Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4820/2025 30.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" X6 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “avadanlıqların əvvəlki yerinə bərpa edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi ilə, iddiaçı "xxxx" X6 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı avadanlıqların əvvəlki yerinə bərpa edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı "xxxx" X6 Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" KFT MMC) cavabdeh İmişli Rayon icra Hakimiyyətinə (bundan sonra mətndə İmişli RİH) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, qanunsuz olaraq sökülmüş bina və ehtiyyat hissələrinin cavabdehin öz hesabına bərpa olunması və vurulmuş maddi ziyana görə 10 0000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli RİHB-nın xx.xx.2015-ci il tarixli 107 saylı sərəncamı ilə Soltanbəy KFT-yə İmişli rayonu Otuziki kəndi ərazisində Araz çayının yatağında qum çınqıl istehsalı məqsədi ilə 15,0 ha torpaq sahəsi icarəyə verilmişdir. İmişli RİHB-nın xx.xx.2022-ci il tarixli 105 saylı sərəncamı ilə həmin 15,0 ha torpaq sahəsinə dair istifadə hüququna xitam verilmiş və İmişli RİB xx.xx.2015-ci il tarixli 107 saylı sərəncamı ləğv edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İmişli RİHB-nın xx.xx.2022-ci il tarixli 105 saylı sərəncamı ləğv edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(106)-289 saylı qərar ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin sərəncam İHB-nın xx.xx.2022-ci il tarixli sərəncamı ilə ləğv edildiyi üçün sonradan o İHB-nın şikayəti əsasında həbs olunmuşdur. 2025-ci ilin iyul ayında cavabdeh inzibati orqanın əməkdaşları sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Otuziki kəndində Araz çayının yatağında yerləşən 15,0 ha torpaq sahəsinə gələrək müəssisənin işçilərini ərazidən kənarlaşdıraraq 5 ədəd vaqon ( dəyəri 10 000 manat), ehtiyyat hissələrini ( 30 000 manat), D-2 gəmi motorunu ( 30 000 manat), 1 ədəd ES traktor motorunu ( 10 000 manat) yararsız hala salmışdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın tərəfindən təqdim olunmuş 5-53/2-967/2025 saylı, xx.xx.2025-ci il tarixli yazılı münhasibətdə (etirazda) göstərilmişdir ki, İmişli şəhər sakini X4 rayonun Otuziki kəndi (indiki İmişli şəhəri) ərazisindən keçmiş M.P.Vaqif adına kolxozun aqrar islahat komissiyasının 01 oktyabr 1996-cı il tarixli 01 nömrəli qərarına əsasən ayrılmış 15,0 ha torpaq sahəsində Cəmiyyətin qum-çınqıl materiallarının istehsalı, doğranması və çeşidlənməsi ilə bağlı fəaliyyətinə icazə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının 25 iyun 2015-ci il tarixli, 107 saylı Sərəncamı olmuşdur. Daha sonra X5 "xxxx" MMC-ni təsis edərək həmin torpaq sahəsində qum-çınqıl materiallarını Cəmiyyətin adından istehsal etmişdir.O, qum-çınqıl materiallarının istehsalı və emalı ilə bağlı aidiyyəti təşkilatlardan icazə və rəyləri, o cümlədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X1 dağ-mədən ayırması aktı almamış və keçən müddət ərzində qanunsuz fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X2 mütəxəssisləri tərəfindən İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq aparılmış və müəyyən etmişdir ki, "xxxx" MMC-nin qum-çınqıl materiallarının istehsalı zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini müntəzəm olaraq pozmuşdur. Cəmiyyət dağ-mədən ayırması aktı olmadan qanunsuz fəaliyyət göstərdiyi üçün onun fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X3 tərəfindən İmişli Rayon İcra Hakimiyyətinə 05 yanvar 2021-ci il tarixli, 19/01 saylı məktubla müraciət edilmişdir. Bununla bağlı İmişli Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə X4 məktub göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən İmişli Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının və o cümlədən "xxxx" MMC-nin fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfoloji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar rayon ərazisindəki qum- çınqıl karxanalarının qanunsuz fəaliyyətinin dayandırılması və ətraf mühütə mənfi təsirlərin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi tövsiyyə olunmuşdur."xxxx" MMC-nin rəhbərliyi ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz fəaliyyətini davam etdirmişdir. Bunu nəzərə alan İmişli Rayon İcra Hakimiyyəti və digər aidiyyəti təşkilatların mütəxəssisləri tərəfindən təşkil olunmuş Komissiya digər karxanalar kimi "xxxx" MMC-nin də, qanunsuz fəaliyyətini davam etdirə bilməməsi üçün Komissiyanın nəzarəti altında ərazidə olan texnika, qurğu və avadanlıqları "xxxx" MMC-nin rəhbərinin təklif etdiyi karxananın yaxınlığındakı əraziyə köçürülmüşdür. Hazırda həmin texnika, qurğu və avadanlıqlar köçürülmüş ərazidədir və onların texniki vəziyyətinə heç bir ziyan dəyməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. ƏSASLANDİRMA HİSSƏSİ TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona məxsus avadanlıqların əvvəlki yerinə qaytarılması və cavabdeh inzibati orqan tərəfindən avadanlıqlar sökülərkən yarasız hala düşdüyü üçün ona 10 0000 manat məbləğində kompensasiya ödənilməsinə nail olmaqdan ibarətdir. İmişli RİH-nin 5-53/2-967/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçının hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana rəsmi qaydada müraciəti olmamışdır. İddianın mümkünlüyü və buna dair məhkəmənin mövqeyi. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir. İlk olaraq, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün prosessual məcəllələrdə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, məhkəmə icraatında prosessual qaydaları tənzim edir. Prosessual məcəllələr məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, məhkəmələr tərəfindən icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir. Prosessual qanunun normaları məhkəmə icraatının gedişatını, həmçinin prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı) Məhkəmə qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyrimüəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. İPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran amillər nəzərdə tutulmuşdur. Bu qəbil məhdudlaşdırıcı tədbirlərdən biri də iddianın məhkəmə tərəfindən mümkün sayılmasıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan digər şərtlər mütləq ödənilmiş olmalıdır. Beləliklə, inzibati prosessual qanunvericilik məhkəmələrdən tələb edir ki, onlar ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlasınlar. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Bunun əksinə olaraq, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Məhz bu kontekstdə iddia ərizəsinə münasibətdə qeyd edilməlidir ki, iddia ərizəsinin dəlilləri əsassızdır. Belə ki, məhkəmə qaydasında baxılan iddia tələbi hüquq və ya qanunla qorunan mənafeyin müdafiəsi və yaxud təsdiq edilməsi məqsədi ilə irəli sürülməli, iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsi ilə pozulmuş hüququn bərpası təmin edilməlidir. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan onun hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun. Göründüyü kimi hazırkı iddia növ etibarı ilə AR İPM-nin 2.2.3-cü maddəsində göstərilən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) tələbinə dair hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin istər iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər toplusundan, istərsə də cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazdan aydın olur ki, iddiaçının hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciəti olmamışdır. Göründüyü kimi öhdəliyin icrası ilə əlaqədar iddia ilə bağlı tələb olunan mümkünlük şərtinin mövcudluğu müəyyən edilməmişdir. İnzibati məhkəmə icraatı üzrə məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı əhəmiyyət daşıyan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 703/2020 saylı İcmal məktubu da məhkəmə araşdırması və inzibati orqan tərəfindən həyata keçirilən araşdırmanın əhatəsi baxımından fərqləndirilməsinin zəruriliyini qeyd etmişdir. İcmal məktubunun məzmunundan aydın olur ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Ona görə də inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatın “İnzibati icraat haqqında” Qanunun və əlaqəli digər sahəvi qanunvericilik aktlarının tələblərinə uyğun aparılması təcrübəsinin yerləşməsinə və məhkəmə yanaşmaları ilə həmin icraatın keyfiyyətinin artırılmasına töhfə verməyə yönəlməlidir. Bu mənada “İnzibati məhkəmə icraatı haqqında” Qanunun 10-19-cu maddələrində inzibati orqanlar tərəfindən müraciətlərə baxılmasının ümumi prinsipləri təsbit olunmuş, 24-cü maddəsində isə işin bütün hallarının obyektiv araşdırılması, təqdim olunmuş sübutları toplamaq vəzifəsi nəzərdə tutulmuşdur. Burada digər mühüm prinsiplərə riayət etməklə bərabər, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmaq, habelə təqdim edilmiş sübutlarla bağlı olmadan öz təşəbbüsü ilə əlavə sübutlar toplamaq borcu da daxildir. Qeyd edilən normalara uyğun olaraq inzibati orqanın şəxslərin müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Bu həm də ona görə əhəmiyyət kəsb edir ki, maraqlı şəxs imtinanın faktiki və hüquqi əsaslarını, habelə onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavabda aydın görmək, bununla da cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olmalıdır. Odur ki, işə məhkəmədə baxılarkən inzibati orqanlarda mübahisənin düzgün həlli üçün lazımı araşdırmanın aparılıb-aparılmadığını və aidiyyəti sübutların toplanılıb-toplanılmadığını, eləcə də inzibati orqanın mübahisə üzrə bütün zəruri faktiki və hüquqi hallara münasibətini aydın şəkildə bildirib-bildirmədiyini müəyyən etmək üçün İPM-in 49,51-ci və 60-cı maddələrində təsbit olunmuş imkanlardan fəal istifadə edilməlidir. Buraya cavabdehdən faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi, eləcə də dəqiqləşdirmə tələb olunan müəyyən halların izah olunmasını tələb etmək və bu məqsədlərlə müvfiq müddətlər üçün təyin etmək də daxildir. Bununla da, öz vəzifələrini tam həcmdə yerinə yetirmək üçün məhkəmələrə maraqlı şəxsin müraciəti ilə bağlı həmin inzibati orqanda aparılmış araşdırmanın bütün materiallarının (məhkəməyədək inzibati icraat materiallarının) cavabdehdən tələb edilməsi tövsiyə edilir. İnzibati orqanın imtinasının qanuniliyinə qiymət verilməsi üçün məhkəməyədək aparılmış inzibati araşdırma materialları təqdim edilmədikdə, yaxud təqdim edilmiş materiallardan şəxsin müraciəti üzrə “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmaqla zəruri araşdırmanın aparılmadığı, formal əsaslarla imtina olunduğu müəyyən edildikdə, bu hallar inzibati orqanın hərəkətsizliyi kimi qiymətləndirilə və hər bir konkret işin hallarından asılı olaraq həm İPM-nin 33.3, 33.4-cü maddələrində, həm də Məcəllənin 73.2 və 73.3-cü maddələrində müəyyən edilmiş hüquqi vasitələrdən istifadə edilə bilər. Belə olan halda həmin müraciətin mövcudluğu hazırki iddia tələbinin mümkünlük şərtlərini istisna edən haldır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsi İPM-nin 2.2.3-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana ilkin müraciətinin (məhkəmədən əvvəl) olmasını zəruri saymışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, o mümkün iddia kimi qəbul edilə bilməz. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). Əlavə olaraq qeyd olunur ki, məhkəmə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə hüquqi yardım məktubu göndərilsə də, iddiaçı tərəfindən bununla bağlı məhkəməyə məlumat verilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, Hazırkı tələblə bağlı İmişli Rayon İcra Hakimiyyətinə müraciət edildikdən sonra imtina alındığı təqdirdə şəxsin inzibati məhkəməyə müraciət etmək hüququ istisna edilmir. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. qərara aldı: İddiaçı "xxxx" X6 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı avadanlıqların əvvəlki yerinə bərpa edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-4820/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4820/2025
30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver