Məhkəmə qərarları › İş №2-1(120)-46/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-46/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-46/2020 27.02.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinə qarşı «sosial sığorta stajının müəyyən edilərək əlilliyə görə əməkpensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh 21 iyun 2019cu il tarixli **********3 nömrəli məktubla iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 may 20019-cu il tarixli, 178 saylı arxiv arayışında qeyd edilən illərin sığorta stajı kimi müəyyən edilərək, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı hesab edir ki, onun işlədiyi illər əmək stajı nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsi iddiaçıya 21 iyun 2019-cu il tarixli, **********3 saylı məktub göndərərək, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 3.1.1-ci bəndinə uyğun olaraq tələb olunan sığorta stajının əmək kitabçası ilə təsdiq olunmadığından, 1995-1996-cı illərdə “Nizami” kolxozunda olan iş stajının arxiv arayışı ilə təsdiq edildiyindən əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini, əlillik arayışını, ödəniş qəbzini, arxiv arayışını, yaşayış yerindən arayışını, cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və məhkəmənin sorğusuna əsasən məhkəməyə göndərilmiş Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin 13 dekabr 2019-cu il tarixli, **********6 nömrəli məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Biləsuvar rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş əlillik müayinəsinə dair çıxarışdan görünür ki, İddiaçı 09 mart 2018-ci il tarixdə ikinci dərəcəli əlillik təyin olunmuşdur. Məhkəmə iddiaçının əlill hesab olunduğu zaman (xx.xx.2019-cu il) qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci mаddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən ikinci qrup əlil şəxslərə (hazırkı iş üzrə iddiaçıya) əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması vacib şərtdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçası ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1998-xx.xx.2011-ci illərdə əmək fəaliyyəti məşğul olmuşdur. İş materiallarında olan 27 may 20019-cu il tarixli, 178 saylı arxiv arayışı ilə müəyyən olunur ki, 1995-1996-cı illərdə “Nizami” (1995-ci il üzrə adam günü 135, 1996-cı il üzrə adam günü 91) kolxozunda işləmişdir. Məhkəmənin sorğusuna əsasən göndərilmiş Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin 13 dekabr 2019-cu il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, Biləsuvar rayon Zəhmətabad kənd sakini İddiaçı sığorta stajı barədə sənədlərini təqdim edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsindən ötrü müraciət etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə TSEK tərəfindən İİ dərəcəli əlilliyi müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdən İddiaçı əmək pensiyası təyinatı üçün 7 il 8 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində 11040,00 manat pensiya kapitalı tələb olunur. İddiaçı 1995,1996-cı illərdə Nizami adına kolxozda, 1998-2011-ci illərdə İsmətli kənd orta məktəbində xadimə işlədiyi illər əlavə edilməklə 14 İİ 3 ay sığorta stajı, fərdi hesabının yığım hissəsində ümumilikdə 8849,66 manat pensiya kapitalı vardır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən yəni tələb olunan 11040,00 manatdan 2190,30 manat (114040,00 - 8849,66) az olduğundan ona əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Bu səbəbdən, onun iddiasının əsassız olduğunu nəzərə alıb ona əmək pensiyasının təyin edilməsinin mümkün olmaması barədə qərar qəbul etməyinizi xahiş edirik. Göründüyü kimi, iddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajını toplamamışdır. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olmadığından İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinə qarşı «sosial sığorta stajının müəyyən edilərək əlilliyə görə əməkpensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə»iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessal xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinə qarşı «1995-1996-cı illərdə “Nizami” kolxozunda işləməyinə dair 27 may 20019-cu il tarixli, 178 saylı arxiv arayışında göstərilən illərin sosial sığorta stajı kimi müəyyən edilərək, əlilliyə görə əməkpensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməsin. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar