Məhkəmə qərarları › İş №2-1(120)-4612/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4612/2025

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4612/2025 03.03.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “02 iyul 2004-cü ildən xx.xx.2013-cü il tarixədək mərhum anası X3 qulluq etməyinin əmək satjına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “02 iyul 2004-cü ildən xx.xx.2013-cü il tarixədək mərhum anası X3 qulluq etməyinin əmək satjına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvüləri ilə birlikdə Qaravəlli kəndində yaşayır. 01 iyul 1934-cü il təvəllüdlü mərhum anası X4 onun himayəsində olmuş və ona baxmışdır. Belə ki, anası yaşlı olduğu və müstəqil hərəkət edə bilmədiyi üçün rəhmətə getdiyi xx.xx.2013-cü il tarixədək ona qulluq etmişdir. Onun yeməyi, içməyi, həmçinin həkimləri və ya gətirilməsi və s. hamısını etmişdir. Mərhum anasına qulluq etməyi Kənd İcra Nümayəndəlliyin arayışıda təstiq edir. Hazırda yaşa görə pensiya təyin edilməsi üçün müraciət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona imtina məktubu göndərmişdir. Qeyd edilənləri nəzərə alaraq 02 iyul 2004-cü ildən xx.xx.2013-cü il tarixədək mərhum anası X3 qulluq etməyinin əmək satjına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçı tərəfindən təqdim edilmiş İmişli Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arayışına əsasən cəmi sığorta stajı 3 il 4 ay təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçilərin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - i$ə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarfna əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək (işə daxil olma və işdən azad olma əmrlərinin tarixi qeyd edilmədiyindən), xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixinədək (işə daxil olma əmrinin tarixində qaralama olduğundan), xx.xx.1982-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək (işdən azadolma əmrinin tarixi və nömrəsi qeyd edilmədiyindən), xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək (xx.xx.1991-ciil tarixindən işə daxil olması qeyd edilsə də, işdən azad olma barədə qeyd mövcud deyil) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən, 25 ildən az olduğuna görə) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli 2(036)-1893/2025 nömrəli qərardadı ilə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizənin qəbulundan iddianın yolverməzliyi səbəbindən imtina edilmişdir. Qeyd edilən maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin olunub. İddiaçının ümumi sığorta stajı İmişli Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışına əsasən cəmi 3 il 4 ay təşkil edir. Əmək kitabçasında qeyd olunan xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək (işə daxil olma və işdən azad olma əmrlərinin tarixi qeyd edilmədiyindən), xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixinədək (işə daxil olma əmrinin tarixində qaralama olduğundan), xx.xx.1982-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək (işdən azadölma əmrinin tarixi və nömrəsi qeyd edilmədiyindən), xx.xx.1991-ci i! tarixindən xx.xx.1992-ci il tarixinədək (xx.xx.1991-ci il tarixindən işə daxil olması qeyd edilsə də, işdən azad olma barədə qeyd mövcud deyil) olan dövrlərin doldurulma qaydası pozulduğundan və xx.xx.2004-cü il tarixindən xx.xx.2013-cü il tarixinədək mərhum anası X3 qulluq etmə dövrünü təsdiq edən sənədlər olmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. İddiaçı “02 iyul 2004-cü üdən 15 iyul 2013-cü il tarixinədək mərhum anası X5ma qulluq etməyinin əmək stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin oiunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikasının İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 613983 nömrəli ölüm haqqında şəhadətnamədənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin 08 ayının 05 günündə 395 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının Qaravəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 136 nömrəli arayışından görünür ki, İmişli rayon Qaravəlli kənd sakini İddiaçı anası X4 ilə bir təsərrüfatda yaşamaqla 2004- 2013-cü illər ərzində anasına baxmış və ona qulluq göstərmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)- 1893/2025 nömrəli qərardadı ilə İddiaçı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun hüququnun təsdiq olunması faktı ilə əlaqədar yaranmışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXXİ fəslinə əsasən xüsusi icraat qaydasında ümumi (rayon və ya şəhər) məhkəmələrdə baxılır. Bunun üçün iddiaçılar xüsusi icraat qaydasında aidiyyəti üzrə ümumi məhkəməyə (rayon və ya şəhər məhkəməsinə) müraciət etmək hüququndan istifadə edə bilər. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı 02 iyul 2004-cü ildən xx.xx.2013-cü il tarixədək mərhum anası X3 qulluq etməyinin əmək satjına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan 2004-cü ildən 2013-cü il tarixədək qulluq etmək faktının müəyyən edilməsinə dair işlər hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə aiddir. Odur ki, iddiaçının mərhum anasına 2004-cü ildən 2013-cü il tarixədək qulluq etmə faktının təsdiq olunmasına dair aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 25.3-cü maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30- 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Həmçinin iddiaçı məhkəmə prosesində qeyd edilənlərə əsasən ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etməli olduğu izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “02 iyul 2004-cü ildən xx.xx.2013-cü il tarixədək mərhum anası X3 qulluq etməyinin əmək satjına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar