Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-465/2020 25.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı (Neftçala şəhəri, SMD-31, ev 11, mənzil 1-də yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdehin nümayəndəsi X2 (Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 15-də) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə qarşı əmək kitabçasında olan iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 27.11.1954-cü il tarixdə Neftçala rayonu, Prorva kəndində doğulmuş, Neftçala şəhəri, SMD-31, ev 11, mənzil 1-də yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 10 dekabr 2019-cu il tarixli, **********6 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.01.1995-ci il tarixdən 05.03.2002-ci il tarixədək “H.Z.Tağıyev” adına Balıq Kombinatında işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək cavabdehin üzərinə hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 25.06.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, 27.11.1954-cü ildə Neftçala rayonu, Prorva kəndində anadan olmuş, hazırda Neftçala şəhərində qeydiyyatda olmaqla orada yaşayır. Ümumilikdə 1971-ci ildən 2002-ci ilədək 30 ildən artıq əmək stajı vardır. Həmçinin 09.01.1995-ci il tarixdən 05.03.2002-ci il tarixədək “H.Z.Tağıyev” adına Balıq Kombinatında işləmişdir. Qeyd olunan iş stajı 22.05.1972-ci il tarixdə adına açılmış əmək kitabçası ilə təsdiq olunur. Yaşa görə əmək pensiyası təyin olunmasından ötrü Dövlət Sosial X4 rayon şöbəsinə rəsmi olaraq müraciət etmiş, lakin Dövlət Sosial X4 rayon şöbəsi tərəfindən ona 10.12.2019-cu il tarixli, **********6 nömrəli imtina məktubu göndərilərək ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, vətəndaşın əmək kitabçasında qeyd olunan 1995-2002-ci illəri əhatə edən sığorta stajı qarşılıqlı yoxlama zamanı “X5” ASC-də mühafizə olunan əmr kitablarına əsasən təsdiq olunmamışdır. Əmək haqqı cədvəllərinə baxış keçirərkən bu dövr ərzində cəmi 10 ay əmək haqqı almağı aşkarlanmışdır. İddiaçı əmək kitabçasına əsasən 1971-1994-cü illəri əhatə edən dövr üzrə sığorta stajı 21 il 02 ay 13 gün+1995-2002-ci illəri əhatə edən sığorta stajı 00 il 10 ay 00 gün=22 il 00 ay 13 gün təşkil edir. Odur ki, vətəndaşın 25 il sığorta stajı olmadığı üçün ona əmək pensiyasının təyin olunması qeyri mümkündür. Həmçinin əmək kitabçasında qeyd olunan 1995-2002-ci illəri əhatə edən sığorta stajı qarşılıqlı yoxlama zamanı yalnız 10 ay təsdiq olunduğu üçün vətəndaşın iddiasının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və əmək kitabçasının təsdiq edilmiş surətlərini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Neftçala rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Neftçala rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə qismən əsaslıdır. Belə ki, iddiaçı 27 noyabr 1954-cü il tarixdə doğulmuş və 27 may 2018-ci il tarixdə 63 yaş 6 ayı (1 iyul 2017-30 iyun 2018-ci il tarixlərdə kişilər üçün pensiya yaşı 63 il 6 aydır) tamam olmuşdur. İddiaçı 06.12.1971-ci il tarixdən 25.03.1998-ci il tarixədək iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 04425883 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 27.11.1954-cü il tarixdə Neftçala rayonunun Prorva kəndində anadan olmuş, Neftçala şəhəri, SMD-31, ev 11, mənzil 1də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus 22.05.1972-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 06.12.1971-ci il tarixdən 05.03.2002-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Dövlət Sosial X4 rayon şöbəsinin iddiaçıya ünvanladığı 10.12.2019-cu il tarixli, **********6 nömrəli məktubundan görünür ki, 08.10.2010-cu il tarixdə 4027 nömrəli şəhadətnamə ilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ bölməsinin 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Əmək kitabçası və hərbi bileti ilə birlikdə 01.01.2006-cı il tarixə 25 ildən çox sığorta stajı olmasına baxmayaraq son olaraq işdən çıxması 25.03.1998-ci il olduğu üçün, həmçinin İİİ.1998-2002-ci illərdə əmək haqqı cədvəllərində adının olmadığına görə həmin illərin sığorta stajına daxil edilməsi qeyri mümkündür və bununlada sığorta stajı 24 il 04 ay 23 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası “X5” ASC-nin məhkəməyə ünvanladığı 13.02.2020ci il tarixli, 01 nömrəli məktubunda qeyd edilmişdir ki, keçmiş “H.Z.Tağıyev” adına Balıq Kombinatının əmr kitablarına baxış zamanı İddiaçı 1995-2002-ci illərdə əmr kitablarında adına rast gəlinməmişdir. Əmək haqqı cədvəllərində isə İddiaçı 1995-ci ildə 3 ay, 1996-cı ildə 5 ay, 1997-ci ildə isə 2 ay əmək haqqı alması aşkarlanmışdır. İşdə olan Dövlət Sosial X4 rayon şöbəsinin məhkəməyə ünvanladığı 14.02.2020-ci il tarixli, **********6 nömrəli münasibətinə əlavə edilmiş Dövlət Sosial X4 rayon şöbəsinin pensiya sektorunun məsləhətçisi C.Nağıyevin, sosial sığorta sektorunun məsləhətçisi Y.Mirzəyevin, “X5” ASC-nin sədri B.Ağayevin iştirakı ilə tərtib edilmiş 11.12.2019-cu il tarixli aktdan görünür ki, İddiaçı sığorta stajı daxil edilən iş stajını yerində qarşılıqlı yoxlanılmış, İddiaçı 1995 və 2002-ci illərin əmr kitablarında işə daxil və azad olunma əmrlərinə rast gəlinməmiş, baxış keçirilən İddiaçı işdən 25.03.1998-ci il tarixdə 39 nömrəli əmrlə azad olunması təsdiq olunmuş, əmək haqqı cədvəllərinə əsasən 1995-ci ildə 03 ay, 1996-cı ildə 05 ay, 1997-ci ildə isə 02 ay işləməklə İddiaçı ASC-də cəmi sığorta stajı 10 ay təşkil edir. İşdə olan Dövlət Sosial X4 rayon şöbəsinin məhkəməyə ünvanladığı 20.05.2020-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı sığorta stajı tərəflərindən yenidən araşdırılaraq 11.12.2019-cu il tarixdə akt tərtib edilmiş, vətəndaşın sığorta stajı hərbi xidmət və əmək kitabçasında qeyd olunan 1971-1994-cü illəri əhatə edən dövr ilə birgə 21 il 02 ay 13 gün təşkil edir. Vətəndaşın əmək kitabçasında qeyd olunan 1995-2002-ci illəri əhatə edən sığorta stajı qarçılıqlı yoxlama zamanı “X5” ASC-də mühafizə olunan əmr kitablarına əsasən təsdiq olunmamışdır. Əmək haqqı cədvəllərinə baxış keçirərkən bu dövr ərzində cəmi 10 ay əmək haqqı almağı aşkarlanmışdır. İddiaçı əmək kitabçasına əsasən 1971-1994-cü illəri əhatə edən dövr üzrə sığorta stajı 21 il 02 ay 13 gün+1995-2002-ci illəri əhatə edən sığorta stajı 00 il 10 ay 00 gün=22 il 00 ay 13 gün təşkil edir. İddiaçı 22 il 00 ay 13 gün sığorta stajına əsasən pensiya kapitalı hüququ yarandığı 27.05.2018-ci il tarixə 15921,58 manat təşkil edir ki, bu kapitala görə hesablanan pensiya məbləği 15921,58:144=110,56 manatdır. Vətəndaşın hüququnun yarandığı tarixə minimum pensiya məbləği 116,27 manat olduğundan əmək pensiyaçısı kimi təyinatın aparılması qeyri mümkündür. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin 01.06.2020-ci il tarixli, 289 nömrəli arayışından görünür ki, 27.11.1954-cü il təvəllüdlü İddiaçı 08.11.1974-cü ildən 14.11.1976-cı ilə kimi SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. İşdə olan Dövlət Sosial X4 rayon şöbəsinin məhkəməyə ünvanladığı 11.06.2020-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı sığorta stajı hərbi xidmət və əmək kitabçasında qeyd olunan 1971-1994-cü illəri əhatə edən dövr ilə birgə 21 il 02 ay 13 gün təşkil edir. Həmçinin 09.01.1995-ci il tarixdən 25.03.1998-ci il tarixədək olan sığorta stajı 03 il 02 ay 16 gün təşkil edir. 06.12.1971-ci il tarixdən 25.03.1998-ci il tarixədək olan 24 il 04 ay 29 gün sığorta stajının vətəndaşın hüququ yarandığı 27.05.2018-ci il vəziyyətinə pensiya hüququ verir (17125,80:144=118,93). 2018-ci il vəziyyətinə minumum pensiya məbləği 116,27 manat təşkil edib. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçasını) təqdim etmişdir. Мəhkəmə 22.05.1972-ci il tarixli əmək kitabçasını iddiaçının 06.12.1971-ci il tarixdən 25.03.1998-ci il tarixədək əmək fəaliyyətində olduğu hissədə onun sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Belə ki, işdə olan 11.12.2019-cu il tarixli aktdan görünür ki, iddiaçı 25.03.1998-ci il tarixdə 39 nömrəli əmrlə işdən azad olunmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının 06.12.1971-ci il tarixdən 25.03.1998-ci il tarixədək əmək fəaliyyətində olduğu müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Həmin akta əsasən iddiaçının 25.03.1998-ci il tarixdən 05.03.2002-ci il tarixədək əmək fəaliyyətində olduğu müddət təsdiqini tapmadığından məhkəmə hesab edir ki, həmin illər sosial sığorta stajı kimi nəzərə alınmamalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının 06.12.1971-ci il tarixdən 25.03.1998-ci il tarixədək əmək fəaliyyətində olduğu müddətlə bağlı əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir.Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmənin qənaətinə görə iddiaçının 06.12.1971-ci il tarixdən 25.03.1998-ci il tarixədəkiş illəri və hərbi xidmət müddətini «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələbləri nəzərə alınmaqla, pensiya kapitalına çevirdikdə, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi müəyyən edilir. Başqa sözlə, iddiaçının 06.12.1971-ci il tarixdən 25.03.1998-ci il tarixədək olan 24 il 04 ay 29 gün sığorta stajını (hərbi xidmət müddəti nəzərə alımaqla) onun hüququ yarandığı 27.05.2018-ci il tarixə pensiya kapitalına çevirdikdə, 17125,80 manat təşkil edir ki, bu zaman iddiaçının yaşa görə əmək pensiya hüququ yaranır (17125,80:144=118,93, 2018-ci ildə minumum pensiya məbləği 116,27 manat təşkil etmişdir). Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia qismən təmin edilməli, İddiaçı 06.12.1971-ci il tarixdən 25.03.1998-ci il tarixədək iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinin üzərinə qoyulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 06.12.1971-ci il tarixdən 25.03.1998-ci il tarixədək iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə(Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-465/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-465/2020
25.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver