Məhkəmə qərarları › İş №2-1(120)-4650/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4650/2025

24.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4650/2025 24.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Neftçala Rayonu Xolqarabucaq Bələdiyyəsinə qarşı “Neftçala rayon Xolqarabucaq Bələdiyyəsi ilə 10 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə götürülməsinə dair imzalanmış 23 iyun 2021-ci il tarixli İcarə müqaviləsinin 5-ci bəndinə əsasən müəyyən olunmuş illik 10500 (on min beş yüz) manat icarə haqqının azaldırlması məqsədi ilə torpaq sahəsinin bir hektarına icarə haqqının 80 (səksən) manat müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Neftçala Rayonu Xolqarabucaq Bələdiyyəsinə qarşı “Neftçala rayon Xolqarabucaq Bələdiyyəsi ilə 10 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə götürülməsinə dair imzalanmış 23 iyun 2021-ci il tarixli İcarə müqaviləsinin 5-ci bəndinə əsasən müəyyən olunmuş illik 10500 (on min beş yüz) manat icarə haqqının azaldırlması məqsədi ilə torpaq sahəsinin bir hektarına icarə haqqının 80 (səksən) manat müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, tərəflər işin halları və mübahisənin vəziyyəti, həmçinin iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün 24 noyabr 2025-ci il tarixdə, saat 17:00-da məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Neftçala Rayonu Xolqarabucaq Bələdiyyəsi (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh Neftçala rayon Xolqarabucaq Bələdiyyəsi ilə 23 iyun 2021-ci il tarixli İcarə müqaviləsi bağlayaraq Neftçala rayon Xolqarabucaq kənd ərazisində bələdiyyəyə məxsus torpaq sahəsindən 10 ha sahəni 15 il müddətinə icarəyə götürmüşdür. İcarə müqaviləsi əsasında əldə etdiyi hüququ xx.xx.2021-ci il tarixli Çıxarışla da rəsmiləşdirmişdir. İcarə müqaviləsinin 5-ci bəndinə əsasən “icarəyə verən” “Neftçala rayon Xolqarabucaq Bələdiyyəsinə illik 10500 (on min beş yüz) manat icarə haqqını hər rübə 2625 (iki min altı yüz iyirmi beş) manat olmaqla ödəmişdir. Torpaq sahəsi onun istifadəsindədir. Əlavə olaraq bildirilmişdir ki, hazırda cavabdehlə imzalamış olduğu İcarə müqaviləsi əsasında ödənilməsi tələb olunan icarə haqqını ödəmək iqtidarında deyil. Torpaqdan əldə edə bildiyi gəlir icarə haqqını ödəməyə imkan vermir. Bununla bağlı cavabdehə müraciət edərək icarə haqqının azaldılmasını xahiş etmişdir. Lakin cavabdeh icarə haqqının azaldılması barədə müraciətinə imtina verərək bunun üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 10 ha olan torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində xx.xx.2021-xx.xx.2036-cı il tarixədək İddiaçı icarəyə verilməsi qeydə alınmışdır. İş materiallarında olan 23 iyun 2021-ci il tarixli İcarə Müqaviəsinin surətindən görünür ki, Neftaça rayonu, X1 rayonu, Xolqarabucaq kəndi ünvanında yerləşən ümumi sahəsi 10 ha olan torpaq sahəsi İddiaçı xx.xx.2036-cı il tarixədək icarəyə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iddiaçının iddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh Neftçala Rayonu Xolqarabucaq Bələdiyyəsinə qarşı “Neftçala rayon Xolqarabucaq Bələdiyyəsi ilə 10 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə götürülməsinə dair imzalanmış 23 iyun 2021-ci il tarixli İcarə müqaviləsinin 5-ci bəndinə əsasən müəyyən olunmuş illik 10500 (on min beş yüz) manat icarə haqqının azaldırlması məqsədi ilə torpaq sahəsinin bir hektarına icarə haqqının 80 (səksən) manat müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Məcəllənin 56-cı maddəsinin 4-cü bəndinə əsasən Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına. Həmin Məcəllənin 56-cı maddəsinin 5-ci bəndinə əsasən Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin qanunun 66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.6-cı maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Göründüyü kimi qanunvericilik hüquqi və fiziki şəxslər tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin əldə edilməsinin xüsusiyyətlərini müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələdirdiyi 23 iyun 2021-ci il tarixli İcarə müqaviləsinin 5-ci bəndinə əsasən müəyyən olunmuş illik 10500 (on min beş yüz) manat icarə haqqının azaldırlması məqsədi ilə torpaq sahəsinin bir hektarına icarə haqqının 80 (səksən) manat müəyyən olunmasından irəli gələn mübahisədir. İddiaçı ilə Neftçala rayon Xolqarabucaq Bələdiyyəsi rasında 10 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə götürülməsinə dair 23 iyun 2021-ci il tarixli İcarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq tərəflər birinin qarşısında müəyyən öhtəliklər götürmüşdürlər. Hazır ki, mübahisə Neftçala rayon Xolqarabucaq Bələdiyyəsinin publik hüquq sahədən irəli gələn hərəkət və ya hərkətsizliyindən irəli gələn hal deyil. Sırf icarə haqqının azadılmasını iddiaçı tələb etmişdir. İcarə haqqı isə iddiaçı ilə bələdiyyə arasında başqalnmış icarə müqavilənin 5-ci bəndində öz əksini tapmışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya xx.xx.2025-ci il tarixli, 2-1(120)-4650/2025 nömrəli məktub göndərilərək, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarını, yəni subyektiv hüququnun olmasına və yaxud cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulmasına dair sübutların təqdim edilməsinin zəruriliyi izah edilmişdir. Buna baxmayaraq iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, mübahisə cavabdehin publik hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə deyil, tərəflər arasında bağlanılmış müqavilə üzrə yaranan mübahisədir. Belə olan halda tələbə inzibati icraat qaydasında deyil, əqdlərdən irəli gələn mübahisə kimi mülki icraat qaydasında ümumi (rayon, şəhər) məhkəməsində baxılmalıdır. Hansı ki, həmin növ iddialar mülki icraatın predmeti olduğundan inzibati icraat qaydasında baxılması mümkün deyildir. Beləliklə, məhkəmə müəyyən edir ki, tərəflər arasında olan hüquq münasibəti inzibati xarakter daşımır, xüsusi hüquq münasibət kimi müəyyənləşdirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Neftçala Rayonu Xolqarabucaq Bələdiyyəsinə qarşı “Neftçala rayon Xolqarabucaq Bələdiyyəsi ilə 10 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə götürülməsinə dair imzalanmış 23 iyun 2021-ci il tarixli İcarə müqaviləsinin 5-ci bəndinə əsasən müəyyən olunmuş illik 10500 (on min beş yüz) manat icarə haqqının azaldırlması məqsədi ilə torpaq sahəsinin bir hektarına icarə haqqının 80 (səksən) manat müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Neftçala Rayonu Xolqarabucaq Bələdiyyəsinə qarşı “Neftçala rayon Xolqarabucaq Bələdiyyəsi ilə 10 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə götürülməsinə dair imzalanmış 23 iyun 2021-ci il tarixli İcarə müqaviləsinin 5-ci bəndinə əsasən müəyyən olunmuş illik 10500 (on min beş yüz) manat icarə haqqının azaldırlması məqsədi ilə torpaq sahəsinin bir hektarına icarə haqqının 80 (səksən) manat müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar