Məhkəmə qərarları › İş №2-1(120)-470/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-470/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-470/2020 24.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, cavabdehin nümayəndəsi X1 (Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 7, mənzil 44-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X5 şəhər şöbəsinə qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 02.12.1953-cü il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Şirvan şəhəri, Ş.Şükürov küçəsi, dalan 1, ev 33-də yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh Dövlət Sosial X5 şəhər şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 26 dekabr 2019-cu il tarixli, **********4 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.11.2005-ci il tarixdən 11.01.2019-cu il tarixədək Şirvan bələdiyyəsində işlədiyi illəri sığorta stajı hesab olunaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 02.12.2016-cı il tarixdən etibarən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin ona yaşa görə əmək pensiyası təyin edilən zaman Şirvan bələdiyyəsində işlədiyi dövr nəzərə alınmadan hesablanma aparılmışdır. 05.11.2005-ci il tarixdən 11.01.2019-cu il tarixədək Şirvan bələdiyyəsində işləmişdir. Dövlət Sosial X5 şəhər şöbəsinə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə müraciət etmiş, 26.12.2019-cu il tarixli cavab məktubuna əsasən ona yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət Sosial X5 şəhər şöbəsinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01.01.2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. İddiaçı əmək pensiyası hüququnun yarandığı 02.12.2016-cı il tarixdə müraciət etdiyi dövrdə mövcud olan qanunvericiliyə uyğun olaraq, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda aylıq əmək pensiyasının məbləği 295,22 manatdır. İddiaçı əmək pensiyası təyin edilərkən 1971-2019-cu illərdə əmək fəaliyyətində olduğu müddət tam olaraq hesablanmışdır. İddiaçı iddia etdiyi 2005-2019-cu illərdə əmək fəaliyyətində olduğu müddətdə də əmək pensiyası hesablanarkən nəzərə alınmışdır. Bu səbəbdən İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması mövcud qanunvericiliyə əsasən mümkün deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini və əmək kitabçasının təsdiq edilmiş surətlərini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Şirvan şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq əsaslı deyil. Belə ki, iddiaçı 02.12.1953-cü il tarixdə doğulmuş, 02.12.2016-cı il tarixdən, yəni 63 yaşından yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş hissəsinin ödənilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 03936169 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 02.12.1953-cü il tarixdə Əli Bayramlı şəhərində anadan olmuş, Şirvan şəhəri, Ş.Şükürov küçəsi, dalan 1, ev 33-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus 18.11.1971-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 27.09.1971-ci il tarixdən 11.01.2019-cu il tarixədək əmək fəaliyyətində olmuş, 05.11.2005-ci il tarixdən 11.01.2019-cu il tarixədək Şirvan bələdiyyəsində işləmişdir. İşdə olan Dövlət Sosial X5 şəhər şöbəsinin iddiaçıya ünvanladığı 26.12.2019-cu il tarixli, **********4 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01.01.2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Əmək pensiyası hüququ yarandığı 02.12.2016-cı il tarixdə müraciət etdiyi dövrdə mövcud olan qanunvericiliyə uyğun olaraq, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda aylıq əmək pensiyasının məbləği 236,23 manatdır. İşdə olan Dövlət Sosial X5 şəhər şöbəsinin məhkəməyə ünvanladığı 06.05.2020-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əmək pensiyası hüququnun yarandığı 02.12.2016-cı il tarixdə müraciət etdiyi dövrdə mövcud olan qanunvericiliyə uyğun olaraq, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda aylıq əmək pensiyasının məbləği 295,22 manatdır. İddiaçı əmək pensiyası təyin edilərkən və hesablanarkən 27.09.1971-11.01.2019-cu illərdə əmək fəaliyyətində olduğu müddət tam olaraq hesablanmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.(Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 02.12.1953-cü il təvəllüdlü İddiaçı 02.12.2016-cı il tarixdən, yəni 63 yaşından yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda iddiaçıya əmək pensiyası təyin edilərkən və hesablanarkən 27.09.1971-11.01.2019cu illərdə əmək fəaliyyətində olduğu müddət tam olaraq hesablanması müəyyən olunmuşdur. Bunun əksi olaraq, iddiaçı 05.11.2005-ci il tarixdən 11.01.2019-cu il tarixədək Şirvan bələdiyyəsində işlədiyi illərin ona pensiya təyin edilərkən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Dövlət Sosial X5 şəhər şöbəsinə qarşı 05.11.2005-ci il tarixdən 11.01.2019-cu il tarixədək Şirvan bələdiyyəsində işlədiyi illəri sığorta stajı hesab olunaraq, yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial X5 şəhər şöbəsinə qarşı 05.11.2005-ci il tarixdən 11.01.2019-cu il tarixədək Şirvan bələdiyyəsində işlədiyi illəri sığorta stajı hesab olunaraq, yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə(Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar