Məhkəmə qərarları › İş №2-1(120)-481/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-481/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-481/2022 04.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X28 оğlunun katibliyi, İddiaçı kəndli fermer təsərrüfatının nümayəndəsi X17, İddiaçı kəndli fermer təsərrüfatının nümayəndəsi və vəkili X4, Cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin nümayəndəsi X11 iştirаkı ilə, İddiaçı kəndli fermer təsərrüfatının cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “Füzuli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamının İddiaçı kəndli fermer təsərrüfatına aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı kəndli fermer təsərrüfatının cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “Füzuli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamının ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(120)-481/2022 nömrəli qərardadı ilə iddiaçı Elgün” kəndli fermer təsərrüfatının cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “Füzuli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamının ləğv edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və cavabdeh olduğu kimi saxlanılması, iddia tələbinə “Füzuli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamının İddiaçı kəndli fermer təsərrüfatına aid hissədə ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Мəhkəmə iclasında İddiaçı kəndli fermer təsərrüfatının nümayəndəsi X6 rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamının İddiaçı kəndli fermer təsərrüfatına aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında İddiaçı kəndli fermer təsərrüfatının nümayəndəsi və vəkili X1 rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamının İddiaçı kəndli fermer təsərrüfatına aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında Füzuli rayon İcra Hakimiyyətinin nümayəndəsi X18 iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı kəndli fermer təsərrüfatının iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı kəndli fermer təsərrüfatı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “Füzuli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamının İddiaçı kəndli fermer təsərrüfatına aid hissədə ləğv edilməsi” barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Belə ki, iş materiallarında olan B №000352 nömrəli dövlət aktından və torpaq sahəsinin plan çizgisindən və Füzuli rayon X27 Rəyasət Heyətinin 30 noyabr 1994-cü il tarixli, 11 nömrəli protokolundan çıxarışdan görünür ki, Füzuli rayon X27 Rəyasət Heyətinin 30 noyabr 1994-cü il tarixli, 11 nömrəli qərarına əsasən keçmiş “Qarabağ” kolxozunun ərazisindən çizgidə göstərilən sərhəd daxilində 120,0 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı, satışı və emalı üçün İddiaçı kəndli fermer təsərrüfatının istifadəsinə verilmişdir. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 22 saylı sərəncamından çıxarışdan görünür ki, “torpaq islahatı haqqında” Azrəbaycan Respublikası Qanununun 24-cü maddəsi və “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Prezidentinin 24 avqust 2002-ci il tarixli 760 nömrəli fərmanı rəhbərlik və icra üçün qəbul edilmiş, Füzuli rayon İcra Hakimiyyəti başçısının Əhmədbərli kənd inzibati ərazi nümayəndəliyinin 07 mart 2012-ci il tarixli, 10 nömrəli məktubu nəzərə alınmış, Füzuli rayon İcra Hakimiyyəti başçısının Əhmədbərli kənd inzibati ərazi nümayəndəliyi tərəfindən təklif olunan İşçi Qrupunun tərkibi təsdiq olunmuş, həmçinin təsdiq olunmuş işçi qrupunun üzvləri sırasında keçmiş “Qarabağ” kolxozunun baş mühasibi X17 da adı qeyd olunmuşdur. İş materiallarında olan Füzuli rayonu Qarabağ kəndi keçmiş “Qarabağ” kolxozunun ərazisində torpaq islahatının aparılması ilə əlaqədar olaraq yaradılmış işçi qrupunun 12 mart 2012-ci il tarixli, 01 saylı iclas protokolundan görünür ki, 12 mart 2012-ci il tarixdə keçirilən iclasda işçi qrupunun üzvü Adil Həziyev çıxış edərək bildirmişdir ki, torpaq islahatı işləri aparılan zaman ərazidə yaşayan və torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısı tərtib olunmalı, onların sayı dəqiqləşdirilməlidir. Eyni zamanda torpaqdan əlavə bir pay almaq hüququ olan imtiyazlı şəxslərin də siyahısı müəyyən edilməlidir. Ona görə də təklif edirəm ki, torpaqdan pay almaq hüququ olan subyektlərin və əlavə bir pay almaq hüququ olan imtiyazlı şəxslərin siyahısı tərtib olunub təsdiq olunsun. Eyni zamanda adambaşına orta torpaq norması 2,0 (iki) hektar müyyən edilsin. Həmçinin həmin iclasda Qarabağ kəndi keçmiş “Qarabağ” kolxozunun ərazisində torpaqdan pay almaq hüququ olan subyektlərin və imtiyazlı şəxslərin sayının dəqiqləşdirilməsi, adambaşına orta torpaq normasının 2,0 (iki) hektar müyyən edilməsi, Kəndin perspektiv inkişafı üçün torpaq sahəsinin verilməsi, bələdiyyənin ehtiyat fonuna kənd təsərrüfatı məqsədli torpaq sahəsi verilməsi, torpaqdan pay almaq hüququ olan subyektlərə orta torpaq normasına 2,0 (iki) hektar uyğun torpaq payının verilməsi, əhalinin ümumi istifadəsinə örüş-otlaq sahəsinin verilməsi, qəbiristanlıq və idman meydançası üçün torpaq sahəsinin ayrılması, torpaq sahələrinin subyektlər bölündükdən sonra qalan ərazinin dövlət mülkiyyətində saxlaxılması qərara alınmışdır. İş materiallarında olan Füzuli rayonu Qarabağ kəndi keçmiş “Qarabağ” kolxozunun ərazisində torpaq islahatının aparılması ilə əlaqədar olaraq yaradılmış işçi qrupunun 08 may 2012-ci il tarixli, 02 saylı iclas protokolundan görünür ki, torpaq islahatının aparılması məqsədi ilə tərtib olunmuş yerquruluşu planı və hüquqi sənədlərin təsdiq edilməsi, torpaqdan pay almaq hüququ olan subyektlərin sayı 194 ailə olmaqla 479 nəfərin təsdiq olunması, torpaqdan əlavə bir pay almaq hüququ olan imtiyazlı şəxslərin sayının 6 nəfər təsdiq olunması və digər məsələlər qərara alınmışdır. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamından görünür ki, Füzuli rayonunun Qarabağ kəndində keçmiş “Qarabağ” kolxozunda torpaq islahatının aparılmasına dair İşçi Qrupunun 12 mart 2012-ci il tarixli 01 nömrəli, 08 may 2012-ci il tarixli 02 nömrəli iclas protokolları, ərazinin tərtib olunmuş yerquruluşu planı və torpaq payı alacaq subyektlərin adlı siyahısı təsdiq edilmiş, sabiq “Qarabağ” kolxozunun ümumi ərazisinin 5000.0 hektar olduğunu nəzərə alaraq ondan 413.95 hektarı bələdiyyə mülkiyyətinə verilmiş, 1042.14 hektarı isə xüsusi mülkiyyətə ayrılmış, qalan 3543.91 hektarı dövlət mülkiyyətində saxlanılmışdır. Bələdiyyə mülkiyyətinə verilən 413,95 ha torpaq sahəsinin 17.61 hektarı kəndin perspektiv inkişaf fondu üçün, 31.90 hektarı bələdiyyənin ehtiyat fondu üçün ayrılmış, 364.44 hektarı isə ümumi istifadədə saxlanılmışdır. Xüsusi mülkiyyətə verilən 1042.14 ha torpaq sahəsinin 966,0 hektarı əkinə yararlı olub, torpaqdan pay almaq hüququ olan subyektlərə paylanmaq üçün ayrılmışdır. Qalan 76.14 ha isə həyətyanı torpaq sahələridir. Torpaq payı alacaq subyektlərin ümumi sayı 194 ailə olmaqla 479 nəfərdir. Onlardan 6 nəfəri torpaqdan əlavə bir pay almaq hüququ olan imtiyazlı şəxslərdir. Keçmiş “Qarabağ” kolxozunun ərazisində fəaliyyət göstərmiş fermer təsərrüfatlarının üzvlərinə bir yerdən kontur ardıcıllığı əsasında püşk ardıcıllığı ilə pay torpağı verilmişdir. İş materiallarında olan Füzuli rayonunun Qarabağ kəndində keçmiş “Qarabağ” kolxozunda torpaq islahatının aparılması ilə əlaqədar olaraq torpaqdan pay almaq hüququ olan vətəndaşların siyahısından görünür ki, torpaq payı alacaq subyektlərin ümumi sayı 194 ailə olmaqla 479 nəfərdir. Keçmiş “Qarabağ” kolxozunun ərazisində fəaliyyət göstərmiş fermer təsərrüfatlarının üzvlərinə bir yerdən kontur ardıcıllığı əsasında püşk ardıcıllığı ilə pay torpağı verilmiş, həmçinin işçi qrupunun üzvü X25 tərəfindən imza edilməklə həmin siyahı təsdiqlənmişdir. İş materiallarında olan Füzuli rayonunun Qarabağ kəndində keçmiş “Qarabağ” kolxozunda torpaq islahatının aparılması ilə əlaqədar olaraq torpaqdan pay almaq hüququ olan vətəndaşların siyahısından görünür ki, püşkatma siyahısında 121-ci sıra sayında, ailə başçısının sıra sayında 44, 1958-cü il təvəllüdlü, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE-07964242 olan X17 adı qeyd edilmiş, həmçinin həmin püşkatma siyahısı X25 tərəfindən imzalanmışdır. İş materiallarında olan X17 Füzuli rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2013cü il tarixli ərizədən görünür ki, heyvandarlıq və əkinçiliklə məşğul olmaq üçün ona keçmiş “Qarabağ” kolxozunun ərazisindən 70-110 ha torpaq sahəsinin verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 65 nömrəli sərəncamından görünür ki, Əhmədbəyli kənd sakini, məcburi köçkün X17 başçısı olduğu İddiaçı kəndli fermer təsərrüfatına əkinçilik məqsədilə təqdim olunmuş sxemə uyğun Dövlət ehtiyat fond torpağından müvəqqəti (30-otuz il müddətinə) 55,0 (əlli beş) ha torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 01/89 nömrəli məktubunda qeyd edilmişdir ki, torpaq islahatı kolxozun ümumi ərazisini əhatə etmişdir və islahat aparılana qədər kolxozun ərazisində mövcud olmuş bütün kəndli (fermer) təsərrüfatlarının (o cümlədən də İddiaçı-nın) müvəqqəti istifadəsində olmuş torpaq sahələri də həmin fermer təsərrüfatarının üzvlərinin tələbi ilə islahata aid edilmişdir. Fermer təsərrüfatlarının bütün üzvlərinin (o cümlədən də İddiaçı kəndli (fermer) təsərrüfatının üzvlərinin) mülkiyyətinə adambaşına müəyyən edilmiş 2,0 (iki) hektar norma üzrə püşkatma qaydasında pay torpaqları verilmişdir. Hər bir püşk sahibi, o cümlədən də iddiaçı ona və ailə üzvlərinə düşən püşkə şəxsən imza etmişdir - püşk N- 65. X17 6 nəfər ailə üzvünün mülkiyyətinə 12,0 hektar pay torpağı verilmişdir. Bundan əlavə, X33 RİHB-nın xx.xx.2013-cü il tarixli 65 nömrəli sərəncamı ilə əkinçilik məqsədilə 30 il müddətinə 55,0 hektar torpaq sahəsi də icarəyə verilmişdir. Mülkiyyətlərinə pay torpaqları verilmiş hər bir ailə “Torpağın daimi mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə təmin edilmişlər. İslahatın aparılması üçün Füzuli RİHB-nın Əhmədbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən müəyyən olunmuş İşçi Qrupunun tərkibi Füzuli RİHB-nın xx.xx.2012-ci il tarixli 22 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. İddiaçı - keçmiş “Qarabağ” kolxozunun baş mühasibi vəzifəsində işləmiş X9 Qrupunun üzvü olmuşdur və islahata dair bütün sənədlərə imza etmişdir. Torpaq islahatının aparılmasından 10 il vaxt keçmişdir. Aradan ötən bu müddət ərzində keçmiş kəndli (fermer) təsərrüfatlarının heç birindən hər hansı dövlət orqanına və ya məhkəməyə narazılıq və ya şikayət daxil olmamışdır. “Aqrar islahatının əsasları haqqında” Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli 976 nömrəli Qanununun 5-ci maddəsinin birinci hissəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini nəzərdə tutur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155-İQ nömrəli Qanununun 3-cü maddəsinə əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları) və xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51ci maddəsinin 3-cü bəndinə əsasən icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Keçmiş “Qarabağ” kolxozunda islahat aparılması ilə əlaqədar olaraq dövlət mülkiyyətində saxlanılmış torpaqlardan Füzuli Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə məcburi köçkünlər X19 150,0 hektar; "xxxx" MMC-yə (X20) 100,0 hektar; X12 25,0 hektar; X3 25,0 hektar; X5 15,0 hektar; X13 20,0 hektar; X23 40,0 hektar; X24 30,0 hektar; X2 19,0 hektar və X15 15,0 hektar müvəqqəti (15 il müddətinə) icarəyə verilmişdir. Bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Bütün bunlarla yanaşı, iddiaçı iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın mümkün hesab edilməməsi və ya təmin edilməməsi barədə qərar qəbul etməyinizi xahiş edirik. İş materiallarında olan “iddiaçılar İddiaçı kəndli fermer təsərrüfatı, “Savalan” kəndli fermer təsərrüfatı, “Mil” kəndli fermer təsərrüfatı və “Elməddin” kəndli fermer təsərrüfatı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi üzrə 2-1(120)- 1099/2021 nömrəli inzibati işin içərisində olan iddia ərizəsindən görünür ki, iddiaçılar, İddiaçı kəndli fermer təsərrüfatına məxsus 120 ha torpaq sahəsinin 65 ha hissəsinin, “Savalan” kəndli fermer təsərrüfatına məxsus 118 ha torpaq sahəsinin 80 ha hissəsinin, “Mil” kəndli fermer təsərrüfatına məxsus 200 ha torpaq sahəsinin 138 ha hissəsinin və “Elməddin” kəndli fermer təsərrüfatına məxsus 27 ha torpaq sahəsinin 13 ha hissəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsi və həmin torpaq sahələrindən iddiaçıların istifadəsinə maneə yaradılmasına cavabdeh tərəfindən son qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir və həmin iddia ərizəsi xx.xx.2021-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan 2-1(120)-1099/2021 nömrəli inzibati işin içərisindəki iddiaçıların nümayəndəsi və vəkili X4 xx.xx.2021-ci il tarixdə məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, nümayəndə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(120)-1099/2021 nömrəli qərardadı ilə iddiaçıların nümayəndəsi və vəkili X4 ərizəsinin təmin olunması, iddiaçılar İddiaçı kəndli fermer təsərrüfatının, “Savalan” kəndli fermer təsərrüfatının, “Mil” kəndli fermer təsərrüfatının və “Elməddin” kəndli fermer təsərrüfatının cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı İddiaçı kəndli fermer təsərrüfatına məxsus 120 ha torpaq sahəsinin 65 ha hissəsinin, “Savalan” kəndli fermer təsərrüfatına məxsus 118 ha torpaq sahəsinin 80 ha hissəsinin, “Mil” kəndli fermer təsərrüfatına məxsus 200 ha torpaq sahəsinin 138 ha hissəsinin və “Elməddin” kəndli fermer təsərrüfatına məxsus 27 ha torpaq sahəsinin 13 ha hissəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsi və həmin torpaq sahələrindən iddiaçıların istifadəsinə maneə yaradılmasına cavabdeh tərəfindən son qoyulması tələbinə dair iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 izahatında bildirmişdir ki, 2-1(120)-1099/2021 nömrəli inzibati iş üzrə iddia ərizəsinin geri qaytarılmasına səbəb həmin inzibati işin baxılması zamanı Füzuli RİHB-nin xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamından məlumatlı olması və gələcəkdə hüquqi marağına uyğun həmin sərəncamın məhkəmə qaydasında mübahisələndirmək olmuşdur. Həmçinin, hazırki iş üzrə iddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı kəndli fermer təsərrüfatı uzun illər həmin torpaq sahəsindən istifadə etməklə, öz fəaliyyətini uğurla həyata keçirsə də, 2012-ci ildən başlayaraq, Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən müxtəlif maneələr yaradılmağa başlanılmış və torpaq sahəsi üzərində İddiaçı-nin sahiblik və istifadə hüquqları faktiki olaraq məhdudlaşdırılmışdır. Nəticədə cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı “müəyyən hərəkətləri etməkdən çəkinməyə dair” iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişik. Həmin iş üzrə keçirilmiş xx.xx.2021-ci il tarixli məhkəmə araşdırması zamanı cavabdeh məhkəməyə Füzuli RİHB-nin xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamını təqdim edərək, bizə və bir neçə başqa Kəndli Fermer təsərrüfatına məxsus torpaq sahələrinin bir hissəsinin qeyd edilən Sərəncam əsasında başqa şəxslərin istifadəsinə verildiyini bildirmişdir. Həmin vaxt bizə məlum olmuşdur ki, bizim qanuni sahibliyimizdə olan torpaq sahələri cavabdehin qanunsuz Sərəncamı ilə əlimizdən alınmış və başqa şəxslərə verilmişdir”. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X25 izahatında bildirmişdir ki, 2012-ci il tarixindən 55 hektar istisna olmaqla digər torpaq sahəsindən faktiki olaraq istifadə edə bilməmişdir. Səbəbi Telman adlı şəxs tərəfindən torpaq sahəsinin zəbt edilməsi olmuşdur. Telman adlı şəxs həmin torpaq sahəsinin Füzuli rayon İcra Hakimiyyəti başçısının qərarı əsasında ona verildiyini bildirmiş, lakin həmin sərəncamı ona göstərməmişdir. Həmin şəxsin torpaq sahəsindən çıxarılması və cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırlması tələbi barədə məhkəməyə müraciət etməmişdir. Füzuli rayon İcra Hakimiyyəti başçısının 27 may 2013-cü il tarixli, 65 nömrəli sərəncamı ilə ona verilmiş 55 hektar torpaq sahəsinin Füzuli rayon X16 xx.xx.1994-cü il tarixli, 11 nömrəli qərarı ilə İddiaçı kəndli fermer təsərrüfatına ayrılmış 120 hektar torpaq sahəsinə daxil olduğunu bildiyini, sadəcə olaraq yerdə qalan torpaq sahəsinin ona verilməməsi ilə bağlı mübahisə etmədiyini, bunun səbəbinin isə həmin vaxt vəzifədə olduğu üçün İcra Hakimiyyətinin başçısı tərəfindən hədə-qorxu və təhdidə məruz qalması qorxusu olmuşdur. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, Füzuli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012ci il tarixli, 45 nömrəli sərəncamı ilə Füzuli rayonunun Qarabağ kəndində keçmiş “Qarabağ” kolxozunda torpaq islahatının aparılmasına dair İşçi Qrupunun 12 mart 2012-ci il tarixli 01 nömrəli, 08 may 2012-ci il tarixli 02 nömrəli iclas protokolları, ərazinin tərtib olunmuş yerquruluşu planı və torpaq payı alacaq subyektlərin adlı siyahısı təsdiq edilmiş, sabiq “Qarabağ” kolxozunun ümumi ərazisi 5000.0 hektar torpaq sahəsindən 413.95 hektarı bələdiyyə mülkiyyətinə verilmiş, 1042.14 hektarı isə xüsusi mülkiyyətə ayrılmış, qalan 3543.91 hektarı dövlət mülkiyyətində saxlanılmışdır. Həmçinin həmin sərəncamla Keçmiş “Qarabağ” kolxozunun ərazisində fəaliyyət göstərmiş fermer təsərrüfatlarının üzvlərinə bir yerdən kontur ardıcıllığı əsasında püşk ardıcıllığı ilə pay torpağı verilmişdir. Müəyyən edilmişdir ki, torpaq islahatı kolxozun ümumi ərazisini əhatə etmiş və islahat aparılana qədər kolxozun ərazisində mövcud olmuş bütün kəndli (fermer) təsərrüfatlarının o cümlədən də İddiaçı-nın müvəqqəti istifadəsində olmuş torpaq sahələri də həmin fermer təsərrüfatarının üzvlərinin tələbi ilə islahata aid edilmişdir. Fermer təsərrüfatlarının bütün üzvlərinin o cümlədən də İddiaçı kəndli fermer təsərrüfatının üzvlərinin mülkiyyətinə adambaşına müəyyən edilmiş 2,0 (iki) hektar norma üzrə püşkatma qaydasında pay torpaqları verilmişdir. Hər bir püşk sahibi, o cümlədən də iddiaçı ona və ailə üzvlərinə düşən püşkə şəxsən imza etmiş və 6 nəfər ailə üzvünün mülkiyyətinə 12,0 hektar pay torpağı verilmişdir. Bundan əlavə, Elgün” KFT-nın rəhbəri X33 RİHB-nın xx.xx.2013-cü il tarixli 65 nömrəli sərəncamı ilə əkinçilik məqsədilə 30 il müddətinə 55,0 hektar torpaq sahəsi də icarəyə verilmişdir. İslahatın aparılması üçün Füzuli RİHB-nın Əhmədbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən müəyyən olunmuş İşçi Qrupunun tərkibi Füzuli RİHB-nın xx.xx.2012-ci il tarixli 22 nömrəli sərəncamı ilə təsdiq edilmiş və iddiaçı Elgün” KFT-nın rəhbəri - keçmiş “Qarabağ” kolxozunun baş mühasibi vəzifəsində işləmiş X9 Qrupunun üzvü olmuşdur və islahata dair bütün sənədlərə imza etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, torpaq islahatının aparılmasından 10 il vaxt keçməsinə baxmayaraq ötən bu müddət ərzində keçmiş kəndli (fermer) təsərrüfatlarının heç birindən o cümlədən iddiaçı tərəfindən hər hansı dövlət orqanına və ya məhkəməyə narazılıq və ya şikayət daxil olmamışdır. İddiaçı hazırda Qarabağ kəndində keçmiş “Qarabağ” kolxozunda torpaq islahatının aparılmasına dair İşçi Qrupunun 12 mart 2012-ci il tarixli 01 nömrəli, 08 may 2012-ci il tarixli 02 nömrəli iclas protokollarının, ərazinin tərtib olunmuş yerquruluşu planı və torpaq payı alacaq subyektlərin adlı siyahısının təsdiq edilməsinə dair Füzuli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamı ilə razılaşmır və həmin sərəncamın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iddiaçının verdiyi izahatından, iş materiallarında olan sənədlərdən və iddiaçının imzası ilə təsdiq edilən iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, Füzuli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamı ilə aparılmış torpaq islahatı kolxozun ümumi ərazisini əhatə etmiş və islahat aparılana qədər kolxozun ərazisində mövcud olmuş bütün kəndli (fermer) təsərrüfatlarının o cümlədən də İddiaçı-nın müvəqqəti istifadəsində olmuş torpaq sahələri də həmin fermer təsərrüfatarının üzvlərinin tələbi ilə islahata aid edilmişdir. Fermer təsərrüfatlarının bütün üzvlərinin o cümlədən də İddiaçı kəndli fermer təsərrüfatının üzvlərinin mülkiyyətinə adambaşına müəyyən edilmiş 2,0 (iki) hektar norma üzrə püşkatma qaydasında pay torpaqları verilmişdir. Hər bir püşk sahibi, o cümlədən də iddiaçı ona və ailə üzvlərinə düşən püşkə şəxsən imza etmiş və 6 nəfər ailə üzvünün mülkiyyətinə 12,0 hektar pay torpağı verilmişdir. Bundan əlavə, Elgün” KFT-nın rəhbəri X33 RİHB-nın xx.xx.2013-cü il tarixli 65 nömrəli sərəncamı ilə həmin ərazidən əkinçilik məqsədilə 30 il müddətinə 55,0 hektar torpaq sahəsi də icarəyə verilmişdir. İslahatın aparılması üçün Füzuli RİHB-nın Əhmədbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən müəyyən olunmuş İşçi Qrupunun tərkibi Füzuli RİHB-nın xx.xx.2012-ci il tarixli 22 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. İddiaçı Elgün” KFT-nın rəhbəri - keçmiş “Qarabağ” kolxozunun baş mühasibi vəzifəsində işləmiş X9 Qrupunun üzvü olmuşdur və islahata dair bütün sənədlərə imza etmişdir. Göründüyü kimi iddiaçının verdiyi izahatla, iş materiallarında olan sənədlər ilə müəyyən olunur ki, mübahisələndirilən sərəncamla aparılmış torpaq islahatı Keçmiş “Qarabağ” kolxozunun ümumi ərazisini əhatə etmiş və islahat aparılana qədər kolxozun ərazisində mövcud olmuş bütün kəndli (fermer) təsərrüfatlarının o cümlədən də Füzuli rayon X27 Rəyasət Heyətinin 30 noyabr 1994-cü il tarixli, 11 nömrəli qərarı ilə İddiaçı-nın müvəqqəti istifadəsində olmuş torpaq sahəsi də islahata aid edilmiş və hər bir fermer təsərrüfatlarının üzvlərinə o cümlədən İddiaçı-nın üzvlərinə bir yerdən kontur ardıcıllığı əsasında püşk ardıcıllığı ilə pay torpağı verilmişdir və həmin torpaq sahələri hər kəsin özünün istifadəsindədir. İslahatın aparılması üçün Füzuli RİHB-nın Əhmədbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən müəyyən olunmuş İşçi Qrupunun tərkibi Füzuli RİHB-nın xx.xx.2012-ci il tarixli 22 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. İddiaçı Elgün” KFT-nın rəhbəri - keçmiş “Qarabağ” kolxozunun baş mühasibi vəzifəsində işləmiş X9 Qrupunun üzvü olmuşdur və islahata dair bütün sənədlərə imza etmişdir. Başqa sözlə iddiaçının 2012-ci ildən hazırda mübahisələndirilən sərəncamın qəbul edilməsindən faktiki olaraq məlumatı olmuşdur. İddiaçının sərəncamdan məlumatlı olmasının digər sübutu onunla ifadə olunur ki, 2012-ci ildən hazırkı günə kimi iddiaçı sözügedən islahata məruz qalmış 65 hektar torpaq sahəsindən faktiki olaraq istifadə etməmiş və həmin torpaq sahəsi digər şəxs (şəxslər) tərəfindən istifadə olunmuşdur. Hətta ötən bu illər ərzində torpağın qanunsuz sahiblikdən geri alınması ilə bağlı nə icra hakimiyyətinə nədə ki, digər şəxslərə qarşı məhkəmədə iddia qaldırmamış, hüquqmühafizə orqanlarına müaraciət etməmişdir. Hansı ki, məhkəmə iclasında izahat verən iddiaçı həmin torpaq sahəsindən istifadə etmədiyini və başqa şəxslər tərəfindən istifadə edildiyini bildirmişdir. Məhkəmə iddiaçının hazırda mübahisələndirilən sərəncamın mövcudluğundan xəbərsiz olması, torpaq sahəsi üzərində istifadə hüquqlarına xitam verilməsindən məlumatlı olmaması ilə bağlı dəlilləri ilə razılaşmır və iddiaçının bu dəlillərini qeyri-səmimi və əsaslı hesab etmir. Belə ki, iddia ərizəsinin məzmunundan və məhkəmə iclasında iddiaçının verdiyi izahatından məlum olur ki, 2012-ci ildən başlayaraq, Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən torpaqdan istifadəyə iddiaçıya müxtəlif maneələr yaradılmış və torpaq sahəsi üzərində İddiaçı-nin sahiblik və istifadə hüquqları faktiki olaraq məhdudlaşdırılmışdır. Buna baxmayaraq torpaq sahəsinin geri qaytarılması ilə bağlı, Füzuli Rayon İcra Hakimiyyətinə qarşı etiraz etməmiş və məhkəməyə müraciət etməmişdir. Bütün bunları onun həmin vaxt vəzifədə olması və ona qarşı hədə-qorxu və təhdid olunması qorxusu ilə əlaqələndirdiyini bildirmişdir. Məhkəmənin qənaətinə görə hədə-qorxu və təhdid qorxusu altında (iddiaçının deməsinə görə) istifadə etdiyi qanuni torpaq sahəsindən iradəsinə zidd imtina edən (vaxtında geri qaytarılmasını tələb etməyən) iddiaçı əlbəttə ki, sərəncamın rəsmi qaydada verilməsi halında da həmin sərəncamın ləğvi ilə bağlı şikayət verəcəyi inandırıcı ola bilməzdi. Bu nöqteyi nəzərdən məhkəmə hesab edir ki, həmin sərəncamdan islahat komissiyasının üzvü kimi iddiaçının məlumatı olmuşdur və bilavasitə sərəncamın nəticələri ona məlum olmuşdur. Topraq sahəsindən faktiki olaraq uzun müddət istifadə etməməsi, həmin torpaq sahəsindən başqa şəxslərin istifadə etməsini bilməsi və torpağın geri qaytarılması ilə bağlı ötən illər ərzində icra hakimiyyəti və digər şəxslərin qanunsuz hərəkətləri (əgər var idisə) barədə məhkəməyə və hüquqmühafizə orqanlarına müraciət etməməsi hazırda mübahisələndirlən sərəncamdan iddiaçının məlumatlı olması anlamına gəlir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən sərəncamın istər rəmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin sərəncamın ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin sərəncamın iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin sərəncamın məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin sərəncamdan (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (torpağın iddiaçının istifadəsindən geri alınması, həmin torpaqdan başqa şəxslərin istifadəsi) iddiaçı bilavasitə məlumatlı olmuşdur və bu dövrlər ərzində heç bir etirazı olmamışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni Füzuli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamından 2012-ci il tarixindən məlumatlı olduğundan və prosessual müddətin axımı həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (30 günü) ötürmüş olur. Belə ki, hazırkı iddia ərziəsi xx.xx.2021-ci il tarixdə poçta, xx.xx.2021-ci il tarixdə isə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə İddiaçı kəndli fermer təsərrüfatı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Füzuli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamından məlumatlı olduğu vaxtdan 30 (otuz) gündən artıq (10 ildən çox) vaxt keçdikdən sonra müraciət etmişdir. Bundan başqa iddia ərizəsinin məzmunundan və iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı Elgün” kəndli fermer təsərrüfatı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “müəyyən hərəkətlərdən çəkinməyə dair” iddia ərizəsi ilə xx.xx.2021ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi iddiaçının nümayəndəsi və vəkili X4 xx.xx.2021-ci il tarixdə məhkəmə iclasında təqdim etdiyi ərizəsi əsasında Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)- 1099/2021 nömrəli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçının deməsinə görə hazırda mübahisələndirilən sərəncamdan əvvəlki (2-1(120)-1099/2021 nömrəli işə) işə baxılarkən məlumatlı olmuşdur. Nəzəri cəhətdən qəbul etsək ki, iddiaçı mübahisələndirilən sərəncamdan əvvəlki inzibati işə baxılarkən məlumatlı olub, bu zaman iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (30 günü) ötürmüş olur. Belə ki, hazırki iddia ərizəsi yuxarıda qeyd edildiyi kimi xx.xx.2021-ci il tarixdə poçta, xx.xx.2021-ci il tarixdə isə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə iddiaçının fikri ilə razılaşıb, prosessual müddətin axımını (həmin sərəncamdan məlumatlı olduğu vaxtı) xx.xx.2021-ci il tarixindən hesablasaq İddiaçı kəndli fermer təsərrüfatı hazırki iddia ərizəsi ilə məhkəməyə 30 (otuz) gündən artıq vaxt keçdikdən sonra müraciət etmiş olur. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı kəndli fermer təsərrüfatının cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı kəndli fermer təsərrüfatının cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “Füzuli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamının İddiaçı kəndli fermer təsərrüfatına aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı kəndli fermer təsərrüfatının cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “Füzuli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli sərəncamının İddiaçı kəndli fermer təsərrüfatına aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar