzçəkmə nişanları qoyulmadığından ərazinin təqribi sərhədləri Bələdiyyənin təqdim etdiyi yerləşmə sxeminə əsasən hesablanmış, torpaq sahəsi naturada da 450 kv.m təşkil edir, torpaq sahəsi başqa şəxslərin adına qeydiyyata alınmamış, həmin torpaq sahəsi hal-hazırda boşdur və heç bir tikili inşa edilməmişdir. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilmədiyindən ekspert tərəfindən müqayisəli tədqiqatın aparılmasının mümkün olmadığı qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarına əsasən, İmişli şəhər sakini ünvan 3 ünvanda yaşayan X1 fərdi yaşayış evi tikmək üçün şəhərin T.İsmayılov küçəsində sağ tərəfdə, Füzuli küçəsi ilə kəsişdiyi yerdə İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə 450 kv.m həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Bundan sonra, torpağın alqı-satqısına dair akt tərtib olunaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsində 03.12.2007-ci il tarixdə 326 nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin həmin torpaq sahəsinə dair iddiaçının adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən sözügedən torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. Cavabdeh inzibati orqanın torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina dəlili ondan ibarətdir ki, əraziyə bir neçə obyektin və bir fərdi yaşayış evinin giriş-çıxış qapısı açılır. İmişli rayonu İmişli bələdiyyəsi 28 fevral 2020-ci il tarixli məktubunda bu dəlili təkzib etmişdir. Eyni zamanda ekspert rəyinə əsasən, İddiaçı alqı-satqı yolu ilə satılmış torpaq sahəsinin hüquqi statusu – iddiaçıya ayrılarkən İmişli bələdiyyəsinə məxsus olmuş, torpaq sahəsi naturada da 450 kv.m təşkil edir, torpaq sahəsi başqa şəxslərin adına qeydiyyata alınmamış, həmin torpaq sahəsi hal-hazırda boşdur və heç bir tikili inşa edilməmişdir. Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsi bələdiyyə qərarı və torpaqların alqı-satqısına dair akt əsasında iddiaçıya qanuni əsaslarla satıldığından iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka digər hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yenə həmin Qanunun 10.1-ci maddəsində göstərilir ki, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsində göstərilir ki, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Göründüyü kimi, bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsasdır və iddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə tələb olunan sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. Cavabdeh inzibati orqan isə qanuni əsas olmadan həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Belə ki, cavabdehin həmin imtina dəlili torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün kifayət deyildir. Ona görə ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı hazırkı vaxtadək etibarsız hesab olunmamış, hazırda qüvvədədir və tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Halbuki «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduğu halda cavabdeh hüquqların dövlət qeydiyyatına alınmasından imtina edə bilər. Cavabdeh «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən halların mövcudluğu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının müraciəti ilə bağlı ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq edən və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad) Göründüyü kimi, cavabdeh (inzibati orqan) yuxarıda qeyd olunan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin imtina qərarı kifayət qədər əsaslandırılmamış, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin imtinasının qanuni əsası olmadığından iddia təmin olunmalı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə İddiaçı İmişli şəhəri, T.İsmayılov küçəsinin Füzuli küçəsi ilə kəsişdiyi yerdə yerləşən 450 kv/metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulmalıdır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, İnzibati Prosessual Məcəllənin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin prosessual xərclər də göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 108.1-108.2-ci maddəsinə görə, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən, iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. İddiaçı iş üzrə prosessual xərclərin (məhkəmə xərci) ona aid edilməsini xahiş etdiyi üçün məhkəmə hesab edir ki, iddiaçının iddia qaldırması ilə əlaqədar ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu ona aid edilməli və ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutulmalıdır. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə İddiaçı İmişli şəhəri, T.İsmayılov küçəsinin Füzuli küçəsi ilə kəsişdiyi yerdə yerləşən 450 kv/metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulsun. İddiaçı iddia qaldırması ilə əlaqədar ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu ona aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutularaq X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba keçirilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-45/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-45/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver