Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4828/2025 16.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il təvəllüdlüdür. 1992- 1999-cu illərdə Lerik Rayon Avtobazasında sürücü işləməklə HZAC-4951 URAL 4320 markalı 03-78 AQR dövlət qeydiyyat nişanlı avtomobillə 1993-cü ildən 1994-cü ilə kimi müxtəlif vaxtlarda Füzuli Rayonunun Şükürbəyli və Bəhmən kəndlərinə Lerik Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə döyüş bölgəsinə ezam olunaraq Qarabağ bölgəsində sürücü kimi döyüş əməliyyatlarında iştirak etmişdir. Bildirir ki, 1993-cü ildə Qarabağ bölgəsinə ezam olunduğu vaxtda, yəni xx.xx.1993-cü ildə Ağdam Rayonu Poladlı kəndində Şəhid olmuş qardaşı X4 Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının köməyi ilə öz avtomobilinə qoyaraq Lerik Rayon Vov kəndinə gətirmişdir. Təqaüddə olan və halhazırda xidmət edən polis əməkdaşlarından X2 , X5, X8, X3, X9 və X1 Rayon Avtobazasında sürücü işləməklə sərnişin daşımaq üçün nəzərdə tutulan HZAC-4951 URAL 4320 markalı 03-78 AQR dövlət qeydiyyat nişanlı avtomobil ilə 1993-cü ildən 1994cü il Atəşkəs dövrünə kimi müxtəlif vaxtlarda onlarla birlikdə döyüş bölgəsinə ezam olunduğunu təsdiq etmişdir. Bu günədək müharibə veteranı adı və vəsiqəsi ona verilməyib. Hüquqları pozulub. Müraciətləri nəticəsizdir. Ona laqeyd münasibət göstərilir. Çıxış yolu tapa bilmir. O, dəfələrlə həm yazılı həm də şifahi olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Lakin oradan da müxtəlif bəhanələr gətirərək ona müharibə veteranı adı verməkdən imtina etmişlər. Odur ki, o konstitutsion hüquqlarının bərpası üçün hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq icraata başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada tərəflərin xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi iclasa gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Daxili İşlər Nazirliyi X17 İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsinə köməklik göstərilməsi barədə eyni məzmunlu təkrar müraciətinizə baxılmışdır. Bildirilir ki, əvvəllər etdiyi müraciət üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 3-13-23/2-B- 521xx/xx/2023 nömrəli məktubla iddiaçıya məlumat verilmişdir. Belə ki, Daxili İşlər Nazirliyinin müvafiq Komissiyası tərəfindən müharibə veteranı adı və müvafiq vəsiqə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş daxili işlər orqanlarının əməkdaşlarına və Daxili Qoşunların hərbi qulluqçularına verilir. Daxili İşlər Nazirliyi sistemində xidmət etmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarına əsasən DİN tərəfindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Bununla belə, araşdırma zamanı idarə etdiyi avtomobil ilə hərbçiləri döyüş bölgəsinə könüllü daşıdığını bildirməyi və yuxarıda qeyd olunan Qərarın tələbləri nəzərə alınaraq müraciəti xx.xx.2023-cü il tarixli məktubla aidiyyəti üzrə baxılması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-3345/2025 nömrəli qərardadına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyaya qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası cavabdeh inzibati orqana həmin tələblə müraciət etmədiyi və tələbinin təmin edilməsindən imtina edilməməsi səbəbi ilə mümkün hesab edilməmişdir. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə qanaunvericinin müəyyən etdiyi normalara uyğun olaraq müəyyən edilmiş xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə düzgün inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. Məhkəmə iş materiallarından və iddiaçının izahatından müəyyən edir ki, iddiaçı tərəfindən cavabdeh düzgün müəyyən edilməmişdir. Belə ki, Daxili İşlər Nazirliyi X17 İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda da qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin müvafiq Komissiyası tərəfindən müharibə veteranı adı və müvafiq vəsiqə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş daxili işlər orqanlarının əməkdaşlarına və Daxili Qoşunların hərbi qulluqçularına verilir. Daxili İşlər Nazirliyi sistemində xidmət etmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarına əsasən DİN tərəfindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Bununla belə, araşdırma zamanı idarə etdiyi avtomobil ilə hərbçiləri döyüş bölgəsinə könüllü daşıdığını bildirməyi və yuxarıda qeyd olunan Qərarın tələbləri nəzərə alınaraq müraciəti xx.xx.2023cü il tarixli məktubla aidiyyəti üzrə baxılması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə düzgün cavabdehə müraciət etməli və cavabdeh inzibati orqan tərəfindən tələbin icrasından imtina olunduğu təqdirdə məhkəməyə müraciət etməlidir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə İddiaçı yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun olaraq hüquqi yardım edilmiş və məhkəməyə təqdim edilən xəbərnaməyə əsasən, iddiaçı tərəfindən hüquqi yardımın alındığı qeyd edilmişdir. İddiaçı tərəfindən inzibati orqana müraciəti və tələbindən imtina olunması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmiş və hüquqi yardım məktubuna heç bir münasibət bildirilməmişdir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə düzgün müəyyən olunmuş cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. İddiaçı hazırki tələbi ilə bağlı qanunvericinin müəyyən etdiyi tələblərə uyğun şəkildə, nöqsanlar aradan qaldırılmaqla düzgün inzibati orqana müraciət etməli, müraciəti əsasında tələbin icrasından imtina cavabı alacağı təqdirdə həmin cavabdehə qarşı məhkəmədə yenidən iddia qaldıra bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlər əsasən, İnzibati Prosessual Məcəllənin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-4828/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4828/2025
16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver