Məhkəmə qərarları › İş №2-1(120)-4508/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4508/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4508/2024 09.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “vahid aylıq müavinətin ödənilməsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 09 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev qəsəbəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Füzuli Rayon icra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona və ailə üzvlərinə vahid aylıq müavinətlərin verilməsinin bərpa olunması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o və ailə üzvləri məcburi köçkündür. Məcburi köçkün kimi vahid aylıq müavinət alıblar. Dolanışıqları aşağı olduğu üçün vahid aylıq müavinət onlara maddi cəhətdən kömək olmuşdur. Ona və ailə üzvlərinə ödənilmiş vahid aylıq müavinətin verilməsi dayandırılmışdır. Bununla bağlı Füzuli Rayon İcra Hakimiyyətinə məktub ünvanlayaraq ödənişin dayandırılması barədə ona məlumat verilməsini xahiş etmişdir. Ona şifahi olaraq bildirilmişdir ki, adına daşınmaz əmlak -mənzil olduğu üçün ödənişin verilməsi dayandırılmışdır.Cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixində ona imtina məktubu təqdim edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin 2-1(120)-4508/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş 5-43/2-1042/2024 saylı, xx.xx.2024-cü il tarixli yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, İddiaçı və ailə üzvləri (Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” nın təsdiq edilməsi haqqında qərarının 2.1-ci (məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla)) bəndinə əsasən 2017-ci ildən vahid aylıq müavinət almırlar. İddiaçı və ailə üzvlərinin vahid aylıq müavinətlərinin bərpa olunması üçün müvafiq sənədləri Yağlıvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə aylıq hesabata əlavə olunaraq Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Sosial təminat və kommunsl xidmətlər şöbəsinə göndərilmişdir. Həmin sənədlərə sözügedən şöbədə baxılmışdır. Lakin, İddiaçı və ailə üzvilərinin vahid aylıq müavinətlərin bərpa olunması təlimatın 2.1. bəndinə əsasən məqsədəmüvafiq hesab edilməmişdir (əlavə olunur). İddiaçı 20 iyun 2023-cü il tarixdə Füzuli Rayon İcra Hakimiyyətinə özünün və ailə üzvilərinin vahid aylıc| müavinətlərinin bərpa olunması ilə bağlı müraciətinə xx.xx.2023-cü il tarixli, 5-43-10/2-Q-37- 073/2023 nömrəli məktubla cavab verilmişdir (əlavə olunur). Həmin cavab məktubunda İddiaçı izah olunmuşdur ki, özünün və ailə üzvilərinin vahid aylıq müavinətlərinin bərpa olunması üçün müvafiq sənədləri Yağlıvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliy tərəfindən xx.xx.2022-ci il tarixdə aylıq hesabata əlavə olunaraq Azərbaycan Respublikas Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Sosial təminat və kommuna xidmətlər şöbəsinə göndərilmişdir. Həmin sənədlərə sözügedən şöbədə baxılmışdır. Lakin İddiaçı və ailə üzvilərinin vahid aylıq müavinətlərin bərpa olunması təlimatın 2.1 bəndinə əsasən məqsədəmüvafiq hesab edilməmişdir. Əlavə olaraq məlumat üçün bildiririk ki, rayon sakinlərinə vahid aylıq müavinətin verilməsi və yaxud da bərpa olunması prosesində Rayon İcra Hakimiyyəti və inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən vətəndaşların bütün hüquqi sənədlərini hazırlayıb Azərbaycan Respublikası Qaçınların və X8 üzrə Dövlət Komitəsinin müvafiq Komissiyasına göndərilir. Müvafiq Komissiyada vətəndaşa vahid aylıq müavinətin verilib- verilməməsi barədə qərar qəbul edilir. Buna görədə İddiaçı və ailə üzvilərinin vahid aylıq müavinətlərinin bərpa olunması üçün müvafiq sənədləri Yağlıvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə aylıq hesabata əlavə olunaraq Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Sosial təminat və kommunal xidmətlər şöbəsinə göndərilmişdir. Həmin sənədlərə sözügedən şöbədə baxılmış, lakin, İddiaçı və ailə üzvilərinin vahid aylıq müavinətlərin bərpa olunması təlimatın 2.1. bəndinə əsasən məqsədəmüvafiq hesab edilməmişdir. Üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək və iddiasının təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AZE seriyalı 04715771 №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Füzuli rayonunda qeydiyyatdadır. AA0189827 seriyalı, AA3322633 seriyalı, AZE 15171186 №-li, AA ******* seriyalı şəxsiyyət vəsiqəslərinin surətlərindən və şəxsiyyət vəsiqələri barədə məlumatdan müəyyən olunur ki, X9, X10,X5 və X2 rayonu, Yuxarı Yağlıvənd Ərazi Dairəsi, Yuxarı Yağlıvənd kəndi ünvanında qeydiyyatdadırlar. Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA №260506, AA № 260507, AA N 394716, AA № 462811 AA № 462812 nömrəli məcburi köçkün vəsiqələrinin surətlərindən müəyyən olunur ki, İddiaçı, X4, X6, X3 və X14 məcburi köçkün statusunu təsdiq edən vəsiqələr verilmişdir. Füzuli Rayon İcra Hakimiyyəti Başçısının 8 saylı Qayıdış qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayədəsi tərəfindən verilmiş 5-43-53/2-171/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı 2003-cü il tarixdən Füzuli rayonu, 8 saylı Qayıdış qəsəbə 192 №-li evdə yaşayır. Məhkəmənin müvafiq sorğusuna əsasən: Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 3-36-3/2-3828/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı, X15, X5, X9 və X1 rayonundan məcburi köçkündürlər. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-48112/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı adına hazırda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məktuba əlavə olunmuş: xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinin surətindən müəyyən olunur ki, X11 ünvan 3 ünvanında yerləşən mənzili qardaşı İddiaçı bağışlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1801 nömrəli reyestr kitabının 165753 nömrəli vərəqində İddiaçı adına qeydə alınmışdır. xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı ünvan 5 ünvanında yerləşən mənzili X12 bağışlamışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, onun və ailə üzvlərinin vahid aylıq müavinətlərinin bərpa edilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə ünvanlanmış, baxılmaq üçün Rayon İcra Hakimiyyətinə göndərilmiş müraciəti Yağlıvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə araşdırılmışdır. Müəyyən edilmişdir ki, o və ailə üzviləri məcburi köçkün kimi vahid aylıq müavinət almışdır. Lakin, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən Füzuli Rayon İcra Hakimiyyətinə göndərilən adlarına kupçalı mənzil olan vətəndaşların siyahısında onun adına ev olduğu qeyd olunmuşdur. Ona görədə ona və ailə üzvlərinə verilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə müvafiq Təlimatın 2.1-ci (məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olmaqla)) bəndinə əsasən Yağlıvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən dayandırılmışdır. Onun və ailə üzvlərinin vahid aylıq müavinətlərinin bərpa olunması üçün müvafiq sənədləri Yağlıvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə aylıq hesabata əlavə olunaraq Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Sosial Təminat və kommunal xidmətlər şöbəsinə göndərilmişdir. Həmin sənədlərə sözügedən şöbədə baxılmışdır. Onun və ailə üzvlərinin vahid aylıq müavinətlərinin bərpa olunması təlimatın 2.1-ci bəndinə əsasın məqsədəmüvafiq hesab edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: (-); məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” Bu Qayda "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra - aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1.ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, "məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); (-).

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir:

2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla).

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məcburi köçkünlərə yemək xərci, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən aylıq müavinətin verilməsi və ödənilməsi ilə bağlı münasibətlər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” və digər normativ aktlarla tənzimlənir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallardan görünür ki, iddiaçıya və ailə üzvlərinə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə verilən vahid aylıq müavinət onun mülki-hüquqi əqd əsasında ayrıca yaşayış sahəsi əldə etməsi səbəbindən dayandırılmışdır. Qaydalara əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil olunmur. İstinad olunan normalar baxımından həmin müavinətin verilməsi üçün iddiaçıya münasibətdə məcburi köçkün statusu ilə yanaşı, həm də yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş digər şərtlər də ödənilmiş olmalıdır. İddiaçının həmin şərtlərə cavab verdiyi mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, məhkəmənin müvafiq sorğusuna əsasən təqdim olunmuş bağışlama müqaviləsindən və reyestrdən çıxarışın surətindən müəyyən olunur ki, iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbalayev küçəsi, ev 2 ünvanında yerləşən mənzili bağışlama müqaviləsi əsasında qəbul etdiyi sonrandan qəbul etdiyi mənzili bağışladığı müəyyən olunur. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar