Məhkəmə qərarları › İş №2-1(120)-468/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-468/2022

04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-468/2022 04.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 qarşı “əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 qarşı iddia ərizəsi ilə müraciət edərək əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia onunla əsaslandırılmışdır ki, ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialının əmək pensiyası təyin edilməsi komissiyasının xx.xx.2021 -ci il tarixli, 301L7VVVV0001 saylı qərarı ilə “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 7 maddəsinə müvafiq olaraq təqdim olunan sənədlərə əsasən 25 il sığorta stajı təsdiq olunmadığına görə 1977-1979 və 1992-1999-cu illərin əmək haqqı sənədi pensiya təyin edilməsindən imtina edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialının əmək pensiyası təyin edilməsi komissiyasının xx.xx.2021-ci il tarixli qərarını qanunsuz və əsassız hesab edərək bu iddia ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Qərarda pensiyanın təyin edilməməsi üçün əsas kimi göstərilmiş 1977- 1979-cu illər üzrə göstərir ki, AR Milli Arxiv İdarəsinin Astara rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivinin 143/1 saylı, xx.xx.2021 -ci il tarixli arayışa əsasən Rəcəbov X7 “Kommunist” sovxozunda 1971-1974, 1986-1991, 1993-1995-ci illərdə işləmiş və əmək haqqı almışdır. Səfərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin xx.xx.2021 -ci il tarixli, 516 saylı arayışa görə xx.xx.1974-cü ildən xx.xx.1977-ci ilədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Əmək kitabçasına əsasən xx.xx.1977-ci ildə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1977-ci PMK-2 işə keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1977-ci ildə vəzifəsinə qəbul edilmişdir. Bunları Masallı rayon Dövlət Arxivinin 07 sentyabr 2021-ci il tarixli, 362 saylı arayışına görə xx.xx.1977-ci il tarixli 140/ saylı əmrlə, ”Lənkəransutikinti” trestinin Masallı rayonu ərazisində fəaliyyət göstərmiş sabiq” 26 saylı X2”nə (SMD), xx.xx.1977-ci ildən 5-ci dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1977-ci il tarixli 215/2 saylı əmrlə, 3-cü dərəcəli maşinist köməkçisi kimi, SMD-2-nin xx.xx.1977- ci il tarixli, 263 saylı məktuba əsasən, xx.xx.1977-ci ildən SMD-2-yə köçürülməsi ilə əlaqədar işdən azad edilmişdir. Astara rayon İcra Hakimiyyətinin Astara rayon Arxivinin 231/5 saylı, xx.xx.2021-ci il tarixli arayışa görə PMK (SMD)-2 idarəsinin arxiv sənədləri rayon arxivinə təhvil verilmədiyinə görə sözügedən məsələ ilə bağlı arxiv arayışı təıtib etmək imkan xaricində olduğu qeyd edilmişdir. xx.xx.1979-cu ildə Suvarma birliyində (Poliv) ekskuvatorçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı il tarixdə “Kommunist” sovxozuna köçürülmüşdür. Adına olan Əmək kitabçasındakı qeydiyyat da bunları təsdiq edir. Qərarda göstərilmiş 1992-1999-cu illərlə bağlı qeyd edir ki, adına olan əmək kitabçasına görə xx.xx.1986-cı il tarixdə “Kommunist” sovxozuna köçürülmüş, xx.xx.1986-cı il tarixdə YMZ-6BE markalı traktora traktorçu təyin edilmiş, xx.xx.1988-ci ildən YMZ - 6KL traktoru ona təhkim edilmiş, xx.xx.1999-cu ildə traktorçü vəzifəsindən azad edilmişdir. Astara rayon Dövlət Arxivinin 235/7 saylı, xx.xx.2021 -ci il tarixli arayışa görə sovxozun və Aqroserviz təşkilatının 1997- 2000-ci illərin əmək haqqı kitabları tam olmadığından İddiaçı Cahngir oğlunun həmin illərdə aldığı əmək haqqı cədvəlinin tərtib edilməsi mümkünsüzlüyü qeyd edilmişdir. Əmək kitabçasına əsasən xx.xx.2018-ci ildə Ərçivan bələdiyyəsində dalandar vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Ərçivan bələdiyyəsində dalandar vəzifəsindən azad edilmişdir. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 1.1-ci bəndində qeyd edilir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qeyd edilənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialının əmək pensiyası təyin edilməsi komissiyasının xx.xx.2021-ci il tarixli qərarınının qanunsuz və əsassız olduğu qeyd etdiklərini bir daha təsdiq edir. Bunlara əsasən həmin qərar ləğv edilərək İddiaçı əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından və cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatdan göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və onunla əsaslandırır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialına müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin Y.C.Rəcəbəvun iddia etdiyi xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək “Ərçivan Kommunist” sovxozunda işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı, xx.xx.1974-cü il tarixli əmək kitabçasında qeyd olunmuş xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək işləmiş olduğu Lənkəran su tikinti müəssisəsinin 26 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə və PMK-2 müəssisəsində işləməsi, əmr və əmək haqqlarının yoxlaması mümkün olmadığı, xx.xx.1979-cu il tarixdən 1986-cı il tarixədək işləmiş olduğu Astara Poliv İdarəsinə əmr və əmək haqqlarının yoxlaması mümkün olmadığı, ‘‘Ərçivan Kommunizm” sovxozunda işlədiyi müddətdə və sovxozun ləğvi ilə əlaqədar Aqroserviz təşkilatında mexanizator qəbul olunduğu müddətdə 1989-cu ildə 1 ay, 1992-ci ildə 12 ay, 1994-cü ildə 1 ay, 1995-ci ildə 7 ay, 1996-cı ildə12 ay, 1997-ci ildə 3 ay 15 gün əmək haqqı almadığı üçün üçün onun müraciətinin müsbət həlli mümkün olmamışdır. Lakin İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə baxılaraq müəyyən olunmuşdur ki, iddiaçının ümumi iş stajı 12 il 10 ay 15 gün olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Yəni iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6- 1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Lakin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, xx.xx.2006-cı il tarixədək olan sığorta stajına uyğun (12 il 10 ay 15 gün) sığorta kapitalı 16461,18 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İş materiallarından aydın olur ki, iddiaçının xx.xx.1971-ci il tarixdən 1xx.xx.1974-cü il tarixədək “Ərçivan Kommunizm” sovxozunda işlədiyi müddət əmək kitabçasında qeyd edilməmişdir. xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Lənkəran su tikinti müəssisəsinin 26 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə və PMK-2 müəssisəsində işləməsi, əmr və əmək haqlarının yoxlanılması, xx.xx.1979-cu il tarixdə Astara Poliv İdarəsinə işə qəbul olunma və 1986-cı il tarixdə sovxoza keçirilmə əmri və əmək haqqlarının yoxlanılması mümkün olmamışdır. Bu isə iddiaçının həmin müəssisələrdə işləməsi ilə bağlı olan sübutların qeyrimötəbər olduğunu təsdiq edir. Həmçinin, iddiaçının əmək kitabçasında qeyd olunmuş “Ərçivan Kommunizm” sovxozunda və və sovxozun ləğvi ilə əlaqədar 2Aqroserviz” təşkilatında mexanizator qəbul olunduğu müddətdə 1989-cu ildə 1 ay, 1992-ci ildə 12 ay, 1994-cü ildə 1 ay, 1995- ci ildə 7 ay, 1996-cı ildə12 ay, 1997-ci ildə 3 ay 15 gün əmək haqqı almamışdır (müəssisənin fəaliyyət göstərməsinə dair hər hansı bir sübüt yoxdur və sənədləri arxivə təhvil verilməmişdir). Həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Buna görə də hesab edirlər ki, həmin dövrlər (xx.xx.1971-xx.xx.1974, xx.xx.1977- xx.xx.1979, xx.xx.1979-1986, və 1989-cu ildə 1 ay, 1992-ci ildə 12 ay, 1994-cü ildə 1 ay, 1995-ci ildə 7 ay, 1996-cı ildə12 ay, 1997-ci ildə 3 ay 15 gün əmək haqqı almadığı müddət) sosial sığorta stajına daxil edilə bilməz. Odur ki, İddiaçı "yaşa görə əmək pensiyasının təyin edilməsi"nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şifahi məhkəmə iclasında izahatında iddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh (1 saylı X3) Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur və xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı, arxiv arayışındakı iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən 12 il 10 ay 15 günün (xx.xx.1974-xx.xx.1977-ci illərdə olduğu hərbi xidmət illərini, “Kommunizm” sovxozunda xx.xx.1986-xx.xx.1995-ci il tarixədək əmək haqqı aldığı müddəti və 2 il müddətə olan pensiya kapitalını) mübahisələndirilməyən illər kimi götürüldüyü və sosial sığorta stajına daxil edildiyi və iddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2021-ci il tarixdən yarandığı müəyyən edilmişdir. Cavabdeh imtina üçün 2 halı əsas götürmüşdür:

1. İddiaçının işlədiyini iddia etdiyi dövrləri təsdiq edən sənədlərin olmaması (15 il 03 ay 15 gün):

2. iddiaçının 25 il ümumi iş stajının toplamaması.

3. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması, xx.xx.2021-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, onun sovxozda, müəssisədə, təşkilatda işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən sovxozda, müəssisədə, təşkilatda işləməsini təsdiq edən sənəd qismində bəzi yerlərdə əmək kitabçası, digərlərində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arxiv arayışları təşkil edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003cü il –ci 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə qeyd etmək istəyir ki, vətəndaşın işlədiyi dövrü sosial sığorta stajına daxil edilməsi aşağıda göstərilənlər əsasında həyata keçirilir:

1. xx.xx.1971-ci il tarixdə İddiaçı sovxoza fəhlə qəbul edilmiş, xx.xx.1974-cü il tarixdə işdən azad edilmişdir. Həmin illər əmək kitabçasında qeyd edilmədiyindən cavabdeh həmin illəri mübahisələndirmişdir. Hər nə qədər iddiaçının həmin dövrlərdə işləməsi barədə əmək kitabçasında qeydlər olunmasa da, onun həmin illərdə əmək fəaliyətinin icra etdiyi müvafiq arxiv arayışı və həmin arxiv arayışında əmək haqqı alması ilə bağlı əks olunan məlumatlar əsasında müəyyən olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.1971xx.xx.1974-ci illərdə hər ay üzrə əmək haqqı aldığından, həmçinin onun işləməsi arxiv arayışında olan məlumatlar əsasında müəyyən olunduğundan iddiaçının həmin dövrlər üzrə stajı ümumi iş stajına daxil edilməlidir. (xx.xx.2021-ci il tarixli, 155/2 nömrəli və xx.xx.2022-ci il tarixli 13/2 nömrəli arxiv arayışları və xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktı)

2. İddiaçının xx.xx.1977-xx.xx.1979-cu il tarixlərdə 26 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə və PMK-2 müəssisəsində işlədiyi müddət. Həmin illər ərzində işlədiyini təsdiq edən əmr və əmək haqqı cədvəllərinin olmaması səbəbindən cavabdeh həmin illəri mübahisələndirmişdir. İlk növbədə qeyd olunur ki, qeyd edilən dövr əmək kitabçasında göstərilmişdir. Həmçinin, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi işləməsi və əmək haqqı alması arxiv arayışı və əmrdən çıxarışla müəyyən edilmişdir. Müəssisədə işlədiyi illərlə bağlı əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Odur ki, xx.xx.1977-xx.xx.1979-cu il dövrlər üzrə iddiaçının stajı ümumi iş stajına daxil edilməlidir. (xx.xx.2021-ci il tarixli, 236 nömrəli, xx.xx.2021-ci il tarixli, 534 nömrəli və xx.xx.2022-ci il tarixli, 19 nömrəli arxiv arayışları və xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktı)

3. xx.xx.1979-cu ildən xx.xx.1986-cı il tarixə olan dövr. Həmin illərlə bağlı işə qəbul və işə keçmə əmək kitabçasında qeyd edilsə də, həmin illərin əmr və əmək haqqı cədvəllərinin olmaması səbəbindən cavabdeh həmin illəri mübahisələndirmişdir. Qeyd edilən dövrlərlə bağlı əmək kitabçasında qeydlər aparılmış və məhkəmə sorğusu əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X10 İdarəsi tərəfindən İddiaçı ilə bağlı xx.xx.1979-cu ildən xx.xx.1986-cı il tarixədək olan dövrlə bağlı əmrlər və əmək haqqı cədvəlləri təqdim edildiyindən iddiaçının həmin dövrlər üzrə stajı ümumi iş stajına daxil edilməlidir. (xx.xx.2022ci il tarixli, 78 nömrəli, xx.xx.2022-ci il tarixli, 79 nömrəli məktub və xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktı)

4. xx.xx.1995-xx.xx.1997-ci il tarixdə olan dövr və xx.xx.1997-xx.xx.1999-cu il tarixdə olan dövr. Həmin dövrlərlə bağlı əmək haqqları olmadığı səbəbindən cavabdeh həmin illəri mübahisələndirmişdir. Qeyd edilən dövrlərlə bağlı əmək kitabçasında qeydlər aparılmış və məhkəmə sorğusu əsasında təqdim edilən arxiv arayışına əsasən İddiaçı xx.xx.1995-ci il tarixli, 301 saylı əmrlə sovxoza icarədar təyin edildiyi, xx.xx.1997-ci il tarixli, 01 saylı əmrlə sovxozun ləğvi ilə əlaqədar Aqroserviz təşkilatına xx.xx.1997-ci il tarixdən mexanizator qəbul edildiyi müəyyən edilmişdir. Sovxoz və təşkilatda işlədiyi illərlə bağlı əsas müəyyən edilən hal sovxoz və təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların (əmək haqqı cədvəllərinin) arxivdə və bəzi illərə aid əmək haqqı kitabları saxlancda saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Odur ki, qeyd edilən dövrlər üzrə iddiaçının stajı ümumi iş stajına daxil edilməlidir. (xx.xx.2021-ci il tarixli, 155/1 nömrəli arxiv arayışı və xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktı) Məhkəmə bir daha vurğulayır ki, analoji işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə Dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışları mötəbər sübut kimi qəbul olunur. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı). Arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Sadalanmış qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur, iddiaçının xx.xx.2006-cı il tarixədək sovxozda, müəssisədə, təşkilatda işlədiyi müddət nəzərə alınmaqla 01 ümumilikdə 25 ildən çox (15 il 03 ay 15 gün + 12 il 10 ay 15 gün = 26 il 02 ay) ümumi iş stajı və xx.xx.2021-ci il tarixdən sonra fərdi hesabında 2 il müddətə olan pensiya kapitalı (xx.xx.2018-ci il tarixdən sonra olduğu üçün avtomat təyinat mümkün deyil) mövcuddur. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən 3-cü əsas ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, H.O.Qasımovanın 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 23 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X3nın üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar