Məhkəmə qərarları › İş №2-1(120)-478/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-478/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-478/2020 16.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinin nümayəndəsi X2 (ali təhsilli, Dövlət Sosial X3 rayon şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi, ünvan 1 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinə qarşı «sosial sığorta stajı müəyyən edilərək təyin edilmiş əmək pensiyasının 03.01.2017-ci il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 03.01.1954-cü il tarixdə Cəlilabad rayonu, Alar kəndində doğulmuşdur. İddiaçı 01.09.1973-06.02.1978-ci illərdə Azərbaycan X1 təhsil almışdır. İddiaçıya 03.01.2017-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası təyin edilərkən 01.09.1973-06.02.1978-ci illərdə Azərbaycan X1 təhsil aldığı illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçı 01.09.1973-06.02.1978-ci illərdə Azərbaycan X1 təhsil aldığı illər sığorta stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanıb ödənilməsi üçün cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 17.12.2019-cu il tarixli 79/04-297 saylı məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajına daxil edilməsinin nəzərdə tutulmadığını qeyd edərək, iddiaçının 01.09.1973-06.02.1978-ci illərdə keçmiş X1 təhsil aldığı illərin sosial sığorta stajı kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01.09.1973-cü ildən 06.02.1978-ci ilə kimi Azərbaycan X1 əyani təhsil aldığı illəri sosial sığorta stajı kimi müəyyən edərək, Dövlət Sosial X3 rayon şöbəsinin üzərinə ona yaşa görə təyin edilmiş əmək pensiyasının 03.01.2017-ci il tarixdən yenidən hesablanması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 03.01.1954-cü ildə Cəlilabad rayonu, Alar kəndində anadan olmuşdur. Hazırda Cəlilabad rayonu, Alar kəndində yaşayır. 03.01.2017-ci il tarixdən yaşa görə əmək pensiyası alır. O, 01.09.1973-ci il tarixdən 06.02.1978-ci il tarixə kimi Azərbaycan X1 əyani təhsil almışdır. Təhsil aldığı bu müddət ona məxsus A-İ № 012373 saylı diplom ilə öz təsdiqini tapır. Ona pensiya təyin olunarkən qeyd olunan təhsil illəri nəzərə alınmamışdır. O, əmək pensiyasının yenidən hesablanmasından ötrü Dövlət Sosial X3 rayon şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Lakin Dövlət Sosial X3 rayon şöbəsi tərəfindən ona 17.12.2019-cu il tarixli 79/04-297 saylı imtina məktubu verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığına görə həmin dövrü sosial sığorta stajına daxil etmək mümkün deyildir. Cavabdehin imtinasını əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinin nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında izahat verərək, bildirdi ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Buna görə də iddiaçının 01.09.1973-06.02.1978-ci illərdə Azərbaycan X1 təhsil aldığı illərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün deyildir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və diplomunun təsdiq olunmuş surətlərini, Cəlilabad Rayon İHB-nin Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı 03.01.1954-cü il tarixdə doğulmuşdur. İddiaçıya 03.01.2017-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası təyin edilərkən 01.09.1973-06.02.1978-ci illərdə Azərbaycan X1 təhsil aldığı illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçı 01.09.1973-06.02.1978-ci illərdə Azərbaycan X1 təhsil aldığı illər sosial sığorta stajı kimi nəzərə alınaraq, təyin edilmiş əmək pensiyasının 03.01.2017-ci il tarixdən yenidən hesablanıb ödənilməsini xahiş edir. İddiaçının 01.09.1973-06.02.1978-ci illərdə Azərbaycan X1 təhsil alması ona məxsus A-İ 012373 nömrəli diplom ilə təsdiq olunur. Məhkəmə A-İ 012373 nömrəli diplomu iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı 01.09.1973-06.02.1978-ci illərdə Azərbaycan X1 təhsil aldığından məhkəmə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunu qəbul olunanadək vətəndaşların pensiya təminatı ilə bağlı qüvvədə olan maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, 1992-ci il tarixdə qəbul edilmiş və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD saylı Qanunu ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununda vətəndaşların ali təhsil müddətlərinin onların iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin tələbinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə normanı tətbiq etməyə borcludur. İddiaçı 01.09.1973-06.02.1978-ci illərdə Azərbaycan X1 təhsil almış və bu barədə ona məxsus diplomda müvafiq qeydlər aparılmışdır. Cavabdeh inzibati orqan isə mövcud qanunvericilikdə təhsil müddətinin sosial sığorta stajına daxil edilməsinin nəzərdə tutulmadığını əsas gətirərək, iddiaçının tələbindən imtina etmişdir. Halbuki cavabdeh inzibati orqanın hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanuna əsaslanması iddiaçının vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Qeyd olunanlardan da göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının hüquqlarına müdaxilə edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, iddiaçı 01.09.1973-06.02.1978-ci illərdə Azərbaycan X1 əyani təhsil aldığı illər sosial sığorta stajı kimi müəyyən edilərək, təyin edilmiş əmək pensiyasının 03.01.2017-ci il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 01.09.1973- 06.02.1978-ci illərdə Azərbaycan X1 təhsil aldığı illər (Diplom: A-İ 012373) sosial sığorta stajı kimi nəzərə alınaraq təyin edilmiş əmək pensiyasının 03.01.2017-ci tarixdən yenidən hesablanıb yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddia təmin edilsin. İddiaçı 01.09.1973-06.02.1978-ci illərdə Azərbaycan X1 təhsil aldığı illər (Diplom: A- İ 012373) sosial sığorta stajı kimi nəzərə alınaraq təyin edilmiş əmək pensiyasının 03.01.2017-ci tarixdən yenidən hesablanıb yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinin üzərinə qoyulsun.

2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar