Məhkəmə qərarları › İş №2-1(120)-462/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-462/2020

13.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-462/2020 13.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə qarşı «soyadının və adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 12.10.1982-ci il tarixdə Hacıqabul şəhərində doğulmuşdur. İddiaçı soyadını və adını «Baxşızadə Elşad»dan «İddiaçı»a dəyişdirmişdir. İddiaçı soyadını və adını «Baxşızadə Elşad» soyadına və adına dəyişdirmək üçün yenidən Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 12 dekabr 2019-cu il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq olunmuş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.3-cü bəndinə əsasən adın, ata adın və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) icazə verilmədiyini qeyd edərək, iddiaçının soyadının və adının dəyişdirilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ad və soyadının Baxşızadə Elşad ad və soyadına dəyişdirilməsinə dair Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinin üzərinə vəzifə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Baxşiyeva (Məmmədova) Aydan Həsən qızı ilə nikahda olsa da və nikahlarından bir uşağı olsa da, nikahları Hacıqabul Rayon Məhkəməsi tərəfindən pozulmuşdur. O, 2017-ci ildə adını və soyadını dəyişmək qərarına gəldiyindən 2017-ci ildə Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişdir və bir müddətdən sonra, yəni 11 sentyabr 2017-ci il tarixində adı və soyadı X4 Muxtara dəyişdirilərək ona yeni doğum haqqında şəhadətnamə verilmişdir. O, bunun əsasında yeni şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi almışdır. Bir qisim sənədinin dəyişdirilməsini isə əldə edə bilməmişdir. O, adının və soyadının dəyişdirilməsində səhv etdiyini anlayaraq əvvəlki adına və soyadına qayıtmağı üçün Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişdir. Ona imtina edilib, rəy verilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinin 24 fevral 2020-ci il tarixli münasibət məktubunda İddiaçı Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə qarşı «adın və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair icraatda olan 2-1(120)-462/2020 saylı iş üzrə 13.03.2020ci il tarixə saat 10:30-a təyin olunmuş məhkəmə iclasında üzrlü səbəblərə (iş yükünün çoxluğu) görə iştirak edə bilməyəcəklərini nəzərə alıb, iş üzrə məhkəmə iclasının iştirakları olmadan keçirilməsi xahiş edilərək, bildirilmişdir ki, İddiaçı adı və soyadı Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinin 14 noyabr 2017-ci il tarixli 248 saylı adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnaməsinə əsasən “Baxşızadə Elşad”-dan “İddiaçı”a dəyişdirilmişdir. İddiaçı 13 dekabr 2019-cu il tarixdə ərizə ilə yenidən Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə müraciət edərək, adını və soyadını “İddiaçı”-dan Baxşızadə Elşad”a dəyişdirilməsi barədə vəsatəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) icazə verilməməsi səbəbindən imtina edilmişdir. İddiaçı və cavabdeh Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnamənin, nikahın pozulması haqqında şəhadətnamənin və adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətlərini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin və Hacıqabul rayon Polis şöbəsinin məktubları əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Аli Məhkəməsinin Plenumu özünün «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 9.1-ci bəndində adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu qeyd etmişdir. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, qanunvericiliyə görə (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddələri) hər bir şəxsin öz adını və soyadını dəyişdirmək hüququ vardır ki, iş materiallarından görünür ki, iddiaçı qanunvericiliyin ona verdiyi bu hüquqdan istifadə edərək, soyadını və adını «Baxşızadə Elşad»dan «İddiaçı»a dəyişdirmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 05.02.2020-ci il tarixli 5/264 saylı məktubundan görünür ki, 12.10.1982-ci il təvəllüdlü İddiaçı 2016-cı ilədək X3, 2017-ci ilədək isə X1 qeydiyyatlardan keçir. O, E.B.Baxşiyev kimi 28.01.2015-ci il tarixdə, saat 04:25 radələrində X5 Aeroportunda «Sankt-Peterburq-Bakı» reysində DİN-nin 07.10.2013-cü il tarixdən «saxla» statusunda olduğu üçün (17.12.2012-ci il tarixdə «Gəncə-Moskva» reysi ilə getmişdir) saxlanılaraq X6 İdarəsinə təhvil verilmişdir. Hazırda iddiaçı soyadının və adının əvvəlki «Baxşızadə Elşad» soyadına və adına dəyişdirilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmçinin qeyd olunmalıdır ki, həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Həmin Qaydaların 6.25-ci bəndinə görə atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Həmin Qaydaların 6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə görə valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Məhkəmə mövcud qanunvericiliyin qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək hesab edir ki, cavabdeh Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinin “iddiaçının adının və soyadının dəyişdirilməsi”ndən imtinası qanuna zidd sayıla bilməz. Belə ki, ad və soyadın növbəti dəfə dəyişdirilməsi ilə bağlı qanunvericiliyin (Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların) nəzərdə tutduğu hallar iddiaçıya münasibətdə müəyyən edilmir. Başqa sözlə, məhkəmə cavabdehin hərəkətinin qanuna əsaslanmasını və inzibati aktı hansı norma əsasında qəbul etməsini yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 29.08.2019-cu il tarixli 2-1(102)-2535/2019 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, İddiaçı cavabdeh Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə qarşı «soyadının və adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

1. İddiaçı cavabdeh Sabirabad regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə qarşı «soyadının və adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməsin.

2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar