Məhkəmə qərarları › İş №2-1(120)-4630/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4630/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4630/2025 27.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1989-cu il tarixdə 237 nömrəsi ilə aparılmış doğum haqqında akt qeydinə düzəliş edilməklə, adının həmin qeyddə Samit kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı Cavabdehnə qarşı “xx.xx.1989-cu il tarixdə 237 nömrəsi ilə aparılmış doğum haqqında akt qeydinə düzəliş edilməklə, adının həmin qeydə Samit kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1989-cu il tarixdə Neftçala şəhərində anadan olmuşdur.Adının Samit olmasına baxmayaraq doğum haqqında akt qeydində müəyyən səbəblərdən adın səhvən Samir kimi qeyd edildiyini və doğum haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı Cavabdehnə ərizə ilə müracət etdiyini lakin ərizədən imtina edilmiş və məhkəməyə müraciət edilməsi izah edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı və Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə İddiaçın və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AzərbaycaN Respublikasının X4 KX-Seriyalı 001SS nömrəli şəhadətnamənin surətindən görünür ki, Adı və soyadı İddiaçı kimi qeyd edilmişdir. İş materiallarında olan XİV-ЖГ 416054 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxx 1989-cu ildə Neftçala rayonunda anadan olmuşdur (doğulmuşdur) valideynləri qrafasında atası X6, anası X9 göstərilmişdir. İş materiallarında olan AZ-İİİ №-862436 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2016-ci il ildə Neftçala rayonunda anadan olmuşdur (doğulmuşdur) valideynləri qrafasında atası İddiaçı, anası X7 göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İlk Peşə-İxtisas Təhsili Haqqında 15.07.11-ci il tarixli, AN 115124 nömrəli Diplomunun surətindən görünür ki, İddiaçı Neftçala Peşə Məktəbində İİİ-sinif traktorçu-maşinist 2-ci dərəcəli çilingər ixtisası almışdır. İş materillarında olan № ******* nömrəli Hərbi Biletdə adı və soyadı X1 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ №-862436 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2019-cu il ildə Neftçala rayonunda anadan olmuşdur (doğulmuşdur) valideynləri qrafasında atası İddiaçı anası X7 göstərilmişdir İş materiallarında olan A№-060837 nömrəli Azərbaycan Respublikası Təhsil Nazirliyinin Neftçala rayon Təhsil Şöbəsinin Neftçala şəhər 1 saylı orta məktəb Şəahdətnamənin surətindən görünür ki, adı və soyadı İddiaçı kimi qeyd edilmişdir. İş materiallarında olan B№-338618 nömrəli Azərbaycan Respublikası Təhisl Nazirliyinin Neftçala rayon Təhsil Şöbəsinin Neftçala şəhər 1 saylı orta məktəb Attestatının surətindən görünür ki, adı və soyadı İddiaçı kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-S-95/2024 nömrəli imtina məktubundan görünür ki, Cavabdehnə daxil olmuş xx.xx.2024-cü il tarixli doğum haqqında akt qeydində adınının “Samir”dən “Samit”ə dəyişiklik edilməsi haqqında ərizənizə baxılığını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar"a əsasən vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda qeydiyyat şöbəsinin rəyi əsasında qeydiyyat şöbəsi tərəfindən, belə əsaslar olmadıqda isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-594/2025 nömrəli məktubuna xx.xx.1989-ci ildə tərtib edilmiş 237 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, uşaq haqqında məlumat qrafasında X3 qeyd edilmiş, xx.xx.1989-cu il tarixdə Neftçala şəhərində anadan olmuş, atası X6, anası X2 qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə soyadınıı dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi Cavabdeh xx.xx.1989-ci il tarixli, 237 saylı doğum akt qeydində ad qrafasında adın “Samit” kimi yazılması və yeni doğum haqqında şəhadətnamənin dəyişdirilməsidir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan iddiaçının doğum haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin, və hərbi biletin, diplomun surətlərindən və iş materiallarına əlavə edilən digər sənədlərdən görünür ki, iddiaçının adı “Samit” kimi qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçının xx.xx.1989-cu il tarixli, 237 saylı doğum akt qeydində ad qrafasında adının “Samit” düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsini tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1989-cu il tarixdə 237 nömrəsi ilə aparılmış doğum haqqında akt qeydinə ad qrafasında adının “Samit”ə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı barəsində tərtib edilən xx.xx.1989-cu il tarixli, 237 nömrəli doğum haqqında akt qeydində ad qrafasında adının “Samit”ə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar