Məhkəmə qərarları › İş №2-1(120)-4560/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4560/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4560/2024 22.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Masallı rayonunun Bədəlan Bələdiyyəsinə qarşı “50 sot torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın mümkünlük məsələsinə 22 oktyabr 2024-cü il tarixdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Masallı rayonunun Bədəlan Bələdiyyəsinə qarşı “50 sot torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in tələblərinə uyğun olaraq mümkünlük məsələsinə baxılması üçün iclas təin edilmişdir. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun istifadəsində 50 sot torpaq sahəsi vardır və torpa sahəsinə dair müvafiq sənədlərin verilməsini cavabdeh orqandan tələb etsə də cavabdeh orqan onun ərizəsini təmin etməmişdir. Ona görə də məhkəməyə müraciət edir. Odur ki, 50 sot torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk öncə məhkəmə qeyd edir ki, iddia tələbi üzrə qanunvericiliyin normalarına uyğun olaraq müəyyən edilmiş mümkünlük şərtlərindən biri kimi, iddiaçı düzgün cavabdehə qarşı düzgün iddia tələbi ilə müraciət etməlidir.Belə ki, iş materiallarından və iddia tələbindən müəyyən edilir ki, hazırki cavabdeh iddia tələbinin yönələcə biləcəyi orqan deyil.Həmçinin həmin torpaq sahəsinin onun mülkiyyətində olması ilə bağlı hər hansı hüququmüəyyənedici sənədlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, iddiaçının hazırki tələblə bağlı hər hansı subyektiv hüququnun mövcudluğu və həmçinin cavabdehin əsl cavabdeh olmadığı müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən qanunvericiliyin normalarına əsasən, iddiaçı ilk öncə müvafiq tələblə inzibati orqana müraciət etməlidir. Həmin orqan onun müraciətinin təmin edilməsindən imtina etdiyi və ya hərəkətsizlik etdiyi halda o, məhkəmə müdafiəsi hüququndan istifadə edə bilərdi. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı hüquqi yardım edilmiş və məhkəməyə təqdim edilən xəbərnaməyə əsasən iddiaçı tərəfindən hüquqi yardımın alındığı qeyd edilmişdir. İddiaçı tərəfindən inzibati orqana müraciəti və tələbindən imtina olunması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmiş və heç bir münasibət bildirilməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə doğru müəyyən edilmiş cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. İddiaçı 50 sot torpaq sahəsinə müvafiq çıxarışın verilməsi ilə bağlı əmlakın yerləşdiyi Masallı rayonu üzrə aidiyyəti orqan olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Reyestr və Kadastr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etməlidir. Müraciəti əsasında onun 50 sot torpaq sahəsinə müvafiq çıxarışın verilməsindən imtina cavabı aldığı təqdirdə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Reyestr və Kadastr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıra bilər. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Masallı rayonu Bədəlan Bələdiyyəsinə qarşı “50 sot torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar