Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4737/2025 16.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xəstə olduğunu nəzərə alaraq pay torpağının qaytarılmasına köməklik edilməsi” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı Cavabdehnə qarşı “xəstə olduğunu nəzərə alaraq pay torpağının qaytarılmasına köməklik edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1964-cü ildən 1969-cu ilə qədər Cəlilabad Rayon R.Axundov Savxozda fəhlə işləmiş, 2001-ci ildə islahat gedərkən onunda payına 0.83 hektar JN-1355 saylı dövlət aktı əsasında əkinə yararlı torpaq sahəsi verilmiş və subsidiyasıda fermer kartı vaistəsilə vaxtlı-vaxtında almışdır. Dövlət Aktları yeniləndiyi vaxt Cəlilabad 8 saylı Ərazi İdarəsinə müraciət edərək yeni dövlət aktı tələb etdikdə ona rəsmi olaraq bildirilmişdir ki, onun adına verilmiş JN-1355 saylı torpaq sahəsi Cəlilabad AİK-nın 24 yanvar 2008-ci il tarixli 1 saylı qərarı ilə başqa şəxsə verilmişdir. İcra Hakimiyyətinin Aqrar İslahat Komissiyası onun adının sənədləşmədə Zöhrə əvəzinə Zəhra yazıldığını əsaslandıraraq pay torpağını rayon sakini X4 vermişdir. AİK-sı onun pay torpağının başqa şəxsə verilməsi barədə hec bir məlumat verməmişdir. Bakı şəhərində işlədiyi üçün pay torpağını icarə əsasında rayon sakini qonşu olan X2 verilmiş, Quliyev İxtiyar pay torpağının başqa şəxsə verilməsinə baxmayar 2022-ci ilə qədər qardaşı Sahibə İcarə haqqı verimişdir. Quliyev İxtiyarda pay torpağının rayon sakini X4 verilməsini bilərəkdən məqsədli şəkildə bildirməmişdir. O, pay torpaqı oğlu həpsdə olan Quliyev İsmayıla alqı satqı edərək sənədləşdirmişdir. Qeyd edilənləri nəzərə alaraq işlədiyi illəri əmək kitabçasına daxil edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan JN-1355 KOD 80601004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən 0.83 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Cəlilabad şəhər sakini İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 01 nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, keçmiş R.Axundov adına təsərrüfatda torpaq islahatı ilə əlaqədar siyahı tərtib edilərək səhvən bəzi vətəndaşların adları həmin siyahıda 2 dəfə yazılmış, adları həmin siyahıya düşmüş, bəzi vətəndaşların soyadı və atasının adı səhv yazılmış, yaddan çıxan, Lakin qanuni torpaq payı almaq hüququ olan vətəndaşların adları torpaq payı alacaq subyektlərin siyahısına salınmamışdır. Ona görə də adları səhvən torpaq pay almaq hüququ olan subyektlərin siyahısına düşmüş İddiaçı və X3 adları texniki səhv nəticəsində torpay payı almaq hüququ olan subyektlərin siyahısına düşməyən vətəndaşlara çıxarılan torpaq mülkiyyətlərinin ərazisindən torpaq payları verilməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********90 nömrəli məktubundan görünür ki, İddiaçı adı JN-1355 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında X1 yazılmışdır. Əlavə olaraq məlumat üçün bildiririk ki, JN-1355 nömrəli dövlət aktı ləğv edilərək sözü gedən torpaq sahəsi Cəlilabad rayon AİK-nın xx.xx.2008-ci il tarixli 1 saylı qərarı ilə başqa vətəndaşa verilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi hazırkı iddia növ etibarı ilə AR İPM-nin 2.2.3-cü maddəsində göstərilən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. İddiaçı tələbində qeyd etməsə də, mübahisənin Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 01 nömrəli qərarı ilə əlaqəli olduğu və tərəfin həmin qərarla razı olmadığı müəyyən edilir. Həmin hissədə məhkəmə qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi iddiaçı təlbi dəqiqləşdirsə belə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 01 nömrəli qərarı mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürdüyündən onların iddiası mümkün sayılmamalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1 (102)-1103/20 nömrəli, xx.xx.2020-ci il tarixli 2- 1(102)-1577/2020 nömrəli və xx.xx.2020-ci il tarixli 2-1 (102)-1225/2020 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011 -ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, ərizədən və iş materiallarından görünür ki, İddiaçı hazırkı tələblə iddiasına cavab verməli olan inzibati orqan Cavabdeh olmalı olduğu halda iddiaçı cavabdeh qismində Cavabdeh 20 Yanvar 2008-ci il tarixli Aqrar İslahat Komissiyasını qoymuşdur. Həmin iş üzrə Şirvan İnzibati Məhkəməsinin hakimi Rəşidə Quliyeva tərəfindən (2-1(120)-3391/2025 saylı) baxılaraq iddia mümkün sayılmamışdır. X7 Məhkəməsinin 2-1(120)-891/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Əliyeva X5 DƏDRX 8 saylı Cəlilabad Ərazi idarəsinə qarşı “torpaq sahəsinin qaytarılması və torpaq payına çıxarışın verilməsi “ barədə iddiası mümkün sayılmamışdır. Qeyd edilən qərarlar üzrə iddiaçının adı qeyd edilən qərara, yəni Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 01 nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, keçmiş R.Axundov adına təsərrüfatda torpaq islahatı ilə əlaqədar siyahı tərtib edilərək səhvən bəzi vətəndaşların adları həmin siyahıda 2 dəfə yazılmış, adları həmin siyahıya düşmüş, bəzi vətəndaşların soyadı və atasının adı səhv yazılmış, yaddan çıxan, Lakin qanuni torpaq payı almaq hüququ olan vətəndaşların adları torpaq payı alacaq subyektlərin siyahısına salınmamışdır. Ona görə də adları səhvən torpaq pay almaq hüququ olan subyektlərin siyahısına düşmüş İddiaçı adı çıxarılmış və yerinə X3 adı qeyd edilmişdir. Və qeyd edilən qərarın bu günə kimi öz qüvvəsinin olduğu müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxsin hüquqları müvafiq hüquqmüəyyənedici sənədlər vasitəsilə qeydə alınmışdır ki, qeyd edilən sənədlərin iddiaçı tərəfindən mübahisələndireilməsində subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçının subyektiv hüququnu və ona torpaq sahəsi ayrılmasını təsdiq edən qüvvədə olan hər-hansı hüquqmüəyyənedici sənəd aşkar edilmir. Və həmçinin istifadəsində belə bir torpaq sahəsi mövcud deyil. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 8-ci bəndində göstərilmişdir ki: 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qeyd olunanlarla bağlı iddiaçıya hüquqi yardım göstərilmiş, qanunvericiliyin müddətlə bağlı tələbləri izah olunmuş, iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmışdır. İddiaçıya məhkəmə prosesi zamanıda qanunvericiliyin tələbləri izah olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16, 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “xəstə olduğunu nəzərə alaraq pay torpağının qaytarılmasına köməklik edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-4737/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4737/2025
16.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver