Məhkəmə qərarları › İş №2-1(120)-473/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-473/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-473/2025 18.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “mənsubiyyətinin tanınması” tələbinə dair iddiası üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, Cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “mənsubiyyətinin tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Тəsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “01 aprel 2022-ci il tarixli, ******* nömrəli qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsinə əsasən, iddia tələbi məhkəmənin 06 mart 2025-ci il tarixli Qərardadı ilə “01 aprel 2022-ci il tarixli, ******* nömrəli qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 17 mart 1961-ci ildə Sabirabad rayonunun Yolçubəyli kəndində anadan olmuşdur. 10 oktyabr 1981-ci ildə X20 ilə rəsmi nikah münasibətlərinə girərək evlənmişdir. Nikaha girdiyi vaxtda hazırda qeydiyyatda olduğu ünvanda yaşamışdır. Onun mənsubiyyətinin tanınması barədə aidiyyəti orqana müraciət etsə də, həmin orqan 01 aprel 2022-ci il tarixli, ******* nömrəli qərarla bundan imtina edilmişdir. O, bu imtinanı əsassız hesab edir. Ona görə aidiyyəti sənədlərlə birlikdə aidiyyəti üzrə məhkəməyə müraciət edir. Hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı X18 cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsinə etiraz edir və hesab edir ki, onun heç bir hüquqi əsası yoxdur. İddiaçı X18 vətəndaşlıq msənsubiyyətinin müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir (qərar etiraza əlavə olunur). Hesab edirəm ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, o, xx.xx.1976-cı ildə Sabirabad rayonunda anadan olsa da, sonradan Ukraynaya gedərək həmin ölkənin vətəndaşlığını əldə etmiş, həmçinin MAPS-a göndərilən xx.xx.2022-ci il tarixli elektron sorğuya cavab olaraq iddiaçının Azərbaycan Respublikasında onun pasport qeydiyyatında olması barədə məlumatın olmaması bildirilmişdir. (VMMS üzrə məlumat etiraza əlavə olunur). Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o, yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək-1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının - və ya Azərbaycan SSR-in vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). İşin hallarından da görünür ki, şəxs Ukraynaya getmiş və hal-hazırda həmin ölkənin vətəndaşıdır (bununla bağlı İAMAS üzrə məlumatlar etiraza əlavə olunur - buna görə də şəxsə münasibətdə yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz). Eyni zamanda qeyd etmək istərdim ki, şəxs barəsində Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qərardan verilmiş şikayətlə bağlı həmin məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli 2-1(120)-469/2023 nömrəli qərardad qəbul edilmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə, yəni 7 aydan sonra yenidən müraciət etmişdir. Bu səbəbdən DMX-nin xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarından verilmiş şikayət üzrə müddətin ötürüldüyünü hesab edirik. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın mümkün hesab edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X21 etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı 1998-ci ilədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı üçün iddia təmin olunmamalıdır. Əsaslandırma hissəsi: İddianın mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Həmçinin iddiaçının yaşadığı ünvan Sabirabad rayonu Yolçubəyli kəndidir. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan : Dövlət Miqrasiya Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 68137/m nömrəli sorğu əsasında İddiaçıxan qızının vətəndaşlıq mənsubiyyəti araşdırılmış və barəsində xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarında qeyd edilmişdir ki, 17 mart 1961-ci il təvəllüdlü X3 xx.xx.1998-ci ilədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edildiyi üçün Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmasın. Ukrayna DMX Kiyev vilayəti və Kiyev şəhərində Dövlət Miqrasiya Xidmətinin Mərkəzi Regionlararası İdarəsi Qolosiyivsk şöbəsinin X4 ünvanladığı məktubunda qeyd edilmişdir ki, itirilmiş pasportun əvəzinə Ukrayna vətəndaşının pasportunun verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli E-l87/6/8024-23 nömrəli müraciətinizə baxılmışdır.Ukrayna Nazirlər Kabinetinin 25 mart 2015-ci il tarixli 302 nömrəli qərarını rəhbər tutaraq, əlavə və dəyişikliklərlə “Blankın nümunəsini, texniki təsvirinin və təsdiq edilməsi və Ukrayna vətəndaşının pasportunun rəsmiləşdirilməsi, verilməsi, dəyişdirilməsi, göndərilməsi, geri götürülməsi, dövlətə qaytarılması, etibarsız hesab edilməsi və məhv edilməsi qaydası haqqında” bildiririk ki, 100-cü bəndin 1-ci yarımbəndinə əsasən, pasportun rəsmiləşdirilməsi və verilməsi üçün zəruri olan, ərizəçinin təqdim etdiyi məlumatlardan, kartotekalardan Reyestr məlumat bazasından alınan məlumatların təsdiq edilməməsi, xüsusən Ukrayna vətəndaşlığına məxsus olması barədə, şəxsin Ukrayna vətəndaşı olmaması ilə əlaqədar Sizə pasport verilməsindən imtina edilib. xx.xx.1989-cu il tarixli, Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1989-cu ildə Sabirabad rayonunda anadan olmuş, atası X15r, anası X5r. xx.xx.1978-ci il tarixli, Vİİ-ЖГ № 742991 nömrəli X6 məxsus Sovet Sosialist Respublikaları vətəndaşının Pasportundan görünür ki, X9 xx.xx.1961-ci il tarixdə Sabirabad rayonu Yolçubəyli kəndində anadan olmuşdur. xx.xx.2022-ci il tarixli, İİİ-JQ № 336034 nömrəli arayışdan gürünür ki, X9 xx.xx.1961-ci ildə Sabirabad rayonu, Yolçubəyli kəndində anadan olmuş, atası X16, anası X17r. Sabirabad Rayonu İcra Hakimiyyəti başçısının Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, X1 rayonu Yolçubəyli kəndində yaşayır. Təsərrüfatbaşına kitabdan çıxarış da arayışa əlavə edilmişdir. xx.xx.1975-ci il tarixli, 274 nömrəli doğum haqqında bərpa akt qeydindən görünür ki, X9 xx.xx.1961-ci ildə Sabirabad rayonu Yolçubəyli kəndində anadan olmuş, atası X16, anası X17r. Şirvan İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2-1(120)-469/2023 saylı Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” inzibati iş üzrə icraata xitam verilmişdir. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sorğu edilən İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. xx.xx.1981-ci il tarixli, AZ-İİ № 467195 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X3 xx.xx.1981-ci ildə rəsmi nikahları bağlanmışdır. Orta Təhsil haqqında xx.xx.1978-ci il tarixli, АИ № 178410 nömrəli Attestatın surətindən görünür ki, X9 1978-ci ildə Sabirabad rayonu Yolçubəyli kənd ümumitəhsil orta məktəbini bitirmişdir. Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, X9 1976-cı il tarixdən 1988-ci il tarixədək Sabirabad rayonu “S.Vurğun” adına kolxozda işləmişdir. xx.xx.1982-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, X26 xx.xx.1982-ci ildə Sabirabad rayonu Yolçubəyli kəndində anadan olmuş, atası X22, anası X7r. xx.xx.1989-cu il tarixli, 49 nömrəli doğum haqqında bərpa akt qeydindən görünür ki, X25 xx.xx.1989-cu ildə Sabirabad rayonu Yolçubəyli kəndində anadan olmuş, atası X22, anası X7r. Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1961 -ci ildə Sabirabad rayonu Yolçubəyli kəndində anadan olmuş X13 xx.xx.1978-ci il tarixdə Sabirabad RPŞ-sı tərəfindən Vİl-ЖГ seriyalı 742991 nömrəli SSR-i nümunəli pasport verilmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək isə F Xəlilova Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. Məhkəmə tərəfi dinləyərək, iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun: Maddə 1. Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir Maddə 14. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər: 1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda; 2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda. Bu hallarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır. Şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, bu maddənin birinci hissəsində göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti rədd edilir. Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”: 1.1. Bu Qayda "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti "Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961 -ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa;

4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar. 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.2. Bu Qaydanın 4.1.6–4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallarda 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları tələb olunur. 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Əvvəla qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır. Nəzərə alınmalıdır ki, şəxsin Azərbaycan Respublikasına mənsubiyyətinin müəyyən edilməsi müvafiq inzibati orqanın səlahiyyətindədir ki, bu zaman inzibati orqan yalnız qanunvericilikdə səciyyələnmiş əsaslar olduğu halda öz səlahiyyətləri çərçivəsində şəxsin mənsubiyyətini tanıyır. Hazırki işin faktiki hallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının vətəndaşılığına mənsubiyyətinin tanınmasını istəyir və bunu aşağıdaki hal ilə əsaslandırır: -17 mart 1961-ci ildə Sabirabad rayonunun Yolçubəyli kəndində anadan olmuş, 10 oktyabr 1981-ci ildə X22 ilə rəsmi nikah münasibətlərinə girərək evlənmiş, nikaha girdiyi vaxtdan hazırda qeydiyyatda olduğu ünvanda yaşayır. İşin faktiki hallarından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü olan iddiaçı X2 rayonu Yolçubəyli kəndində anadan olmuşdur. İddiaçının atası X16, anası X17r və hər iki valideyin Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Sabirabad rayonu Yolçubəyli kəndində Azərbaycan Respublikası vətəndaşlarından doğulmuş X13 xx.xx.1978-ci il tarixdə Sabirabad RPŞ-sı tərəfindən Vİl-ЖГ seriyalı 742991 nömrəli SSR-i nümunəli pasport verilmiş, 1978-ci ildə Sabirabad rayonu Yolçubəyli kənd ümumitəhsil orta məktəbini bitirmiş, 1976-cı il tarixdən 1988-ci il tarixədək Sabirabad rayonu “S.Vurğun” adına kolxozda işləmiş, 1981-ci ildə X22 ilə rəsmi nikah bağlamış, həmin rayonda övladları dünyaya gəlmiş, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək isə Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olmuşdur və hal-hazırda da vətəndaşsızlıq vəziyyətindədir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarda və etirazda qeyd olunan imtina əsasları məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmadığından imtina iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuş və onun hüquqlarını məhdudlaşdırmaqla Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından məhrum etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquq və mənafelərinin pozulması ilə nəticələnmişdir. İnzibati Prosessual Məcəllənin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə prosessual xərc yoxdur.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 2, 4.1, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. 01 aprel 2022-ci il tarixli, ******* nömrəli qərarın ləğv edilməsi və xx.xx.1961-ci il təvəllüdlü iddiaçı X11 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınması öhdəliyi cavabdeh Dövlət Miqrasiya Xidmətinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar