Məhkəmə qərarları › İş №2-1(120)-47/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-47/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-47/2025 17.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi X5, Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binasına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 17 iyun 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən birmərtəbəli qeyri-yaşayış binasına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən onun adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi ilə əvəz olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən birmərtəbəli qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2004-cü ildə şəxsi vəsaiti hesabına bir mərtəbəli, ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış binası inşa etdirmiş, elə həmin vaxtdan da fəaliyyətdədir. Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 135 nömrəli sərəncamına əsasən kommersiya xidməti məqsədi ilə ona Cəlilabad şəhəri ərazisində 80.5 kv.m torpaq sahəsi ayrılmasına qərar verilmişdir. Sərəncama əsasən həmin torpaq sahəsinin qanunamüvafıq qaydada təhkim edilməsi barədə akt və torpağın planı tərtib edilmişdir. Eyni zamanda görülmüş tikinti işləri, sərəncamda göstərildiyi kimi Cəlilabad Rayon İH-nin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış, binanın planı və smeta-layihə sənədləri rayonun baş memar tərəfindən təsdiq edilmişdir. Tikilmiş binanın istismarına dair Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixli akt verilmişdir. Həmin aktda tikintinin müvafiq qaydalara uyğun həyata keçirilməsi təsdiq olunur. Özünə məxsus qeyri-yaşayış binasına cavabdeh təşkilatdan daşınmaz əmlakın dövlət reyestrindən adına çıxarış və texniki pasport verilməsindən ötrü xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Cavabdeh təşkilat tərəfindən ona xx.xx.2021-ci il tarixli məktubla ərizəsindən imtina olunmuş, səbəb isə inşa etdirdiyi qeyri-yaşayış binasının tikintisinin aparılmasına dair icazə barədə Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının sərəncamının və istismara icazə sənədinin olmaması göstərilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası əsasızdır və onun konstitutsion hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, inşa etdirdiyi qeyri-yaşayış binası onun şəxsi vəsaiti hesabına tikilmiş, binanın yerləşdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bununla bağlı ona torpağın mülkiyyətə verilməsinə dair JN-2131, kod 80601004 saylı dövlət aktı verilmiş, aparılmış tikinti rayon Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış, lazım olan plan, smeta-layihə sənədləri həmin şöbə tərəfindən hazırlanaraq təsdiq olunmuşdur. Odur ki, cavabdehin ondan tikintiyə icazə sərəncamının və istismara icazə sənədinin olmaması bəhanəsi ilə mülkiyyət hüququnun tanınmasından imtina etməsinin əsassız olması səbəbindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı müraciətinə Ərazi İdarəsi tərəfindən rəsmi olaraq bildirilmişdir ki, qeyri-yaşayış binasının tikintisinin aparılmasına dair icazə barədə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının sərəncamı və istismara icazə sənədi təqdim edilməmişdir. Qeyd olunan sənədlərdəki çatışmamazlıqlara görə qeyri-yaşayış binasının dövlət qeydiyyatına alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən mümkün olmamışdır. İddiaçı iddia ərizəsində qeyd edilən torpağın mülkiyyətə verilməsinə dair JN-2131, kod 80601004 saylı Dövlət aktı Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinin arxiv sənədlərində aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi X9 və üçüncü şəxsin nümayəndəsi X7 məhkəmə iclasına gəlmiş, İddiaçı və üçüncü şəxs X12 isə məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X7 iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığınız 12 dekabr 2021-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, qeyri-yaşayış binasının tikintisinin aparılmasına dair icazə barədə Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı və istismara icazə sənədi təqdim edilməmişdir. Məlumat üçün bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərinin tərtib edilməsini, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Yuxarıda qeyd olunan sənədlərdəki çatışmamazlıqlara görə qeyri yaşayış binasının dövlət qeydiyyatına alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən mümkün olmamışdır. Odur ki, çatışmayan sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə təqdim etdikdən sonra daşınmaz əmlakın yeri araşdırmaqla müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-4097/2025 saylı məktubunda bildirilmişdir ki, iş üzrə məlumatların təqdim edilməsi barədə müraciətinizə cavab olaraq bildiririk ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemində sözügedən 42.0 kv.m (7,0m X 6,0m) mövcud qeyri-yaşayış tikilisi faktiki koordinatlara əsasən Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2003-cü il tarixli, 135 saylı sərəncamına əsasən İddiaçı kommersiya xidməti məqsədilə Cəlilabad şəhəri ərazisindən qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış sahə kimi iddia etdiyi və naturada göstərdiyi 80,5 kv.m (11,5m X 7m) torpaq sahəsinin cənub hissəsində olmaqla 62.0 kv.m dövlət mülkiyyəti kimi saxlanılmış torpaq sahəsinin hüdüdları daxilində yerləşdiyi müəyyən edildi. Həmçinin 42.0 kv.m (7,0m X 6,0m) mövcud qeyri-yaşayış tikilisi faktiki koordinatlara əsasən, X8 faktiki istifadəsi kimi plana alınmış 0.16 ha torpaq sahəsi ilə üst-üstə düşən Cəlilabad şəhəri ərazisindən qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış sahə kimi iddia etdiyi və naturada göstərdiyi 80,5 kv.m (11,5m X 7m) torpaq sahəsinin 36.6 kv.m (7.0 m x 5.15 m /5.27 m) hissəsində yerləşmir. İş materiallarında olan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2003-cü il tarixli, 135 nömrəli sərancamının surətindən görünür ki, kommersiya xidməti torpaq sahəsinin ayrılması barədə İddiaçı müraciəti, rayonun baş memarının 22 oktyabr 2003-cü il tarixli, 149 nömrəli vəsatəti, sahənin aktı və xəritəsi nəzərə alınaraq, Cəlilabad şəhəri ərazisində şimaldan Cəlilabad şəhər istehlak cəmiyyətinin binası ilə, cənubdan Qurtuluş küçəsi ilə, şərqdən Sabir küçəsi ilə, qərbdən Cəlilabad şəhər istehlak cəmiyyətinin həyəti ilə sərhədlənən 80,5 kvadratmetr (11,5m x 7m) ölçüdə torpaq sahəsi kommersiya xidməti məqsədilə İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DTXK-nin Cəlilabad rayon şöbəsinin müdiri F.Hüseynov, Cəlilabad RİHBA-nın tikinti və memarlıq şöbəsinin müdiri, rayon baş memarı A.Abbasov, Cəlilabad RİHB-nın Cəlilabad şəhəri üzrə nümayəndəsi M.Kazımov, rayon gigiyena və epidemiologiya mərkəzinin baş həkimi İ.Abdullayev, dövlət yanğın təhlükəsizliyi xidmətinin rəisi C.Quliyev və Cəlilabad şəhər sakini İddiaçı tərəfindən imzalanmış və Cəlilabad RİH-nin möhürü ilə təsdiq edilmiş 2003-cü il tarixli Aktdan və Cəlilabad RİHBA-nın tikinti və memarlıq şöbəsinin möhürü ilə təsdiq edilmiş torpaq sahəsinin sxemindən görünür ki, Cəlilabad şəhərində İddiaçı mağaza binası inşa etdirmək üçün şimaldan Cəlilabad şəhər istehlak cəmiyyətinin binası ilə, cənubdan Qurtuluş küçəsi ilə, şərqdən Sabir küçəsi ilə, qərbdən Cəlilabad şəhər istehlak cəmiyyətinin həyəti ilə sərhədlənən 80,5 kvadratmetr (11,5m x 7m) ölçüdə torpaq sahəsi seçilmiş, ayrılmış sahə tikinti üçün yararlı, sanitar və yanğından mühafizə tələblərinə uyğundur. İş materiallarında olan Cəlilabad Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 04 aprel 2005-ci il tarixli, 44 nömrəli arayışından görünür ki, Cəlilabad şəhərində İddiaçı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2003-cü il tarixli, 135 nömrəli sərancamına əsasən ona verilmiş 0,0805 ha (80,5 kv.m) torpaq sahəsindən kommersiya obyektinin tikintisinə icazə verilmiş, tikintinin smeta-layihə sənədləri var, tikinti norma və qaydalarına uyğundur. Tikintinin həcmi 873 kub.m, smeta dəyəri 46.964.880, YAM ilə 9393 manat təşkil edir. İş materiallarında olan 13 dekabr 2021-ci il tarixli, Ö/005212 nömrəli “İstismara hazırlıq” Aktından görünür ki, Cəlilabad Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 04 aprel 2005-ci il tarixli, 44 nömrəli arayışı, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2003-cü il tarixli, 135 nömrəli sərancamı əsasında ünvan 5 ünvanında yaşayan İddiaçı verilmiş Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, ümumi sahəsi 40,0 kv.m, tikintialtı sahəsi 42,0 kv.m, həcmi 457,0 kub.m olan qeyri-yaşayış binasının tikintisi başa çatmış (30 dekabr 2003-20 may 2004), obyektdə tikinti-quraşdırma işlərinin müvafiq qaydada yerinə yetirildiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən təsdiq edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.24) tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarizasiyasını həyata keçirmək, inventarizasiya işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. İşin məhkəmə araşdırılması ilə müəyyən olunur ki, İddiaçı müraciəti, rayonun baş memarının 22 oktyabr 2003-cü il tarixli, 149 nömrəli vəsatəti, Akt və xəritə nəzərə alınaraq Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2003-cü il tarixli, 135 nömrəli sərancamına əsasən Cəlilabad şəhəri ərazisində şimaldan Cəlilabad şəhər istehlak cəmiyyətinin binası ilə, cənubdan Qurtuluş küçəsi ilə, şərqdən Sabir küçəsi ilə, qərbdən Cəlilabad şəhər istehlak cəmiyyətinin həyəti ilə sərhədlənən 80,5 kvadratmetr (11,5m x 7m) ölçüdə torpaq sahəsi kommersiya xidməti məqsədilə İddiaçı istifadəsinə verilmiş, ayrılmış sahə tikinti üçün yararlı, sanitar və yanğından mühafizə tələblərinə uyğundur. Həmin torpaq sahəsində kommersiya obyektinin tikintisinə icazə verilmiş, tikintinin tikinti norma və qaydalarına uyğun smeta-layihə sənədləri var, Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, ümumi sahəsi 40,0 kv.m, tikintialtı sahəsi 42,0 kv.m, həcmi 457,0 kub.m olan qeyri-yaşayış binasının tikintisinə 30 dekabr 2003-cü il tarixdə başlanılmış və tikinti 20 may 2004-cü il tarixdə başa çatmış, obyektdə tikinti-quraşdırma işlərinin müvafiq qaydada yerinə yetirilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən təsdiq edilmiş, 13 dekabr 2021-ci il tarixindən İddiaçı inşa etdirdiyi tikinti obyektinin istismarına icazə verilmişdir. İddiaçı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2003-cü il tarixli, 135 nömrəli sərancamı ilə kommersiya xidməti məqsədi üçün Cəlilabad şəhəri ərazisindən ayrılmış 80,5 kv.metr torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış binasına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən onun adına çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh qeyri-yaşayış binasının tikintisinin aparılmasına dair icazə barədə Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı və istismara icazə sənədi təqdim edilmədiyini əsas gətirərək məsələnin həllindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 135 nömrəli sərancamının 2-ci bəndindən qeyd edilmişdir ki, İddiaçı tapşırılsın ki, rayonun baş memarı ilə razılaşdırılmadan həmin ərazidə heç bir tikinti işi görməsin. İş materiallarında olan Cəlilabad Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2005-ci il tarixli, 44 nömrəli arayışından isə görünür ki, Cəlilabad şəhərində İddiaçı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 135 nömrəli sərancamına əsasən ona verilmiş 0,0805 ha (80,5 kv.m) torpaq sahəsindən kommersiya obyektinin tikintisinə icazə verilmiş, tikintinin tikinti norma və qaydalarına uyğun smeta-layihə sənədləri vardır. Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, ümumi sahəsi 40,0 kv.m, tikintialtı sahəsi 42,0 kv.m, həcmi 457,0 kub.m olan qeyri-yaşayış binasının tikintisinə 30 dekabr 2003-cü il tarixdə başlanılmış və tikinti 20 may 2004-cü il tarixdə başa çatmış, obyektdə tikintiquraşdırma işlərinin müvafiq qaydada yerinə yetirilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən təsdiq edilmiş, 13 dekabr 2021-ci il tarixindən İddiaçı inşa etdirdiyi tikinti obyektinin istismarına icazə verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2003-cü il tarixli, 135 saylı sərancamına əsasən İddiaçı kommersiya xidməti məqsədi üçün Cəlilabad şəhəri ərazisindən qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 80,5 kv.m (11,5 m x 7 m) torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2003-cü il tarixli, 135 saylı sərancamına əsasən İddiaçı kommersiya xidməti məqsədi üçün Cəlilabad şəhəri ərazisindən qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 80,5 kv.m (11,5 m x 7 m) torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - İddiaçı tikdirdiyi 40 kv.m sahəsi olan qeyri-yaşayış binası Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2003-cü il tarixli, 135 saylı sərancamına əsasən İddiaçı qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 80,5 kv.m (11,5 m x 7 m) torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşirmi? - İddiaçı tərəfindən Cəlilabad şəhəri ərazisində inşa edilmiş qeyri-yaşayış binası “Memarlıq və tikinti şöbəsi” tərəfindən verilmiş layihəyə uyğun inşa edilmişdirmi və qeyriyaşayış binasının layihəsi tikinti və şəhərsalma normalarına uyğundurmu? - İddiaçı tərəfindən Cəlilabad şəhəri ərazisində inşa edilmiş qeyri-yaşayış binası başqa şəxslərin hüquqlarını pozurmu və başqa şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə məhdudiyyət yaradırmı? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 18 sentyabr 2024-cü il tarixli, 10/6691 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-6682/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı ona Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2003cü il tarixli, 135 saylı sərəncamına əsasən Cəlilabad şəhəri H.Əİiyev prospektində ayrılmış sahə kimi iddia etdiyi və naturada göstərdiyi 80,5 kv.m (11,5m X 7m) ərazinin hüdudları daxilində inşa edilmiş qeyri-yaşayış binasının tikilialtı və tikili ətrafı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. - Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-6682/2023 saylı mütəxəssis rəyinə əsasən, mövcud qeyri-yaşayış tikilisinin (7,0m X 6,0m) faktiki koordinatlarına nəzərən Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2003-cü il tarixli, 135 saylı sərəncamına əsasən İddiaçı kommersiya xidməti məqsədilə Cəlilabad şəhəri ərazisindən qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış sahə kimi iddia etdiyi və naturada göstərdiyi 80.5 kv.m (11,5m X 7m) torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında yerləşmə vəziyyətinə görə şimalqərb istiqamətində 36.6 kv.m (7,0m X 5,15m/5,27m) hissəsi X10 faktiki istifadə kimi plana alınmış 0,16 ha torpaq sahəsinin hüdudları daxilində (üst-üstə düşdüyü) yerləşdiyi müəyyən edildi. - Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-6682/2023 saylı mütəxəssis rəyinə əsasən, iddiaçının tikdirdiyi 42,0 kv.m (7,0m X 6,0m) mövcud qeyri-yaşayış tikilisinin faktiki koordinatlarına əsasən Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə dövlət mülkiyyətində saxlanılmış 62 kv.m (8,4m X 7,4m) torpaq sahəsinin hüdudları daxilində yerləşir. - Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1774/2024 saylı mütəxəssis rəyində İddiaçı tərəfindən Cəlilabad şəhəri ərazisində inşa edilmiş qeyri-yaşayış binasının tikinti sahəsinin 42m2 (7x6) təşkil etməsini, lakin Cəlilabad RİHBA-nın Memarlıq və tikinti şöbəsi tərəfindən verilmiş layihədə tikilinin tikinti sahəsinin 80,5 kv.m (7x11,5) göstərilməsini nəzərə alaraq İddiaçı tərəfindən Cəlilabad şəhəri ərazisində inşa edilmiş qeyri-yaşayış binası Memarlıq və tikinti şöbəsi tərəfindən verilmiş layihəyə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. - Qərardadın beşinci sualı üzrə: İddiaçı tərəfindən Cəlilabad şəhəri ərazisində inşa edilmiş qeyri-yaşayış binasının başqa şəxslərin hüquqlarını pozub-pozmaması və başqa şəxslərin mülkiyyətindən mane yaradıb-yaratmaması məsələsinin müəyyən edilməsi hüquqi xarakterli məsələ olmaqla məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının predmetinə aid deyil. Beləliklə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 18 sentyabr 2024-cü il tarixli, 10/6691 nömrəli ekspert rəyindən, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-6682/2023 saylı mütəxəssis rəyindən və ona əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planından müəyyən olunur ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2003-cü il tarixli, 135 saylı sərəncamına əsasən İddiaçı kommersiya xidməti məqsədilə Cəlilabad şəhəri ərazisindən qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 80.5 kv.m (11,5m X 7m) torpaq sahəsinin 62 kv.m hissəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə dövlət mülkiyyətində saxlanılmış torpaq sahəsidir, iddiaçının tikdirdiyi 42,0 kv.m (7,0m X 6,0m) qeyri-yaşayış tikilisi faktiki koordinatlarına əsasən dövlət mülkiyyətində saxlanılmış 62 kv.m (8,4m X 7,4m) torpaq sahəsinin hüdudları daxilində yerləşir və X8 faktiki istifadə kimi plana alınmış 0,16 ha torpaq sahəsi ilə üst-üstə düşmür, eləcə də İddiaçı tərəfindən Cəlilabad şəhəri ərazisində inşa edilmiş qeyri-yaşayış binası başqa şəxslərin hüquqlarını pozmur və başqa şəxslərin mülkiyyətindən istifadəyə maneə yaratmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Rüstəmov X6 şəhəri, H.Əliyev prospektində yerləşən bir mərtəbəli qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı ona Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2003-cü il tarixli, 135 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsində inşa edilmiş qeyriyaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesttində qeydiyyata alınması üçün əsas mövcuddur və bununla bağlı imtina üzrə qeydiyyatı aparan orqan kimi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mövqeyi əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı müvafiq ərazidə inşa edilmiş qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (Beyeler İtaliyaya qarşı, “X11 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və “əmlak” anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2003-cü il tarixli, 135 saylı sərancamı ilə kommersiya xidməti məqsədi üçün Cəlilabad şəhəri ərazisindən ayrılmış 80,5 kv.metr torpaq sahəsində inşa etdiyi 42,0 kv.metrdən ibarət qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 27 oktyabr 2003-cü il tarixli, 135 saylı sərancamı ilə kommersiya xidməti məqsədi üçün Cəlilabad şəhəri ərazisindən ayrılmış 80,5 kv.metr torpaq sahəsində inşa etdiyi 42,0 kv.metrdən ibarət qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X2, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar