Məhkəmə qərarları › İş №2-1(120)-467/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-467/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-467/2022 19.04.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı «hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 19 aprel 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1968, 1969, 1970, 1971-ci illərdə Beyləqan rayon İkinci Aşıqlı kəndində fəaliyyət göstərən “Qələbə” kolxozunda yeniyetmə yaşlarında işlədiyi 4 ili, əyani təhsil aldığı 5 il 5 ayı, 5 nömrəli sovxozda işlədiyi 1 ili, Heyvandarlıq təsərrüfatında işlədiyi 7 il 6 ayı, X3 zavodunda işlədiyi 7 il 7 ayı, Meşə İdarəsində işlədiyi 7 ayı sığorta stajı kimi müəyyən edərək, 2006-cı ilədək cəmi 26 il 1 ay sığorta stajının olması faktını müəyyən edərək 63 yaşı tamam olduğu 11 may 2018-ci il tarixdən əmək pensiyası təyin olunması və həmin dövrlər qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbləri nəzərə alınmaqla cavabdeh kimi yaranan fərqin, pensiya qalığının hesablanması və birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “işlədiyi illərin sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “işlədiyi illərin və ali təhsil aldığı müddətin sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə Beyləqan rayonu İkinci Aşıqlı kəndində anadan olmuşdur və hal hazırda həmin kənddə yaşayır. Bildirir ki, 26 ildən çox sığorta stajı olduğuna görə əmək pensiyası almaq hüququ vardır. Lakin, ona qeyri-qanuni olaraq 130 manat sosial pensiya təyin edilmişdir. O, bu mövzuda 31 may 2021-ci il tarixdə ərizə yazaraq ƏƏSMN-nin tabeliyində DSMF-nun publik hüquqi şəxsin 10 saylı Regional Ərazi filialına müraciət etmişdir. Lakin ƏƏSMN-nin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona 25 avqust 2021-ci il tarixli, **********6 saylı məktubu ilə bildirmişdir ki, “Sizin ümumi stajınız 25 ildən az yəni, 17 il 5 aydır və buna görə əmək pensiyası təyin olunmasından imtina etmişlər”. Məktubda əlavə olaraq bildirilmişdir ki, “təqdim etdiyiniz ərizə və arxiv arayışı əsasında Beyləqan rayonu “Qələbə” kolxozundakı, X12 və X2 fəaliyyət dövrünüz əmək kitabçasında öz təsdiqini tapmadığına görə həmin dövrlər sğorta stajınıza əlavə edilməmişdir”. Bildirir ki, Beyləqan rayon Dövlət Arxivindən verilmiş 26 aprel 2021-ci il tarixli, 83 saylı Arxiv arayışından göründüyü kimi 1968, 1969, 1970, 1971-ci illərdə yeniyetmə yaşında, şagird kimi yay tətil aylarında və digər tətillərdə “Qələbə” kolxozunda işləmişdir. Həmin illərdə yeniyetmələr və şagirdlər üçün kolxozda minimum tələb olunan iş gününün sayı 2 ay yay tətilinin günlərinə bərabər tutulmuşdur. Yəni, şagird və yeniyetmə olduğu 1968, 1969, 1970, 1971-ci illərdə tələb olunan iş günü hər il üçün 60 gün olmuşdur. Odur ki, həmin illərdə faktiki iş günlərimin sayı 60 gündən yüksək olduğu üçün həmin illər onun üçün qanuni olaraq 4 il tam sğorta stajı kimi götürülməlidir. Bildirir ki, 5 il 5 ay əyani təhsil almışdır. Təhsildən sonra 21.08.1979-cu ildən 30.08.1980-ci ilədək Beyləqan rayon 5 nömrəli sovxozda işləmişdir. 01.11.1980-ci ildən 05.05.1988-ci ilədək Beyləqan rayon Heyvandarlıq Təsərrüfatı İdarəsində, 05.05.1988-ci ildən 01.01.1996-cı ilədək Beyləqan rayon X3 Zavodunda, 04.12.1997-ci ildən 01.07.1998-ci ilədək Beyləqan rayon Meşə İdarəsində işləmişdir. Beləliklə, 4 il Qələbə kolxozu + 5 il 5 ay əyani ali təhsil + 1 il 5 nömrəli sovxoz + 7 il 6 ay Heyvandarlıq Təsərrüfatında + 7 il 7 ay X3 Zavodu + 7 ay Meşə İdarəsində işləmişdir. Cəmi 4 il + 5 il 5 ay +1 il +7 il 6 ay +7 il 7 ay +7 ay =26 il 1 ay sğorta stajı var. Bundan əlavə 01.01.1996-cı ildən 10.01.1997-ci ilədək X3 zavodunda işləməyinə baxmayaraq əmək haqqı almamış və 10.01.1997-ci il tarixdən 534 saylı sərəncamla zavodun özəlləşməsi ilə əlaqədar işdən azad olunmuşdur. Beləliklə, əmək haqqı aldığı sğorta stajı 26 il 1 ay və əmək haqqı almadığı stajı 1 ildir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialına müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin, İddiaçı ümumi iş stajı əmək kitabçası və diplomuna əsasən ümumi sığorta stajı 20 il 08 ay 28 gün olmaqla qanunla tələb olunan müddətdən az olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin əsasən müraciətinin müsbət həlli mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İddiaçı 1968-ci il tarixdən 1971-ci il tarixədək və 1981-ci ildə Beyləqan rayon “Qələbə kolxozu”nda, 21.08.1979-cu il tarixdən 30.08.1980-ci il tarixədək Beyləqan rayon “5 nömrəli sovxoz”da, 04.12.1997-ci il tarixdən 01.07.1998-ci il tarixədək Beyləqan rayon “Meşə idarəsi”ndə işlədiyini iddia etdiyi illər əmək kitabçasında mövcud olmadığından həmin illərin onun əmək stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də X4 haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “X4 haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də nəzərdə tutulmuşdur. Maddələrin məzmunundan görünür ki, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı kolxozda işlədiyini iddia etdiyi dövrlərin tam il kimi sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1954-cü il tarixdə Beyləqan rayonu Aşıqlı kəndində anadan olmuş, Beyləqan rayon sabiq “Qələbə” adına kolxozda 1968-ci ildə 70 adam günü, 1969-cu ildə 91 adam günü, 1970-ci ildə 119 adam günü, 1971-ci ildə 107 adam günü; 1972-ci ildə 56 adam günü, 1981-ci ildə 4 adam günü işləmişdir. Beyləqan rayon sabiq “Qələbə” adına kolxozda cavan yeniyetmələr üçün 1968- 1971-ci və 1972-ci illərdə adam günləri minimum 60 gün, 1981-ci ildə kişilər üçün adam günləri minimum 200 gün müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Beyləqan rayon Dövlət Arxivinin 07.05.2021-ci il tarixli, 97 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 21.08.1979-cu il tarixli, 93 nömrəli əmrlə Beyləqan rayon 5 nömrəli sovxozun mərkəzi idarəsinin böyük iqtisadçısı vəzifəsinə təyin edilmiş, 30.08.1980-ci il tarixli, 97 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmiş və axırıncı haqq-hesab çəkilmişdir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Beyləqan rayon Dövlət Arxivinin 07.09.2021-ci il tarixli, 266 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 05.05.1988-ci il tarixli, 02 nömrəli əmrlə zavoda böyük mühasib vəzifəsinə təyin edilmiş, 14.05.1988-ci il tarixli, 04 nömrəli əmrlə ştat vahidi baş mühasib vəzifəsinə təyin edilmiş, 06.12.2001-ci il tarixli, 02 nömrəli əmrlə Qarışıq yem zavodu özəlləşməyə getdiyi üçün işdən azad edilmişdir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X13 Təsərrüfat Mərkəzinin 16.05.2021-ci il tarixli, 240 nömrəli arayışından görünür ki, İddiaçı keçmiş X6 04.12.1997ci il tarixli, 73 nömrəli əmri ilə X9 baş mühasib vəzifəsinə təyin edilmiş və X6 01.07.1998-ci il tarixli, 25 nömrəli əmri ilə tutduğu vəzifəsindən azad edilmişdir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Beyləqan rayon Dövlət Arxivinin 07.09.2021-ci il tarixli, 265 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Beyləqan rayon “X3 zavodu”nda işləmiş və 1988-ci ilin yanvar-avqust aylarında, eləcə də 1989-1990-cı illərdə əmək haqqı almışdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Beyləqan rayon Dövlət Arxivinin 13.01.2022-ci il tarixli, 14 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Beyləqan rayon “X3 zavodu”nda işləmiş və 1988-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarında əmək haqqı almışdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Beyləqan rayon Dövlət Arxivinin 26.04.2021-ci il tarixli, 84 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Beyləqan rayon “X3 zavodu”nda işləmiş və 1991-1995-ci illərdə əmək haqqı almışdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Beyləqan rayon Dövlət Arxivinin 01.02.2022-ci il tarixli, 1/15 nömrəli məktubundan görünür ki, Beyləqan rayon “Qələbə” kolxozu X5 rayon Dövlət Arxivinə təhvil vermədiyi üçün İddiaçı Beyləqan rayon “Qələbə” kolxozunda işləməsi barədə minimum adam günü norması barədə məlumat aşkar edilmədi, lakin Beyləqan rayonunda fəaliyyət göstərmiş “Kommunizm” kolxozunda minimum adam günü norması qeyd edilən 1985-ci il tarixli, 1 nömrəli İclas Protokoluna əsasən minimum adam günü qadınlar üçün 120, tək və çoxuşaqlı qadınlar üçün 90, kişilər üçün 200, cavan yeniyetmələr üçün 60 iş günü müəyyən edilmişdir. Bundan əlavə, iş materiallarında olan iddiaçıya məxsus 06.04.1979-cu il tarixli, ИТ-İ № ******* nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, 01.11.1980-ci il tarixli, 62 nömrəli əmrlə Jdanov (hazırda Beyləqan) təsərrüfatlararası heyvandarlıq sənaye birliyinə mühasib vəzifəsinə təyin edilmiş, 05.03.1981-ci il tarixli, 18 nömrəli əmrlə mühasib vəzifəsindən avtoyükləyici vəzifəsinə keçirilmiş, 01.02.1982-ci il tarixli, 06 nömrəli əmrlə avtoyükləyici vəzifəsindən baş iqtisadçı vəzifəsinə keçirilmiş, 30.04.1988-ci il tarixli, 27 nömrəli əmrlə baş iqtisadçı vəzifəsinin ləğv olunması ilə əlaqədar tutduğu vəzifəsindən azad edilmiş, 03.05.1988-ci il tarixli, 02 nömrəli əmrlə Jdanov (Beyləqan) X3 zavoduna böyük mühasib vəzifəsinə təyin edilmiş, 14.05.1988-ci il tarixli, 04 nömrəli əmrlə böyük mühasib vəzifəsindən baş mühasib vəzifəsinə keçirilmiş, 06.12.2001-ci il tarixli, 02 nömrəli əmrlə Jdanov (Beyləqan) X3 zavodu islahat ilə əlaqədar olaraq özəlləşməyə getdiyi üçün tutduğu vəzifəsindən azad edilmişdir. Bundan əlavə, iş materiallarında olan D-İ № 018064 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1973-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 09 fevral 1979-cu il tarixdə Azərbaycan Kənd Təsərrüfatı İnstitunda “Mühasibat uçotu üzrə iqtisadçı” ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 25.08.2021-ci il tarixli, **********6 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz 06.04.1979-cu il tarixində tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçanızın və diplomunuzun surətlərinə əsasən sizin ümumi sığorta stajınız 17 il 5 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12270 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növ keçirilməsi və ödənilməsi Qaydalan”nın 3.2.1-ci yarımbəndinə uyğun olaraq, 2006-cı il 01 yanvar tarixinədək olan iş stajı əmək kitabçası, 3.2.2-ci yarımbəndinə uyğun olaraq isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əlavə olaraq bildirirlər ki, təqdim etdiyiniz ərizə və arxiv arayışı əsasında Beyləqan rayon “Qələbə” kolxozundakı, “Qarışıq-Yem zavodundakı və X2 fəaliyyət dövrünüz əmək kitabçanızda öz təsdiqini tapmadığına görə həmin dövrlər sığorta stajınıza əlavə edilməmişdir. Qeyd olunanlara əsasən sizə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirirlər ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə 01.01.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat” haqqında Azərbaycan Respublikasının Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İddiaçının kolxozda və sovxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X4 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X4 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda və sovxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1968-ci il tarixdən 1972-ci il tarixədək və 1981-ci ildə Beyləqan rayon “Qələbə” kolxozunda, 21.08.1979-cu il tarixdən 30.08.1980-ci il tarixədək Beyləqan rayon 5 nömrəli sovxozda, eləcə də 04.12.1997-ci il tarixdən 01.07.1998-ci il tarixədək X2 əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Beyləqan rayon “Qələbə” kolxozunda və Beyləqan rayon 5 nömrəli sovxozda işlədiyi Beyləqan rayon Dövlət Arxivi tərəfindən verilmiş 26.04.2021-ci il tarixli, 83 nömrəli, 07.05.2021-ci il tarixli, 97 nömrəli və 11.01.2022-ci il tarixli, 12 nömrəli arxiv arayışları ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. İddiaçının “04.12.1997-ci il tarixdən 01.07.1998-ci il tarixədək Beyləqan rayon “Meşə İdarəsi”ndəki əmək fəaliyyəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X13 Təsərrüfat Mərkəzinin 16.05.2021-ci il tarixli, 240 nömrəli arayışı ilə təsdiqlənsə də, iddiaçının 04.12.1997-ci il tarixdən 01.07.1998-ci il tarixədək X7 və 03.05.1988-ci il tarixdən 06.12.2001-ci il tarixədək X1 Yem zavodunda işlədiyi illər üst-üstə düşür. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 1973-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 09 fevral 1979-cu il tarixdə Azərbaycan Kənd Təsərrüfatı İnstitunda “Mühasibat uçotu üzrə iqtisadçı” ixtisası üzrə tam kursu bitirmiş, eləcə də o, 02.12.1977-ci il tarixdən 02.04.1979cu il tarixədək Kirovabad (hazırda Gəncə) Toxuculuq Kombinatında yağlayıcı vəzifəsində işləmişdir. Əmək Pensiyaları haqqında Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Bu səbəbdən də, iddiaçının sosial sığorta stajı hesablanarkən staj kimi məhkəmə tərəfindən yalnız bir dövr hesaba alınmışdır. İş dövrlərinin secimi hüququ qanunvericiliklə iddiaçıya verildiyindən və seçim hazırda deyil, pensiya təyin edilməsi zamanı edilməli olduğundan məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər bütövlükdə onun sosial sığorta stajına daxil edilməli, lakin pensiya təyin edilən zaman onun seçimi ilə yalnız biri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının Beyləqan rayon sabiq “Qələbə” adına kolxozda işlədiyi 1968-1971-ci illər onun sosial sığorta stajına tam daxil edilməlidir. O, 1972-ci və 1981-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirmədiyindən iddiaçının həmin illərdə iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx xxxxxx 1954-cü il tarixdə anadan olmuş, onun yaşa görə əmək pensiyası almaq hüququ 11.05.2018-ci ildə yaranmışdır. İddiaçının 1968-1972, 1981-ci illərdə Beyləqan rayon sabiq “Qələbə” adına kolxozda, 21.08.1979-cu il tarixdən 30.08.1980-ci il tarixədək Beyləqan rayon 5 nömrəli sovxozda işlədiyi müddət, 04.12.1997-ci il tarixdən 01.07.1998-ci il tarixədək X7 işlədiyi müddət, ali təhsil aldığı müddət və əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının 1972-ci və 1981-ci illərə dair təqdim etdiyi arayışdakı məlumat iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «X4» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Beyləqan rayon Dövlət Arxivi tərəfindən verilmiş 22.01.2022-ci il tarixli, 12 nömrəli və 26.04.2021-ci il tarixli, 83 nömrəli arxiv arayışlarından müəyyən edilir ki, Beyləqan rayon sabiq “Qələbə” adına kolxozda 1972-ci ildə minimum adam günü norması cavan yeniyetmələr üçün 60 adam günü, 1981-ci ildə minimum adam günü norması kişilər üçün 200 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq iddiaçı 1972-ci və 1981-ci illərə münasibətdə minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Beyləqan rayon Dövlət Arxivinin 26.04.2021-ci il tarixli, 83 nömrəli arxiv arayışında göstərilən Beyləqan rayon sabiq “Qələbə” adına kolxozda 1968-1971-ci illərə dair iş stajı, 1972-ci və 1981-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, Beyləqan rayon Dövlət Arxivinin 07.05.2021-ci il tarixli, 97 nömrəli arxiv arayışında göstərilən 21.08.1979-cu il tarixdən 30.08.1980-ci il tarixədək Beyləqan rayon 5 nömrəli sovxozda işlədiyi müddət, 04.12.1997ci il tarixdən 01.07.1998-ci il tarixədək X7 işlədiyi müddət, ali təhsil illəri və əmək kitabçasında qeyd edilən iş illəri nəzərə alınmaqla, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı Beyləqan rayon Dövlət Arxivinin 26.04.2021-ci il tarixli, 83 nömrəli arxiv arayışında göstərilən Beyləqan rayon sabiq “Qələbə” adına kolxozda 1968-1971-ci illərə dair iş stajı, 1972-ci və 1981-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, Beyləqan rayon Dövlət Arxivinin 07.05.2021ci il tarixli, 97 nömrəli arxiv arayışında göstərilən 21.08.1979-cu il tarixdən 30.08.1980-ci il tarixədək Beyləqan rayon 5 nömrəli sovxozda işlədiyi müddət, 04.12.1997-ci il tarixdən 01.07.1998-ci il tarixədək X7 işlədiyi müddət, ali təhsil illəri və əmək kitabçasında qeyd edilən iş illəri nəzərə alınmaqla, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar