Məhkəmə qərarları › İş №2-1(120)-465/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-465/2021

08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-465/2021 08.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «doğum haqqında akt qeydinə düzəliş edilməsi» tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Təngərüd kənd icra nümayəndəliyində tərtib edilmiş xx xxxxxx 1951-ci il tarixli 44 saylı doğum haqqında akt qeydinə düzəliş edilərək “Alihəsən” adının “Rafael”, doğum yerinin Astara rayonu Vaqo kəndi kimi qeyd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən Cavabdehnə təqdim olunmuş, həmçinin tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçı və Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Cavabdeh tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 1843 nömrəli arayışdan görünür ki, X1 xx.xx.1951-ci ildə Astara rayon Təngərüd kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1951-ci il tarixdə Təngərüd KİN-də 44 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin qərarın 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 3 nömrəli qərarının 2.2-ci bəndində qeyd olunmuşdur ki,..” Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər”. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı və cavabdeh arasında olan münasibətlər mülki xarakter daşıyır. İddiaçı tələbində doğum haqqında akt qeydinə düzəliş edilərək “Alihəsən” adının “Rafael” kimi, doğum yerinin Astara rayonu Vaqo kəndi kimi qeyd edilməsini tələb etsə də, işin mahiyyətindən həmin qeydlərin düz olmamasının müəyyən edilməsinə dair ərizə olduğu məlum olur. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələrə mülki qaydada baxılmalıdır. Ona görə də İddiaçı nəzərinə çatdırılır ki, hazırkı tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən ümumi məhkəmələr Mülki Prosessual Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. Həmin Məcəllənin 305.1.7-ci maddəsində məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər sırasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçı xx.xx.2020-ci il tarixli məktubla hüquqi yardım olunsa da, İddiaçı münasibət bildirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «doğum haqqında akt qeydinə düzəliş edilməsi» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı «doğum haqqında akt qeydinə düzəliş edilməsi» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar