Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4558/2024 22.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Ağcabədi Rayon Yol Polisi İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokolu ləğv edərək işin icraatına xitam verilməsi” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Ağcabədi Rayon Yol Polisi İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokolu ləğv edərək işin icraatına xitam verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon məhkəməsinin İXP ******* saylı iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsilə təqsirli bilinərək barəsində inzibati cərimə tənbehi tətbiq edilərək 500 manat cərimə edilmişdir. Hesab edir ki, mübahisələndirilən qərar qanunsuz və əsassızdır. Hələ ki, o vətənpərvərlik hislərinin yüksək olmasından, vətəninə, torpağına bağlı olduğundan qürur hisləri ilə birinci dəfə bayraqdan istifadə etmişdir. Səmimi peşmançılığını bildirsə də bu və ya digər əsaslara görə hesab edir ki, işin icraatına xitam verilməli idi. Əslində bu əməlin qanunsuz olduğunu bilməmişdir. Eyni zamanda qərarda məhkəmə iclasında söylədiyi ifadələr təhrif edilmiş şəkildə göstərilmişdir. Həmçinin onun məhkəmədən xahişi göstərilənləri nəzərə alaraq işin icraatına xitam verilməsini qərarda göstərməmişdir. Qeyd edilənləri nəzərə alaraq Ağcabədi Rayon Yol Polisi İdarəsinin İXP ******* saylı, xx.xx.2024cü il tarixli protokolu ləğv edərək işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli hüquqi yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki,iddiaçı Ağcabədi Rayon Yol Polisi İdarəsinin İXP ******* saylı,xx.xx.2024-cü il tarixli protokolu ləğv edərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırki tələb inzibati xətalara dair işlər üzrə icraat hesab edildiyindən, inzibati icraat qaydasında deyil, ümumi (rayon, şəhər) məhkəmələrində baxılmalıdr. Məhkəmə hesab edir ki, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. İş materiallarında olan Ağcabədi rayon Məhkəməsinin 3(017)-404/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İnzibati xətanı törətmiş İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət olmuş (bayraq) dövlət nəfinə müsadirə edilməklə barəsində 500 manat miqdarda inzibati cərimə tənbehi tətbiq edilmişdir. Həmin qərarın nəticə hissəsində iddiaçının 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermək hüququnun olduğu qeyd edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 70-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1 - 1.4-cü bəndləri) Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarında müəyyən olunur ki: 1.Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.4-cü bəndlərinin də tələbləri baxımından və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının müddəalarını rəhbər tutaraq hesab edir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından hazırki iddaya inzibatı deyil, mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı qeyd olunan iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrini rəhbər tutaraq İddiaçı 12 sentyabr 2024-cü il tarixli məktub ilə yuxarıda qeyd edilən hüquqi mövqeyə uyğun yardım etmiş, lakin iddiaçı müəyyən edilmiş vaxt ərzində (məhkəmə iclası gününə kimi) məhkəmənin hüquqi yardım məktubuna münasibət bildirməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “Ağcabədi Rayon Yol Polisi İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokolu ləğv edərək işin icraatına xitam verilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova