Məhkəmə qərarları › İş №2-1(120)-4545/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4545/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4545/2025 10.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindən dəymiş maddi zərərin əvəzi olaraq 4900 manat, mənəvi zərərin əvəzi olaraq 26000 manat, cəmi 30900 manat məbləğində kompensasiya tutularaq ödənilməsi” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindən dəymiş maddi zərərin əvəzi olaraq 4900 manat, mənəvi zərərin əvəzi olaraq 26000 manat, cəmi 30900 manat məbləğində kompensasiya tutularaq ona ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 oktyabr 2024-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindən hərbi xidmətə yararlı hesab edilərək həqiqi hərbi xidmətə göndərilmişdir. Əvvəlcə N nömrəli hərbi hissədə, sonra isə N nömrali hərbi hissədə xidmət etmiş, 2025-ci ilin mart ayında müayinə edilərkən məlum olmuşdur ki, qanunsuz olaraq hərbi xidmətə göndərilmiş, müayinə zamanı ona sağ gözün keratokonusu 2-ci mərhələ, qeyri-düzgün astiqmatizmi, sol gözün mürəkkəb miopik astiqmatizmi nəticəsində görmə itiliyinin sağ gözdə 0,4-ə qədər azalması, korreksiya etmir, sol gözün görmə itiliyi 0,1 qədər azalması, korreksiya ilə 0,7 olmaqla, aşıq qayıqvari oynaqların ilkin mərhələ osteoartroz ilə fəsadlaşmış hər iki ayağın 2-ci dərəcəli boylama yastıayaqlılığı diaqnozu qoyulmuşdur. Hospital rəisi bu xəstəliyin anadangəlmə olduğunu, sağalmaz olduğunu və hərbi xidmətə aparılmağının qanunsuz olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixli tibbi şəhadətnaməyə əsasən “xəstəliklər cədvəlinin” 29b, 61Ç maddəsinin 2-ci qrafasma əsasən dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralı hesab edilməklə xx.xx.2025-ci ildə tərxis olunmuşdur. Ali təhsilli, Hərbi xidmətə aparılandək işləmiş və hər ay 700 manat əmək haqqı almış, qanunsuz olaraq hərbi xidmətə aparıldığı üçün işindən və əmək haqqından məhrum olmuşdur. Həmçinin xəstəliyini bildikdən və xidmətinin yarıdan çoxunu çəkdikdən sonra bu vəziyyətdə tərxis olunacağını bildikdə çox sarsıntı, mənəvi iztirab və gərginlik keçirmişdir. Belə olan halda cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon Şöbəsinə müraciət edərək həmin təşkilatın təqsiri ucbatından ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini xahiş etmiş, müraciətinə 1 aydan çoxdur ki, heç bir cavab verilməmişdir. Odur ki, inzibati orqanın hərəkətsizliyi ilə əlaqədar məhkəmədə iddia qaldırmalı olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin etirazında qeyd edilmişdir ki, iddiaçı 2024-cü ilin iyul çağırışına cəlb edilmiş, tibbi müayinəyə cəlb edilmiş, məcburi diaqnostik müayinələrdən keçmiş və onda olan xəstəliklərə uyğun olaraq tibb müəssisəsinə əlavə müayinəyə göndərilmişdir. Tibb müəssisəsi tərəfindən müayinə edildikdən sonra barəsində tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda qeyd olunan diaqnoza uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən İmişli rayon çağırış komissiyası tərəfindən “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinə təhvil verilmiş və müəyən müddət hərbi xidmət keçdikdən sonra, xx.xx.2025-ci il tarixdə Müdafiə Nazirliyinin hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətlədirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin İİ-qrafasının 29b, 61ç maddələri ilə "Dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövrün məhdud yararlı” hesab edilərək xx.xx.2025-ci il tarixdə müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçı çağırışçı kimi bütün zəruri tibbi müayinələrdən keçirilmiş, hərbi xidmətə yararlı hesab edilərək müddətli həqiqi hərbi xidmətə göndərilmiş və müəyyən müddət xidmət keçdikdən sonra hərbi vəzifəli kimi ehtiyata buraxılmışdır. Bununla da Xidmətin İmişli rayon şöbəsi çağırış zamanı iddiaçıya qarşı öz üzərinə düşən vəzifələrini lazımi həcmdə icra etmiş və bu səbəbdən maddi və mənəvi zərərə görə kompensasiya ödəmək öhdəliyi daşımır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən, ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət tibb müəssisələrinə həvalə olunmuşdur. İddiaçı X1 iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli, 8 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü əsgər X2 sağ gözün keratokonusu 2-ci mərhələ, qeyri-düzgün astiqmatizmi, sol gözün mürəkkəb miopik astiqmatizmi nəticəsində görmə itiliyinin sağ gözdə 0,4-ə qədər azalması, korreksiya etmir, sol gözün görmə itiliyi 0,1 qədər azalması, korreksiya ilə 0,7 olmaqla, aşıq qayıqvari oynaqların ilkin mərhələ osteoartroz ilə fəsadlaşmış hər iki ayağın 2-ci dərəcəli boylama yastıayaqlılığı diaqnozu qoyulmuşdur. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göründüyü kimi hazırkı iddia növ etibarı ilə AR İPM-nin 2.2.3-cü maddəsində göstərilən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin işin faktiki hallarından görünür ki, o cümlədən hazırkı iş üzrə məhkəməyə təqdim etdiyi sənədlər toplusundan aydın olur ki, qeyd olunan tələblə bağlı cavabdehə müraciət edilməmişdir. İnzibati icraat haqqında Qanunun: Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati məhkəmə icraatı üzrə məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı əhəmiyyət daşıyan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 703/2020 saylı İcmal məktubu da məhkəmə araşdırması və inzibati orqan tərəfindən həyata keçirilən araşdırmanın əhatəsi baxımından fərqləndirilməsinin zəruriliyini qeyd etmişdir. İcmal məktubunun məzmunundan aydın olur ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Ona görə də inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatın “İnzibati icraat haqqında” Qanunun və əlaqəli digər sahəvi qanunvericilik aktlarının tələblərinə uyğun aparılması təcrübəsinin yerləşməsinə və məhkəmə yanaşmaları ilə həmin icraatın keyfiyyətinin artırılmasına töhfə verməyə yönəlməlidir. Bu mənada “İnzibati məhkəmə icraatı haqqında” Qanunun 10-19-cu maddələrində inzibati orqanlar tərəfindən müraciətlərə baxılmasının ümumi prinsipləri təsbit olunmuş, 24-cü maddəsində isə işin bütün hallarının obyektiv araşdırılması, təqdim olunmuş sübutları toplamaq vəzifəsi nəzərdə tutulmuşdur. Burada digər mühüm prinsiplərə riayət etməklə bərabər, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmaq, habelə təqdim edilmiş sübutlarla bağlı olmadan öz təşəbbüsü ilə əlavə sübutlar toplamaq borcu da daxildir. Qeyd edilən normalara uyğun olaraq inzibati orqanın şəxslərin müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Bu həm də ona görə əhəmiyyət kəsb edir ki, maraqlı şəxs imtinanın faktiki və hüquqi əsaslarını, habelə onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavabda aydın görmək, bununla da cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olmalıdır. Odur ki, işə məhkəmədə baxılarkən inzibati orqanlarda mübahisənin düzgün həlli üçün lazımı araşdırmanın aparılıb-aparılmadığını və aidiyyəti sübutların toplanılıb-toplanılmadığını, eləcə də inzibati orqanın mübahisə üzrə bütün zəruri faktiki və hüquqi hallara münasibətini aydın şəkildə bildirib-bildirmədiyini müəyyən etmək üçün İPM-in 49,51-ci və 60-cı maddələrində təsbit olunmuş imkanlardan fəal istifadə edilməlidir. Buraya cavabdehdən faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi, eləcə də dəqiqləşdirmə tələb olunan müəyyən halların izah olunmasını tələb etmək və bu məqsədlərlə müvfiq müddətlər üçün təyin etmək də daxildir. Bununla da, öz vəzifələrini tam həcmdə yerinə yetirmək üçün məhkəmələrə maraqlı şəxsin müraciəti ilə bağlı həmin inzibati orqanda aparılmış araşdırmanın bütün materiallarının (məhkəməyədək inzibati icraat materiallarının) cavabdehdən tələb edilməsi tövsiyə edilir. İnzibati orqanın imtinasının qanuniliyinə qiymət verilməsi üçün məhkəməyədək aparılmış inzibati araşdırma materialları təqdim edilmədikdə, yaxud təqdim edilmiş materiallardan şəxsin müraciəti üzrə “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmaqla zəruri araşdırmanın aparılmadığı, formal əsaslarla imtina olunduğu müəyyən edildikdə, bu hallar inzibati orqanın hərəkətsizliyi kimi qiymətləndirilə və hər bir konkret işin hallarından asılı olaraq həm İPM-nin 33.3, 33.4-cü maddələrində, həm də Məcəllənin 73.2 və 73.3-cü maddələrində müəyyən edilmiş hüquqi vasitələrdən istifadə edilə bilər. Göründüyü kimi inzibati məhkəmə icraatının aparılmasından əvvəl hazırkı növ iddialar üzrə inzibati icraatın aparılmasının zəruriliyi qanunvericiliyin konkret tələbidir ki, müraciətin səhv inzibati orqana ünvanlanması inzibati icraatın əsl cavabdeh tərəfindən aparılmasını mümkün etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Göründüyü kimi iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olub-olmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Halbuki, Plenum Qərarında ortaya qoyulan mövqe konkretdir. Konkret halda iddiaçının hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə iddianın qeyd olunan hissəsi hüquqi müdafiəyə ehtiyacdan söhbət gedə bilməz. Hüquqi müdafiəyə ehtiyac yoxdursa, deməli iddia da mümkünsüzdür. Digər hissə də, iddiaçının tələbinin qeyri-müəyyən olması ilə bağlı olmuşdur. Belə ki, iddiaçıya hüquqi yardım edilərək tələbinin qeyri-müəyyən olduğu, hüquqi marağının müəyyən edilə bilmədiyi izah olunmuş və hüquqi yardım məktubuna münasibət bildirməsi xahiş olunmuşdur. Hüquqi yardım məktubu iddiaçı tərəfindən poçt xəbərnaməsinə imza edərək qəbul etməsinə baxmayaraq münasibət bildirilməmişdir. Qeyd edilən hallar iddia tələbinin mümkün sayılmaması üçün əsas hesab olunmuşdur. Beləliklə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya zəruri sənədlərin məhkəmə təqdim olunması ilə bağlı 26 dekabr 2025-ci il tarixli məktubla vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin iddiaçı hüquqi yardım məktubunu xx.xx.2026-cı il tarixdə poçt xəbərnaməsinə imza edərək qəbul etməsinə baxmayaraq, müvafiq sənədi (imtina məktubu və ya müraciət ərizəsinin inzibati orqana göndərilməsini təsdiq edən poçt qəbzi) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindən dəymiş maddi zərərin əvəzi olaraq 4900 manat, mənəvi zərərin əvəzi olaraq 26000 manat, cəmi 30900 manat məbləğində kompensasiya tutularaq ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İddiaçıya bir daha izah olunur ki, ilk öncə hüquqi marağını müəyyən etməli, hüquqmüəyyənedici sənədləri və sübutları ilə birlikdə düzgün ərizə ilə müvafiq orqana rəsmi müraciət etməlidir. Tələbindən imtina olunacağı təqdirdə düzgün iddia ərizəsi və sübutları əlavə etməklə məhkəməyə müraciət etmək hüququ vardır. Həmçinin iddiaçı onun hərbi xidmətə yararlı hesab edilməsi barədə yekun tibbi rəyin və qərarın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verildiyini də nəzərə alaraq qeyd edilən inzibati orqana dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədə ərizə ilə müraciət etmək hüququ da vardır. (iş üzrə cavabdehin etiraz məktubunda qeyd edilən hallar dəqiq qeyd edildiyindən məhkəmə əlavə hüquqlarının izah edilməsini zəruri hesab etmir) Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16, 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindən dəymiş maddi zərərin əvəzi olaraq 4900 manat, mənəvi zərərin əvəzi olaraq 26000 manat, cəmi 30900 manat məbləğində kompensasiya tutularaq ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar