Məhkəmə qərarları › İş №2-1(120)-4832/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4832/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4832/2024 28.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Masallı rayon İcra Hakimiyyəti Başçısının Güllütəpə Ərazi Nümayəndəliyinə və X6 X1 sektoruna qarşı “aktların etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Masallı rayon İcra Hakimiyyəti Başçısının Güllütəpə Ərazi Nümayəndəliyinə və X6 X1 sektoruna (bundan sonra mətndə Masallı DAİM Bitkiçilik sektoru) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın hərəkətlərinin qanunsuz hesab etməklə tərtib etdikləri aktların etibarsız hesab edilməsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışlar ki, o, hal-hazırda iddia ərizəsində qeyd olunan ünvanda yaşayır. İddiaçı X3 və qeyrisi ona qarşı maddi ziyanın ödənilməsi ilə bağlı Masallı rayon Məhkəməsində iddia tələbi irəli sürmüşdür. Cavabdeh orqanın nümayəndələri müvafiq aktlar tərtib edirlər və onu aktın tərtib edilməsinə dəvət etməmişdirlər, oda öz izahatını vermək istəmişdir. Cavabdehlər tərəfindən ona qarşı tərtib olunmuş aktlar qanunsuz olduğu üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehlərə təqdim edilmiş, cavabdehlərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehlər tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş tərəflər müvafiq olaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli aktda (surətində) qeyd olunmuşdur ki, aktı imza edən Masallı DAİM-nin Bitkiçilik sektorunun müdiri Fərasət Mikayılov, Masallı DAİM-nin Bitkiçilik sektorunun böyük məsləhətçisi Nazim Şahbazov, Güllütəpə Bələdiyyəsinin sədri Xanbala Qasımov, Güllütəpə kənd sakini X2 iştirakı ilə bu akt ona görə tərtib edilmişdir ki, Nəzərov Sərvan ərizə ilə müraciət edərək icarəyə götürüb 5 hektar əkdiyi çiyələk sahəsinə iri və xırdabuynuzlu heyvanlar tərəfindən ziyan vurulduğunu bildirmişdir. Tərəflərindən sahəyə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, baxımsız heyvanlar tərəfindən sahəyə ziyan dəymişdir. Alaq otlarına qarşı çəkilmiş politlen örtük heyvanlar tərəfindən yararsız hala salınmış, çiyələk şitilləri yeyilərək yararsız hala salınmışdır. Sahəni gəzib baxış keçirilən zaman sahənin hər tərəfində iri və xırda buynuzlu heyvanların ayaq izlərinə və peyinlərinə rast gəlinmişdir. Dəymiş ziyan gələcəkdə məhsuldarlığın kəskin aşağı düşməsinə səbəb olacaq. Təqribi hesablamalarla ümumilikdə sahənin 10-15 faizindən məhsul gözlənilmir. Akt F.Mikayılov, N.Şahbazob, X.Qasımov, S.Nəzərov tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli aktda (surətində) qeyd olunmuşdur ki, Masallı DAİM-nin Bitkiçilik sektorunun müdiri Nazim Şahbazov, Masallı DAİM-nin bitkiçilik- baş məsləhətçisi Məhərrəm İbrahim, Masallı rayon Güllütəpə İƏD-üzrə baş məsləhətçisi ( baş mühasib) Mirdaməd Cavadov, Yeni Yuvand kənd sakini X4 tərəfindən bu akt ondan ötrü tərtib olunmuşdur ki, X5 rayon Polis Şöbəsinə müraciət edərək icarəyə götürüb əkdiyi və özünün 0,44 ha sahədəki çiyələk sahəsinə iri buynuzlu heyvanlar tərəfindən ziyan ilə bağlı müraciət etmişdir. Müraciətlə bağlı sahəyə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həqiqətən sahəyə iri buynuzlu heyvanlar girmişdir. Sahədə heyvanların ayaq izinə və peyinlərinə rast gəlinmişdir. Dəymiş ziyan sahədə məhsuldarlığın 30-40 faiz aşağı düşməsinə səbəb olacaq. Heyvan yeyən yerlərədən məhsul gözləmək olmaz. Akt N.Şahbazov, M.İbrahimli, M.Cavadov, s.Nəzərov tərəfindən imzalanmışdır. Hazırda iddiaçı iddia ərizəsində Masallı rayon İcra Hakimiyyəti Başçısının Güllütəpə Ərazi Nümayəndəliyinin və Masallı DAİM Bitkiçilik sektorunun xx.xx.2021-ci il və xx.xx.2024-cü il tarixli yerində müayinə aktlarını inzibati akt kimi qiymətləndirməklə onun hüquqlarını pozduğunu iddia etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə müvafiq olaraq yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 4 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmçinin nəzərə alınmalıdır ki, İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi sənəd (cavabdehlər Masallı rayon İcra Hakimiyyəti Başçısının Güllütəpə Ərazi Nümayəndəliyinin və Masallı rayon DAİM Bitkiçilik sektorunun aktı) ziyanın müəyyən edilməsi üçün tərtib olunmuş müayinə aktı olmaqla inzibati orqanın inzibati aktı (qərarı) kimi şərh edilə edilə bilməz, bu cür şərh əsassız və qanunsudur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Masallı rayon İcra Hakimiyyəti Başçısının Güllütəpə Ərazi Nümayəndəliyinə və X6 X1 sektoruna qarşı “aktların etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar