Məhkəmə qərarları › İş №2-1(120)-4664/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4664/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4664/2025 02.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar X16 və İddiaçı2 cavabdeh Astara rayon İcra Hakmiyyətinə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarının və onun əsasında verilmiş “torpağın mülkiyyətə verilməsinə dair” JN-935A, KOD 80101004 saylı şəhadətnamənin ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçılar X16 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarının və onun əsasında verilmiş “torpağın mülkiyyətə verilməsinə dair” JN-935A, KOD 80101004 saylı şəhadətnamənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçıların nümayəndəsi-vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayon İcra Hakimiyyəti ilə əvəz edilməsini, iddia tələbinə “Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarının və onun əsasında verilmiş “torpağa mülkiyyətə verilməsinə dair” JN-935A, KOD 80101004 saylı şəhadətnamənin ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4664/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçıların olduğu kimi saxlanılması, cavabdeh qismində Astara rayon İcra Hakimiyyətinin tanınması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin cavabdeh sırasından çıxarılması, iddia tələbinə “Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarının və onun əsasında verilmiş “torpağa mülkiyyətə verilməsinə dair” JN-935A, KOD 80101004 saylı şəhadətnamənin ləğv edilməsi” kimi baxılması, X10, X13 və X14 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, İddiaçı1 Astara şəhəri Nəriman Nərimanov küçəsi ev 47-də qeydiyyatda olmaqla Astara şəhəri, Nəriman Nərimanov küçəsi, ev 41-də, digər İddiaçı2 isə Astara şəhəri, Nəriman Nərimanov küçəsi, ev 41-də qeydiyyatda olmaqla orada yaşayırlar (müvafiq yaşayış yerindən arayışlar iddia ərizəsinə əlavə edilir). İddiaçı1 uzun illərdir (1958-ci ildən) ki, qeyd etdiyi ünvanda yaşayır. İddiaçı1 qızı İddiaçı2 və oğlu X11 isə doğulandan orada yaşayırlar. Oradakı köhnə ev 1951-ci ildə X3 tərəfindən tikilmişdir. Daha sonra ünvan 1 ünvanında iki yeni fərdi yaşayış evi inşa olunmuşdur. İddiaçı1 2009-cu ildə, digər İddiaçı2 isə 2013-cü ildə həmin ünvanda fərdi yaşayış evləri tikmişlər. Son dövrlərə qədər iddiaçılar qeyd etdiyi ünvanda mübahisəsiz qaydada yaşasalar da, 2023-cü ildə X10, Abıyeva (Babayeva) Esmira Cavanşir qızı və X14 onlara qarşı Astara Rayon Məhkəməsində iddia qaldırmaqla cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən tutulmuş 0,12 hektar həyətyanı torpaq sahəsinin zəbtdən azad edilməsi, həmin torpaq sahəsində ayrı-ayrılıqda cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evlərinin, həmçinin maşın təmiri üçün quraşdırılmış emalatxananın və dəmir torla quraşdırılmış çəpərin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmin mülki iş hazırda Astara Rayon Məhkəməsində hakim İlqar Məmmədovun icraatındadır. Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı və onun əsasında verilmiş "torpağın mülkiyyətə verilməsinə dair” JN- 935A, KOD 80101004 saylı şəhadətnamə ilə Astara şəhərində yerləşən 0,24 ha həyatyanı torpaq sahəsi X20, Abdullayeva (Babayeva) Hökmürəvan Əhməd qızı, Abıyeva (Babayeva) Esmira Cavanşir qızı və X5 mülkiyyətlərinə verilmişdir (şəhadətnamə iddia ərizəsinə əlavə edilir). Hazırki mülki iş üzrə mübahisələndirilən həmin torpaq sahəsi ünvan 1 ünvanında yerləşir. X3 İddiaçı1 atası, digər İddiaçı2 isə babasıdır. X20 xx.xx.2005-ci il tarixində vəfat etmişdir. Üçüncü şəxslər Abdullayeva (Babayeva) Hökmürəvan Əhməd qızı, Abıyeva (Babayeva) Esmira Cavanşir qızı və X14 İddiaçı1 bacısı və bacısı qızları, digər İddiaçı2 isə xalası və xalası qızlarıdır. Uzun illər X3, həyat yoldaşı, həmçinin uşaqları Astara şəhərində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsində yaşasalar da, Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı və onun əsasında verilmiş “torpağın mülkiyyətə verilməsinə dair" JN-935A, KOD 80101004 saylı şəhadətnamədə iddiaçıların adları qanunsuz və əsassız olaraq qeyd edilməmişdir. Üçüncü şəxslər Abdullayeva (Babayeva) Hökmürəvan Əhməd qızı, Abıyeva (Babayeva) Esmira Cavanşir qızı və X1 Rayon Məhkəməsində iddia qaldırdıqdan sonra İddiaçı1 və İddiaçı2 bir neçə məhkəmə iclasında iştirak etsələr də, sonuncu məhkəmə iclasında inşa etdirdikləri evlərin yerləşdiyi torpaq sahəsinin (ata mülkünün) onların deyil, mərhum atasının və üçüncü şəxslərin adlarına rəslmiləşdirilməsindən məlumatlı olmuşlar. Sonuncu məhkəmə iclası 08 avqust 2025-ci tarixində keçirilmiş və məhkəmədə elan olunmuşdur ki, ekspertiza rəyinə əsasən iddiaçıların yaşadıqları torpaq sahəsi üçüncü şəxslərin adınadır və evləri sökülməlidir. Bundan sonra iddiaçılar iddia ərizəsini, ekspertiza rəyini və torpağa dair sənədlərin surətini məhkəmədən almış və “torpağın mülkiyyətə verilməsinə dair” JN- 935A, KOD 80101004 saylı şəhadətnamədə qanunsuz olaraq onların adlarının qeyd edilməməsini bilmişlər. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. Həmçinin qeyd edirlər ki, X20 vəfat etsə də, onun vəfatından sonra müvafiq Notariat orqanına müraciət edilməmiş və vərəsəlik işi açılmamışdır. Vərəsəliklə bağlı və uzun illər ünvan 1-də yerləşən 0,24 ha həyətyanı torpaq sahəsinin qanuni istifadəçiləri kimi iddiaçıların həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüquqları vardır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Astara rayon İcra Hakimiyyətinin (nümayəndəsi) və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin (nümayəndəsi) və üçüncü şəxslər X4, Abıyeva (Babayeva) Esmira Cavanşir qızının və X5 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaçılar X16 və İddiaçı2 iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları təqdim etməmişdir. Belə ki, iş materiallarında olan “torpağa mülkiyyət hüququna dair” JN-0031 seriyalı, KOD: 80109048 nömrəli Dövlət Aktının surətindən görünür ki, Astara rayonu Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0,45 ha torpaq sahəsi Kənd təsərrüfatı məhsulları istehsalı üçün X15, X2, X6, X7 və X8 verilmişdir. İş materiallarında olan “torpağa mülkiyyət hüququna dair” JN-935A, KOD:80101004 nömrəli dövlət aktından görünür ki, Astara rayonu Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 nömrəli qərarı ilə verilmiş 0,24 ha torpaq sahəsi X15, X2, X6 və X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1482/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərarının surətindən görünür ki, kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-246/2021 saylı, 29 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Astara Rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 1106 nömrəli Arayışının surətindən görünür ki, İddiaçı1 ünvan 2 ünvanı indiki H.Əliyev prospekti, ev 47 ünvanında qeydiyyatdadır. Hazırda ünvan 3 ünvanı indiki H.Əliyev prospekti, ev 41 ünvanında yaşayır. İş materiallarında olan Astara Rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 1116 nömrəli Arayışın surətindən görünür ki, İddiaçı1 xx.xx.1958-ci ildə H.Əliyev prospekti, ev 41 (keçmiş N.ünvan 5 ünvanında anadan olmuş, xx.xx.1985-ci ildə X17 ilə ailə həyatı qurmuş və həmin ünvanda yaşamışlar. X17 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həmin nigahdan İddiaçı2 xx.xx.1986-cı il ve X11 göstərilən ünvanda doğulmuş və hal-hazıradək həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Hazırda iddiaçılar X16 və İddiaçı2 cavabdeh Astara rayon İcra Hakimiyyətinə qarşı Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarının və onun əsasında verilmiş “torpağın mülkiyyətə verilməsinə dair” JN-935A, KOD 80101004 saylı şəhadətnamənin ləğv edilməsini tələb edir. İş materiallarında olan, iş üzrə zəruri cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmiş X10, Abıyeva (Babayeva) Esmira Cavanşir qızı və X14 məhkəməyə ərizə ünvanlayaraq Astara rayon Aqrar İslahat Komissiyasının qəbul edilmiş xx.xx.1999-cü il tarixli 18 saylı qərarından şikayət vermə müddətinin keçdiyini bildirərək, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdirlər. Məhkəmə müəyyən etdiyi işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinin yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Hazırkı halda, cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirilir. Lakin mübahisələndirilən qeydiyyat sənədlərində ifadə olunan hüquq inzibati akta – Aqrar İslahat Komissiyasının qərarına əsasən əmələ gəlmişdir və hüququn qeydiyyatı da həmin akta əsaslanır. Belə ki, qanuni istifadədə olan torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon aqrar islahat komissiyalarının qərarına əsasən verilmişdir. Bundan sonra torpaq sahiblərinə “torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmişdir. Hazırda Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə 0.45 hektar həyətyanı torpaq sahəsi verilmiş və JN-935A, kod 80101004 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. İddiaçıların mübahisələndirdiyi torpaq sahəsi rayon aqrar islahat komissiyasının qərarı ilə həll edilmiş məsələdir və Aqrar İslahat Komissiyasının qərarı (inzibati aktı) əsasında həyata keçirilmişdir. İddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım məktubu göndərilmiş, iddiaçı cavabdehin əsl olmayan cavabdehlə əvəz edilməsini, müvafiq qərarın ləğv edilməsini, həmçinin buraxılmış prosessual müddətin üzürlü hesab edərək bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər – tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edilən hüquq normalarının hazırki işin müəyyən edilmiş fakitiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri üçüncü şəxslərə Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı və onun əsasında verilmiş “torpağın mülkiyyətə verilməsinə dair” JN-935A, KOD 80101004 saylı şəhadətnamə əsasında məxsus torpaq sahəsinin iddiaçıya məxsus olmasına dair hüquq müəyyən edici sənədlərin mövcud olması və bundan sonra həmin torpaq sahəsi ilə üst-üstə düşməsi halı mövcud olmalıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçlarının hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən üçüncü şəxsə məxsus torpaq sahəsinin onlara məxsus torpaq sahəsinin üzərinə qeydiyyata alınsın. Bundan başqa məhkəmə qeyd edir ki, nəzərə alsaq İddiaçı1 Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı əsasında verilmiş “torpağın mülkiyyətə verilməsinə dair” JN-935A, KOD 80101004 saylı şəhadətnamədə adı göstərilən X12 varisidir onun payına münasibətdə subyektiv hüquqa malik olmuşdur. Lakin iş materialları ilə, həmçinin məhkəmə iclasında iddiaçıların və onlarının vəkilinin izahatlarında müəyyən edilir ki, iddiaçıların hüquqi marağı Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarına öz adlarının əlavə edilməməsindən və ya üçüncü şəxslərin adının qanunsuz olaraq həmin qərara əlavə edildiyindən ibarət olmuşdur. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir (maddə 5). “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir (maddə 3). İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir (maddə 4). Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir (maddə 7). Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir (maddə 8). Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir (maddə 9). Fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər (maddə 25). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş digər şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır (maddə 12). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir (maddə 13). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Qanunvericiliyə əsaslanaraq məhkəmə qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Rayon Aqrar İslahat Komissiyaları vətəndaşlara pay torpaq sahələrinin mülkiyyətə verilməsi ilə əlaqədar qərarlar qəbul etmişdir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar X9 və İddiaçı2 razılaşmadığı Astara rayon Aqrar İslahat Komissiyasının qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçı şikayət vermə müddətini ötürmüşdür. Eyni zamanda hazırda islahat işləri sona çatmış və iddiaçının qərarından narazı qaldığı müvafiq Aqrar İslahat Komissiyası ləğv olunmuşdur. Hüquq münasibətlərinin yarandığı zaman yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. Məhkəmə həmçinin qeyd edir ki, həm hazırki mübahisəyə tətbiq edilməli olan xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları baxımından, həm xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin müddəaları baxımından, həm də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından iddiaçılar X16 və İddiaçı2 hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1(102)-1103/20 nömrəli, xx.xx.2020-ci il tarixli 2-1(102)- 1577/2020 nömrəli və xx.xx.2020-ci il tarixli 2-1(102)-1225/2020 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Bundan başqa iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçılar X16 və İddiaçı2 islahatın aparıldığı zaman (xx.xx.1999-cu ildə) sağ olmuş və həmin ərazidə yaşamışdır. Yəni, islahat aparılan zaman razılaşmadığı halda aqrar islahat komissiyasının qərarına qarşı yuxarıda qeyd edilən müddətlərdə etiraz (şikayət) etmək imkanları olmuşdur. Lakin, göründüyü kimi belə bir mübahisə olmamış (əksini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir və bu halı tərəflər mübahisələndirməmişdir) və həmin qərar icra olunaraq mülkiyyət hüquqlarına dair şəhadətnamə tərtib edilmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, ümumiyyətlə cavabdehin daha doğrusu Astara rayon Aqrar İslahat Komissiyasının mübahisələndirilən inzibati aktın iddiaçıya rəsmi qaydada təqdim etmək vəzifəsi olmamışdır. Belə ki, həmin qərar iddiaçıya yönələn yəni iddiaçı üçün hər hansı hüquq və vəzifə yaradan inzibati akt olmamışdır. Odur ki, iddiaçının həmin qərardan sonradan xəbər tutmasını rəhbər tutaraq, qərardan şikayət vermə müddətini ötürmədiyini iddia etməsi və yaxud 26 (iyirmi altı) ildən artıq müddətdən sonra mübahisələndirməsi əsassızdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, 2-1(120)- 4664/2025 nömrəli hüquqi yardım məktubu göndərilsə də, o, hüquqi yardım məktubuna münasibət bildirmiş, lakin məhkəmə iddiaçıların prosessual müddətin bərpasına dair ərizəsini əsaslı hesab etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar X16 və İddiaçı2 cavabdeh Astara rayon İcra Hakmiyyətinə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarının və onun əsasında verilmiş “torpağın mülkiyyətə verilməsinə dair” JN-935A, KOD 80101004 saylı şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar