Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-471/2020 23.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı X2 (Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşayan) iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya qarşı iddia qaldıraraq, onun 28.03.N-20.06.N-ci illərdə Ağdam rayonunda özünümüdafiə dəstəsində Milli Qəhrəman Şirin Mirzəyevin batalyonunda N saylı hərbi hissədə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə əlaqədar Qarabağ veteranı statusu verilməklə veteran vəsiqəsi vermə vəzifəsinin Komissiyanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı X6 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 28.11.1971-ci ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur. Hazırda da həmin kənddə yaşayır. 28.03.N-26.06.N-ci ildə Ağdam rayonunda təşkil edilmiş özünümüdafiə dəstəsində ermənilərə qarşı döyüşlərdə iştirak etmişdir. Həmin vaxtı N saylı hərbi hissə yaradılmış, Şahbulaqda yerləşmiş batalyonun komandiri də Şirin Mirzəyev olmuşdur. Şirin Mirzəyev həmin döyüşlərdə həlak olmuş, bundan sonra batalyon dağılmış, o da hərbi hissədən çıxmışdır. Lakin o, ermənilərə qarşı döyüşlərdə iştirak etməsi ilə əlaqədar müharibə veteranı olmağına baxmayaraq, indiyədək veteran statusu və veteran vəsiqəsi almamışdır. Onunla həmin illərdə ermənilərə qarşı Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən yoldaşları hazırda müharibə veteranıdırlar. Lakin dəfələrlə müraciət etsə də, indiyədək ona müsbət cavab verilməmiş, veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyasında 29.12.2017-ci ildə baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim etdiyi sənədlər ona geri qaytarılmış və göstərilmişdir ki, Mərkəzi Arxivin 12.04.2016-cı il tarixli 9/2-2969 nömrəli arayışına əsasən 20.06.N-ci il tarixdən sonrakı xidməti və qanuni əsaslarla tərxis olunmağı barədə məlumat olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 13.07.2015-12.04.2016-cı il tarixli arxiv arayışlarında da göstərilir ki, o, N saylı hərbi hissədə 28.03.N-ci il tarixdən çavuş hərbi rütbəsində alayın kəşfiyyat bölüyünün tərkibinə daxil edilmişdir. Batalyon komandiri Şirin Mirzəyev döyüşlərdə həlak olandan sonra hərbidən getmişdir. Ermənilərə qarşı döyüşlərdə rəşadət göstərdiyindən Şirin Mirzəyevə Milli Qəhrəman adı verilmişdir. Onun haqqında heç bir cinayət işi və cinayət xarakterli materialı olmamışdır. Bunu Qarabağ qarnizonunun Hərbi Prokurorluğunun 26.12.1998-ci il tarixli məktubu təsdiqləyir. Onun, həqiqətən Qarabağ uğrunda gedən döyüşlərdə 28.03.N-20.06.N-ci illərdə iştirak etməsini həmin döyüşlərdə iştirak edən döyüş yoldaşları, hazırda Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşayan müharibə veteranı vəsiqəsi olan X3, Hindarx qəsəbə sakini müharibə veteranı X4, Qarabağ müharibəsi veteranı Hindarx qəsəbəsində yaşayan X1 və qeyriləri təsdiq edərlər. 24 fevral 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edib, iddia tələbində dəqiqləşdirmə apararaq, iddiaçı olduğu kimi saxlanılmaqla, cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qəbul edilməsini, iddia tələbinə isə müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 24 fevral 2020-ci il tarixli 2-1(120)-471/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı X6 şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 03.02.2020-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 12 aprel 2016-cı il tarixli 9/2-2969 nömrəli arxiv arayışında İddiaçı N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli əmri ilə çavuş hərbi rütbəsində hərbi hissəyə daxil olması qeyd edilsə də, N nömrəli hərbi hissə komandirinin iyun N-ci il tarixli dövrü əhatə edən nizami hissə üzrə əmrlərində iddiaçının xidmət barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Digər tərəfdən iddiaçıya məxsus ******* nömrəli hərbi biletin 6 və 7-ci səhifəsində iddiaçının hərbi xidmət keçməsi və döyüşlərdə iştirakına dair qeydlərin möhürlə təsdiq edilməməsi ümumiyyətlə, həmin qeydlərin mötəbərliyinə şübhə yaratmış olur. Həmçinin hərbi biletin 23-cü səhifəsində olan Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli amnistiya aktına əsasən iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətinin nəzərə alınmamasına dair qeydin mövcudluğu iddiaçının hərbi hissəni özbaşına tərk etməsi və barəsində amnistiya aktının tətbiqini göstərir. Bu isə qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsini birbaşa istina etmiş olur. «Veteranları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. AR Cinayət Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə əsasən yalnız AR CPM-nin 39.1.1, 39.1.2 və 39.2-ci maddəsində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Bununla da cinayət təqibinin xitam verilməsinin əsaslarından olan 39.1.12-ci maddəsində nəzərdə tutulan amnistiya aktı cinayət təqibinin xitam verilməsinin bəraətverici əsası hesab edilmir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya tərəfindən əsaslı olaraq iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtina edilmişdir. İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi və işə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 24.11.2009-cu il tarixdə Ağcabədi RPŞ tərəfindən verilmiş Seriya AZE 07390388 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, X6 28.11.1971-ci il tarixdə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatdadır. İş materialında olan Ağcabədi rayon Hərbi Komissarlığı tərəfindən verilmiş НЗ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, hərbi biletin 7-ci səhifəsində X2 28.03.N-ci il tarixdən 20.06.N-ci il tarixə kimi erməni işğalçılarına qarşı döyüşməsinə dair qeydlər aparılmışdır, həmçinin hərbi biletin 23-cü səhifəsində Azərbaycan Respublikası Milli Məclisinin amnistiya aktına əsasən onun 17.10.1997-ci il tarixdən əvvəlki xidmətinin Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətinə hesablanmadığı qeyd edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 12.04.2016-cı il tarixli 9/2-2969 nömrəli arxiv arayışından görünür ki, İddiaçı N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli 59 №-li əmri ilə (əsas: §2, səh.98, sıra 37) 28.03.92-ci il tarixdən "çavuş" hərbi rütbəsində alayın kəşfiyyat bölüyünün tərkibinə daxil edilmişdir. N №-li hərbi hissə komandirinin iyun N-ci il tarixli dövrü əhatə edən nizami hissə üzrə əmrlərində İddiaçı sonrakı xidməti barədə məlumat aşkar edilməmişdir. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 29.12.2017-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Sizə «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın 29.12.2017-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 12.04.2016-cı il tarixli 9/2-2969 nömrəli arayışına əsasən 30.05.N-ci il tarixdən sonrakı xidmətiniz və qanuni əsaslarla tərxis olunmağınız barədə məlumat olmadığından Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan 08.01.2020-ci il tarixli qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə bağlı on manat məbləğində dövlət rüsum ödəmişdir Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli 59 №-li əmri ilə 28.03.92-ci il tarixdən çavuş hərbi rütbəsində alayın kəşfiyyat bölüyünün tərkibinə daxil edilmişdir. N №-li hərbi hissə komandirinin iyun N-ci il tarixli dövrü əhatə edən nizami hissə üzrə əmrlərində İddiaçı sonrakı xidməti barədə məlumat aşkar edilməmişdir. İddiaçı məxsus hərbi biletin 7-ci səhifəsində X2 28.03.N-ci il tarixdən 20.06.N-ci il tarixə kimi erməni işğalçılarına qarşı döyüşməsinə dair qeydlər aparılmış, həmçinin hərbi biletin 23-cü səhifəsində Azərbaycan Respublikası Milli Məclisinin amnistiya aktına əsasən onun 17.10.1997-ci il tarixdən əvvəlki xidmətinin Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmadığı qeyd edilmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun hələ ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni (bundan sonra Əsasnamə) təsdiq etmişdir. Əsasnamənin 1-ci bölməsinin 9-cu abzası nəzərdə tuturdu ki, müharibə veteranı adı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında» verilir. Əsasnamənin 10-cu abzası isə nəzərdə tuturdu ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan sonra, Əsasnamə bir neçə dəfə dəyişdirilmişdir. O cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 saylı qərarı ilə Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara–müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Əsasnamənin 1-ci bəndinə edilmiş qeyddə göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. «Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında» Azərbaycan Respublikasının Milli Məclisinin 17.10.1997-ci il tarixli, 383-İ QR qərarının 9-cu bəndinə əsasən qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə əsasən hərbi xidmətin başlanğıcı və sonu birmənalı müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün, sonu - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında» N-ci il 19 fevral tarixli 313 №-li Fərmanı ilə elan olunmuş qismən səfərbərlik faktiki 25 dekabr 1999-cu il tarixədək davam etmişdir. Yəni səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılmasının ilk mərhələsi «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 1996-cı il tarixli 433 №-li Fərmanı ilə həyata keçirilmişdir. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun «Səfərbərlik üzrə çağırış və tərxis olunma haqqında» 24-26-cı və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 186-cı maddəsinə əsasən “səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, həm də səhhətə görə möhlət və azadetmə istisna olmaqla, digər möhlət növləri və çağırışdan azadetmənin tətbiqi dayandırılır; səfərbərlik elan edildikdə səfərbərlik müddəti ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər xüsusi sərəncam alınanadək saxlanılırlar. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» 23.01.1996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. N №-li hərbi hissə komandirinin iyun N-ci il tarixli dövrü əhatə edən nizami hissə üzrə əmrlərində İddiaçı sonrakı xidməti barədə məlumat aşkar edilməmişdir. Hərbi biletində isə Azərbaycan Respublikası Milli Məclisinin amnistiya aktına əsasən onun 17.10.1997-ci il tarixdən əvvəlki xidmətinin Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmadığı qeyd edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmadığından, yəni ona amnistiya aktı tətbiq edildiyindən onun müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməməlidir. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin prosessual xərclər də göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci)–yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməsin. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-471/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-471/2020
23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver