Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-481/2024 25.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1969-cu il tarixdə Sabirabad rayonunun Qaratəpə kəndində anadan olmuş, orta təhsilini başa vurduqdan sonra xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixə kimi SSRİ Silahlı Qüvvələrində qulluq etmişdir. İ Qarabağ Müharibəsi ərəfəsində könüllü olaraq Ağdam rayonuna gedərək döyüşlərə qatılmış, Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 62 saylı əmrilə 2-cı bölüyə qəbul edilərək, “bölmə komandiri” hərbi vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissənin tərkibində Ağdam rayonunun Abdal Gülablı, Aranzəmın, Pircamal və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmiş, əmisi oğlu Şəhid Milli X1 ilə həmin kəndlər uğrunda döyüşlərdə iştirak etmişdir. Həmin döyüşlərin birində xx.xx.1992-ci il tarixdə əmisi oğlu şəhid olmuşdur. Həmin tarixdən bır ay sonra ailə vəziyyəti ilə əlaqədar olaraq N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il taixli, 143 saylı əmri ilə və hərbi komissarlığın arayışına əsasən hissə əsgərliyindən azad edilmişdir. Yaralanmamış, heç bir hərbi travma yoxdur. Lakin, İ Qarabağ Müharibəsində döyüşmüşdür. Bunu onunla eyni hərbi hissədə və eyni döyüş əməliyyatlarında iştirak edən döyüş yoldaşları X7 və X5 və digərləri təsdiq edə bilərlər. Onlar müharibə veteranı adı və vəsəqələri ilə təmin edilmişlər. Sadəcə 1998-ci ildə hərbi biletini naməlum şəraitdə itirmişdir. Bu səbəbdən neçə illərdir ki, layiq olduğu “Müharibə Veteranı” adını və vəsiqəsi ala bilməmişdir. Lakin onun döyüş yoldaşları artıq uzun illərdir həmin adı və statusu daşıyırlar. Onun müharibədə iştirakını onların hər biri təsdiq edə bilərlər. Döyüşçü olmuş, öz istəyi ilə döyüşlərə qatılmış, xidmət etdiyi həmin müddətdə heç bir xəta və səhvi olmamışdır. Bunu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-2208 saylı arxiv arayışı və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 119 saylı arayışı təsdiq edir. İ Qarabağ Müharibəsində iştirak etməyi barədə arayış və arxiv sənədləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edərək “Müharibə Veteranı” adı və vəsiqəsənin verilməsi üçün xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022ci il tarixli, 4/3 10204 saylı məktubla ona cavab verilmişdir ki, Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2- 2208 nömrəli arayışına əsasən xidmət keçdiyi müddət ərzində N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu .Barxudarlı, Yuxarı Əskipara kəndləri daxii olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidməi keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığı ninin yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. 1. Xidmət keçmə dedikdə qeyd olunan normanın tələbinə görə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, inzibati işin tam və hərtərəfli araşdırılması və Məhkəmənin 11 oktyabr 2022-ci il tarixli sorğusunun icrasını təmin etmək məqsədi ilə tərəfimizdən Mərkəzi arxivə sorğu verilmişdir. Müdafiə nazirinin Katibliyinin Mərkəzi arxivin 10 noyabr 2022-ci il tarixli 4/2- 7723 arayışıdan müəyyən edilir ki, iddiaçı 08 iyul 1992-ci il tarixdən 10 oktyabr 1992-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin Siyahısı”na əsasən N nömrəli hərbi hissə N mart 1992-ci il tarixdən 01 may 1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Beləliklə də iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə iddiaçının xidmət keçdiyi dövrlərdə yəni, 08 iyul 1992-ci il tarixdən 10 oktyabr 1992-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya əsaslı olaraq iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Sabirabad rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə Sabirabad rayonunun Pakrovka kəndində anadan olmuş, Sabirabad rayonu, Qaratəpə kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 313 nömrəli arayışından görünür ki, 1969-cu il təvəllüdlü İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1992-ci il tarixdə keçmiş Sabirabad rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə hərbi xidmətə çağırılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 62 №-li əmrilə 2-ci bölüyə qəbul edilərək “bölmə komandiri” vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissiə komandirinin xx.xx.1992-ci il tarixli 143 №-li əmrilə ailə vəziyyəti ilə əlaqədar olaraq hərbi komissarlığın arayışına əsasən, hissə əsgərliyindən azad edilmişdir, (əsas: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2022- cu il tarixli 4/2-2208 saylı arxiv-arayışı). Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli 22HP5928 nömrəli məktubuna əsasən barəsində heç-bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin katibliyininxx.xx.2022-ci il tarixli 4/2-2208 nömrəl məktubundan görünür ki, İddiaçı N №-li hərbi hissə komandiri xx.xx.1992-ci il tarixli 62 №-li əmrilə İddiaçı İİ bölü qəbul edilərək, “bölmə komandiri” vəzifəsinə təyin edilmişdir. İİ bölüyün atıcısı İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 143 №-li əmrilə ailə vəziyyəti ilə əlaqədar olaraq hərbi komissarlığın arayışına əsasən, hissə əsgərliyindən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin katibliyinin xx.xx.2022-ci il tarixli 4/3-5439 nömrəl məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-2208 nömrəli arayışına əsasən xidmət keçdiyi müddət ərzində N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-7385 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 62 №-li əmrilə İddiaçı İİ bölüyə qəbul edilərək, “bölmə komandiri” vəzifəsinə təyin edilmişdir. Ailə vəziyyəti ilə əlaqədar olaraq hərbi komissarlığın arayışına əsasən, İİ bölüyün atıcısı İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 143 №-li əmrilə hissə əsgərliyindən azad edilmişdir. N nömrəli hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 2062 nömrəli arxiv arayışından görünür ki, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 62 №-li əmrilə İddiaçı İİ bölüyə qəbul edilərək, “bölmə komandiri” vəzifəsinə təyin edilmişdir. Ailə vəziyyəti ilə əlaqədar olaraq hərbi komissarlığın arayışına əsasən, İİ bölüyün atıcısı İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 143 №-li əmrilə hissə əsgərliyindən azad edilmişdir. İşdə olan İY-ЖГ 344018 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 rayonunun Gülablı kəndində xx.xx.1992-ci ildə 29 yaşında ölmüşdür. Bu barədə ölüm haqqında vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı kitabında 1992-ci il sentyabr ayının 25 günündə 30 nömrə ilə qeyd yazılmışdır. İşdə olan təkrar xx.xx.2018-ci il tarixli, AZ-İ 970763 ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 rayonu Gülablı kəndində döyüşdə qəhrəmancasına xx.xx.1992-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1992-ci ilin 09 ayının 25 günündə 30 nömrə ilə qeyd edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin katibliyinin xx.xx.2022-ci il tarixli 4/3-5439 nömrəl məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-2208 nömrəli arayışına əsasən xidmət keçdiyi müddət ərzində N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-7385 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 62 №-li əmrilə İddiaçı İİ bölüyə qəbul edilərək, “bölmə komandiri” vəzifəsinə təyin edilmişdir. Ailə vəziyyəti ilə əlaqədar olaraq hərbi komissarlığın arayışına əsasən, İİ bölüyün atıcısı İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 143 №-li əmrilə hissə əsgərliyindən azad edilmişdir. İşdə olan İY-ЖГ 344018 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 rayonunun Gülablı kəndində xx.xx.1992-ci ildə 29 yaşında ölmüşdür. Bu barədə ölüm haqqında vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı kitabında 1992-ci il sentyabr ayının 25 günündə 30 nömrə ilə qeyd yazılmışdır. Göründüyü kimi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 62 №-li əmrilə İddiaçı İİ bölüyə qəbul edilərək, “bölmə komandiri” vəzifəsinə təyin edilmişdir. Ailə vəziyyəti ilə əlaqədar olaraq hərbi komissarlığın arayışına əsasən, İİ bölüyün atıcısı İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 143 №-li əmrilə hissə əsgərliyindən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin katibliyinin xx.xx.2022-ci il tarixli 4/2-2208 nömrəl arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandiri xx.xx.1992-ci il tarixli, 62 nömrəli əmrilə İddiaçı İİ bölü qəbul edilərək, “bölmə komandiri” vəzifəsinə təyin edilmişdir. İİ bölüyün atıcısı İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 143 №-li əmrilə ailə vəziyyəti ilə əlaqədar olaraq hərbi komissarlığın arayışına əsasən, hissə əsgərliyindən azad edilmişdir. İnzibati orqan iddiaçının tələbinə xidmət keçdiyi müddət ərzində N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığı əsası ilə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-7385 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı isə iddiaçının qeyd edilən hərbi hissədə xidməti və döyüşlərdə iştirakı döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində iştirak etmiş, 24 sentyabr 1992-ci ildə vəfat etmiş, N nömrəli hərbi hissənin təqdimatına uyğun olaraq Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş X4 ilə eyni dövrlərdə olduğu müəyyən olunmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-481/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-481/2024
25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver