Məhkəmə qərarları › İş №2-1(120)-4651/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4651/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4651/2025 28.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Neftçala rayon Xolqarabucaq Bələdiyyəsinə qarşı “Neftçala rayon Xolqarabucaq Bələdiyyəsi ilə 16.82 ha torpaq sahəsinin10 ha hissəsini 15 il müddətinə icarəyə götürülməsinə dair imzalanmış xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinin 5-ci bəndinə əsasən müəyyən olunmuş illik 15030 manat icarə haqqının azaldılaraq torpaq sahəsinin bir hektarına icarə haqqının 80 (səksən) manat müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Neftçala rayon Xolqarabucaq Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala rayon Xolqarabucaq Bələdiyyəsi ilə 16.82 ha torpaq sahəsinin 10 ha hissəsini 15 il müddətinə icarəyə götürülməsinə dair imzalanmış xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinin 5-ci bəndinə əsasən müəyyən olunmuş illik 15030 manat icarə haqqının azaldılaraq torpaq sahəsinin bir hektarına icarə haqqının 80 (səksən) manat müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh Neftçala rayon Xolqarabucaq Bələdiyyəsi ilə 03 oktyabr 2021-ci il tarixli İcarə müqaviləsi bağlayaraq Neftçala rayon Xolqarabucaq kənd ərazisində bələdiyyəyə məxsus torpaq sahəsindən 10 ha. sahəni 15 il müddətinə icarəyə götürmüşdür. İcarə müqaviləsi əsasında əldə etdiyi hüququ xx.xx.2021-ci il tarixli Çıxarışla da rəsmiləşdirmişdir. İcarə müqaviləsinin 5-ci bəndinə əsasən “İcarəyə verən “ Neftçala rayon Xolqarabucaq Bələdiyyəsinə illik 15030 (on beş min otuz ) manat icarə haqqını hər rübə 3757 (üç min yeddi yüz əlli yeddi) manat olmaqla ödəmişdir. Torpaq sahəsi onun istifadəsindədir. Hazırda cavabdehlə imzalamış olduğu İcarə müqaviləsi əsasında ödnilməsi tələb olunan icarə haqqını ödəmək iqtidarında deyil. Torpaqdan əldə edə bildiyi gəlir icarə haqqını ödəməyə imkan vermir. Bununla bağlı cavabdehə müraciət edərək icarə haqqının azaldılmasını xahiş etmişdir. Lakin cavabdeh icarə haqqının azaldılması barədə müraciətinə imtina verərək bunun üçün məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Hazırki tələblə bağlı iddiaçıya xx.xx.2025-ci il tarixli, 2-1(120)-4651/2025 nömrəli məktubla yazılı və məhkəmə iclasında şifahi hüquqi yardım edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Neftçala rayon Xolqarabucaq Bələdiyyəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıyayazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi yəni hazırkı mübahisənin həlli üçün subyektiv hüququna dair və yaxud cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulmasına dair sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı hüquqlarını izah etmişdir. Buna baxmayaraq iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarı 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 6.1. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 6.2. Eyni faktiki və hüquqi hallara əsaslanmaqla torpağın ayrılmasına dair inzibati akt və müqavilə bir iddiada mübahisələndirildikdə, həm inzibati aktın, həm də müqavilənin ləğvinə və ya etibarsızlığına dair işə bir icraat daxilində inzibati məhkəmələrdə baxılmalıdır. Bundan fərqli olaraq, torpağın ayrılmasına dair inzibati akt deyil, inzibati aktın özünün qanuniliyi ilə bağlı olmayan əsaslarla yalnız müqavilə mübahisələndirildikdə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr icraatlarında olan işlərə baxarkən inzibati aktın və onunla əlaqəli olan müqavilənin birlikdə və ya ayrılıqda mübahisələndirilməsi məsələsini irəli sürülən dəlilləri nəzərə almaqla tərəflərlə müzakirə etməli və prosessual qənaətə nail olmaq üçün müvafiq hüquqi yardım göstərməlidirlər. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Neftçala rayon Xolqarabucaq Bələdiyyəsi ilə 16.82 ha torpaq sahəsinin 10 ha hissəsini 15 il müddətinə icarəyə götürülməsinə dair imzalanmış xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinin 5-ci bəndinə əsasən müəyyən olunmuş illik 15030 manat icarə haqqının azaldılaraq torpaq sahəsinin bir hektarına icarə haqqının 80 (səksən) manat müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iddiaçının tələbini yuxarıda qeyd olunan sübut və hüquq normaları ilə yanaşı, mövcud qanunvericiliyin aşağıda qeyd olunan hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Bələdiyyə torpaqlarının idarə edilməsi haqqındaAzərbaycan Respublikasının Qanunun 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiqmüqavilə ilə rəsmiləşdirilir. Həmin Qanunun 9.7-ci maddəsinə əsasən Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. Göründüyü kimi qanunvericilik hüquqi və fiziki şəxslər tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin əldə edilməsinin xüsusiyyətlərini müəyyən etmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, cavabdeh orqanla İddiaçı arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmış və müqavilə üzrə Neftçala rayon Xolqarabucaq kənd ərazisində bələdiyyəyə məxsus 21.16 ha torpaq sahəsinin 10 ha hissəsi İddiaçı 35 il müddətinə icarəyə verilmişdir. Hazırki tələb üzrə cavabdeh orqan tərəfindən iddiaçı barəsində hər hansı inzibati akt qəbul edilməmişdir. İddia tələbinin predmetindən görünür ki, İddiaçı cavabdehlə razılığa gələrək xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlamış, aralarında icarə müqaviləsi üzrə mülki münasibətlər yaranmışdır. Hazırda iddiaçı cavabdeh orqanla arasında bağladığı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 5-ci bəndi üzrə “illik 15030 manat icarə haqqını hər rübə 3757 manat olmaq şərti ilə hər növbəti ilin 15 noyabr tarixinə kimi ödəmə” barədə qeydi məhkəmədə mübahisələndirərək icarə haqqının məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının nəzərinə çatdırılır ki, məhkəmədə mübahisələndirdiyi icarə haqqının məbləğinin azaldılması ilə bağlı iddia tələbi cavabdeh orqanla bağlanmış icarə müqavilələri üzrə aralarında razılaşdıqları şərtdən, hüquq və vəzifələrdən irəli gəldiyi üçün mülki məhkəmə icraatı qaydasında müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. Belə ki, inzibati aktın özünün qanuniliyi ilə bağlı olmayan əsaslarla yalnız müqavilə mübahisələndirildikdə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır, həmçinin tərəflər arasında inzibati akt da mövcud deyildir. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verılənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Neftçala rayon Xolqarabucaq Bələdiyyəsinə qarşı “Neftçala rayon Xolqarabucaq Bələdiyyəsi ilə 16.82 ha torpaq sahəsinin 10 ha hissəsini 15 il müddətinə icarəyə götürülməsinə dair imzalanmış xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinin 5-ci bəndinə əsasən müəyyən olunmuş illik 15030 manat icarə haqqının azaldılaraq torpaq sahəsinin bir hektarına icarə haqqının 80 (səksən) manat müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar