Məhkəmə qərarları › İş №2-1(120)-4703/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4703/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4703/2024 25.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və məktubun etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına ( bundan sonra mətndə DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh orqanın hərəkətlərini qanunsuz hesab etməklə 19 avqust 2014-cü il tarixli məktubunun etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışlar ki, cavabdeh inzibati orqanın qəbul etdiyi 19 avqust 2024-cü il tarixli məktubu tamamilə qanunsuz və əsassızdır. Sözügedən məktub etibarsız hesab edilməlidir. İnzibati orqan onu dəvət etmədən onun ziyanına qərar qəbul etmişdir. Ona görə də məktub ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə məhkəməyə təqdim olunmuş iddianın mümkün sayılmaması barədə ərizədə göstərilmişdir ki, işin faktiki hallarına əsasən, xx.xx.2011-ci il təvəllüdlü X1 xx.xx.2019-cu il tarixdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara görə sosial müavinət və uşağa qulluğa görə anası İddiaçı Prezident təqaüdü təyin edilmişdir.Daha sonra təyin olunmuş əlillik dərəcəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən etibarsız hesab edilmişdir. Bunun əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində xx.xx.2011-ci il təvəllüdlü X1 təyin edilmiş sağlamlıq imkanları məhdud 18 yaş uşaqlara görə sosial müavinət üzrə 4538,71 manat və ona qulluğa görə təyin edilmiş Prezident təqaüdü üzrə 1552,90 manat, ümumilikdə 6091,61 manat məbləğində vəsaitin artıq ödənildiyi aşkar edilmişdir. Nəticədə sözügedən müavinət və təqaüd ödənişi proaktiv qaydada dayandırılmışdır.Bundan sonra Fondun Maliyyə və mühasibathq üzrə mərkəzi filialı tərəfindən artıq ödənilmiş 6091.61 manat vəsaitin Fondun hesabına geri qaytarılması xahiş edilmişdir. İddiaçı sözügedən Filialın müvafiq məktubu iiə razılaşmayaraq iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir.İddiaçıya ünvanlanmış məktubdan göründüyü kimi geri ödənilməsi tələb olunan məbləğ Fondun Sosial ödənişlərin təyinatı üzrə X3 əsasən tələb olunur. Yəni iddiaçı tərəfindən cavabdeh qismində göstərilmiş Maliyyə və mühasibathq üzrə mərkəzi filialı hazırki tələb üzrə cavab verməli orqan deyil. Digər tərəfdən təyin edilmiş müavinət və təqaüd ödənişinin dayandırılmasına səbəb olan hal Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik dərəcəsinin etibarsız hesab edilməsidir. Yəni sözügedən orqan tərəfindən əlillik etibarlı hesab edildiyi təqdirdə müavinət və təqaüd ödənişinin bərpa edilməsi məsələsinə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının qərarı əsasında baxıla edilə bilər. Hazırkı iş üzrə iddiaçı ilk öncə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin etibarlı hesab edilməsi” tələbi ilə müraciət etməli, müraciətin müsbət həlli mümkün olduğu təqdirdə həmin orqanın qərarı əsasında Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən bərpa edilməli, mümkün olmadığı halda isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı eyni tələb ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəməyə təqdim olunmuş ərizəni müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan DSMF-nun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-F-197829/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - “Fond”) Sosial Ödənişlərin Təyinatı üzrə X3 əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2022ci il tarixinədək olan dövr ərzində xx.xx.2011-ci il təvəllüdlü övladı X2 təyin edilmiş sağlamlıq imkanları məhdud 18 yaşınadək- uşaqlara görə sosial müavinət üzrə 4538,71 manat və ona qulluğa görə ona təyin edilmiş Prezident təqaüdü üzrə 1552,90 manat, ümumilikdə 6091,61 manat məbləğində vəsaitin artıq ödənildiyi aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, artıq alınmış 6091,61 manat vəsaitin göstərilən rekvizitlər üzrə Fondun hesabına geri qaytarmağı və bu barədə Fondun müvafiq filiallarına və ya “DOST” Mərkəzlərinə məlumat verməyi xahiş olunur. Artıq ödənilmiş vəsaitin geri qaytarılması təmin edilmədiyi təqdirdə tərəfindən qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. Hazırda iddiaçı iddia ərizəsində DSMF-nun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 3-17-1/2-F-197829/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunu inzibati akt kimi qiymətləndirməklə onun hüquqlarını pozduğunu iddia etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə müvafiq olaraq yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 4 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmçinin nəzərə alınmalıdır ki, İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi sənəd (cavabdeh DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialın məktubu) müşayət məktubu olmaqla inzibati orqanın inzibati aktı (qərarı) kimi şərh edilə edilə bilməz, bu cür şərh əsassız və qanunsudur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından, müəyyən olunur ki, artıq ödənilmiş məbləğin geri qaytarılması üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunmuşdur ( 3-17--1/2-F-197829/2024 saylı, xx.xx.2024cü il tarixli məktub). Göründüyü kimi hazırkı tələbin icrası cavabdehin səlahiyyətində deyil və iddia düzgün olmayan cavabdehə qarşı yönəlmişdir. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qanunla nəzərdə tutulmuş qaydada İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərərək, ondan geri ödənilməsi tələb olunan məbləğ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X3 əsasən tələb olunduğu üçün onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının sözügedən qərarının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən ona ərizəsində yol verilmiş formal xətaları aradan qaldırmağı və iddia tələbinə cavab verməli inzibati orqanı dəqiqləşdirməli olduğu izah edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd olunan hallar aradan qaldırılmamışdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və məktubun etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar